Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1828/2023 22.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi X2 və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təsviri hissə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən maddi zərərə görə 4000 manat, mənəvi zərərə görə 1000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 manat olmaqla cəmi 5070 manat pulun tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, cavabdehlər qardaş olmaqla qəssablıq işi ilə məşğuldurlar və aldatma yolu ilə onun pulunu ələ keçirmişlər. Belə ki, o, Nərimanov rayonu, Ə.Vahid küçəsində yaşadığı vaxt qonşuluqda qəssab işləyən Cavabdeh2 ilə yaxşı münasibətləri var idi. Cavabdeh2 müştərisi idi. Münasibətləri çox yaxşı olmuşdur. Hətta elə vaxt olub ki, Cavabdeh2 pul lazım olduğu üçün pul verib, o da qaytarıb. Aralarında narazılıq olmayıb. 2020-ci ilin təxminən əvvəllərində Cavabdeh2 ona 4000 manat pul lazım olduğunu və yaxın vaxtlarda qaytaracağını bildirdi. İddiaçı ona qonşu kimi, tanıdığı adam kimi, həm də qəssab işləyərək pul qazanmaq imkanı olduğu üçün istədiyi pulu verdi və o da İddiaçı kömək etdiyi üçün 3-4 kq ət də verdi. Lakin bir müddət sonra İddiaçı pulun taleyi ilə maraqlananda qaytarmağa imkanı olmadığını dedi. İddiaçı bir az da gözlədi, lakin o pulu verə bilmədi. Sonra bildi ki, Cavabdeh2 pulu işlərini görmək üçün qardaşı Cavabdeh1 verib və sonuncu ona pulu onun qaytaracağını deyirdi. Sonra onlar pulu tam qaytara bilmədikləri üçün 2021-ci ilin sentyabr ayından başlayaraq hər ay 300 manat pul verməklə pulu qaytaracaqlarını bildirdilər. Hətta İddiaçı yenə də 3 kq ət verdilər. İddiaçı əlacsız qalıb razılaşdı ki pulun qaytarılması mümkün olsun. Lakin hazırki vaxta kimi İddiaçı 1 qəpik də olsun qaytarmayıblar. Dəfələrlə aralarında telefon söhbəti olub, amma pulu qaytarmayıblar. Hər iki qardaş İddiaçı onlara, xüsusən Cavabdeh2 olan münasibətindən istifadə edərək aldatma yolu ilə 1-2 dəfə 3 kq ət verməklə onu şirnikdirməklə aldadıb 4000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib qaytarmaq işləmədikləri üçün onlardan prokurorluğa müraciət edərək Cavabdeh2 və onun qardaşı Cavabdeh1 barəsində ciddi tədbirlər görərək İddiaçı aldatma yolu ilə aldıqları 4000 manat pulun qaytarılmasına köməklik edilməsi üçün şikayət ərizəsi verdi və şikayətinə aralarında aparılan telefon danışıqlarının audio yazıları da əlavə edildi. Araşdırma zamanı cavabdehlərdən Cavabdeh2 İddiaçı 4000 manat pulun almasını etiraf etsə də, bunun sələm olduğunu və sələmin qarşılığında İddiaçı guya 13080 manat qaytarılmasını, hələ üstəlik də pulun alınması tarixini də daha əvvəllərə, yəni 2015-ci il olmasını göstərib. Halbuki, bunlar hamısı yalandır və cavabdehlərin pulu qaytarmamaq üçün gətirdikləri əsassız bəhanələrdir. Cavabdehdlərin İddiaçı faizə pul almalarını və ona pul qaytarmalarını təsdiq edən heç bir sübutları yoxdur, olsa idi araşdırma zamanı polisə təqdim edərdilər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 və vəkili Vəkil ayrı-ayrılıqda iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda izahat verərək iddiaçıdan pul aldıqlarını bildirmiş, lakin həmin pulun 2020-ci ildə deyil, 2015-ci ildə olduğunu, həmin vaxtdan etibarən borcun artıqlaması ilə, yəni faizi ilə birgə 3000 manatdan çox pul ödədiklərini qeyd etmişlər. İddiaçıya daha ödəniş etməyəcəklərini bildirdikdə İddiaçı onları polis orqanına müraciət edəcəyi ilə hədələmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Məhkəmə iclasına cavabdehlər tərəfindən şahid qismində dəvət olunmuş X5 ifadəsində bildirmişdir ki, Cavabdeh2 İddiaçı çatası pulları ona vermiş, o da hissə-hissə pul məbləğlərini İddiaçı vermiş, bununla bağlı dəftərlərinə də qeydlər etmişdir. Ödənişlər 2016-2017-ci il tarixdə edilmişdir. İddiaçı onun yanında kiməsə sələm pulu verməmiş, ancaq verildiyini eşitmişdir. Məhkəmə iclasına cavabdehlər tərəfindən şahid qismində dəvət olunmuş X6 ifadəsində bildirdi ki, o Cavabdeh2 işçisi olmuşdur. 2016-2018-ci illərdə Cavabdeh2 ona İddiaçı sələm pulu olaraq çatası adı ilə hər ay 150-200 manat pul vermiş, o da həmin pulları X3 çatdırmışdır. İddiaçı onun yanında kiməsə sələm pulu verməmiş, ancaq verildiyini eşitmişdir. Məhkəmə iclasına cavabdehlər tərəfindən şahid qismində dəvət olunmuş X9 ifadəsində bildirdi ki, cavabdehlər onun xalası oğlullarıdır. 2017-ci il tarixdə avtomobil almaq istəyərkən 500 manat pulu çatmadı. O Cavabdeh2 pul istədikdə Firdovsi ona pulunun olmadığını amma sələmə pul verən bir adam tanıdığını dedi. Daha sonra Cavabdeh2 500 manatı həmin adamdan alaraq X7 verdi, X9 isə əvvəl 500 manatı tam olaraq Cavabdeh2 qaytardı, sonra isə 3-4 ay 50 manat da əlavə pul ödədi. Cavabdeh2 həmin 500 manat pulu kimdən aldığını bilmir. Nərimanov RPİ-nin 18-ci PŞ-yə verdiyi izahatında Cavabdeh2 bildirmişdir ki, o uzun ət dükanında işləmişdir. İddiaçı onun daimi müştərisi olmuşdur. İddiaçı 2015-ci il tarixdə ona təklif etdi ki, bir qədər pulu var, istəyən olsa ona xəbər etsin. Həmin zaman Cavabdeh2 pul lazım olmuşdur, 2015-ci ilin iyul ayında o İddiaçı 2000 manat pulu hər ay 8% ödəmək şərti ilə almışdır. 2000 manat pula görə 2022-ci ilin may ayına kimi ortalama hər ay 140,69 manat olmaqla cəmi 9660 manat pul ödəmişdir. 2016-cı ilin iyun ayında isə İddiaçı hər ay 8% ödəmək şərti ilə 1000 manat götürmüşdür.Bu pula görə 12 ay ərzində 960 manat faiz pulu ödəmişdir. Daha sonra isə əsas borc olan 1000 manat ödənilib. 2017-ci ilin sentyabr ayında isə İddiaçı hər ay 25 manat ödəmək şərti ilə 500 manat borc götürmüşlər. Beləliklə 4000 manat pula 13080 manat pul ödənilib. İddiaçı hər dəfə gəlib ondan pulsuz ət alırdı. 2022-ci ilin sentyabr ayında isə İddiaçı son dəfə 50 manat dəyərində ət verdi və artıq pul ödəyə bilməyəcəyini bildirdi. Bundan sonra aralarında mübahisə yaranmış və İddiaçı polis orqanına müraciət etmişdir. Cavabdeh2 İddiaçı sələmə borc pul almış və faizləri ilə birlikdə ödəmişdir. Nərimanov RPİ-nin 18-ci PŞ-yə verdiyi izahatında Cavabdeh1 bildirmişdir ki, o Cavabdeh2 qardaşıdır. Son vaxtlar İddiaçı qardaşını çox narahat etdiyi üçün bir dəfə İddiaçı ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq ondan qardaşını bir daha narahat etməməsini xahiş etmişdir. Nərimanov RPİ-nin 18-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Emin Quliyev tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda qeyd olunur ki, araşdırma materiallarından da göründüyü kimi tərəflər arasında əmələ gəlmiş bu münasibətlər mülki xarakterli olduğundan material üzrə cinayət işinin başlanılması rədd edilməli, İddiaçı tələbi ilə əlaqədar məhkəmə orqanına müraciət etmək hüququnun olması izah olunmalıdır. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Cavabdeh2 İddiaçı 4000 manat borc pul götürmüşdür. Bu faktı Hüseynov X1 RPİ-nin 18-ci PŞ-yə verdiyi izahatında təsdiq etmişdir. Lakin Cavabdeh2 verdiyi izahatda pulun faizlərlə qaytarılması şərti ilə 2015-2017-ci il tarixlərdə hissə-hissə götürdüyünü və faizlərlə birlikdə 13080 manat pul ödədiyini, sonradan ödənişləri dayandırdığını bildirmişdir. İddiaçı nümayəndəsi və vəkili isə sözügedən 4000 manat pulu 2020-ci ildə tam şəkildə Cavabdeh2 verdiyini və faizlər barədə danışıqlar olmadığını bildirir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən tərəflərin hansı müqavilə münasibətlərinin qurulması üçün iradələrini ifadə etdikləri müəyyən olunmalı, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir Məhkəmə qeyd edir ki, tərəflər arasında şifahi borc müqaviləsindən irəli gələn mülki hüquq münasibətləri mövcud olmuşdur. Bu münasibətlərin məzmunu Cavabdeh2 İddiaçı aldığı borcu qaytarmasında ifadə olunan vəzifəsindən və İddiaçı bu borcun ödənilməsini tələb etmək hüququndan ibarət olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir. Yuxarıda qeyd olunan normaya əsaslanaraq məhkəmə qeyd edir ki, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikaya əsasən, həmçinin hər iki tərəfin izahatlarından və şahid ifadələrindən aydın olur ki, Cavabdeh2 İddiaçı bir neçə dəfə borc pul götürmüşdür və bu borcun alınmasını və ya qaytarılması barədə hər hansı təsdiqedici sənəd (qəbz, iltizam və s.) verilməmişdir. Yəni tərəflər arasındakı praktikaya əsasən borcun alınması və qaytarılması yazılı sənədlərlə rəsmiləşdirilməmişdir. İddiaçı borcun faizlərlə verilmiş olması barədə cavabdehin izahatına və şahid ifadələrinə etiraz etsə də, borc olaraq cavabdehə bir neçə dəfə pulun verilməsini və cavabdehin bu borcu qaytarmasını təsdiq etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı sonuncu dəfə cavabdehə 4000 manat pulu tam olaraq 2020-ci ilin əvvəllərin verdiyini və cavabdehin bu pulu aldığını etiraf etdiyini qeyd etsə də, Cavabdeh2 Nərimanov RPİ-nin 18-ci PŞ-yə verdiyi izahatında bildirdikləri iddia tələblərinin birmənalı olaraq etirafı kimi qəbul edilə bilməz. Belə ki 1) iddiaçı bu borcu 2020-ci ildə verdiyini heç bir sübutla təsdiq edə bilmir; 2) cavabdeh pulu 2020-ci il tarixdə deyil, 2015-2017-ci il tarixlərdə hissə-hissə aldığını və qaytardığını bildirir; 3) iddiaçı özü də cavabdehin ondan bir neçə dəfə borc pul aldığını və qaytardığını bildirir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə uyğun olaraq, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Halbuki, Cavabdeh2 qeyd edilən izahatı hazırki iddia tələblərinin etirafı kimi qəbul edilə bilməz. Məhkəmə onu da qeyd edir ki, iddiaçı borcun verildiyi tarixi 2020-ci ilin əvvəlləri kimi qeyd etsə də, verilmə tarixini təsdiq edəcək sübut təqdim edə bilmədiyindən, borcun hansı tarixdə və hansı məbləğdə verilməsi məhkəmədə sübuta yetirilmir. Məhkəməyə cavabdehlər tərəfindən təqdim olunmuş ödəniş dəftərlərindən edilmiş çıxarışlarda 2018-ci il tarixdən etibarən “Səkinə Yeraz” adlı şəxsə müxtəlif məbləğlərdə və müxtəlif tarixlərdə cəmi 8616 manat “Səkinə sələm” adı altında ödənişlər edildiyi qeyd olunur. Bu yazılarda iddiaçının xətti və imzaları olmadığından birmənalı sübut kimi qeyd edilməsə də tərəflərin izahatları və şahid ifadələri ilə təsdiq edilən, Cavabdeh2 İddiaçı borc pul məbləğləri alması və qaytarması faktını möhkəmləndirir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh2 verdiyini iddia etdiyi 4000 manat pulun qaytarılmasından ibarət tələbini əsaslandıran, pulun və vaxt, hansı məbləğdə veriləsi, verilməsi faktının özünü təsdiq edən, ümumiyyətlə izahatında bildirdiklərinə dair heç bir sübut təqdim edə bilməmişdir. İddiaçının istinad etdiyi yeganə hal olan və iddianın etirafı kimi qəbul olunmasını tələb etdiyi Cavabdeh2 polis şöbəsində verdiyi izahatıdır. Bu izahat isə iddianın etirafı deyil, tərəflər arasında borc pul məbləğlərinin alınması və qaytarılması ilə bağlı münasibətlərin mövcudluğunun təsdiq edilməsidir. Mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyi obyektiv həqiqət prinsipini deyil, formal həqiqət prinsipini əsas götürməkdədir; bu prinsipə əsasən, bir tərəfdən hakim yalnız tərəflərin məhkəməyə bildirdiyi və təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır; başqa yandan isə hakim faktlarla və hallarla bağlı tərəflərin dəlillərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirməsin. Formal həqiqət prinsipi belə əsaslandırılır ki, kökündə mülki (özəl) hüquqi münasibətlər duran faktların (halların) xidməti vəzifəyə əsasən (qulluq mövqeyinə görə) müəyyənləşdirilməsində hər hansı bir ictimai (publik) maraq yoxdur. Beləliklə də bu, iradə azadlığının prosessual təcəssümüdür və nəticə etibarilə, məhkəmə və tərəflər arasında iş bölgüsünə təsir edir: yalnız tərəflər faktları (halları) təqdim edir, məhkəmə isə bunların əsasında müəyyən nəticəyə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş materiallarında olan və məhkəmə tərəfindən araşdırılmış sübutlar tərəflər arasında borc pul məbləğlərinin alınması və qaytarılmasına dair mülki münasibətlərin olduğunu sübut edir, lakin iddiaçının iddia etdiyi kimi sonuncu dəfə 2020ci ildə 4000 manat borc verilməsi və cavabdeh tərəfindən qaytarılmaması sübut olunmur. Cavabdehin iddia tələbi ilə bağlı verdiyi izahatlar daha əvvəlki tarixdə borcun alınıb qaytarılması ilə əlaqədar olmaqla iddiaçının hazırki tələbinin etirafı deyil. Mülki qanunvericiliyə əsasən sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən iddiaçı isə məhkəməyə heç bir sübut təqdim edə bilmədiyindən hazırki iddia tələblərinin təmin edilməsi qanuni və ədalətli deyil. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı öz tələblərini əsaslanıran hər hansı sübut təqdim edə bilmədiyindən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “mənəvi ziyan” hissəsinə münasibətdə qeyd edir ki, maddi ziyan tələbi rədd olunduğundan və mənəvi zərər tələbi ondan törəmə tələb olduğundan həmin hissədə də iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən məhkəmə mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-1828/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1828/2023
22.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver