Məhkəmə qərarları › İş №2(005)-1819/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1819/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1819/2020 08.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı “Günay Sığorta” X9 nümayəndəsi X6, Cavabdeh1 iştirakları ilə, İddiaçı “Günay Sığorta” X9 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Günay Sığorta” X15 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1.500 (bir min beş yüz) manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin “Günay Sığorta” X9 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “Günay Sığorta” X15 iddiasını onunla əsaslandırmışdır ki, “Günay Sığorta” X10 xx xxxxx 2017-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Mitsubishi Airtrek” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 vuraraq, ona ağır xəsarət yetirmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənin xəsarəti ilə 1.500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi verilmişdir. Belə ki, zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs - faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. “Mitsubishi Airtrek” markalı **-SF- *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında Cavabdeh2 məxsus olduğundan, hadisə zamanı avtomobili etibarnamə olmadan Cavabdeh1 idarə etdiyindən, zərərin əvəzi onların hər ikisindən tutulmalıdır. Məhkəmə iclasında iddiaçı “Günay Sığorta” X9 nümayəndəsi X11 iddia ərizəsinə uyğun izahat verib, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qaəbul etməyərək, hazırda maddi durumu tələb edilən vəsaitin ödənilməsinə imkan vermədiyindən, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “Günay Sığorta” X15 ilə X13 arasında bağlanmış PGU********** nömrəli xx xxxxx 2017-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatın müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, 2002-ci il buraxılışlı, **-SF-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Airtrek” markalı avtomobilin sahibinin mülki məsuliyyəti sığortaçı cəmiyyətdə sığortalanmışdır. Sığorta təminatının müddəti xx xxxxx 2017-ci il tarixdən xx xxxxx 2018-ci il tarixədək olan 1 (bir) illik müddəti əhatə etmişdir; Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X7 cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxx 2017-ci il tarixli qərarının surətindən və məzmunundan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və istintaq aparılması üçün icraatına qəbul edilməsi, cinayət işi üzrə X2 zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır; Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X1 qiymətləndirilməsi haqqında xx xxxxxx 2017-ci il tarixli qərarının surətindən və məzmunundan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə nəzərdə tutulmuş ittihamın elan edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, iş üzrə Cavabdeh2 məxsus “Mitsubishi Airtrek” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomaşını maddi sübut kimi tanınmaqla avtomaşının Cavabdeh2 geri qaytarılmasının nəzərə alınması, cinayət işi üzrə təqsirləndirilən şəxs, zərərçəkmiş və şahid ifadəsi, hadisə yerinə baxış protokolu, məhkəmə tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyləri, iş materiallarına əlavə edilmiş 01 ədəd disk, eləcə də başqa istintaq hərəkəti protokolları və digər dəlillərin sübut növü kimi qiymətləndirilməsi, Cavabdeh2 özünə məxsus “Mitsubishi Airtrek” markalı **-SF-*** dövlət nömrə nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verdiyi üçün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surətinin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməsi, Cavabdeh1 xx xxx 2017-ci il tarixli amnistiya qərarı ilə 330 (üç yüz otuz) manat məbləğində cərimə cəzasından azad edilməsinin nəzərə alınması, cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 221-ci maddəsinə əsasən cinayətin törədilməsinə şərait yaradarı halların aradan qaldırılması məqsədi ilə aidiyyatı üzrə təqsirləndirilən şəxsin yaşadığı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə təqdimat verilməsi qərara alınmışdır; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 1(001)-10/2017 nömrəli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən və məzmunundan görünür ki, xx xxxxxxxx 1969-cu il tarixdə Ermənistan Respublikası, Razdan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmiş Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və ona vurduğu ziyanı tamamilə ödədiyi üçün xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi, Cavabdeh1 barəsində seçilmiş “polisin nəzarəti altına verilmə haqqında” qətimkan tədbirinin ləğv olunması, Cavabdeh1 əməlində inzibati xəta tərkibinin əlamətləri müəyyən edildiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinə müraciət olunması, iş üzrə ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutulub Dövlət Xəzinədarlığı Agentliyinin hesabına keçirilməsi, iş üzrə maddi sübut kimi tanınmış Cavabdeh2 məxsus “Mitsubishi Airtrek” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomaşının Cavabdeh2 geri qaytarılmasının nəzərə alınması qərara alınmışdır; xx xxxxxx 2018-ci il tarixli PGU-180276 nömrəli sığorta aktının müvafiq qaydada təsdiq edilmiş surətindən və məzmunundan görünür ki, “Günay Sığorta” X15 ilə X13 arasında bağlanmış PGU********** nömrəli xx xxxxx 2017-ci il tarixli icbari sığorta müqaviləsinə əsasən 2002-ci il buraxılışlı, **-SF-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Airtrek” markalı avtomobilin sahibinin mülki məsuliyyətinin sığortaçı cəmiyyətdə sığortalanması əsası ilə “Günay Sığorta” X15 tərəfindən zərərçəkən üçüncü şəxs X4 toqquşma nəticəsində aldığı ağır xəsarətə görə 1.500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilməsi qərara alınmışdır; xx xxxxxx 2018-ci il tarixli 00618 nömrəli ödəniş tapşırığının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, “Günay Sığorta” X15 tərəfindən zərərçəkən üçüncü şəxs X2 hesabına 1.500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir; xx xxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı “Günay Sığorta” X15 məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun; 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə (subroqasiya hüququ) əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Bu normaya uyğun olaraq, sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olan şəxsə qarşı zərərçəkənin - sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. Bu tələb hüququ isə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun xüsusi normasına müvafiq olaraq əmələ gəlir. Belə ki, həmin qanunun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətinin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır; 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir; 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir; 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir; 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır; 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir; 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “Günay Sığorta” X15 ilə X13 arasında bağlanmış PGU********** nömrəli xx xxxxx 2017-ci il tarixli icbari sığorta müqaviləsi ilə 2002-ci il buraxılışlı, **-SF-*** dövlət qeydiyyat nişanlı, “Mitsubishi Airtrek” markalı avtomobilin sahibinin mülki məsuliyyəti sığortaçı cəmiyyətdə sığortalanmışdır. Sığorta təminatının müddəti xx xxxxx 2017-ci il tarixdən xx xxxxx 2018-ci il tarixədək olan 1 (bir) illik müddəti əhatə etmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh1 xx xxxx 2017-ci il tarixdə saat 23:00 radələrində qohumu Cavabdeh2 məxsus “Mitsubishi Airtrek minik” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 185 ünvanı ilə yolun sağ hərəkət istiqaməti ilə saatda 50 km/saat surətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əməl etməyərək, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən ayırmamalı, qarşıda piyadanın əks istiqamətli nəqliyyat axınlarını ayıran 1.3 üfüqi nişanlanma xətti üzərində dayanması nəzərə alınmalı, həmin üfüqi nişanlama xəttini keçmədən dayanmış piyadalardan lazımi yan məsafə saxlayaraq hərəkətini davam etdirməli olduğu halda, texniki imkanı olsa da bunları etməyərək, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlakına zərər vurmaqla yol hərəkəti qaydalarını pozub, ehtiyyatsızlıqdan yolun ortasında hərəkət hissəsini ayıran ağ rəngli qoşa düz xətt üzərində dayanmış piyada X3 avtomobilin qabaq tərəfi ilə vuraraq ona alın nahiyyəsinin əzilmiş yarası, açıq kəllə beyin travması, baş beyinin hemorragik əzilməsi, pnevmosefoliya, sağdan təpə, alın sümüyünün orbitanın media divarına keçən, almacıq qövsünün, burun sümüklərinin, ön kəllə çuxurunun sınığı, hemosinus sağ ağ ciyər toxumasının kontuziyası, soldan İİİ-İX qabırğaların sınığı, L2, L3 fəqərələrinin sol yan çıxıntılarının sınığı, sol baldır sümüklərinin orta 1/3-nin qapalı, qəlpəli yerdəyişən sınığı ilə müşahidə edilən həyatı üçün təhlükəli olan sağlamlığına ağır zərər vuran xəsarətlər yetirmişdir. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X1 qiymətləndirilməsi haqqında xx xxxxxx 2017-ci il tarixli qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə nəzərdə tutulmuş ittihamın elan edilməsi qərara alınmışdır. Eləcə də müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli 1(001)-10/2017 nömrəli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarı ilə barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmiş Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və ona vurduğu ziyanı tamamilə ödədiyi üçün xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi, Cavabdeh1 barəsində seçilmiş “polisin nəzarəti altına verilmə haqqında” qətimkan tədbirinin ləğv olunması, Cavabdeh1 əməlində inzibati xəta tərkibinin əlamətləri müəyyən edildiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon Polis İdarəsinə müraciət olunması, iş üzrə ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutulub Dövlət Xəzinədarlığı Agentliyinin hesabına keçirilməsi, iş üzrə maddi sübut kimi tanınmış Cavabdeh2 məxsus “Mitsubishi Airtrek” markalı **- SF-*** dövlət qeydiyyat nişanlı avtomaşının Cavabdeh2 geri qaytarılmasının nəzərə alınması qərara alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, xx xxxxxx 2018-ci il tarixli 00618 nömrəli ödəniş tapşırığı ilə “Günay Sığorta” X15 tərəfindən zərərçəkən üçüncü şəxs X2 hesabına 1.500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Göründüyü kimi, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı təqsirli sürücü (sığortalı) Cavabdeh1 avtomobili etibarnaməsiz idarə etdiyindən, sığorta ödənişi vermiş sığortaçı “Günay Sığorta” X9 sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqa zidd əməl nəticəsində dəymiş zərər sığortaçı tərəfindən ödənildiyindən zərəri tələb etmə hüququ subroqasiya qaydasında “Günay Sığorta” X12 keçdiyindən iddia ərizəsi pul tələbi hissəsində tam təmin edilməli, zərərçəkən üçüncü şəxs X2 hesabına ödənilmiş 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti iddiaçı şəxsin xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, “Mitsubishi Airtrek” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh2 məxsus olmasına baxmayaraq, onun mülkiyyətində olan avtomobilin üçüncü şəxslər tərəfindən istismar edilməsinə dair məlumatının olması halına borclu olmadığından, o, Cavabdeh1 tərəfindən törədilmiş mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyət daşıya bilməz. Bu səbəbdən iddia Cavabdeh2 aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı “Günay Sığorta” X15 tərəfindən ödənilmiş 30,40 (otuz manat qərx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh1 aid edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 1.500 (bir min beş yüz) manat məbləğində ödənilmiş sığorta ödənişi və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu “Günay Sığorta” X9 xeyrinə tutulsun. İddia Cavabdeh2 münasibətdə təmin olunmasın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar