Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1849/2021 19.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Balahüseyin oğlunun, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Balahüseyin oğlunun Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətinə) “çıxarışın ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Balahüseyin oğlunun Cavabdeh qarşı qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətinə) “çıxarışların ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1991-1994-cü illər ərzində Əzizbəyov RİH başçısı işlədiyi dövürdə 1992-93-94-cü illər ərzində özü üçün Buzovna Mərdəkan yolunda “Metalokultbit” zavodunun cənubunda Ç.Mustafayev küçəsi döngə 3-1 saylı ərazidə ticarət mərkəzinin tikilməsi üçün 160X29,60 metr ölçüdə Rayon icra başçısının 17.09.1992-ci il tarixli 1819№-li məktubuna əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının, 11.03.1993-cü il tarixli 32 saylı sərəncamına əsasən iddiaçıya yuxarıda göstərilən ünvanda ticarət obyektinin tikilməsi üçün torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri arxitektura və Şəhərsalma baş idarəsinin 09.05.1994-cü il tarixli 9346 saylı inşaaat pasportu təqdim olunmuşdur. Layihələrin işlənməsi və torpaq sahəsinin ayrılması üçün Sənaye İnvestisya bankı vasitəsi ilə Milli Bankın hesab nömrəsi 142201 mfo-401004 hesaba 88525 rubl pul ödəmişdir. Üzürlü səbəbə görə 6 il xəstəliyi ilə əlaqədar Azərbaycanda olmadığından istifadə edən torpaq alverçiliri həmin ərazini Cavabdeh satmışdır. Baxmayaraq ki, iddiaçı həmin ərazini 7 daş hündürlüyündə hasara almışdır. 2000-ci il tarixdə Xəzər rayon icra başçısından B-2000/205 saylı sahə 012,0 h, B- 2000/210 A saylı sahə 0,12 h, B-2000/73 S saylı sahə 0,12 h, B-2000/203 A saylı sahə 0,10 h sərəncamlar Buzovna qəsəbəsi göstərilməklə Əmlak Komitəsindən seriya RX№0641609; seriya RX №0794155; RX№0642296 və seriya RX №0794075 çıxarışlar almışdır və aldığı çıxarışları iddiaçıya məxsus ticarət obyektinin ərazisinə sürüşdürərərk məniməsmişdir. Həmin ərazi 06 may 1993-cü il tarixli 110 saylı Bakı şəhəri Əzizbəyov rayon icra başçısının sərəncamı əsasında yaratdığı “Vəhdət” kiçik müəssəsinin fəaliyyəti üçün ayrılmışdır və müəssisənin nizamnaməsi həmin tarixdən qeydiyyatdadır. “Vəhdət” kiçik müəssəsi Nazirlər Kabinetinin 19.11.90-cı il tarixli 528 №-li qərarına əsasən Əzizbəyov rayon Sənaye İnvestisya bankındakı 747301 №-li hesaba 1000 (min) rubl məbləğində pul ödəməklə qeydə alınıb. Qanunsuz olaraq ələ keçirilən Cavabdeh əldə etdiyi 4 (dörd) ədəd çıxarışları ləğv etmək barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı Balahüseyin oğlu 05.04.2021-ci il taridə məhkəməyə vəsatət təqdim edərək X6, Bakı şəhəri, M.Ağayev küçəsi, ev 30, mənzil 3A, X9 Bakı şəhəri, Qara- Çuxur qəsəbəsi, V.Eyvazov küçəsi ev 2, mənzil 44, X7, Bakı şəhəri, Nizami rayonu, 1-ci köndələn küçəsi, ev 23, mənzil 29, X4 Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi, ev 33, mənzil 6 da yaşayan şəxslərin məhkəmə prosesində iştirak etmələrini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh 19.04.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsinə etiraz təqdim edib etiraza uyğun izahat verərərək bildirmişdir ki, İddiaçı Balahüiseyn oğlunun iddiaçıya qarşı verdiyi “çıxarışların ləğvi tələbinə dair" iddiası üzrə mülki iş məhkəmənin icraatındadır. Cavabdeh hesab edir ki, iddia tələbi əsaslı deyildir və təmin olunmamalıdır. Belə ki, cavabdeh torpaq sahəsini ona satmış şəxsləri daha əvvəllər tanımamış, hər hansı bir ünsiyyəti olmamışdır. Cavabdeh torpaq sahəsi almaq barədə niyyətini bir-neçə yaxın şəxsə bildirmiş, bu barədə maraqlanmışdır. Bir makler torpaq sahələrinin satıldığını cavabdehə bildirmişdir. Cavabdeh torpaq sahəsinə baxış keçirmiş və notariat kontorunda mülkiyyətçilərlə alqı-satqı müqaviləsi bağlamışdır. Torpağın çıxarışını isə əlavə ödəniş olmasın deyə tezləşdirmə olmadan 21 gün ərzində reyestr xidmətindən almışdır. Torpaq sahəsini alarkən və aldıqdan sonra heç bir mübahisə və məhdudiyyət olmamış, satıcı tərəfindən bu barədə cavabdehə heç bir məlumat verilməmişdir. Cavabdeh son vaxtlar, məhkəmə prosesinə cəlb edildikdən sonra bütün bu baş verənlərdən xəbərdar olmuş və agah olmuşdur ki, torpağa başqa bir şəxsin iddiası var. Satıcı bu barədə cavabdehə bir kəlimə də olsun söz deməmiş, sözsüz ki, bu barədə məlumatlı olsaydı həmin torpağı almış olmazdı. Cavabdeh torpağı heç bir mübahisə və çəkişmədən xəbəri olmadan almış və mülkiyyətinə keçirmişdir. İndiki halda isə iddiaçı mülkiyyət hüququna qanunsuz müdaxilə edərək bu hüquqdan cavabdehi məhrum etmək istəyir. İddiaçı onu anlamır ki, cavabdeh vicdanlı alıcı olaraq torpaq sahəsini əldə etdiyindən iddia tələbi təmin edilə bilməz və o əmlakın dəyərini torpağı cavabdehə satan şəxslərlə mübahisələndirməlidir. İddiaçı onu anlamalıdır ki, mülki qanunvercilikdə vicdanlı alıcı instutu vardır və bu səpkidə Azərbaycan məhkəmələrinin vicdanlı alıcı hüquqlarının qorunmasına təminat verən yüzlərlə məhkəmə qərarları qəbul edilmişdir. Əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Hazırki halda isə yuxarıda qeyd olunduğu kimi cavabdehin bağladığı əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə cavabdehdə hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək mənzil əldə etmiş və həmin mənzilə dair hüquqularını qeydə aldırmışdır. Bununla da vicdanlı əldə edən kimi cavabdeh iddiaçıya nisbətdə daha üstün hüquqi mövqeyə çıxmışdır. Digər tərəfdən müəyyən olunur ki, iddiaçının sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi və ona dair sübyektiv hüququ yoxdur. Həmçinin, iddiaçı müqavilələrin etibarsızlığı və ya ləğv edilməsi barədə də tələb irəli sürməmişdir. Eyni zamanda Cavabdeh 19.04.2021-ci il tarixdə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilən ərizəyə uyöun izahat verərərək bildirmişdir ki, iddiaçı ona məxsus torpaq sahələrinin başqları tərəfindən satılmasından hələ 2005-ci ildən məlumatlıdır. Şəxsin hüququ pozulduqda onun müdafisə üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanuni iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Məhkəmə iclasında iştirak etmiş İddiaçı Balahüseyin oğlu iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, işdə iştirak edən tərəflərin izahatlarını və çıxışlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan; 19.02.2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının torpaq sahəsinin ayrılması haqqında 11.03.1993-cü il tarixli sərəncamının 1-ci bəndindən görünür ki, Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının 17.09.92-ci il tarixli, 1819 nömrəli məktubu nəzərə alınaraq, Əzizbəyov rayonu “Metalmədənməişət” zavodunun cənub hissəsində Mərəkan-Buzovna yolunda ticarət mərkəzinin lahiyələşdirilməsi və tikilməsi üçün torpaq sahəsi ayrılmışdır. 09.05.1994-cü il tarixli №9346 nömrəli tikinti pasportunun surətindən görünür ki, qeyd edilən torpaq sahələri üçün sxem tərtib edilmişdir. Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 06.05.1993-cü il tarixli 110 nömrəli sərəncamının 1-ci bəndinə əsasən “Vəhdət” kiçik müəssəsi aşağıdakı ünvanda hüquqi şəxs kimi qeydiyyata alınaraq Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, M.Əliyev küçəsi 31 müəyyən edilmişdir. “Vəhdət” kiçik müəssəsinin 06.05.1993-cü il tarixli nizamnaməsinin 1.1-ci bəndinə əsasən “Vəhdət” kiçik müəssəsi (bundan sonra-müəssisə) bu nizamnamə, Azərbaycan Respublikası icarə qanunvercilyinin əsasları və “müəssisələr haqqında” qanuna əsasən fəaliyyət göstərir. Azərbayan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən №0642296, 0794155, 0641609, ******* nömrəli çıxarışlar üzrə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, B-2000/203 saylı sahə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 210A saylı sahə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, B-2000/205 saylı sahə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 73C saylı, sahə üzrə daşınmaz əmlakların mülkiyyətçisi Cavabdehdur. 10.12.2015-ci il tarixli № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 4cü bəndinə əsasən satıcılar daşınmaz əmlakı 20.000 manat 00 qəpik iyirmi min manat sıfır qəpik) qiymətinə satdı(lar), alıcı(lar) isə həmin qiymətə aldı(lar) və alıcı Cavabdeh satıcı X2 tam hissəni (0.12 ha) ondan 20.000 manat 00 qəpik (iyirmi min manat sıfır qəpik) qiymətinə aldığı qeyd edilmişdir . 20.02.2015-ci il tarixli AN-İ №0486801 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 4-cü bəndinə əsasən satıcı (lar) daşınmaz əmlakı 20.000 manat 00 qəpik (iyirmi min manat sıfır qəpik) qiymətinə satdı(lar), alıcı(lar) isə həmin qiymətə aldı (lar). Alıcı Cavabdeh satıcı X1 tam hissəni (0.12 ha) ondan 20.000 manat 00 qəpik (iyirmi min manat sıfır qəpik) qiymətinə aldı. 025158 nömrəli 24.11.1972-ci il tarixli orderin surətindən görünür ki, Bakı şəhəri, Spandaryan küçəsi ev 7 mənzil 5-in sahəsi 58,5 kvadrat metr olmaq 3 otaqdan ibarət olduğu qeyd edilmişdir. Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 02.12.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsini və İddiaçı Balahüseyin oğluna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”indən RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli çıxarışların və onun nəticələrinin etibarsız hesab edilməsi üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Bakı Şəhəri, Xəzər Rayon Məhkəməsinin 08.10.2020-ci il tarixli 2(003)-646/2020 nömrəli qətnaməsi ilə İddiaçı Balahüseyin oğlunun cavabdehlər X5 və X12 qarşı çıxarışın ləğvinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 05.04.2021-ci il tarixli **********27 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, B-2000/203 saylı sahənin, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 210A saylı sahənin, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, B- 2000/205 saylı sahənin və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 73C saylı torpaq sahəsinin üzərinə qadağa qoyulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Balahüseyin oğlu ilə Cavabdeh adına qeydiyyata alınmış çıxarışların ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı mübahisələndirilən çıxarışın verildiyi əmlaklar barədə №0642296, 0794155, 0641609, ******* nömrəli çıxarışlar üzrə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, B-2000/203 saylı sahə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 210A saylı sahə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, B-2000/205 saylı sahə, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 73C saylı, sahə üzrə daşınmaz əmlakların ona məxsus olması barədə hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Əzizbəyov rayon icra hakimiyyətinin 06.05.1993-cü il tarixli 110 nömrəli sərəncamı ilə mübahisəli torpaq sahəsinin “Vəhdət” kiçik müəssəsinin fəaliyyəti üçün ayrıldığı müəyyən edilmişdir. Cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. İlk növbədə məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə ilə bağlı iddiaya hüquqi qiymət verilməsini məqbul hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin hallarından göründüyü kimi Əzizbəyov rayon icra hakimiyyətinin 06.05.1993-cü il tarixli 110 nömrəli sərəncamı ilə mübahisəli torpaq sahəsinin “Vəhdət” kiçik müəssəsinin fəaliyyəti üçün ayrıldığı müəyyən edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının torpaq sahəsinin ayrılması haqqında 11.03.1993-cü il tarixli sərəncamının 1-ci bəndindən o da görünür ki, Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının 17.09.92-ci il tarixli, 1819 nömrəli məktubu nəzərə alınaraq, Əzizbəyov rayonu “Metalmədənməişət” zavodunun cənub hissəsində Mərəkan-Buzovna yolunda ticarət mərkəzinin lahiyələşdirilməsi və tikilməsi üçün torpaq sahəsi ayrılmışdır. Bununla belə iddiaçı həmin torpaq sahəsinə faktiki sahibliklə bağlı hər hansı hərəkətləri etməmişdir. Beləliklə, məhkəmə hazırki mübahisə ilə bağlı iddiaçının eyni zamanda ümumi müddətinin də ötürüldüyünü nəzərə alıb belə qənaətə gəlir ki, iddia müddətinin axımı başladığı 1993-cü il tarixdən iddiaçı tərəfindən iddia müddətinin tətbiqi barədə ərizəsi əsaslı hesab edilməli və cavabdeh tərəfin ərizəsi əsasında iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Bundan başqa o da qeyd edilməlidir ki, iddiaçının mübahisəli torpaq sahəsinə subyektiv hüququnun olduğuna dair məhkəməyə sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarına əsasən, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (M.Bağırovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarı) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəni nəzərə alır. Həmin məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşıqlıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlkaın dövlət reyestrində qeydiyyat anından keçir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Balahüseyin oğlunun Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhər Xəzər rayon İcra Hakimiyyəti cəlb edlməklə) “çıxarışların ləğv edilməsi tələbinə” dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1849/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1849/2021
19.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver