Məhkəmə qərarları › İş №2(005)-1711/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1711/2021

26.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1711/2021 26.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinə qarşı “mənzillə bağlı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan kooperativ üzvlərinin ümumi yığıncağının qərarının və digər sənədlərin (plan-sxem və s.) sənədlərin verilməsi öhdəliyinin cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinə qarşı “mənzillə bağlı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan kooperativ üzvlərinin ümumi yığıncağının qərarının və digər sənədlərin (plan-sxem və s.) sənədlərin verilməsi öhdəliyinin cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında olan 23 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 144,32 kv.metr olan 72 nömrəli mənzillə bağlı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan “Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və digər sənədlərin (plan-sxem və s.) sənədlərin verilməsi öhdəliyinin cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 72 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanında olan 23 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 144,32 kv.metr olan 72 nömrəli mənzil onun tərəfindən satın alınmışdır. Qeyd etmək lazımdır ki, cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən ona təqdim olunmuş maliyyə arayışına əsasən o ümumi sahəsi 144,32 kv.metr olan mənzilin pay dəyərini tam ödəmiş və onun “xxxx” Mənzil-Tikinti Kooperativinə borcu yoxdur. Mənzilin dəyərini tam ödədikdən sonra o və ailəsi 2016-ci ilin fevral ayından etibarən həmin mənzildə köçmüşlər və hal-hazırda həmin mənzildə yaşayırlar. Onun tərəfindən kommunal və digər xidmətlərə ödəniş tam ödənilmiş və bu günə kimi heç bir borcu yoxdur. Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il Fərmanı son illərdə mülkiyyət hüquqlarının təmin olunması və qeydiyyat problemlərinin həlli istiqamətində inqilabi bir dəyişiklik və mühüm islahat kimi tarixə düşmüşdür. Fərman istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə imzalanmışdır. Həmin Fərmanın icrası çərçivəsində ünvan 1də yerləşən çoxmənzilli binanın istismarına xx xxxxxx 2019-cu il tarixdə icazə verilmişdir. Qeyd etmək lazımdır ki, uzun müddətdən artıq həmin binanın sakini kimi orada yaşamaqlarına baxmayaraq bu günə kimi yaşayış mənzilinə xüsusi mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarışı ala bilmir. Məlum olduğu kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) tələb olunur. Bununla bağlı onun tərəfindən dəfələrlə həm şifahi, həm yazılı formada, sonuncu dəfə xx xxxxxx 2021-ci il tarixdə cavabdeh “xxxx” Mənzil- Tikinti Kooperativinə müraciət olunaraq ümumi yığıncağın qərarını tələb etsə də, Mənzil-Tikinti Kooperativinin rəhbərliyi və müvafiq əməkdaşları həmin sənədi ona verməkdən imtina etmişlər. İmtinanın əsası kimi mənzilində artıq sahənin olduğu, yəni mənzilinin müqavilədə qeyd olunan ümumi sahəsinin 144,32 kv.metr deyil, 162 kv.metr olduğu və buna görə əlavə 27.000 (iyirmi yeddi min) manat məbləğində pul vəsaiti ödəməli olduğu ona bildirilmişdir. O bunun səbəbini soruşduğunda onlar mənzilin sahəsini bayır divarların yerləşdiyi sahələr da nəzərə almaqla ölçdüklərini, müvafiq şirkətin ölçmə işlərini bu formada apardığını ona bildirmişlər. Həmçinin, kooperativin eksperti də mənzildə olmuş, yenidən ölçmə işləri aparmış və mənzilin sahəsinin 162 kv.metr olduğunu bildirmişdir. Qeyd etmək lazımdır ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2ci maddəsinə əsasən “Mənzil-Tikinti Kooperativi” yuxarıda qeyd olunan ünvanda yaşayış binasını inşa etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndinə əsasən mənzilin tikinti və hesablaşma sahəsi 144,32 kv.metrdir. Müqavilənin 2.6-ci bəndinə əsasən payçı mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi müqavilə tərəflər üçün konkret hüquq və vəzifələr, öhdəliklər yaratmışdır, yəni mənzil-tikinti kooperativi müqavilədə nəzərdə tutulmuş yaşayış binasını inşa etməyi-hazırkı halda mənzili tikməyi, payçı isə kooperativə razılaşdırılmış pay haqqını ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər müqavilənin şərtləri barədə razılığa gələrək imza və möhürlə təsdiq edərək müqaviləni bağlamışlar. Belə ki, müqavilədə yaşayış sahəsinin tikinti və ümumi sahəsi 144,32 kv.metr qeyd olunmuşdur. O, payçı olaraq müqavilədə qeyd olunmuş 144,32 kv.metr sahəyə görə hesablanmış pay haqqını tam ödəyərək üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh mənzil tikinti kooperativi mənzilin müqavilədə qeyd olunan sahəsini əsassız olaraq əlavə 18 kv.metr artıraraq ondan həmin sahəyə görə hesablanmış 27.000 (iyirmi yeddi min) manat məbləğində pul vəsaiti tələb etməklə müqavilə ilə üzərinə düşən öhdəlikləri pozur. Həmçinin əlavə olaraq qeyd etmək lazımdır ki, “xxxx” Mənzil-Tikinti Kooperativinin mənzilin sahəsini və həcmini bu formada hesablaması tamamilə qanunsuz və əsasızdır. Onun xx xxxxxx 2020-ci il tarixli müraciətinə əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisi mənzilində ölçmə işləri aparmış və mənzilinin layihəsinin mövcud qanunverciliyin tələblərinə uyğun hazırlanmasına dair hesabat tərtib etmişdir. Həmin hesabatda ünvan 1 ünvanında yerləşən 23 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, 72 nömrəli mənzilimin ümumi sahəsinin 131,98 kv.metr olduğu qeyd olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinin nümayəndəsi X4 iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, iddiaçı şəxsin aldığı mənzildə artıq sahənin olduğundan, yəni müvafiq mənzilin müqavilədə qeyd olunan ümumi sahəsinin 144,32 kv.metr deyil, 162 kv.metr olması və buna görə əlavə 27.000 (iyirmi yeddi min) manat məbləğində pul vəsaiti qeyd edilən kooperativin hesabına ödəməli olduğundan, iddiaçı şəxsin hazırkı iddia ərizəsi ilə tələb etdiyi sənədlərin ona təqdim edilməsi əsassızdır. Qeyd edilənləri nəzərə alaraq, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “xxxx” Mənzil-Tikinti Kooperativi-kooperativ ilə İddiaçı-payçı arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 72 nömrəli müqavilənin surətindən və məzmunundan görünür ki, müqavilənin predmetini kooperativə ayrılmış ünvan 1 ünvanında payçıların vəsaiti hesabına inşa ediləcək yaşayış binasının 72 nömrəli mənzili təşkil edir (1.1-ci maddə). Kooperativ yuxarıda qeyd olunan ünvanda yaşayış binasını inşa etməyi öhdəsinə götürmüşdür (2.2-ci maddə). Mənzilin tikinti və hesablaşma sahəsi 144,32 kv.metrdir (2.4-cü maddə). Payçı mənzili qəbul etməyi və mənzilin müəyyən edilmiş dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür (2.6-ci maddə); “xxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş müvafiq maliyyə arayışının surətindən və məzmunundan görünür ki, ünvan 1 ünvanında inşa edilən kooperativ yaşayış binası “xxxx” Mənzil- Tikinti Kooperativinə məxsusdur. Bu binanın 2-ci girişi 5-ci mərtəbəsində ümumi sahəsi 144,32 kv.metr, yaşayış sahəsi 80,9 kv.metr olan 3 otaqlı 72 nömrəli mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir, onun kooperativə borcu yoxdur; “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin mənzilin layihəsinin mövcud mənzil məcəlləsi tələblərinə uyğun hazılanmasına dair xx xxxxxx 2020-ci il tarixli hesabatının surətindən və məzmunundan görünür ki, İddiaçı müraciətinə əsasən qeyd edilən cəmiyyətin mütəxəssisi onun müvafiq mənzilində ölçmə işləri aparmış və mənzilin layihəsinin mövcud qanunverciliyin tələblərinə uyğun hazırlanmasına dair hesabat tərtib etmişdir. Həmin hesabatda ünvan 1 ünvanında yerləşən 23 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, 72 nömrəli mənzilinin ümumi sahəsinin 131,98 kv.metr olduğu qeyd olunmuşdur; İddiaçı “xxxx” Mənzil-Tikinti Kooperativinə ünvanladığı xx xxxxxx 2021-ci il tarixli məktubun surətindən və məzmunundan görünür ki, “xxxx” Mənzil-Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 72 nömrəli müqaviləyə əsasən ünvan 1də yerləşən binanın ümumi sahəsi 144,32 kv.metr olan 72 nömrəli mənzilini sonuncu satın almışdır. “xxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən ona təqdim olunmuş maliyyə arayışına əsasən o ümumi sahəsi 144,32 kv.metr olan mənzilin pay dəyərini tam ödəmiş və onun “xxxx” Mənzil-Tikinti Kooperativinə borcu yoxdur. Qeyd etmək lazımdır ki, “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı son illərdə mülkiyyət hüquqlarının təmin olunması və qeydiyyat problemlərinin həlli istiqamətində inqilabi bir dəyişiklik və mühüm islahat kimi tarixə düşmüşdür. Fərman istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə imzalanmışdır. Həmin Fərmanın icrası çərçivəsində ünvan 1də yerləşən çoxmənzilli binanın istismarına icazə verilmişdir. Bütün bunlara baxmayaraq, “xxxx” Mənzil-Tikinti Kooperativi ona ilkin qeydiyyat üçün zəruri olan protokoldan çıxarışı və istismara qəbul aktını ona təqdim etməkdən boyun qaçırır. O, “xxxx” Mənzil- Tikinti Kooperativinin ofisinə gedərək həmin sözügedən sənədi tələb etsə də, Mənzil-Tikinti Kooperativinin rəhbərliyi və müvafiq əməkdaşları həmin sənədi ona verməkdən imtina etmişlər. Yuxarıda göstərilənləri nəzərə alaraq, ünvan 1də yerləşən binanın 72 nömrəli mənzilinin ilkin qeydiyyat üçün zəruri olan protokoldan çıxarışı və istismara qəbul aktını 10 (on) gün müddətində ona təqdim etməyi xahiş etmişdir. Bununla bağlı hər hansı bir hərəkət icra etmədikləri təqdirdə onun tərəfindən Azərbaycan Respublikasının Qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunacağı barədə cavabdeh kooperativ xəbərdar edilmişdir; Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında internet vergi idarəsinin çıxarışının məzmunundan görünür ki, ********** VÖEN nömrəsi olan “xxxx” Mənzil-Tikinti Kooperativi xx xxxx 2002-ci il tarixdə dövlət qeydiyyatına alınaraq, 20.000 (iyirmi min) manat məbləğində nizamnamə kapitalına malik olaraq, ünvan 2 ünvanı olmaqla, qanuni təmsilçisi X1r; xx xxxxxx 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxx” Mənzil-Tikinti Kooperativikooperativ ilə İddiaçı-payçı arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 72 nömrəli müqaviləyə əsasən kooperativə ayrılmış ünvan 1 ünvanında payçıların vəsaiti hesabına inşa ediləcək yaşayış binasını kooperativ inşa etməyi öhdəsinə götürmüşdür. Payçı tərəfindən alınmış müvafiq evin 72 nömrəli mənzilinin tikinti və hesablaşma sahəsi 144,32 kv.metrdir. Mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmiş və onun kooperativə borcu yoxdur. İddiaçı “xxxx” Mənzil-Tikinti Kooperativinə xx xxxxxx 2021-ci il tarixli məktubla müraciət edərək, ünvan 1də yerləşən binanın 72 nömrəli mənzilinin ilkin qeydiyyat üçün zəruri olan protokoldan çıxarışı və istismara qəbul aktını 10 (on) gün müddətində ona təqdim etməyi xahiş etmiş, icra edilməyəcəyi təqdirdə onun tərəfindən bununla bağlı məhkəməyə müraciət olunacağı barədə cavabdeh kooperativ xəbərdar edilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə hesab edir ki, ünvan 1 ünvanında olan 23 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 144,32 kv.metr olan 72 nömrəli mənzil İddiaçı faktiki sahibliyində və istifadəsində olduğundan və onun qeyd edilən mənzil ilə bağlı mülkiyyət hüququ ilə bağlı gözləntisi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 139.1.6-cı maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin üzərində mülkiyyət hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur; 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər; 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edir; 113.1-cü maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir; 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-ci maddəsinə əsasən mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) tələb olunur. İddiaçı cavabdeh tərəfi müqavilə üzrə dəyərini tam ödədiyi mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan “Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və digər sənədlərin (plan-sxem və s.) sənədlərin verilməməsində günahlandırır, cavabdeh isə bu hərəkətini tərəflər arasında bağlanmış müvafiq müqavilədə mənzilin qeyd olunan ümumi sahəsinin 144,32 kv.metr deyil, 162 kv.metr olması və buna görə də əlavə olaraq 27.000 (iyirmi yeddi min) manat məbləğində pul vəsaitinin iddiaçı şəxs tərəfindən kooperativin hesabına ödəməli olması ilə əsaslandırır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının hazırki iş üzrə tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. İddiaçı həmin müqavilə üzrə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra etmiş, lakin cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativi həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ünvan 1 ünvanında olan 23 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 144,32 kv.metr olan 72 nömrəli mənzilə dair iddiaçı şəxs tərəfindən tam ödəniş edilmiş, lakin cavabdeh kooperativ iddiaçı şəxsin bəhs olunan müqavilə üzrə dəyərini tam ödədiyi mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan “Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarını və digər sənədləri (plan-sxem və s.) verməməklə mülki qanunvericiliyin normaları baxımından öhdəliyini lazımınca icra etməmişdir. Belə ki, cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativi müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı verməli olduğu mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan “Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarını və digər sənədləri (plan-sxem və s.) təqdim etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçınun hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi təmin edilməli, cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən iddiaçı şəxsin bəhs olunan müqavilə üzrə dəyərini tam ödədiyi mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan “Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarını və digər sənədləri (plan-sxem və s.) ona verilməsi barədə cavabdeh kooperativin üzərinə öhdəlik qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. ünvan 1 ünvanında olan 23 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 144,32 kv.metr olan 72 nömrəli mənzillə bağlı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan “Mənzil-Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarı”nın və digər sənədlərin (plan-sxem və s.) verilməsi öhdəliyi cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar