Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1566/2022 20.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “mülkiyyət hüququnun qeydə alınması üçün zəruri olan sənədlərin verilməsi öhdəliyi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “mülkiyyət hüququnun qeydə alınması üçün zəruri olan sənədlərin verilməsi öhdəliyi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında olan binanın 2-ci giriş 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 156,95 kv.m. yaşayış sahəsi 80,83 kv.m olan 80 saylı mənzillə bağlı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (Çıxarışın verilməsi) üçün tələb olunan Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və digər sənədlərin (plan-sxem və s.) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh “Qız Qalası" MTK ilə İddiaçı arasında bağlanmış 20 dekabr 2011-ci il tarixli, 80 nömrəli müqaviləyə əsasən ünvan 2 ünvanında olan binanın 2-ci giriş, 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 156,95 kv.m. olan 80 nömrəli mənzil tərəfimdən satın alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya təqdim olunmuş maliyyə arayışından da görünür ki, iddiaçı ümumi sahəsi 156,95 kv.m. olan mənzilin pay dəyərini tam ödəyib və iddiaçının “Qız Qalası" MTK-ya borcu yoxdur. Mənzilin dəyərini tam ödədikdən sonra iddiaçı və ailəsi 2014-cü ilin iyul ayından etibarən həmin mənzilə köçüb və hazırda da həmin mənzildə yaşayır. İddiaçının tərəfindən kommunal və digər xidmətlərə ödəniş tam ödənilmiş və bu günə kimi heç bir borcu yoxdur. Artıq 8 ildir ki, həmin mənzildə yaşayırlar. Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il Fərmanı son illərdə mülkiyyət hüquqlarının təmin olunması və qeydiyyat problemlərinin həlli istiqamətində inqilabi bir dəyişiklik və mühüm islahat kimi tarixə düşmüşdür. Fərman istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə imzalanmışdır. Həmin Fərmanın icrası çərçivəsində ünvan 1də yerləşən çoxmənzilli binanın istismarına 16 avqust 2019-cu il tarixdə icazə verilmişdir. Qeyd etmək lazımdır ki, uzun müddətdən artıq həmin binanın sakini kimi orada yaşamağına baxmayaraq bu günə kimi yaşayış mənzilinə xüsusi mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarışı ala bilmir. Məlum olduğu kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6cı maddəsinə əsasən mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış (qeyri- yaşayış) sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) tələb olunur. Bununla bağlı mənim tərəfimdən dəfələrlə həm şifahi, həm yazılı formada, sonuncu dəfə 17 fevral 2022-ci il tarixdə cavabdeh “Qız Qalası" Mənzil-Tikinti Kooperativinə müraciət olunaraq ümumi yığıncağın qərarını tələb etsə də, Mənzil-Tikinti Kooperativinin rəhbərliyi və müvafiq əməkdaşları həmin sənədi iddiaçıya verməkdən imtina etmişlər. Onlar tərəfindən ünvanlanan ərizəni belə qəbul etmirlər. Həm sürətli poçt vasitəsi ilə, həm də azərpoçt vasitəsi ilə cavabdehə ərizələr ünvanlayıb. Rəsmi olaraq iddiaçıya heç bir cavab vermirlər. Şifahi olaraq isə imtinanın əsası kimi mənzildə artıq sahənin olduğu, yəni mənzilin müqavilədə qeyd olunan ümumi sahəsinin 156.95 kv.m. deyil, 172 kv.m. olduğu və buna görə əlavə 22.500 manat məbləğində pul vəsaiti ödəməli olduğu iddiaçıya bildirilmişdir. İddiaçı bunun səbəbini soruşduğunda onlar mənzilin sahəsini bayır divarların yerləşdiyi sahələr də nəzərə almaqla ölçdüklərini, müvafiq şirkətin ölçmə işlərini bu formada apardığını ona bildirmişlər. Qeyd etmək istəyir ki, Müqavilənin 2.4-cü bəndinə əsasən mənzilin tikinti və hesablaşma sahəsi 156.95 kv.m.dir. Müqavilənin 2.6-cı bəndinə əsasən payçı mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, müqavilə tərəflər üçün konkret hüquq və vəzifələr, öhdəliklər yaratmışdır, yəni tikinti kooperativi müqavilədə nəzərdə tutulmuş yaşayış binasını inşa etmeyi-hazırki halda mənzili tikməyi, payçı isə kooperativə razılaşdırılmış pay haqqını ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər müqavilənin şərtləri barədə razılığa gələrək imza və möhürlə təsdiq edərək müqaviləni bağlamışlar. Müqavilədən də görünür ki, mənzilin sahəsi 156,95 kv.m. qeyd olunmuşdur. İddiaçı isə öz üzərinə düşən vəzifələri vicdanla yerinə yetirərək mənzilin dəyərini tam olaraq ödəyib. Hazırki vəziyyətdə cavabdeh əsassız olaraq mənzilin sahəsini artıraraq iddiaçıdan əlavə olaraq pul tələb edir və iddiaçıya mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan Mənzil- Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarını və digər sənədlərin (plan-sxem və s.) verilməsindən imtina edir. Cavabdehin bu imtinası tamamilə qanunsuzdur. MTK müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək müqavilənin şərtlərini kobudcasına pozur. Qeyd olunanlara əsasən hesab edir ki, ünvan 1 ünvanında olan binanın 2-ci giriş 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 156.95 kv.m. yaşayış sahəsi 80,83 kv.m olan 84 saylı mənzillə bağlı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və digər sənədlərin (plan-sxem və s.) verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: "xxxx" Mənzil-Tikinti Kooperativi-kooperativ ilə İddiaçı - payçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin surətindən və məzmunundan görünür ki, "xxxx" Mənzil- Tikinti Kooperativi, sonradan “Kooperativ” adlanacaq, Kooperativin Nizamnaməsinə əsasən hərəkət edən onun sədri F.Ə.Abdullayev şəxsində, bir tərəfdən və ünvan 3 ünvanında yaşayan, sonradan payçı adlanacaq, vətəndaş İddiaçı ünvan 4 ünvanında “Payçı”ların vəsaiti hesabına inşa ediləcək yaşayış binasının 80 saylı mənzilə dair razılışaraq bu müqaviləni bağlamışlar. "xxxx" Mənzil-Tikinti Kooperativi-kooperativ ilə İddiaçı -payçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin 2.3-cü bəndinə əsasən “Kooperativ” inşa ediləcək binanın, 2-ci giriş, 7-ci mərtəbə, 80 saylı mənzilini “Payçı”ya təhvil verməyi öhdəsinə götürür. "xxxx" Mənzil-Tikinti Kooperativi-kooperativ ilə İddiaçı -payçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin 2.6-cı bəndinə əsasən “Payçı” mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürür. "xxxx" MTK tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, ünvan 5 ünvanında inşa edilən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 2ci giriş, 7-ci mərtəbəsində, ümumi sahəsi 156,95 kv.m yaşayış sahəsi 80,83 kv.m olan 3 otaqlı, 80 saylı, mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. İddiaçı tərəfindən "xxxx" MTK-ya ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması (Çıxarışın verilməsi) üçün tələb olunan Mənzil -Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və digər sənədlərin (plan sxem və s ) verilmədiyi təqdirdə tərəfindən məhkəməyə müraciət olunacağı qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 4də yaşayış kompleksindəki binanın 2-ci giriş, 7-ci mərtəbə, 80 saylı mənzil İddiaçı faktiki sahibliyində və istifadəsindədir. "xxxx" Mənzil-Tikinti Kooperativi ilə İddiaçı-payçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin 2.6-cı maddəsinə əsasən “payçı” mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MTK tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən ünvan 5 ünvanında inşa edilən kooperativ yaşayış binasının 2-ci giriş, 7-ci mərtəbəsində, ümumi sahəsi 156,95 kv.m yaşayış sahəsi 80,83 kv.m olan 3 otaqlı, 80 saylı mənzilin pay dəyəri payçı İddiaçı mənzilin tam ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə hesab edir ki, ünvan 5 ünvanında inşa edilən kooperativ yaşayış binasının 2-ci giriş, 7-ci mərtəbə, 80 saylı mənzil İddiaçının faktiki sahibliyində və istifadəsində olduğundan və onun qeyd edilən mənzil ilə bağlı mülkiyyət hüququ ilə bağlı gözləntisi vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. 2.1-ci maddəsində mənzil hüquqlarının əsasları müəyyən edilmişdir. Həmin maddəyə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. 10.0.2-ci maddəsi ilə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək dövlətin vəzifələrinə aid edilmişdir. 12.2-ci maddəsinə əsasən, yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. 17.2-ci maddəsinə görə, Azərbaycan Respublikasında mənzil fondunu mülkiyyət formasına görə özəl, dövlət və bələdiyyə mənzil fondu təşkil edir. 18-ci maddəsinin tələblərinə görə mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. İddiaçı cavabdeh tərəfin müqavilə üzrə dəyərini tam ödədiyi mənzilə dair “mənzilkooperativi üzvlərinin ümumi yığıncağının qərarının” “plan-sxemin” ona verməməsini mübahisələndirir, cavabdeh isə iddia tələbində göstərilən sənədlərin verilməsindən imtina edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının hazırki iş üzrə tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçının hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçının iddia ərizəsi təmin edilməli, cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən “mənzil-kooperativi üzvlərinin ümumi yığıncağının qərar”nın və digər sənədlərin (“plan-sxem”in və s.) ona verilməsi barədə cavabdeh kooperativin üzərinə öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, aparılmış ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutularaq, 100 (yüz manat) manat məbləğində pul Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında olan binanın 2-ci giriş 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 156,95 kv.m. yaşayış sahəsi 80,83 kv.m olan 80 saylı mənzillə bağlı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması (Çıxarışın verilməsi) üçün tələb olunan Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və digər sənədlərin (plan-sxem və s.) verilməsi öhdəliyi cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1566/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1566/2022
20.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver