Məhkəmə qərarları › İş №2(005)-1813/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1813/2021

20.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1813/2021 20.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı2, Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.100 (beş min bir yüz) manat məbləğində pul vəsaitinin, gecikmiş vaxt üçün illik 10% uçot dərəcəsi olmaqla 1.105 (bir min bir yüz beş) manat, mənəvi zərərin əvəzi olaraq 5.000 (beş min) manat və 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı şəxslərin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini belə əsaslandırmışlar ki, İddiaçı2 övladı X5 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə 11 (on bir) il müddətinə azdlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Onun oğlu ona qarşı olan ittihamda özünü təqsirli bilmədiyi, həmçinin ailəsi onun təqsirli olmasına inanmadığı üçün daima onun bəraət alıb azadlığa çıxması üçün bu günə qədər ümüdlə yaşamışdır. İddiaçı2 və ailəsinin bu vəziyyətindən istifadə edən və özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edən Cavabdeh2 ona söz verdi ki, övladını azadlığa buraxılmasına kömək edəcəkdir. Bu məqsədlə o, İddiaçı2 şahidlərin iştirakı ilə 2.000 (iki min) manat məbləğində pul vəsaiti almışdır. Daha sonra 900 (doqquz yüz) manat məbləğind olan hissəsini qaytarmışdır. Həmçinin, Cavabdeh2 gördüyü işin bir hissəsi olaraq, İddiaçı2 vəkil kimi təqdim etdiyi Cavabdeh1 təqdim edərək bildirmişdir ki, övladının işi ilə birlikdə məşğul olacaqlar. Çünki, özü Azərbaycan Respublikası Daxili İşlər Nazrliyinin əmakdaşı olduğu üçün işlərlə Cavabdeh1 məşğul olacaqdır. Cavabdeh Qarayev X2 Ənvər Səməd oğlunu digər Cavabdeh1 ilə tanış etdikdən sonra sonuncu ona bildirmişdir ki, iş üçün 3.000 (üç min) manat məbləğində pul verməlidir. Eyni zamanda bildirmişdir ki, verəcəyi pulu notarial qaydada kredit müqaviləsi adı altında da rəsmiləşdirə bilərlər. Həmin vaxtı İddiaçı2 üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün Cavabdeh1 verdiyi pula dair kredit müqaviləsi qaynı oğlu olan digər İddiaçı1 ilə Cavabdeh1 arasında bağlanmışdır. Daha sonra Cavabdeh1 İddiaçı2 şahidlərin iştirakı ilə əlavə 1.000 (bir min) manat məbləğində pul alaraq, iş üçün lazım olduğunu bildirmişdir. Hər dəfə İddiaçı2 müxtəlif bəhanələrlə aldadan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bu günə qədər nə övladının həbsdən azad olunması üçün hər hansı tədbir görüblər, nə də ki, onlara verilmiş 5.100 (beş min bir yüz) manat məbləğində pul vəsaitini qaytarıblar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə edilmiş şikayətə cavab olaraq bildirilmişdir ki, mülki qaydada məhkəməyə müraciət etmək məqsədəmüvafiqdir. Cavabdeh şəxslərin etmiş olduğu bu hərəkətlərə görə iddiaçılar mənəvi istirab və əsəb sarsıntısı keçiriblər və keçirməkdə davam edirlər. Əsəb sarsıntıları nəticəsində onların əsəbləri pozulmuşdur. Cavabdeh şəxslərin hər dəfə müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınması əsəb sarsıntıları və fiziki əzab çəkməyə səbəb olur. Buna görə də, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmək qərarına gəliblər. Ona görə də hesab edirlər ki, 5.100 (beş min bir yüz) manat məbləğində pul, gecikmiş vaxt üçün illik 10% uçot dərəcəsi olmaqla 1.105 (bir min bir yüz beş) manat, mənəvi zərərin əvəzi olaraq 5.000 (beş min) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı şəxslərin xeyrinə tutulmalıdır. İddiaçı1 xx xxxxx 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, ailə vəziyyəti ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyindən onun iştirakı olmadan müvafiq mülki işə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə müvafiq ərizəni nəzərə alaraq mülki işə İddiaçı1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia ərizəsini qismən qəbul edərək, İddiaçı2 100 (bir yüz) manat məbləğində borcu olduğunu qəbul edərək, iddia tələbinin qalan hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X3 verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı2 övladının azadlığa buraxılmasına kömək edəcəyini söz verən Cavabdeh2 onun və digər şəxsin iştirakı ilə 2.000 (iki min) manat məbləğində pul vəsaiti almışdır. Daha sonra cavabdeh şəxs aldığı pul vəsaitinin 900 (doqquz yüz) manat məbləğində olan hissəsini iddiaçı şəxsə qaytarmış, qalan məbləğ isə qalmışdır. Məhkəmə iclasında şahid X7 verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı2 övladının azadlığa buraxılmasına kömək edəcəyini söz verən Cavabdeh2 onun və X1 iştirakı ilə 2.000 (iki min) manat məbləğində pul vəsaiti vermişdir. Bir müddət sonra cavabdeh şəxs Cavabdeh2 aldığı pul vəsaitinin 900 (doqquz yüz) manat məbləğində olan hissəsini iddiaçı şəxsə qaytarmış, qalan məbləğ isə qaytarılmamış qalmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı1-borc verən ilə Cavabdeh1-borc alan arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinin məzmunundan görünür ki, borc verən borc alana 3.000 (üç min) manat məbləğində pul vəsaiti borc verir (1-ci bənd). Borc alan krediti xx xxxxx 2019-cu il tarixdədək olan müddətə borc verənə qaytarmağı öhdəsinə götürür (2-ci bənd). Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər (3-cü bənd); Binəqədi RPİ tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin xx xxxxxx 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 Atakiçi oğlu ünvan 2 ünvanında qeydiyyatdadır; xx xxxxxx 2021-ci il tarixli 30586 nömrəli qəbzdən görünür ki, İddiaçı2 tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, iddia ərizəsi üzrə Cavabdeh1 İddiaçı1 ilə kredit müqaviləsi bağlamış, lakin müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də qeyd edilən müqavilə üzrə Cavabdeh1 öhdəliyi icra etmədiyi üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə aldığı pul vəsaitini, yəni 3.000 (üç min) manat məbləğində pul vəsaitini İddiaçı1 ödəməlidir. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı şahid ifadələri ilə müəyyən edilmiş 1.100 (bir min bir yüz) manat məbləğində pul vəsaiti də Cavabdeh2 İddiaçı2 xeyrinə tutulmalıdır. Məhkəmə iddia ərizəsinin “gecikmiş vaxt üçün illik 10% uçot dərəcəsi olmaqla 1.105 (bir min bir yüz beş) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı şəxslərin xeyrinə tutulması” hissəsində aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı1 aldığı kredit üzrə borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh şəxs müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna baxmayaraq, qanunverciliyin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbi). İddiaçı şəxs gecikdirilmiş vaxt üçün illik on faiz ödənilməsini tələb etməsinin heç bir hüquqi əsası olmadığından, iddia ərizəsi həmin hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia ərizəsinin “mənəvi zərərin əvəzi olaraq 5.000 (beş min) manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı şəxslərin xeyrinə tutulması” hissəsi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçı şəxslər tərəfindən verilmiş iddia tələbində cavabdehlərin təqsirli hərəkətlərinin olması ilə bağlı iddia tələbinin dəlilləri qeyd edilən hissədə öz hüquqi təsdiqini tapmadığından, cavabdeh şəxslərdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi rədd olunmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh2 1.100 (bir min bir yüz) manat məbləğində borc vəsaiti İddiaçı2 xeyrinə, Cavabdeh1 3.000 (üç min) manat məbləğində borc vəsaiti İddiaçı1 xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə rədd edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı2 tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 1.100 (bir min bir yüz) manat məbləğində borc vəsaiti İddiaçı2 xeyrinə tutulsun. Cavabdeh1 3.000 (üç min) manat məbləğində borc vəsaiti İddiaçı1 xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar