Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1848/2021 05.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş cinayət hadisəsi nəticəsində ona vurulmuş maddi ziyanın əvəzi olaraq 5300 (beş min üç yüz) manat və mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat, cəmi 7300 (yeddi min üç yüz) manat məbləğində pul vəsaitinin; ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X5 iddia ərizəsini belə əsaslandırmışdır ki, X10 onun qızıdır. O, 2016-cı ildə tibb kollecini bitirmişdir. AR Müdafiə Nazirliyinin hərbi hospitalına tibb bacısı kimi işə düzəlmək üçün 2017-ci il noyabr ayının əvvələrində o və qızı Leyla Müdafiə Nazirliyinin hərbi hospitalına getmişdilər. Onlar Hospitalın qarşısında duran Cavabdeh yaxınlaşıb işə qəbul olma barədə maraqlandıqda o, özünü "Həmidov Fuad" kimi təqdim etmiş və bildirmişdir ki, Müdafiə Nazirliyinin Hərbi Hospitalının kadrlar idarəsinin əməkdaşıdır. Həmçinin bildirmişdir ki, qızı Leylanı Müdafiə Nazirliyinin hərbi hospitalına işə düzəlməsinə kömək edə bilər. O, onlara lazım olan sənədləri toplamağı tapşırmışdı. Bir ay ərzində lazım olan sənədləri toplayıb, X7 təqdim etmişlər. Bundan sonra o, Leylanı hərbi həkim komissiyasından da keçirdiyini bildirmişdi. 2018-ci ilin yanvar ayında Cavabdeh yaşadığı evə gələrək işə düzəlmək üçün əmr verilməli olduğunu və buna görə 5000 manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxt pulları olmadığına görə Cavabdeh 2-3 gün gözləməsini xahiş etmişdir. 23 yanvar 2018-ci il tarixdə Cavabdeh yaşadığı evə gələrək ondan 5000 manat pul almış və söz vermişdir ki, 2018-ci ilin fevral ayında Leylanı Müdafiə Nazirliyinin Hərbi Hospitalına işə düzəlməsi barədə əmr veriləcək. 2018-ci ilin aprel ayına qədər Cavabdeh onu və qızı Leylanı aldadaraq müxtəlif bəhanələr gətirirdi. 6 aprel 2018-ci il tarixdə cavabdeh onu və qızı Leylanı Nəsimi rayon ərazisində yerləşən Müdafiə Nazirliyinin Hərbi Hospitalının yanına dəvət edib, Leylanın Müdafiə Nazirliyinin hərbi hospitalının terapiya şöbəsinə, tibb bacısı vəzifəsinə təyin edilməsi barədə əmrdən çıxarışları vermiş və bunun üçün kadrlar şöbəsində işləyən xanıma təcili olaraq 300 manat pul ödəməli olduğunuzu demişdi. İddiaçı da ona bildirmişdi ki, üzərində pul yoxdur. Gəlib yaşadığı evdən pulu götürsün. Cavabdeh də təxminən 16:00 radələrində yaşadığı evə gələrək ondan 300 manat pul almış və bildirmişdi ki, 15 gün ərzində Leylaya zəng olunacaq və Hərbi Hospitala işə çağırılacaq. Lakin, sonradan Leylaya heç bir zəng olunmamışdı. Bundan sonra Cavabdeh müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa davam etmişdir. Belə olan halda o və qızı Leyla Cavabdeh hərəkətlərindən şübhələndikləri üçün Müdafiə Nazirliyinin Hərbi hospitalına getmişlər. Orada bildirmişlər ki, qızı Leyla hospitalın işçisi deyil və ümumiyyətlə onun işə düzəlməsi barədə hospitala müraciət olunmayıb. Bunan sonra araşdırıb müəyyən etmişlər ki, Cavabdeh Müdafiə Nazirliyinin Hərbi hospitalının işçisi deyil. Onda bilmişlər ki, cavabdeh oları aldadıb və 5300 manatı ələ keçirib. Dəfələrlə Cavabdeh və atası Xilafət ilə əlaqə saxlayıb pulunun qaytarmağı tələb etsə də amma heç bir nəticə əldə edə bilməmiş və bu günə kimi pulu qaytarılmayıb.Cavabdeh bu və digər əməllərinə görə cinəyət məsuliyyətinə cəlb edilərək, Sabunçu Rayon Məhkəməsinin 1(008)-253/2019 saylı, 08 oktyabr 2019-cu il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və hal-hazırda cəzasını çəkməkdədir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehin təqsiri ucbatından ona dəyən maddi ziyanın əvəzi olaraq 5300 manat məbləğində pul vasəiti Cavabdeh tutularaq ona ödənilməlidir. Bundan əlavə Cavabdeh təqsiri ucbatından aylarla gət-gələ salınaraq aldadıldığıma görə mənəvi sarsıntı və iztirab da yaşamışdır. Keçirdiyi stres və həyəcan, eləcə də aldığı mənəvi xəsarət nəticəsində yaşadıqları ona və ailə üzvlərinə çox pis təsir edib. Olanları indiyə kimi unuda bilmir. Hesab edir ki, maddi ziyanla yanaşı mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pul vəsaiti də Cavabdeh tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iddiaçı X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 9 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh məhkəməyə iddiaya yazılı etiraz göndərərək iddianı qəbul etməməsi, rədd olunmasını və mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli 1(008)-253/2019 nömrəli hökmünün surətindən və məzmunundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 maddəsi ilə 03 il, CM-nin 320.1 maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ləyin olunmuş cəzalan qismən toplamaq yolu ilə Cavabdeh üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı Hərbi Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək, cəzaçəkmə müddətinin əvvəli 22 noyabr 2018-ci il tarixdən hesablanmaqla CM-nin 66.5-ci maddəsinə əsasən qəti olaraq təyin olunmuş 05 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya qismən toplamaqla Cavabdeh üzərində qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Qeyd olunan hökmdən görünür ki, Cavabdeh zərərçəkmiş şəxs X2 5.300 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla qəsdən dələduzluq etmişdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13 fevral 2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Avropa Məhkəməsinin “Brumareski Rumıniyaya qarşı” 28 oktyabr 1999-cu il tarixli qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. İddia olunan vəsaitinin məbləgi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi olan 5.300 (beş min üç yüz) manat məbləğində maddi zərər qanuni qüvvəyə minmiş məhkəmə hökmü sübut olunur və həmin məbləğ qeyd edilən məhkəmə hökmündə də öz əksini tapmışdır. Buna görə də məhkəmə araşdırması zamanı və hökmlə müəyyən olunmuş 5.300 (beş min üç yüz) manat manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçı X4ən xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərlə bağlı hissəsinə dair aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdeh X6 qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, mənəvi zərərlə bağlı iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından iddia tələbinin 2.000 (iki min) manat məbləğində mənəvi zərərin əvəzinin Cavabdeh iddiaçı şəxsin xeyrinə tutulması üzrə hissəsi təmin edilməməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavavdeh Cavabdeh aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyan 5.300 (beş min üç yüz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı X2 ödənilsin. Qalan hissədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-1848/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1848/2021
05.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver