Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1812/2021 02.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı dəymiş mənəvi ziyanın və kompensasiyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı dəymiş mənəvi ziyanın və kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 30 min manat kompensasiyanın, cavabdeh tərəfindən binanın söküldüyü vaxtdan 3 il müddətində hər ay 200 manat olmaqla kirayə pulunun və cavabdeh tərəfindən iddiaçıya dəyən mənəvi ziyan olaraq 30000 manat məbləğində pulun iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Nərimanov rayonu, Ə.Əlizadə küç. ev 23, 2 saylı mənzil iddiaçının anası tərəfindən 1996-c il tarixdə alınmışdır. İddiaçı anası 2004-cü ildə vəfat etdikdən sonra həmin evin cavabdeh olan bacısı Cavabdeh2 adına keçməsinə razılıq vermişdir. Həmin mənzildə cavabdehin razılığı ilə iddiaçı əri X12 ilə birlikdə 2004-cü il tarixdən 2018-ci ilədək yaşamışdır. 2007-ci il tarixdə isə həmin mənzilə cavabdehin razılığı ilə rəsmi qeydiyyata alınmışlar. Yaşadıqları bina 2018-ci ildə Cavabdeh1 MMC (MTK) tərəfindən sökülmüşdür. Həmin bina sökülməmişdən əvvəl MTKnın əməkdaşları yaşadıqları mənzilə gələrək, iddiaçıya yaşadıqları binanın yerində yeni bina tikiləcəyini və həmin binada həm cavabdehə həm də iddiaçıya ayrı olaraq mənzillər verəcəklərini bildirdilər. Bundan əlavə şirkət iddiaçıya yeni binada mənzilləri tikib təhvil verdiyi müddətədək müvəqqəti yaşamaq üçün kirayə pulunu da ödəyəcəyini öhdəsinə götürdü. İddiaçı da ailəsi ilə birlikdə yaşadıqları mənzildən köçdü. Qeyd olunan danışıqlarda Cavabdeh2 fəal iştirak etmiş və MTK ilə müqavilə bağladığı təqdirdə iddiaçıya düşən mənzili iddiaçı və onun ailəsi üçün əldə edəcəyini bildirmişdir. Qeyd olunanlara baxmayaraq, cavabdehlər evi iddiaçıya təhvil verməmişdir və iddiaçı və onun ailəsi uzun müddətdir ki, çətinliklə kirayədə qalırlar. İddiaçı hesab edir ki, cavabdehlər iddiaçı və onun ailəsinin konstitusion hüquqlarını pozmuşlar. Belə ki, MTK ilə Səbail rayon icra hakimiyyəti arasında bağlanılmış müvafiq müqaviləyə əsasən tikiləcək binanın İcra hakimiyyəti tərəfindən layihələrinə razılıq, həmin binaların yerləşdiyi ərazidəki, dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə verilməsi həmin ərazidəki sakinlərlə MTK arasındakı razılaşmalar əldə olunduqdan və müqavilələr bağlandıqdan sonra veriləcəyi qeyd edilmişdir. Bundan başqa qeyd etmək lazımdır ki, MTK digər cavabdehlə müvafiq müqavilə bağladıqda həmin mənzildə rəsmi qeydiyyatda olan və faktiki yaşayan şəxsləri müəyyən etməli, belə şəxslər olduğu halda onların razılığını almalı idi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi Nümayəndə 05 iyul 2021-ci il tarixli məhkəmə iclasında izahat verərək bildirmişdir ki, sakinlər köçürməmişdən əvvəl bu barədə sənəd tərtib etmədən monitorinq apararaq ailələrin say tərkibini araşdırmışlar. Onda olan arayışda iddiaçının sözügedən mənzildə yaşaması qeyd edilməyib və monitorinq aparılan zaman iddiaçını həmin mənzildə görməmişdir. Şirkət tərəfindən müqavilə mənzilin mülkiyyətçisi ilə bağlanaraq, onun mənzilinin əvəzinə yeni tikilən binada 2 ədəd mənzilin, eyni zamanda mənzillər təhvil verilənədək aylıq kirayə haqqının ödənilməsi öhdəsinə götürülmüşdür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. X4 məhkəmə iclasında şahid qismində ifadə verərək, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 23 saylı yaşayış evin 2 saylı mənzildə İddiaçı və onun əri X5 yaşadığını görmədiyini bildirmişdir. X6 məhkəmə iclasında şahid qismində ifadə verərək, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 23 saylı yaşayış evin 2 saylı mənzildə İddiaçı və onun əri X5 yaşadığını görmədiyini bildirmişdir. X7 məhkəmə iclasında şahid qismində ifadə verərək, 2007-ci ildən 2019-cu il tarixədək Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 23 saylı yaşayış evin 2 saylı mənzildə İddiaçı ailəsi ilə birlikdə dəqiq xatırlamadığı müəyyən müddət ərzində yaşadığını bildirdi. X9 məhkəmə iclasında şahid qismində ifadə verərək, 2004-2009-cu illərdə anası İddiaçı ilə birlikdə Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 23 saylı yaşayış evin 2 saylı mənzildə yaşadıqlarını bildirdi. X1 məhkəmə iclasında şahid qismində ifadə verərək, özünün 2000-ci ildən Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 23 saylı yaşayış evin 2 saylı mənzildə qeydiyyatda olduğunu, həmin evin analarından qalan ev olmadığını və nə İddiaçı, nə də onun ailə üzvlərinin həmin mənzildə yaşamadığını bildirdi. X8 məhkəmə iclasında şahid qismində ifadə verərək, 2007-ci il tarixdən İddiaçı və Cavabdeh2 Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 23 saylı yaşayış evin 2 saylı mənzildə qeydiyyatda olub orada yaşadığını bildirmişdir. İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 100115 nömrəli qeydiyyat vəsiqəsindən müəyyən olunur ki, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 23 saylı yaşayış evin 2 saylı mənzil tam payda Cavabdeh2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan 25 iyun 2019-cu il tarixli 109 nömrəli müqavilədən müəyyən olunur ki, Cavabdeh1 MMC-ə Nərimanov rayonu Ə.Əlizadə 23.m.2 ünvanında yerləşən fərdi yaşayış evində mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirdərək, «Mülkiyyətçi» Cavabdeh2 söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan (texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi. qeydiyyat vəsiqəsi: Seriya MH, № 100115. 130 №-li Reyestr kitabında 124673 Səhifə qeydəalma 30 № 21123, 06.09.1997 tarixdə qeydiyyat aparılmışdır.) 3 otaqlı 117 m2 sahəli mənzilin əvəzinə inşa edib başa çatdıracağı «F» binasının 8-ci mərtəbəsində təmirsiz, yaşayışa yararlı 2 mənzil: 2 otaqlı, sahəsi 61 m2 olan və 2 otaqlı sahəsi 86 m3 olan mənzilləri «Mülkiyyətçi» Cavabdeh2 mülkiyyətinə verməyi, «Mülkiyyətçi» Cavabdeh2 isə bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh1 MMC-nə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş, kommunikasiya xətləri şəbəkəyə qoşulmuş, su, elektrik, qaz sayğacları quraşdırılmış təmirsiz müqavilədə nəzərdə tutulmuş mənzilləri qəbul etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan müəyyən olunur ki, İddiaçı 26 iyul 2007-ci il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 23 saylı yaşayış evin 2 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 09 aprel 2021-ci il tarixdə verilmiş sorğuya cavab məktubundan müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin elektron məlumat bazasında İddiaçı 23 dekabr 2011-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsində abonent kimi qeydiyyata alınması barədə məlumat vardır. İş materiallarında olan X11, X4 və X10 akt tərtib edərək, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 23 saylı yaşayış evin 2 saylı mənzildə Cavabdeh2 iki övladı ilə birgə yaşadığını, həmin ünvanda İddiaçı və onun əri X5 yaşamadığını təsdiq etmişlər. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 05 iyul 2021-ci il tarixdə verilmiş arayışdan müəyyən olunur ki, ünvan 2 ünvanında yaşayan İddiaçı adına "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Abşeron filialına məxsus ******* saylı telefon vardır. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bununla yanaşı nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Bu kontekstdə məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə iddia tələbinin kompensasiyanın və kirayə haqqının ödənilməsi barədə hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə də uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə görə isə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İddiaçı iddia tələblərini eyni zamanda MM-nin 152.1, 152.5-ci maddələrinə əsaslanaraq irəli sürmüşdür, halbuki həmin maddi hüquq normaları mülkiyyət hüququnun anlayışını verməklə mülkiyyətçinin hüquqlarını təsvir edir, iddiaçı isə cavabdehə məxsus mənzildə hər hansı mülkiyyət hüququ əldə etməmişdir. Odur ki, bu maddi hüquq normalara əsaslanan tələb qanuni hesab edilə bilməz. İddiaçı öz tələblərini irəli sürərkən Mülki Məcəlləni 228.2-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinə əsaslanaraq, onun cavabdehə məxsus mənzidə istifadə hüququnun itirilməsinə görə kompensasiya tələb edir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı cavabdehin ailə üzvü olmadığından o, mənzildə qeydiyyatda olmaqla yaşasaydı belə, istifadə hüququ əldə etmiş şəxs hesab edilmir. Ayrica qeyd edilməlidir ki, istifadə hüququnun kompensasiya ödənilməklə itirilmiş hesab edilməsi tələbi irəli sürmək subyektiv hüququ mülkiyyətciyə məxsusdur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kompensasiya və kirayə haqqının ödənilməsi barədə iddia tələblərinin rədd edilməsi qənaətinə gəlir. Məhkəmə mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı dəymiş mənəvi ziyanın və kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumu iddia təmin olunmadığına görə iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı kompensasiyanın, kirayə haqqının və mənəvi ziyanın və ödənilməsi tələbinə dair iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-1812/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1812/2021
02.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver