Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1786/2021 07.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdehalı oğlunun iştirakları ilə, İddiaçı Cavabdehalı oğluna qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehalı oğluna qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz əməlləri nəticəsində dəymiş maddi zərərin əvəzi olaraq 3000 manat mənəvi zərərin əvəzi olaraq 2000 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəriman Nərimanov rayonu, X3 küçəsi 70-də yerləşən mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına Dövlət reyestrində 91 nömrəli reyestr kitabının 8279 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçıya məxsus yaşayış sahəsinə qonşu ünvanda Cavabdehalı oğluna aid mənzil vardır. Bir müddət öncə həmin şəxsin yaşadığı ərazidə qanunsuz, özbaşına tikilinin inşasına başlanmışdır. Bu zaman iddiaçının tam mülkiyyətində olan əraziyə cavabdehin qanunsuz əməli nəticəsində maddi zərər dəymiş, mənzildə olan əmlaklar və yeni təmir yararsız vəziyyətə düşmüşdür. İddiaçı tərəfindən Nərimanov Rayon İcra Hakimiyyətinə və Nərimanov Rayon 16-cı Polis Bölməsinə müraciət etmişdir. İcra Hakimiyyətindən gələn bildiriş əsasında 16-cı Rayon Polis İdarəsinin işçiləri ünvana gəlib, dəymiş zərərə baxış keçiriblər. Korlanmış tavan, divar, geyim əşyaları və digər mülkiyyətdə olan əşyaların şəkilləri iddiaçı tərəfindən saxlanılmış və hazırkı ərizəyə əlavə edilmişdir. Eyni zamanda iddiaçı bildirir ki, cavabdeh tərəfindən övladları 1-ci tip ağır forma diabet şəkərli 2-ci dərəcəli əlil Məmmədli Orxan və psixoloji pozuntuları olan Eldarov Ayxana, həmçinin iddiaçıya hədə-qorxu gəlinmişdir. Dəfələrlə şəxsən özünə müraciət edilməsinə baxmayaraq özbaşına tikilinin inşası dayanmır və iddiaçıya dəyən maddi ziyan artmaqda davam edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdehalı oğlu iddianın əsassız olduğunu qeyd edərək, iddianın rədd olunmasını xahiş etmişdir. Həmçinin Cavabdehalı oğlu məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, ünvan 1, mənzil 5 mənim şəxsi mülkiyyətindədir. 1981-ci ildən həmin mənzildə yaşayır, hazırda isə 7 nəfər ailə tərkibində həmin mənzildə yaşayırlar. ünvan 1 ünvanda heç vaxt heç bir özbaşına tikinti aparmamışdır. 2020-ci ilin iyun ayında "xxxx" MMC həmin ünvana bitişik ərazidə yeni inşa etdiyi binanın yeraltı qarajının tikintisi məqsədi ilə ünvan 1 ünvanda ona və əlavə 2 qonşuya məxsus mənzilin 3 divarını söküb yenidən inşa etmişdir. İddiaçıya heç bir maddi və mənəvi zərər vurmamış və hədə-qorxu da gəlməmişdir. İddiaçının iddia ərizəsində maddi və mənəvi zərərlə əlaqədar ona qarşı qeyd etdikləri heç bir faktla da sübut edilmir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 70 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Qeydiyyat tarixi: 30.06.2010 AZE ******** seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 70 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 70, mənzil 5 xüsusi mülkiyyət hüququ üzrə Cavabdehalı oğlunun adına qeydiyyata alınmışdır. Qeydiyyat tarixi: 11.04.2017 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.10.2021-ci il tarixli, 10/3315 nömrəli ekspertiza rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, 70 saylı ünvanında cavabdeh tərəfindən 6,6 m enində 17,0 m ölçüdə 2 mərtəbəli yeni tikili inşa olunmuşdur. Lakin inşa edilmiş yeni tikilinin özbaşına olub-olmamasının müəyyən olunması hüquqi xarakter daşıdığından, bu məsələ məhkəmə tərəfindən müəyyən oluna bilər. Tədqiq olunan ərazidə aparılmış tikinti işlərinə dair hərhansı bir içazə sənədləri iş materiallarında olmadığı üçün, həmin tikinti işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun deyildir. Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, ev 70, mənzil 5 ünvanda cavabdeh tərəfindən inşa edilmiş tikiliyə və iddiaçının və ya digər qonşuların tikililərinə ayrı-ayrılıqda giriş-çıxış yollarının olduğunu nəzərə alaraq, cavabdeh tərəfindən inşa olunmuş tikili iddiaçının və ya digər qonşuların öz əmlaklarından istifadə etməsinə hər hansı maneçilik törətmədiyi müəyyən edilmişdir. Eyni zamanda iddiaçının və digər qonşuların mənzillərinin divarlarında yaranmış qaralma, rütübət izləri kondesant nəticəsində yaranmasına xarakterdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı mənzilində yaranmış ziyanın səbəbini qonşusu cavabdehin inşa etdiyi əlavə tikilinin onun əmlakına ziyan vurulmasını mübahisələndirərək məhkəməyə hazırki iddia ilə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.10.2021-ci il tarixli, 10/3315 nömrəli ekspertiza rəyilə cavabdeh tərəfindən inşa olunmuş tikili iddiaçının və ya digər qonşuların öz əmlaklarından istifadə etməsinə hər hansı maneçilik törətmədiyi müəyyən edilmişdir. Eyni zamanda iddiaçının və digər qonşuların mənzillərinin divarlarında yaranmış qaralma, rütübət izləri kondesant nəticəsində yaranmasına xarakter olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.10.2021-ci il tarixli, 10/3315 nömrəli ekspertiza rəyində iddiaçının və digər qonşuların mənzillərinin divarlarında yaranmış qaralma, rütübət izləri kondesant nəticəsində yaranmasına xarakter olduğu qeyd edilmişdir. Cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya ziyan dəyməsi müəyyən edilməmişdir. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş və iş materiallaına əlavə edilmiş fotoşəkilləri və mübahisəli sahənin çəkilmiş videogörüntüləri tərəflərin iştirakı ilə məhkəmə baxış iclasında tədqiq edilərkən iddiaçının tələbinin əsaslılığı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablamalarla, sübutlarla təsdiq olunmalıdır. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmuş və ya öhdəlik yaranmır. Bu hallar olmayanda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyən etmək olmur. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçı tərəf mənəvi zərəri tələb etməsinə əsas olan və onu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş dövlət rüsumu iddianın təmin edilmədiyindən, iddiaçıya aid edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul Cavabdehalı oğlundan tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə anuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, İddiaçı Cavabdehalı oğluna qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehalı oğluna qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri İddiaçı 100 (yüz) manat məbləğində pul (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1786/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1786/2021
07.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver