Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-160/2022 18.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçıların İddiaçı3 və İddiaçı2 nümayəndəsi, həmçinin İddiaçı1 vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “paylı mülkiyyətin naturada ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “paylı mülkiyyətin naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 11 ünvanında yerləşən 51 saylı mənzilin paylarına uyğun naturada ayrılması, bu mümkün olmadıqda, mənzilin açıq hərrac vasitəsi ilə satılaraq paylara mütənasib surətdə pulun bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 11 ünvanında yerləşən 51 saylı mənzil paylı mülkiyyət əsasında onlara X3 və Cavabdeh mənsubdur. Buna dair ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı, RX seriyalı ******* saylı çıxarışlar verilmişdir. İddiaçılar, həmçinin həmin ünvanda pasport qeydiyyatındadırlar. Cavabdeh mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olur. Halbuki, mübahisəli mənzilə hüquqları bərabərdir. Belə olan şəraitdə payların real bölünməsi zərurəti yaranmışdır və əgər bölgü mümkün olmazsa məhkəmə tərəfindən açıq hərrac vasitəsi ilə mənzilin satılaraq paylarına uyğun olaraq pulun verilməsi təmin edilməlidir. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili, həmçinin İddiaçı2 nümayəndəsi Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddiaçılarla aralarında razılıq əldə edilmədiyini, bu səbəbdən də əmlakın açıq hərraca çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, 22 fevral 2013-cü il tarixli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 11, mənzil 51-in 17/160 hissəsi X1, 15/160 hissəsi Cavabdeh, 16/160 hissəsi İddiaçı3, 16/160 hissəsi İddiaçı2, 96/160 hissəsi İddiaçı1 adına qeydiyyatdan keçmişdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 66 nömrəli reyestr kitabının 5826 nömrəli vərəqində qeydiyyat aparılmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 fevral 2022-ci il tarixli, 10/7041 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 11, mənzil 51 ünvanında yerləşən ümumi sahəsi 59,4 kv.m olan mənzilin yaşayış binasında yerləşməsini, cəmi üç yaşayış otağından ibarət olmasını, paylara uyğun yaşayış sahələrinin normaya uyğun olmamasını (4.37m2, 4.67m2, 4.96m2) nəzərə alaraq, həmin mənzilin paylı mülkiyyətçilər arasında paylara uyğun olaraq naturada təcrid şəkildə bölünməsinin “İnşaat Norma və Qaydaları" 2.08.01.89-un 1.1, 2.2, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 11 ünvanında yerləşən 51 saylı mənzil paylı mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində buna dair qeydiyyat aparılmış və paylı mülkiyyətin mülkiyyətçilərinin hər birinin ayrılıqda payı müəyyən edilmişdir. Hazırda iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət edərək, qeyd edilən mənzilin paylarına mütənasib olaraq ayrılmasını, bu mümkün olmadıqda isə mənzilin açıq hərraca çıxarılaraq satılmasını və əldə ediln pulun aralarında bölünməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 11 ünvanında yerləşən 51 saylı mənzil mülkiyyət hüququ üzrə 17/160 hissəsi X1, 15/160 hissəsi Cavabdeh, 16/160 hissəsi İddiaçı3, 16/160 hissəsi İddiaçı2, 96/160 hissəsi İddiaçı1 adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2022ci il tarixli 10/7041 nömrəli ekspert rəyi ilə Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 11 ünvanında yerləşən 51 saylı mənzilin qeyd edilən paylara uyğun naturada təcrid mənzillər şəklində 3 hissədə paylara uyğun şəkildə bölünüb ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, müvafiq mənzilin qeyd edilən paylara uyğun naturada təcrid mənzillər şəklində mülkiyyətçilərin paylara uyğun şəkildə bölünüb ayrılması mümkün deyildir, eləcə də tərəflərin birinin digərinə kompensasiya ödəməklə mülkiyyət hüququna xitam ilə bağlı razılaşmaları yoxdur. Belə ki, məhkəmə tərəfindən tərəflərə razılıq əldə edilməsi üçün vaxt verilmiş, lakin onlar arasında kompensasiyanın məbləği barədə yekun razılıq əldə edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 11 ünvanında yerləşən 51 saylı mənzil açıq hərracda satılmalı, əmlakların satışından əldə edilən vəsait tərəflərin paylarına uyğun, yəni 15/160 hissəsi Cavabdeh, 16/160 hissəsi İddiaçı3, 16/160 hissəsi İddiaçı2, 96/160 hissəsi İddiaçı1 verilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 11 ünvanında yerləşən 51 saylı mənzil açıq hərracda satılsın və satışdan əldə edilən vəsait tərəflərin paylarına uyğun olaraq, yəni 15/160 hissəsi Cavabdeh, 16/160 hissəsi İddiaçı3, 16/160 hissəsi İddiaçı2, 96/160 hissəsi İddiaçı1 ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-160/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-160/2022
18.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver