Məhkəmə qərarları › İş №2(005)-1764/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-1764/2024

25.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1764/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: mənzildən istifadə hüququna xitam) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 108 saylı evin, 45 saylı mənzildən istifadə hüququn itirilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu. Təbriz küçəsi, ev 108, mənzil 45-də yerləşən mənzil öz xüsusi mülkiyyətindədir. Həmin mənzili 06 oktyabr 2018-ci il tarixdə AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh almışdır. Həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən adına 11 oktyabr 2018-ci il tarixli, RX seriyalı ******* saylı çıxarış verilmişdir. Cavabdeh mənzili ona satandan sonra söz vermişdir ki, mənzildə qeydiyyatdan çıxacaqdır. Bu günə kimi düşünmüşdür ki, o qeydiyyatdan çıxıbdır, lakin Asan 5 Xidmət Mərkəzindən əldə etdiyi arayışdan aydın olmuşdur ki, Cavabdeh qeydiyyatda qalıbdır. Cavabdehin mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmağı səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır. II. Tərəflərin mövqeləri: Əvəvlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsi səbəblərinin üzrlü olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçı xx.xx.2024-cü il tarixdə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. İddiaçı etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1764/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. III. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. -241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. -241.3-cü maddəsinə əsasən, işə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. IV. İşin faktiki halları: İş materiallarında olan: - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə tam payla xx.xx.2013-cü il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. - Cavabdeh və İddiaçı arasında bağlanmış 06 oktyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil sonuncuya satılmışdır. Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 13-cü bəndinə əsasən, Cavabdeh xx.xx.2018-ci il tarixinədən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə tam payla xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat” haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli arayışından görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatda olan digər şəxs – Cavabdehdır. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı və iş materialları ilə müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən mənzil 06 oktyabr 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. Onlar arasında bağlanmış müqavilənin 13-cü bəndinə əsasən, Cavabdeh xx.xx.2018-ci il tarixinədən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Cavabdeh həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq orada yaşamır. Hazırda iddiaçı cavabdehin ona məxsus mənzildən istifadə hüquqlarının itirilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə görə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). -146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -165.1-ci maddəsinə əsasən, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. - 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsasını mülkiyyətin müdafiəsi ilə bağlı olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsi təşkil edir. İlk olaraq, ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik və toxunulmazlıq prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə məhkəmə müdafiəsini nəzərdə tutur. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq, dövlət tərəfindən qorunur. Bu anlamda, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir. Milli və beynəlxalq qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, mübahisəli mənzil İddiaçı tam payla xüsusi mülkiyyətindədir. Onun hüquqları daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış verilmişdir. İddiaçı, mülkiyyətçi kimi mənzilə sərbəst surətdə sahib olmaqla, ondan istifadə edə və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə və əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Məhkəmə tərəfindən cavabdehin mübahisəli mənzilə dair hər hansı bir əmlak hüququ müəyyən edilməmişdir. Bu səbəbdən də cavabdehin mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçının mənzil hüquqlarının məhdudlaşdırılması baxımından qanunsuz hal kimi qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsumu ilə bağlı tələbi olmadığından iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüquqlarına xitam verilməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. VI. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 238, 241 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzilə dair istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar