Məhkəmə qərarları › İş №2(005)-1719/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1719/2020

21.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1719/2020 21.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, onların nümayəndələri və vəkili Vəkil, Cavabdeh1 X2 direktor müavini X12 nümayəndəsi və vəkili X10, Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 X2 direktoru X17, Cavabdeh1 X2 direktor müavini X14 və Cavabdeh2 qarşı “öhdəliyin icrası ilə bağlı pul vəsaitinin, dəymiş zərərin və işgüzar fəaliyyəti ləkələyən məlumatların yayılması ilə bağlı ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 X2 direktoru X17, Cavabdeh1 X2 direktor müavini X14 və Cavabdeh2 qarşı “öhdəliyin icrası ilə bağlı pul vəsaitinin, dəymiş zərərin və işgüzar fəaliyyəti ləkələyən məlumatların yayılması ilə bağlı ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 X2 iddiaçılar tərəfindən görülmüş mala işinə görə ödəməli olduğu 32.900 (otuz iki min doqquz yüz) manat, şum işinə görə ödəməli olduğu 2.200 (iki min iki yüz) manat olmaqla, cəmi 35.100 (otuz beş min bir yüz) manat məbləğində pul vəsaiti, 2019-cu ilin dekabr ayından ödəmədiyinə görə iddiaçıların hər birinə dəymiş zərərə görə 3.000 (üç min) manat olmaqla, cəmi 12.000 (on iki min) manat, yalandan və əsassız olaraq guya cinayət (oğurluq) etmələri ilə bağlı onların işgüzar fəaliyyətlərinə ləkə gətirdiklərinə görə isə 40.000 (qırx min) manat məbləğində ziyanın cavabdeh tərəfdən tutularaq iddiaçılara ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsini onunla əsaslandırmışlar ki, 2019-cu ilin 10 sentyabrına qədər iddiaçı şəxslərin həmkəndliləri X8 tanışlığı ilə Ağcabədi rayonu ərazisindəki “Harami düzü” adlanan ərazidə Cavabdeh1 X6 məxsus ərazidə X12 rəhbərlik etdiyi torpaq sahəsində həmkəndliləri Əhmədov X18, İddiaçı3 və X11 ilə birlikdə “Lizinq” müqaviləsi ilə götürülmüş traktorlar ilə şum işlərini aparmışlar. Aralarındakı müqaviləyə əsaən hər bir hektar torpaq sahəsini şumlamaq işinə görə onlara ödənilməli olan 25 (iyirmi beş) manat məbləğində pul vəsaitindən 0,50 (əlli qəpik) manat hissəsini işi düzəldən Cavabdeh2 ödəməklə qalan 24,50 (iyirmi dörd manat əlli qəpik) manat hissəsini həmin işi görərək, hesablanmış pul vəsaitinin əksər hissəsini alsalar da, 2.200 (iki min iki yüz) manat hissəsi ödənilməmişdir. İşin görülməsindən ötrü müqavilə onunla X21 arasında Cavabdeh2 iştirakı ilə bağlanmışdır. Sənədləşməyə əsasən işin hər bir hektarının pulu isə X4 maliyyə sənədlərində 35 (otuz beş) manatdan rəsmiləşdirilmişdir. Şum işlərini onlardan başqa traktoristlər də icra edirdilər. Bundan sonra 2019-cu ilun oktyabr ayında Cavabdeh2 onlara məxsus torpaq sahəsində mala işləri aparılmasını və qalan borclarını ödəyəcəyini vəd etmişdir. Cavabdeh2 təklifi ilə Ağcabədi rayon ərazisində həmin Cavabdeh1 X3 məxsus 3.290 hektar sahədə mala işləri aparılmasına hər hektarın malasına görə onlara 10 (on) manat məbləğində pul ödəyəcəyini vəd etdiyinə görə onunla razılaşmışdılar. Cavabdeh2 bununla bağlı müqaviləyə imza etdirsə də, müqavilənin işin sonunda verəcəyini vəd etdiyindən iddiaçı şəxslər ona inanmış və buna görə də müqavilə onda qalmışdır. Qeyd edilən 3.290 hektar torpaq sahəsində 4 traktorist işi tam başa vurduqdan sonra X2 baş aqranomu Mehman adlı şəxs onlardan işi təhvil almışdır. Gördukləri işə görə 32.900 (otuz iki min doqquz yüz) manat və şum işinə görə borclu qaldıqları 2.200 (iki min iki yüz) manat məbləğində pullarının ödənilməsini tələb etsələr də, Cavabdeh2 onlara hər hektara görə 4 (dörd) manatdan pul ödəyəcəyini, borclu qaldığı 2.200 (iki min iki yüz) manat məbləğində pul vəsaitini isə xərclədiyinə görə verməyəcəyini bildirmişdir. Onlar sonuncuya bu məbləğin yanacaq pulunun ödənilməsi ilə bağlı olduğunu bildirdilər. O, sənədləşdirməni 14 (on dörd) manatdan rəsmiləşdirilməsinə baxmayaraq, iddiaçı şəxslərə pul ödəməyəcəyini bildirmişdir. Ümumiyyətlə, iddiaçı şəxslərin onlara məxsus torpaq sahəsində işləmələri və müvafiq müqavilənin onlara verilməyəcəyi bildiriləndə onlar başa düşdülər ki, belə bir müqavilə heç bağlanmamışdır. İddiaçılar məcbur olub müxtəlif instansiyalara müraciətlər etsələr də, heç bir əhəmiyyəti olmamışdır. Bunun əksi olaraq, onlar Cavabdeh1 X3 məxsus sahədə işləmələrini deyən X21 orada işləyən həmkəndliləri Cəlal Həsənovu şahid göstərməklə iş yoldaşları İddiaçı1 oradan guya 402 (dörd yüz iki) manat dəyərində “Tilt” (pas əlehinə) 6 ədəd dərman preparatlarını oğurlamağı barədə polisə şikayət etmişlər. Ağcabədi Rayon Polis Şöbəsində aparılan araşdırma zamanı isə bu fakt öz təsdiqini tapmamış və İddiaçı1 barəsində cinayət işinin başlanmasının rədd olunması barədə xx xxxxxx 2020-ci il tarixdə qərar qəbul olunmuşdur. X4 direktor müavini X21 və onun əlaltısı olan Cavabdeh2 traktorist olan 4 nəfər iddiaçı şəxsi aldadaraq onları işlətməklə razılaşdıqları 32.900 (otuz iki min doqquz yüz) manat məbləğində pul vəsaitini və şum işinə görə onlara ödənilməli 2.200 (iki min iki yüz) manat məbləğində pul vəsaitini ödəməmişdir. Cavabdeh1 X7 tərəfindən gördükləri mala işinə görə ödənlməli olan 32.900 (otuz iki min doqquz yüz) manat və şum işinə görə ödənilməli olan 2.200 (iki min iki yüz) manat məbləğində pul vəsaitini 2019-cu ilin dekabr ayından ödənilmədiyinə görə onların hər birinə 3.000 (üç min) manat olmaqla, cəmi 12.000 (on iki min) manat məbləğində zərər dəymiş, yalandan və əsasız olaraq guya cinayət (oğurluq) etmələri ilə bağlı işgüzar fəaliyyətlərinə ləkə gətirdiklərinə görə isə 40.000 (qırx min) manat məbləğində ziyan vurmuşlar. Bu baxımdan, Cavabdeh1 X3 məxsus “Harami düzü” adlanan torpaq sahəsində görülmüş şum işinə görə ödənilməmiş 2.200 (iki min iki yüz) manat, mala işinin görülməsinə görə 32.900 (otuz iki min doqquz yüz) manat, həmin müddət ərzində dəymiş maddi ziyana görə 12.000 (on iki min) manat, cavabdehlərin iddiaçı şəxslərin işgüzar fəaliyyətini ləkələmək məqsədilə hüqüq mühafizə orqanlarına yalan məlumatlar vermələrinə görə 40.000 (qırx min) manat məbləğində pul vəsaiti Cavabdeh1 X1 alınaraq iddiaçı şəxslərə ödənilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 hər biri ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdilər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndələri və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 X2 direktor müavini X12 nümayəndəsi və vəkili X19 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iqtisadiyyatın səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində qeyri-neft sektorunun inkişafının təmin edilməsi, Azərbaycan Respublikasının əsas iqtisadi prioritetlərindəndir. Qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, iqtisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilmişdir. Ölkənin taxıla olan tələbatının tam ödənilməsi üçün real tədbirlərin görülməsi, iri taxılçılıq təsərrüfatlarının yaradılması prosesinin sürətləndirilməsində yeni intensiv texnologiyalardan istifadə olunur. Bu istiqamətdə respublikada mühüm tədbirlər həyata keçirilir, yeni toxumçuluq təsərrüfatları yaradılır və müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunurlar. Bu metodların tətbiqi istehsalda səmərəliliyi yüksəltməklə yanaşı, həm də təbii resurslardan dayanıqlı istifadəyə imkan verir. Cavabdeh1 X7 Azərbaycan Respublikasında taxıl məhsulları istehsal edən ən böyük kənd təsərrüfatı şirkətidir. Belə ki, kənd təsərrüfatı sahəsində ümumi qəbul edilmiş praktikaya əsasən bu sahədə fəaliyyət göstərən şirkətlər şum, mala və səpin işlərinin görülməsini kənar fiziki və ya hüquqi şəxslərə tapşırır, onlar da öz növbəsində müəyyən şəxslərin işəmuzd əməyindən istifadə etməklə müqavilə üzrə müəyyən olunmuş öhdəlikləri yerinə yetirirlər. Şirkətdə istifadədə olan bir sıra sahələrdə müvafiq kənd təsərrüfatı işlərinin görülməsi məqsədilə, fiziki və hüquqi şəxslərlə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində şirkət hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh2 ilə (icraçı) xx xxxx 2019-cu il tarixdə 10/25 nömrəli xidməti müqavilə bağlamışdır. İcraçı tərəfindən 2.640 ha torpaq sahəsində mala, 797 ha sahədə isə təkrar mala işləri görülmüşdür. Tələb olunan məbləğ hazırkı mülki iş üzrə digər cavabdeh olan Cavabdeh2 ödənilmişdir. Belə ki, qeyd edilən cəmiyyətlə müvafiq işlərin görülməsinə dair məhz X9 arasında xx xxxx 2019-cu il tarixli 10/25 nömrəli xidmət müqaviləsi bağlanmış və bununla bağlı qeyd edilən müqavilə tərəfləri arasında xx xxxxxx 2019-cu il tarixli akt imzalanmışdır. Ona görədə onlara münasibətdə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək, qeyd edilən işlərin birinci mərhələsində 21.120 (iyirmi bir min bir yüz iyirmi) manat, ikinci mərhələsində isə 3.188 (üç min bir yüz səksən səkkiz) manat məbləğində pul vəsaiti ödənilmişdir, iddiaçı şəxslərə onun cəmi 2.239 (iki min iki yüz otuz doqquz) manat məbləğində borcu qalmışdır. Qalan məbləglər tam ödənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1” X2 direktoru X17 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 X2 direktoru X15 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Cavabdeh2-icraçı ilə Cavabdeh1 X2 direktoru X23-sifarişçi arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 10/25 nömrəli xidmət müqaviləsinin məzmunundan görünür ki, “icraçı” “sifarişçi”yə təhkim olunmuş ərazidə müqaviləyə əlavə olunmuş razılaşma protokolunda göstərilən kənd təsərrüfatı işlərini, “icraçı”ya məxsus onun istifadəsində olan kənd təsərrüfatı texnikaları “sifarişçi” ilə razılaşdırılmış müddətdə, həcmdə və keyfiyyətdə yerinə yetirlməyi öhdəsinə götürür (1.1-ci bənd). “Sifarişçi” “icraçı” tərəfindən yerinə yetirilmiş “iş”in dəyərini “icraçı” ilə razılaşdırılmış tariflərə uyğun nağd və nağdsız qaydada “icraçı”ya ödəməyi öhdəsinə götürür (1.2-ci bənd). “İcraçı” tərəfindən müddətlərə uyğun yerinə yetirilən “iş”lər təhvil-təslim aktı ilə rəsmiləşdirilir (1.3cü bənd); Cavabdeh1 X2 məsul şəxsləri ilə X5 arasında tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli aktın məzmunundan görünür ki, müəssisə ilə “İmişli” şəxsi dəstəsi arasında razılaşdırılmış şum malası və səpin işlərinin yerinə yetirilməsi şərtlərinə uyğun olaraq, müəssisənin uzun müddətli icarəsində olan sahələrdə 2019-cu ilin payızında 2020-cu ilin məhsulu üçün 2.640 ha şum malası və 797 ha sahədə təkrar mala işləri aparılmışdır. Razılaşdırılmış müqavilə üzrə şum malasının dəyəri 1 (bir) hektarın qiyməti 8 (səkkiz) manat olmaqla, 2.640 ha sahə üçün 21.120 (iyirmi bir min bir yüz iyirmi) manat, təkrar mala işi zamanı 1 (bir) ha qiyməti 4 (dörd) manat olmaqla, 797 ha sahə üçün 3.188 (üç min bir yüz səksən səkkiz) manat məbləğ hesablanmışdır. Ümumilikdə, “İmişli” şəxsi dəstəsinin şum malası və səpin işləri üçün 24.308 (iyirmi dörd min üç yüz səkkiz) manat məbləğində pul məbləği hesablanmışdır. Şum malası və təkrar mala işləri zamanı “İmişli” şəxsi dəstəsi tərəfindən 1 (bir) litrinin qiyməti 0,60 (altmış qəpik) manat olmaqla, cəmi 21.176 (iyirmi bir min bir yüz yetmiş altı) litr 12.706 (on iki min yeddi yüz altı) manat dəyərində dizel yanacağı istifadə olunmuşdur. Şum malası və səpin işlərinə görə hesablanmış vəsaitdən istifadə olunmuş dizel yanacağının dəyəri və əvvəlcədən ödənilmiş avans 4.235 (dörd min iki yüz otuz beş) manat çıxıldıqdan sonra ödəniləcək məbləğ 7.367 (yeddi min üç yüz altmış yeddi) manat olmuşdur; xx xxxx 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı X13 tərəfindən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasənzərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasənzərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3-cü maddəsinə əsasənzərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 324.1-ci maddəsinə əsasənəqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasənəqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4-cü maddəsinə əsasənmüqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlakverməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir; 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilə başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki,icraçı olaraq Cavabdeh2 ilə sifarişçi olaraq Cavabdeh1 X2 direktoru X23 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 10/25 nömrəli xidmət müqaviləsinə əsasən, icraçı sifarişçiyə təhkim olunmuş ərazidə müqaviləyə əlavə olunmuş razılaşma protokolunda göstərilən kənd təsərrüfatı işlərini, icraçıya məxsus onun istifadəsində olan kənd təsərrüfatı texnikaları sifarişçi ilə razılaşdırılmış müddətdə, həcmdə və keyfiyyətdə yerinə yetirlməyi öhdəsinə götürür, sifarişçi icraçı tərəfindən yerinə yetirilmiş işin dəyərini icraçı ilə razılaşdırılmış tariflərə uyğun nağd və nağdsız qaydada icraçıya ödəməyi öhdəsinə götürür, icraçı tərəfindən qeyd edilən müddətlərə uyğun yerinə yetirilən işlər təhvil-təslim aktı ilə rəsmiləşdirilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, müqavilə tərəfləri arasında tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, müəssisənin uzun müddətli icarəsində olan sahələrdə 2019-cu ilin payızında 2020-cu ilin məhsulu üçün 2.640 ha şum malası və 797 ha sahədə təkrar mala işləri aparılmışdır. Razılaşdırılmış müqavilə üzrə şum malasının dəyəri 1 (bir) hektarın qiyməti 8 (səkkiz) manat olmaqla, 2.640 ha sahə üçün 21.120 (iyirmi bir min bir yüz iyirmi) manat, təkrar mala işi zamanı 1 (bir) ha qiyməti 4 (dörd) manat olmaqla, 797 ha sahə üçün 3.188 (üç min bir yüz səksən səkkiz) manat məbləğ hesablanmışdır. Ümumilikdə, “İmişli” şəxsi dəstəsinin şum malası və səpin işləri üçün 24.308 (iyirmi dörd min üç yüz səkkiz) manat məbləğində pul məbləği hesablanmışdır. Şum malası və təkrar mala işləri zamanı “İmişli” şəxsi dəstəsi tərəfindən 1 (bir) litrinin qiyməti 0,60 (altmış qəpik) manat olmaqla, cəmi 21.176 (iyirmi bir min bir yüz yetmiş altı) litr 12.706 (on iki min yeddi yüz altı) manat dəyərində dizel yanacağı istifadə olunmuşdur. Şum malası və səpin işlərinə görə hesablanmış vəsaitdən istifadə olunmuş dizel yanacağının dəyəri və əvvəlcədən ödənilmiş avans 4.235 (dörd min iki yüz otuz beş) manat çıxıldıqdan sonra ödəniləcək məbləğ 7.367 (yeddi min üç yüz altmış yeddi) manat olmuşdur. Məhkəmə araşdırması zamanı tərəflərin izahatı ilə də müəyyən edilmişdir ki, iddiaçı şəxslərin tələb etdikləri 32.900 (otuz iki min doqquz yüz) manat məbləğində pul vəsaitinin iddiaçıların özlərinin də izahatlarında qeyd etdikləri kimi iş materiallarında öz əksini tapmış müqavilə tərəfləri arasında tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli aktla müəyyən edilmiş 12.706 (on iki min yeddi yüz altı) manat dəyərində dizel yanacağı onlara ödənilmişdir. Tələb edilən pul məbləğindən qalıq vəsait, yəni 20.194 (iyirmi min bir yüz doxsan dörd) manat (32.900 – 12.706 = 20.194) məbləğində pul vəsaiti iddiaçı şəxslərin xeyrinə tutulmalıdır. Tutulmalı məbləğlə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmiş, yəni 20.194 (iyirmi min bir yüz doxsan dörd) manat məbləğində pul vəsaiti məhz Cavabdeh2 tutulmalıdır. Məhz qeyd edilən müvafiq işlərin görülməsi və onların xidmət haqqının ödənilməsi ilə bağlı icraçı olaraq Cavabdeh2 ilə sifarişçi olaraq Cavabdeh1 X2 direktoru X23 arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 10/25 nömrəli xidmət müqaviləsinə və ona əlavə edilmiş müvafiq akta əsasən müqavilə tərəfləri arasında razılaşdırılmış işlərin görülməsi və onların xidmət haqlarının ödənilməsi həyata keçirilmiş, məhz “İmişli” şəxsi dəstəsinin adından Cavabdeh2 müqavilə tərəfi olaraq iştirak etmiş, buna görə də iddiaçı şəxslərə müəyyən edilmiş pul məbləğinin verilməsi də məhz sonuncunun cavabdehliyindədir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçı şəxslərin hazırkı iddiası qismən əsaslıdır, iddiaçı şəxslər iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə qismən olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməklə, Cavabdeh2 20.194 (iyirmi min bir yüz doxsan dörd) manat məbləğində pul vəsaiti iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 xeyrinə tutulmalıdır. İddia tələbləri qalan hissədə məhəkəmə araşdırması zamanı öz sübutunu tapmadığından,iddiaçılar iddia tələbinin qeyd edilən hissəsini şərtləndirən halları təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 20.194 (iyirmi min bir yüz doxsan dörd) manat məbləğində pul vəsaiti iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar