Məhkəmə qərarları › İş №2(005)-182/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-182/2022

16.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-182/2022 16.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı X2, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurduğu maddi ziyana görə 2677,4 manat, mənəvi ziyana görə 5000 manat pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə saat 09:10 radələrində Bakı şəhəri, Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsində yerləşən Rumıniya Səfirliyinin qarşısında Cavabdeh idarə etdiyi “Kia Cerato” markalı, ** VK *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə onu vurmuşdur. Baş vermiş hadisə nəticəsində o “Avrasiya Hospital”ında müayinədən keçmiş, “akromioklavikular oynaqda minimal hipertrofikdegenerativ dəyişiklər izlənil”məsi aşkar olunmuş, medikamentoz müalicə, 3 ay fiziki işdən azad edilmə məsləhət görülmüşdür. Baş vermiş hadisə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat şöbəsində araşdırılmış, ekspertiza təyin edilmiş, ekspert rəyində göstərilmişdir ki, alınmış xəsarətlər-sol almacıq nahiyyəsinin və sol dirsək oynağının qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2020-ci il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməmişdir. xx.xx.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsinin tələbinə əsasən inzibati tənbeh tədbiri görülməsi üçün toplanmış material Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir. Həmin qərardan tərəfindən şikayət verilmiş və xx.xx.2021-ci il tarixli qərarı ilə eyni nəticə qərara alınmışdır. Cavabdehin təqsirindən baş vermiş hadisə nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Hadisənin nəticəsində ev şəraitində müalicə almış, bir ay müddətinə iş qabiliyyətini itirmişdir. Bu müddət ərzində məcburiyyət qarşısında qalaraq qulluq etmək üçün bir günə 20 manat məbləğində dayə tutmuşdur. Baş ağrıları davam etdiyi üçün xx.xx.2020-ci il tarixdə “İstanbul NS Klinika”sında həkimə müraciət etmiş, müayinədən keçmiş, müalicə almaq üçün bir sıra dərmanlar yazılmışdır. Klinikada olan ödənişləri və dərmanları öz vəsaitilə almışdır. Bundan başqa hadisə baş verən zaman “İrshad” mağazada 1000 manata “İphone 6” markalı aldığı mobil telefon yerə düşdüyü üçün yararsız vəziyyətə düşmüşdür. Daha sonra “Vigas” mağazada 800 manata aldığı “şuba” və 25 manata aldığı ayaqqabı cırılmışdır. Bundan əlavə bir ay müddətində ev şəraitində müalicə aldığı üçün işə çıxa bilməmişdir. Ona görə də, ünvan 1 ünvanında yerləşən ayı 50 manata icarəyə götürdüyü sahənin icarə haqqının verilməsində ziyana düşmüşdür. Bu müddət ərzində Cavabdeh heç bir dəfə də vəziyyətilə maraqlanmamış, əksinə ona və həyat yoldaşına kobudluq etmişdir. Evdə müalicə aldığı zaman bir dəfə cavabdehin atası və bacısı gəlmiş, üzrxahlıq əvəzinə mübahisə etmişlər. Baş vermiş hadisə nəticəsində: 260,90 manat müayinə və dərman xərcləri, 1000 manat yararsız vəziyyətə düşmüş mobil telefon, 825 manat cırılmış “şuba” və ayaqqabı, 500 manat dayə xərcləri, 50 manat bir ay icarə haqqı, 30 manat dövlət rüsumu xərcləri, 11,5 manat etibarnamə aldığı üçün xərc olmaqla, ümumilikdə 2677,40 manat məbləğində maddi ziyan dəymişdir. Bundan əlavə baş vermiş hadisə nəticəsində əsəb, sarsıntı keçirmiş, mənəvi cəhətdən əziyyət çəkmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 izahat verərək göstərmişdir ki, piyada keçidindən keçərkən maşın onu vurmuş, ağır zədələr almış, bir neçə ay əmək qabiliyyətini itirmiş və işləyə bilməmişdir. Həmçinin bildirmişdir ki, salonda işləyirdim və aylıq gəlirim minimum 1000 manat olurdu, cavabdeh məni vurduqdan sonra işləyə bilmədiyim üçün həmin gəlirdən məhrum olmuşam. O məni vurduqdan sonra mənə çəkilən xəstəxana xərclərinin demək olar ki heç birini qarşılamamış, bütün xəstəxana xərcləri həyat yoldaşım tərəfindən ödənilmişdir. Dəfələrlə cavabdehə zəng etməyimə baxmayaraq, o məni təhqir edir və pul ödəməyəciyini bildirirdi. Həmçinin hadisə zamanı cırılmış xəzin və əlimdən düşərək qırılmış telefonun dəyəri ödənilməlidir. Göstərilənlərə əsasən iddianın iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh həmin qəzada özünü təqsirli bilmədiyini, hadisə zamanı xanımın necə vurulduğunu hiss etmədiyini, yıxıldıqdan sonra ayağa duraraq getdiyini, daha sonra arxasınca gedərək xəstəxanaya apardığını və bütün xərclərini çəkdiyini bildirmişdir. Bu səbəbdən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 xərclərin qarşılandığını bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə, saat 10:20-də vətəndaş Cavabdeh DİN-nin Xidmət-Zəng Mərkəzinə müraciət edərək, xx.xx.2020-ci il tarixdə K.Rəhimov küçəsi ilə Ak.H.Əliyev küçələrinin kəsişməsində idarə etdiyi Kia markalı, **-VK-*** nömrə nişanlı avtomaşınla piyada qadını vurduğunu bildirmişdir. Material üzrə təyin edilmiş və Nərimanov RPİ-yə xx.xx.2020-ci il tarixdə daxil olmuş AR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X4 rayon şöbəsindən verilmiş 864 saylı ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı almış olduğu xəsarətlər – sol almacıq nahiyyəsinin və sol dirsək oynağının qançırları küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində qeyd edilən xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Göstərilənlərə əsasən əməllərində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmiş və toplanmış material inzibati tənbeh görülməsindən ötrü Nərimanov RPİ-nin DYPŞ-yə göndərilmişdir; xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə İddiaçı ərizə ilə Nərimanov RPİ-nin rəhbərliyinə müraciət edərək, AR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X4 rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 864 saylı ekspert rəyinin nəticəsindən narazı qaldığını bildirmişdir. Aparılan təhqiqat araşdırması zamanı İddiaçı almış olduğu bədən xəsarətinin sağlamlığa zərər vurma dərəcəsinin müəyyən edilməsindən ötrü xx.xx.2021-ci il tarixdə təkrar ekspertiza təyin edilmişdir. Material üzrə təkrar təyin edilmiş və Nərimanov RPİ-yə xx.xx.2021-ci il tarixdə daxil olmuş AR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi-Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və X4 rayon şöbəsindən verilmiş T-32/221 saylı ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı almış olduğu xəsarətlər – sol almacıq nahiyyəsinin və sol dirsək oynağının qançırları küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində qeyd edilən xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Göstərilənlərə əsasən əməllərində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmiş və hadisə avtomobilin sürücüsü Cavabdeh ehtiyatsızlığından baş verdiyindən, hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 54-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğunsuzluq olduğundan barəsində AR İXM-in 330.0.1-ci maddəsinə əsasən inzibati tənbeh görülməli üçün toplanmış material Nərimanov RPİ-nin DYPŞ-yə göndərilmişdir; İnzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2021-ci il tarixli protokoldan və inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2021-ci il tarixli qərardan görünür ki, xx.xx.2020-ci il tarixdə “Kia Cerato” markalı, **-VK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən AR İXM-in 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və bu səbəbdən barəsində 50 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir; X1 xəstənin tibbi kartasından 3326/20 nömrəli çıxarışdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə sol yuxarı ətraf yumşaq toxuma əzilməsi diaqnozu qoyulmuşdur. Diaqnostik müayinələrə əsasən baş beyin KT-İntrakranial qanama görülməmiş, Bazu Rgen-bazu sümüyün forması və kolgəlik intensivliyi təbii olub, rentgenoloji olaraq destruksiya və ya sınıq aşkar olunmamış, Said R-gen müayinə sahəsinə daxil olan sümüklərin forması və kölgəlik intensivliyi təbii olub, rentgenoloji olaraq destruksiya və ya sınıq aşkar olunmamışdır. Medikamentoz müalicə və 3 ay fiziki işdən azad olunmaq məsləhət görülmüşdür; Avrasiya Hospitalın xx.xx.2020-ci il tarixli, 108 nömrəli arayışından görünür ki, İddiaçı sol yuxarı ətraf yumşaq toxuma zədələnməsi diaqnozu qoyulmuş, dərman müalicəsi və 10 gün sonra təkrar müayinə məsləhət görülmüşdür; İstanbul NS Klinikasının xx.xx.2020-ci il tarixli Kranio-Cerebral MRT incələməsindən görünür ki, İddiaçı müayinə nəticəsində “alın-təpə paylarda tək-tək rast gəlinən paraventrikulyar nonspesefik qliotik ocaqlar, şəffaf arakəsmə 6 mm kistik genişlənməsi, beyincik badamcıqları minimal böyük dəiyə enişi 4-5mm” diaqnozu qoyulmuşdur; İstanbul NS Klinikasının xx.xx.2020-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, pasient İddiaçı üçün aparılmış müayinələrin dəyəri kimi 35 manat və 155 manat məbləğində pul ödənilmişdir; İstanbul NS Klinikasının xx.xx.2020-ci il tarixli dərmanlar üçün resept blankından görünür ki, İddiaçı müxtəlif dərman preparatları yazılmışdır; "xxxx" MMC-nin kassa qəbzindən görünür ki, 70,90 manat məbləğində ödəniş edilmişdir; “İcarəyə verən” X3 ilə “İcarəçi” İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin surətindən görünür ki, “İcarəyə verən” ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasını aylıq 50 manat kirayə haqqı ödəmək şərti ilə 10 il müddətinə “İcarəçi”yə icarəyə vermişdir; Məhkəmə tərəfindən təyin edilmiş xx.xx.2022-ci il tarixli, 392 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Lakin birliyin Nərimanov rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 864 saylı ekspert rəyinə əsasən onda sol almacıq nahiyəsinin və sol dirsək oynağının qançırları aşkar edilmişdir. Bu xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən vaxtda, yəni xx.xx.2020-ci il tarixdə yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir; Məhkəmə tərəfindən təyin edilmiş 392/MEŞ nömrəli, xx.xx.2022-ci il tarixli təkrar ekspertiza rəyindən görünür ki, İddiaçı tibbi sənədlərə əsasən sol almacıq nahiyəsinin və sol dirsək oynağının iç səthinin qançırları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdilər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixi və şəraiti inkar etmir, yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. İddiaçı subyektiv şikayətləri əsasında Avrasiya Hospitalında instrumental müayinələrdən keçirilməsi ilə əlaqədar travmatik və posttravmatik dəyişikliklər aşkar edilməmiş, hər-hansı bir müalicəyə ehtiyacı olmamışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə “Kia Cerato” markalı, ** VK *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən yol-nəqliyyat hadisəsi törətmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqında qərara əsasən yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı dərəcəsi təyin edilməyən xəsarətllər aldığı müəyyən edilmiş və bu xəsarətlər cinayət işinin başlanmasına səbəb olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Hadisə avtomobilin sürücüsü Cavabdeh ehtiyatsızlığından baş verdiyindən, hərəkətlərində “Yol hərəkəti haqqında” Qanunun 54-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğunsuzluq olduğundan barəsində AR İXM-in 330.0.1-ci maddəsinə əsasən inzibati tənbeh görülməsi üçün toplanmış material müvafiq orqana göndərilmişdir. Hazırda iddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş maddi zərərə görə 2677,4 manat, mənəvi zərərə görə 5000 manat məbləğində pulun cavabdeh tərəfindən ödənilməsini tələb edir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, zərərin ödənilməsi üçün bir neçə hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdehnun qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Belə ki, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarlarda müəyyən edilmiş hallara, ibtidai istintaq orqanı və məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə ekspert rəylərinə əsasən İddiaçı almış olduğu xəsarətlərin xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bildiyi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlərə aid edildiyi və hadisənin cavabdehin ehtiyatsızlığından baş verdiyi müəyyən edilmişdir. Eyni zamanda cavabdeh barəsində İXM-in 330-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İddia tələbinin 2677,40 manat məbləğində dəymiş maddi zərər hissəsi ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı ona 260,90 manat müayinə və dərman xərcləri, 1000 manat yararsız vəziyyətə düşmüş mobil telefon, 825 manat cırılmış “şuba” və ayaqqabı, 500 manat dayə xərcləri, 50 manat bir aylıq icarə haqqı, 30 manat dövlət rüsumu xərcləri, 11,5 manat etibarnamə alması üçün xərc olmaqla, ümumilikdə 2677,40 manat məbləğində maddi ziyan dəydiyini iddia edir. Məhkəməyə təqdim edilmiş “İstanbul NS Klinika”sının ödəniş qəbzlərinə əsasən nevropatoloq və mrt beyin müayinəsi üçün 35 və 155 manat, dərmanların alınması üçün 70,90 manat, vəkilə etibarnamə verilməsi üçün 11,5 manat xərc çəkildiyi təsdiq olunmuşdur. Bir aylıq icarə haqqı olaraq 50 manat ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı yol-nəqliyyat hadisəsi zamanı müvəqqəti olsa da, əmək fəaliyyətini dayandırmalı olmuş və icarəyə götürdüyü əmlakdan istifadə etməsə belə icarə haqqını ödəməli olmuşdur. İcarə obyektindən (gözəllik salonundan) özünün istifadə etməsi isə hadisənin həmin obyektin yanında baş verməsi, hadisədən sonra obyektə qayıtması, obyektdə tək olması barədə cavabdehin izahatları ilə təsdiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, 1 aylıq icarə haqqının əvəzinə görə 50 manat, müayinə və dərman xərclərinə görə 260,90 manat və etibarnamə verilməsi üçün çəkilmiş xərcə görə 11,5 manat olmaqla, ümumilikdə 322,4 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin yararsız vəziyyətə düşmüş mobil telefona görə 1000 manat, cırılmış “şuba” və ayaqqabıya görə 825 manat, dayə xərclərinə görə 500 manat ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddianı həmin hissədə təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən zədələnmiş üst geyimi olan “şuba” və 1 cüt zədələnmiş ayaqqabı fotoşəkilləri, həmçinin məhkəmə iclasında telefon təqdim edilsə də, həmin əşyaların məhz yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsini müəyyən etmək mümkün olmamışdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddi zərərlə bağlı tələb bilavasitə sübutetmə yükü ilə əlaqədardır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə tərəfindən sübutlar qiymətləndirilərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən maddi ziyanın əvəzi olaraq qalan məbləğin iddiaçıya ödənilməli olması qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. İddiaçının mənəvi ziyana görə 5000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə uyğun olaraq, mənəvi təzminat hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Bundan əlavə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Ali Məhkəmənin Plenumu həmin Qərarın 10-cu bəndində qeyd etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mənəvi ziyanın məbləği ilə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın məbləğinin müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm zərərçəkən şəxsin şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Camesə qarşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2002-ci il 31 may tarixli Qərarı). Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddiaçının yol-nəqliyyat hadisəsi nəticəsində müəyyən mənəvi iztirablar keçirməsi şübhəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stres və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlıdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), cavabdehin hadisə zamanı xüsusilə üz nahiyyəsindən zədə almasını, həmin müddət ərzində işləmək imkanından məhrum olmasını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 800 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Mülki prosessual 14.2, 217.3 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində pul ödəmişdir. İddiaçının tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu həmin nisbətdə tərəflərə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh maddi zərərə görə 322,4 manat, mənəvi zərərə görə 800 manat, cəmi 1122,4 manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 4,40 manatı tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 322,4 manat, mənəvi zərərin əvəzi olaraq 800 manat, cəmi 1122,4 (min yüz iyirmi iki manat, qırx qəpik) manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 4,40 (dörd manat, qırx qəpik) manatı tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar