Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-18/2024 24.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Neft Kəmərləri İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Neft Kəmərləri İdarəsi, Aərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən maddi zərər görə 576000 manat, mənəvi zərərə görə isə 10000 manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Abşeron Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 nömrəli qərarına əsasən Abşeron rayonu Məmmədli kənd ərazisində 0.72 ha (kod: ********) JN-305-saylı torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. 2014-cü il tarixdə həmin torpaq sahəsini rəsmiləşdirmək istədikdə bildirilmişdir ki, ona aid torpaq sahəsindən Bakı- Novorossiyski neft kəməri keçir. Bununla bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsi tərəfindən iddiaçıya 649 saylı cavab məktubu göndərilmişdir. Həmin torpaq sahəsindən heç bir halda istifadə edə bilmir. Bu da iddiaçının mülkiyyət hüququnu pozur. Öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməmək iddiaçıya həm maddi ziyan vurur, həm də mənəvi sarsıntı verir. Həmin boru xətti çəkilərkən iddiaçının razılığı olmamış və hər hansı zərər ödənilməmişdir. Hesab edir ki, onun hüquqları pozulmuşdur və dəymiş zərər tam olaraq ödənilməlidir. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Neft Kəmərləri İdarəsinin nümayəndəsi iddiaya yazılı etiraz təqdim edərək etirazında bildirmişdir ki, sözügedən torpaq sahəsi uzun illər ərzində İxrac neftin nəqli və emalı əməliyyatlarının aparılması üçün SOCAR-ın Cavabdeh2 daimi istifadəsindədir. İdarənin istismarında olan Dübəndi-Böyükşor Dş-700-Dş-500 mm-lik və Suraxanı-Böyükşor Dş-300 mm magistral neft kəmərləri 1996-cı il tarixində istismara verilmişdir. Bakı şəhər X4 İcraiyyə Komitəsinin 16 iyun 1989-cu il tarixli 5/190 nömrəli Qərarına əsasən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir və torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaqlar kənd təsərrüfatı təyinatlıdır. Daha sonra Tikintisi başa çatmış obyektin dövlət komissiyası tərəfindən 26 noyabr 1996-cı il tarixli istismara qəbul Aktı mövcuddur. Belə ki, 12 dekabr 1996-cı il tarixində tikinti başa çatmış obyektin işçi komissiyası tərəfindən istismara qəbul olunması Aktına əsasən tikinti başa çatmış və Dövlət qəbul komissiyasına təqdim olunmuşdur. İddia ərizəsində göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Həmin Məcəllənin 22.5-ci maddəsinə əsasən sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. “Torpaq islahatı haqqında qanunun” 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.” Bu maddədən açıq şəkildə və birmənalı olaraq qeyd edilir ki, həmin torpaqlar dövlət mülkiyyətində saxlanır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Göründüyü kimi, aidiyyəti qurum tərəfindən torpaq sahəsi ayrılarkən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri gözlənilməmişdir. Müvafiq icra hakimiyyəti və ya Bələdiyyə tərəfindən qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktın qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsin hüquqları pozulduqda, hüququ pozulmuş şəxsin həmin qurumdan Azərbaycan Respublikası Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən vurulmuş zərərin əvəzini tələb etmək hüququ vardır. İddiaçılara məxsus olan torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmazdan əvvəl, yəni 1995-ci il tarixindən Bakı-Novorossiysk neft kəməri kəmərin hazırkı yatağı üzrə mövcud olmuşdur. İddiaçıların mülkiyyətlərində olan torpaq sahəsinin hazırkı Dübəndi-Böyükşor Dş-700-Dş-500 mm-lik və Suraxanı-Böyükşor Dş-300 mm neft kəmərinin mühafizə zonasına düşən hissəsində istifadə hüququ Cavabdeh2 tərəfindən məhrum edilməmişdir. Bununla iddiaçılara hər hansı bir maddi və ya mənəvi ziyan vurulmamış heç belə ziyandan söhbət gedə bilməz. “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 noyabr 2004-cü il tarixli 167 nömrəli qərarının 6.1-ci bəndinə əsasən AR Energetika Nazirliyinin icazəsi, istismarçı təşkilatın (Cavabdeh2) rəyi və texniki şərt alınandan sonra və qərarda göstərilən məhdudiyyətlər gözlənilməklə torpaq sahəsinin neft kəmərinin mühafizə zonasına düşən hissəsindən istifadə edilə bilər. Şərh olunanlardan belə anlaşılır ki, dövlət ehtiyacı üçün ayrılmış torpaq sahəsindən iddiaçıların istifadəsinə verilməsi və zərərin əvəzinin ödənilməsi barədə iddiaçıların iddia ərizəsində qaldırdıqları istəkləri formaldır və mümkünsüzdür. Torpaq üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Belə ki, iddiaçıların torpaq sahələrinə mülkiyyət hüququ əsasında alınan “Çıxarış” yəni mülkiyyət sənədlərinin verilməsi Socar Cavabdeh2 səlahiyyətində deyildir. Yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası MPM-nin 154.1,47.2, MM-nin 1100-cü, maddələrini rəhbər tutaraq, iddia tələbinin təmin olunmaması və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Neft Kəmərləri İdarəsinin nümayəndəsi X2 izahatında Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin iddia tələbi üzrə cavabdehlik daşımadıqlarını bildirərək iddianın onlara münasibətdə rədd edilməsini xahiş etdi. Digər cavabdehlərə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları JN-305 nömrəli, 30800108 kodlu torpaq hüququna dair dövlət aktından görünür ki, Məhərrəmova Züleyxa qara qızı və İddiaçı Abşeron Rayon Aqrar İslahat Komissiyasının 21 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə sxemdə göstərilən sərhəd daxilində 0.72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş məktubda qeyd olunur ki, mütəxəssislər tərəfindən Abşeron rayonu, Məmmədli kəndində yerləşən torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsində Bakı-Novorossiyski neft kəmərinin keçdiyi müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9136 nömrəli rəyində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 1 sot torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun bazar dəyərinin təqribən 2750,0 manat məbləğində olduğu müəyyən edilmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddia tələbində neft kəmərinin çəkildiyi qeyd edilən torpaq sahəsi Abşeron Rayon Aqrar İslahat Komissiyasının 21 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə İddiaçı verilmişdir. Sözügedən neft kəmərinin torpaq sahəsindən keçməsi və 1996-cı il tarixdən istismara verilməsi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Neft Kəmərləri İdarəsi tərəfindən təsdiq edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfiondən tanınan və qorunan hüquqdur. Məhkəmə qeyd edir ki, iddia tələbində qeyd edilən Abşeron rayonu Məmmədli kənd ərazisində 0.72 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair müvafiq çıxarış məhkəməyə təqdim olunmasa da, iş materiallarında bu torpaq sahəsinin iddiaçının istifadəsinə verilməsinə dair Abşeron Rayon Aqrar İslahat Komissiyasının 21 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarı mövcuddur. Yəni mövcud mülki qanunverciliyə əsasən iddiaçı əmlakın mülkiyyətçisi olması sübuta yetirilməsə də o torpaq sahəsinə qanuni sahiblik etmişdir. Belə ki, qanunvericilikdə birbaşa öz əksini tapmasa da, bəzi normalarda istinad edilmiş, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında əksini tapmış legitim gözlənti hüququna əsasən iddiaçının torpaq sahəsinə olan hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması onun bu əmlaka dair hər hansı qanunla qorunan mənafeyinin olmaması anlamına gəlmir. Legitim gözlənti anlayışı daha çox əldə ediləcək hüquqlar, təzminat hüquqları kimi çox yaxın və dəqiq gözləntilər üçün tətbiq edilir. Belə ki, iddiaçının əmlaka hüquqlarının olmasını göstərən müvafiq qərar mövcuddur. AR Konstitusiya Məhkəməsinin və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadəsinin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (məs., AR KM Plenumunun 21 oktyabr 2016-cı il tarixli Qərarı, AİHM Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə xx.xx.2010-cu il tarixli Qərarı, İatridis Yunanıstana qarşı iş üzrə xx.xx.1999-cu iİ tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ, bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Konvensiya anlamında iqtisadi maraqlar da mülkiyyət hesab oluna bilər. Hazırda iddiaçı sözügedən torpaq sahəsindən neft kəmərinin keçdiyini iddia edir. Məhkəmə bu halın əsaslılığını müəyyən etmək üçün mülki iş üzrə dəfələrlə müvafiq ekspertizalar təyin etmiş, tələb olunan mütəxəssis rəylərinin əldə edilməsi üçün müvafiq dövlət orqanına sorğular ünvanlamışdır. Lakin verilmiş mütəxəssis və ekspert rəyləri hazırda baxılan mülki işin araşdırılması üçün tələb olunan heç bir sualı cavablandıra bilməmişdir. Məhkəmə mülki iş üzrə araşdırmanın qeyd edilən səbəbdən kifayət qədər uzanmasını nəzərə alaraq, iddiaçının məhkəməyə müraciət edərkən nəzərində tutduğu mənafelərinin aktuallığını qorumaq məqsədilə iş üzrə əhəmiyyət kəsb edən halın – iddia tələbində göstərilən torpaq sahəsindən neft kəmərinin keçməsi halının təsdiqi olaraq məhkəmə iclasında iştirak etmiş cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Neft Kəmərləri İdarəsinin nümayəndəsinin izahatını əsas götürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəisnə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllədə çəkişmə prinsipi və Məcəllədə birbaşa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutmuşdur. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cavabdehi nümayəndəsi iddiaçının istifadəsində olan torpaq sahəsindən neft kəmərinin keçməsini təsdiq etmişdir. Bununla da iddiaçını iddia tələbinin əsası olan, neft kəmərinin keçməsi barədə istinad etdiyi halı sübut etmək vəzifəsindən azad etmişdir. Məhkəmə qeyd edir ki, torpaq sahəsindən neft kəmərinin çəkilməsi sübuta yetirildiyindən bu əmlakın qanuni sahibi olan iddiaçının hüquqlarının realizəsinə də maneələr yaranması halı öz təsdiqini tapır. Aydındır ki, neft kəmərinin keçməsi iddiaçıya bu torpaq sahəsindən təyinatına uyğun istifadə etməyə imkan vermir. Bu səbəbdən də qanunvericiliyə əsasən belə torpaq sahələri onun mülkiyyətçisindən dövlət ehtiyacları üçün alınır. Bununla da mülkiyyətçilərinin hüquqlarının pozuntusunun qarşısı alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. 70-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyasının məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 246.1-ci maddəsinə əsasən, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilir. 247.1-ci maddəsinə əsasən, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiyanın məbləği bu üsullarla hesablanır: torpağın bazar qiymətinin müəyyən edilməsi və torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə, bərpa qiymətinin müəyyən edilməsi yolu ilə. İş materiallarından müəyyən edilir ki, sözügedən torpaq sahəsi mülkiyyət hüququ Abşeron Rayon Aqrar İslahat Komissiyasının 21 dekabr 1997-ci il tarixli 15 nömrəli qərarı ilə iddiaçının istifadəsinə verilmişdir. Bu torpaq sahəsi üzərindən neft kəmərlərinin keçməsi işin mübahisəsiz halıdır. Lakin nəzərə alınmalıdır ki, neft kəməri 1989-cu il tarixli qərarla inşasına başlanılmış və 1996-cı il tarixdən istismara verilmişdir. Yəni neft kəmərləri iddiaçının bu torpaq sahəsindən istifadə hüququ yaranmamışdan əvvəlki tarixdə çəkilmişdir. Belə olan halda, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Neft Kəmərləri İdarəsinin, o cümlədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hər hansı hüquq pozuntusuna yol verilməsi halı müəyyən edilmir. Məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən cavabdehlərə münasibətdə sübutlarla əsaslandırılmadığından bu hissədə təmin edilə bilməz. Bununla yanaşı iddia tələbində qeyd edilən torpaq sahəsindən neft kəmərlərinin keçməsi iddiaçının hüquqlarını pozur. Belə ki, iddiaçı torpaq sahəsində istədiyi kimi istifadə edə bilmir. Halbuki torpaq sahəsi müvafiq qərarla onun istifadəsinə verilmişdir. Bu səbəbdən də iddiaçının ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ əmələ gəlr. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur və yalnız dövlət ehtiyacları tələb etdikdə, yəni dövlət tərəfindən mülkiyyətə yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə geri alına bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun : 3.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyaclarına daxildir. 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. 7.3-cü maddəsinə əsasən 7.3. Bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: 7.3.1. torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər; 7.3.2. siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz); 7.4-cü maddəsinə əsasən bu Qanunun 7.3.1-7.3.4-cü maddələrində nəzərdə tutulmuş kateqoriyalara aid olan şəxslər bu Qanunun müddəalarına əsasən itirdikləri torpaqla bağlı kompensasiya və digər yardımlarla təmin edilirlər. Yuxarıda sadalanan hallardan aydın olur ki, əmlak dövlət ehtiyacları üçün alındıqda kompensasiya ödənilməsi üçün şəxsin əmlakın mülkiyyətçisi olması tələb edilmir. Qeyd edildiyi kimi torpaq sahəsi ilə bağlı qanuni (Abşeron Rayon Aqrar İslahat Komissiyasının 21 dekabr 1997ci il tarixli 15 nömrəli qərarı), lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər də kompensasiya almaq hüququna malikdirlər. Məhkəmə iddia tələbində göstərilən torpaq sahəsi ilə bağlı iddiaçının subyektiv hüquqlarının olmasını və bu torpaq sahəsindən neft kəmərlərinin çəkilməsinin iş materialları ilə sübuta yetirilməsini nəzərə alaraq, sözüdeən torpaq sahəsinin dəyərinin müəyyən edilməsi üçün iş üzrə ekspertiza təyin etmiş, əldə edilmiş ekspert rəyindən Abşeron rayonu, Məmmədli kəndində yerləşən 1 sot torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun bazar dəyərinin təqribən 2750,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Belə ki, neft kəmərinin birbaşa keçdiyi ərazi ilə yanaşı bu kəmərin mühafziə zonası da nəzərə alınmalıdır. “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən İNBK-mn marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası_boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Məhkəmə qeyd edilənlərə əsasən iddiaçının maddi zərərin tutulması hissəsində iddia tələbinin qismən əsaslı olması qənaətinə gəlir və ekspert rəyində qeyd edilən bazar dəyərini əsas götürərək hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsi 0.72 ha olduğundan torpağın dəyəri olaraq 198000 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə maddi zərərlə bağlı pul məbləğinin hansı hüquqi şəxs və ya dövlət orqanından tutulması ilə bağlı pul məbləğinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən tutulması qənaətinə gəlir. Belə ki, “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamədə qeyd olunur ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsinin icrasını təmin edir, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət zəmanəti ilə alınan kreditlərin təyinatı üzrə xərclənməsi üzərində dövlət maliyyə nəzarətinin həyata keçirilməsini təşkil edir; dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsini və dövlət zəmanətinin verilməsini təşkil edir, dövlət borclanma siyasətini işləyib hazırlayır və həyata keçirilməsini təmin edir; Əsasnamənin 9-cu bəndində Nazirliyin səlahiyyətlərinə aid edilən məsələlərlə bağlı məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış etmək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hüquqları sırasında qeyd edilmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun adında da qeyd edildiyi kimi, neft kəmərləri keçən torpaq sahələri dövlət tərəfindən alındığından və bu zaman ödənişlər dövlət tərəfindən həyata keçirildiyindən və yuxarıda qeyd edilən Əsasnamədən dövlətin maliyyə öhdəliklərinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən həyata keçirildiyi aydın olduğundan məhkəmə pul məbləğinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyinda tutulmasını qanuni və əsaslı hesab edir. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mənəvi zərərin müəyyən edilməsi üçün 3 şərt olmalıdır: 1. İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməlidir. 2. Bu sarsıntıların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmalıdır 3. zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olmalıdır. Hazırda isə iddiaçının tələbi 1-ci şərtdə artıq ödənmir. Belə ki, iddiaçı sarsıntı keçirməsini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hansı formada mənəvi iztirablar keçirməsini sübuta yetirmədiyindən və mənəvi ziyanın vurulmasınə təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki maddi zərərlə bağlı iddia tələbinin qismən əsaslı olması özlüyündə mənəvi zərərlə bağlı iddia tələbinin əsaslılığına dəlalət etmir. Əks halda məhkəmə tərəfindən iddiasının tam və ya qismən təmin edilməsi barədə qənaətə gəlindiyi bütün hallarda iddiaçıların mənəvi zərərlə bağlı hüquqları yaranardı. Halbuki mənəvi zərərin anlayışı qanunvericilikdə aydın ifadə edilmişdir və hazırda baxılan iş üzrə iddiaçı bu hissədə iddia tələbinin əsaslılığına dair heç bir sübut təqdim etməmiş, iddia tələbini bu hissədə əsaslandırmamışdır. Məhkəmə araşdırılması zamanı iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının maddi ziyan tələbinin qismən təmin olunması iddiaçıya münasibətdə ədalətli kompensasiyanı əvəz edir. Belə ki, “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X6 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar mövqeyi «Bokova Rusiya qarşı» işi üzrə xx.xx.2019-cu il tarixli Qərarında da mövcuddur. Qərarda qeyd olunur: «ərizəçiyə qarşı işə baxılarkən məhkəmə tərəfindən pozuntunun olmasının aşkar edilməsi ərizəçinin irəli sürdüyü mənəvi zərərə görə ədalətli təzminatı özünə ehtiva edir». Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Maliyyə Nazirliyindən maddi zərərə görə 198000 manat pul və 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı istifadəsində olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.72 ha torpaq sahəsi Bakı-Novorossiyski neft kəmərinin mühafizə zolağına düşdüyündən, 198000 manat məbləğində pul kompensassiyası cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-18/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-18/2024
24.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver