Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1868/2024 01.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) qarşı (açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhmədbəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1-ın nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına X6 “AZS 059- 2001” (A-92) və "xxxx" (D-001) standartları altında hal-hazırda istehsal etdiyi benzin və dizel yanacaqlarının “AVRO” neçə standartlarına uyğun olması barədə ona məlumat vermədiyinə görə, istehlakçı hüquqlarının pozulması nəticəsində ona dəymiş maddi ziyana görə 5000 (beş min) manat, mənəvi ziyana görə isə 7000 (yeddi min) manatın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehin 6000 (altı min) manat cərimə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1-ın prezidentinə xx.xx.2023-cü il tarixində ərizə ilə müraciət edərək, istehlakçı hüquqlarının pozulması nəticəsində dəymiş maddi ziyana görə 5000 (beş min) manat, mənəvi ziyana görə isə 7000 (yeddi min) manatın ödənilməsini təmin etmələrini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli ərizəsinə Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixində rəsmi cavab verilmişdir. Cavab məktubunda ərizədə qeyd etdiyi problemlər öz əksini tapmamışdır. “X1” haqqında Azərbaycan Respublikasının Qanunun 7.5-ci maddəsinin tələbinə görə Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Cavab məktubundan da göründüyü kimi ərizəsinə mahiyyəti üzrə cavab verilmədiyinə görə, müraciət baxılmamış hesab edilməlidir. Bu Qanunun 16-cı maddəsinin tələbinə görə, bu qanunun tələblərinin pozan şəxslər AR Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə, istehlakçının istehlak etdiyi mal haqqında məlumat almaq hüququ var. Bu qanunun tələbini rəhbər tutaraq, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində Cavabdeh1 şirkətinə ərizə ilə müraciət edərək Heydər Əliyev adına X4 “AZS 059-2001” (A-92) və "xxxx" (D-001) standartları altında hal-hazırda istehsal etdiyi benzin və dizel yanacaqlarının “AVRO” neçə standartlarına uyğun olması barədə ona rəsmi məlumat verilməsini xahiş etmişdir. Çox təəssüf hissi ilə qeyd edir ki, bu müddət (14 ay) ərzində ərizələrində qeyd etdiyi suala cavab ala bilməmişdir. Cavabdeh1 xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizələrinə şablon cavab verməklə kifayətlənmişdir. xx.xx.2023-cü il tarixli ərizəsinə isə Cavabdeh1 tərəfindən cavab verilməmişdir. Demokratik və hüquqi dövlətdə yaşayır, vətəndaşlara bürokratik əngəl yaratmaq qanunla qadağandır. İstehlakçıya, istehsalçı tərəfindən Heydər Əliyev adına X4 “AZS 059-2001” (A-92) və "xxxx" (D-001) standartları altında hal-hazırda istehsal etdiyi benzin və dizel yanacaqlarının “AVRO” neçə standartlarına uyğun olması barədə məlumatın verilməməsi, istehlak etdikləri (D-001) dizel və (A-92) benzin yanacağının aşağı keyfiyyətdə olduğunu sübut edir. Hər bir istehsalçı istehsal etdiyi məhsulun keyfiyyətinə görə məsuliyyət daşıyır. Əgər nəqliyyat vasitələrinin istifadə etdiyi yanacaq növlərinin keyfiyyəti aşağıdırsa, bu zaman nəqliyyat vasitəsinin yüksək standartlara cavab verib-verməməsindən asılı olmayaraq, aşağı keyfiyyətli yanacaq növləri nəqliyyat vasitəsinin mühərrik və katalizator hissəsini tez bir zamanda sıradan çıxarmış olacaqdır. Hesab edir ki, istehlak etdikləri keyfiyyətsiz yanacaq növləri nəqliyyat vasitələrinin sahiblərinə maddi ziyan vurmaqla yanaşı, həmçinin sağlamlığa və ekologiyaya da ciddi ziyan vurur. Buna görə də hesab edir ki, Cavabdeh1 fəaliyyətini Qanunvericiliyin və günün tələblərinə uyğun qurmadığına görə, şirkət bu illər ərzində ona maddi və mənəvi ziyan vurmuşdur. Cavabdehin keyfiyyətsiz yanacaq istehsal etməsi nəticəsində şəxsi istifadə etdiyi nəqliyyat vasitəsinin katalizatoru, mühərrik və mühərrik klapanlarının kipkəcləri sıradan çıxmışdır. Həmçinin cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçı kimi mənəvi zərər çəkmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, onun təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, İddiaçı Heydər Əliyev adına X5 istehsal edilən neft məhsulları haqqında məlumatın əldə edilməsi ilə bağlı SOCAR-a birbaşa ünvanlanmış xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2024-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü il tarixli müraciətləri, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetindən daxil olmuş xx.xx.2024-cü il tarixli və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatından daxil olmuş xx.xx.2024-cü il tarixli müraciətləri “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müvafiq qaydada cavablandırılmışdır. Həmin cavab məktublarında da qeyd edildiyi kimi hazırda NEZ-də avtomobil benzini “AZS 059-2001”, dizel yanacağı isə "xxxx" texniki şərtlərinin və AZS 934:2023 standartının tələblərinə uyğun olaraq istehsal edilir. NEZ-də həyata keçirilən “Yenidənqurma və Modernizasiya Layihəsi” çərçivəsində işlər mərhələli şəkildə yekunlaşdıqca AZS 936:2023 standartına uyğun avtomobil benzini istehsal olunacaqdır. Bununla yanaşı, AVRO-5 standartlarına uyğun olan yanacaq ölkə daxilində tələb olunan miqdarlarda idxal yolu ilə təmin edilir. İddiaçı SOCAR-a ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətinə cavab olaraq göndərilmiş cavab məktubunun qoşmasında yuxarıda qeyd edilən texniki göstəricilər (pasport) təqdim olunmuşdur. İddiaçı isə qeyd edilən NEZ-də istehsal edilən neft məhsulları haqında məlumatın əldə edilməsi ilə bağlı müraciətlərinə cavab ala bilmədiyini qeyd edir. Lakin yuxarıda da qeyd edildiyi kimi iddiaçının bütün müraciətlərinə cavab verilmiş, əlavə olaraq da avtomobil benzininin və dizel yanacağının texniki göstəriciləri (pasport) təqdim olunmuşdur. III. İşin faktiki halları: İş materiallarında olan: - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xx.xx.01741.24 №-li rəydən görünür ki, avtonəqliyyat vasitəsi : Kateqoriya M1-8703, Hibrid-benzin mühərrikli, 2487 sm3, zavod buraxılış tarixi 08.2023 olan VİN:JTEAAAAH5PJ147619, Toyota Venza AZS 636:2023 ekoloji sinif 6, (İnvoys № 1 ədəd) normativ sənədlərin tələblərinə uyğundur. - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının 04 iyun 2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı şikayətinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul edilməsindən imtina edilmiş, qərardadın surəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) göndərilməsi qərara alınmışdır. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, hazırki iddia tələbindən görünür ki, İddiaçı, cavabdehin hal-hazırda istehsal etdiyi benzin və dizel yanacaqlarının “AVRO” neçə standartlarına uyğun olması barədə ona məlumat vermədiyinə görə, istehlakçı hüquqlarının pozulması nəticəsində ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini və cavabdehin cərimə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı cavabdeh tərəfindən məlumat verilmədiyini bildirərək, ona zərər vurulduğunu iddia edir və cavabdehdən pul tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. - 1128.1-ci maddəsinə əsasən, malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq, ödəməlidirlər. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqlarının istehsalçı (icraçı, satıcı) tərəfindən pozulduğu halda istehlakçıya dəyən mənəvi ziyanın günahkar tərəfindən ödənilməsini nəzərdə tutur. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qərarda qeyd olunur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Hazırki iş üzrə İddiaçı, cavabdeh tərəfindən ərizələrində qeyd etdiyi suala cavab ala bilmədiyindən, bunun cavabdehin istehlak etdiyi benzin yanacağının aşağı keyfiyyətdə olduğunu sübut etdiyini bildirir. Məhkəmə qeyd edir ki, tərəflər göstərdikləri və ya iddia etdikləri hallara dair müvafiq sübutları təqdim etməlidir. Lakin iddiaçının qeyd etdiyi hallar iş materialları ilə sübut olunmur. Belə ki, “Vətəndaşların müraciətləri” haqqında Azərbaycan Respublikası Qanununun: -7.1-ci maddəsinə əsasən, müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. -8.1.4-cü maddəsinə əsasən, vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda müraciət baxılmamış saxlanılır. -10.1-ci maddəsinə əsasən, bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. İddiaçı istehsal edilən neft məhsulları haqında məlumatın əldə edilməsi ilə bağlı müraciətlərinə cavab ala bilmədiyini qeyd edir. Lakin bu hal iş materialları ilə təkzib olunur. Hazırki iş materialları ilə müəyyən olunur ki, İddiaçı tərəfindən cavabdehə çoxsaylı müraciətlər olunmuş və müraciətlər cavabdeh tərəfindən qanunamüvafiq qaydada cavablandırılmışdır. Belə ki; iddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, istehlakçıların istehsal etdikləri dizel və benzin yanacaq növlərinin Avro neçə standartlarına uyğun gəlməsi və həmin yanacaqların texniki xarakteristikası barədə məlumat verilməsi xahiş edilmişdir. - Cavabdeh1 tərəfindən iddiaçıya ünvanlanmış 09 fevral 2023-cü il tarixli məktubdan görünür ki, müraciətə cavab olaraq bildirilmişdir ki, hal-hazırda müəssisədə istehsal edilən avtomobil benzini AZS 059-2001", dizel yanacağı isə “TŞ AZ 35 36601.243-2015" texniki şərtlərinin tələblərinə uyğun olaraq istehsal edilir. Müəssisədə heyata keçirilən Yenidənqurma və Modernizasiya Layihəsi çərçivəsində işlər mərhələli şəkildə yekunlaşdıqca “Avro-5" standartına uyğun dizel yanacağının və avtomobil benzinlərinin istehsalı təşkil ediləcəkdir. - İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, hal-hazırda istehlakçıların nəqliyyat vasitələri üşün istehlak etdikləri dizel və benzin yanacaq növlərinin Avro neçə standartlarına uyğun gəlməsi və həmin yanacaq növlərinin texniki xarakteristikası, markası barədə ətraflı və müfəssəl cavab verilməsi xahiş edilmişdir. - Cavabdeh1 tərəfindən iddiaçıya ünvanlanmış 11 aprel 2023-cü il tarixli məktubdan görünür ki, müraciətə cavab olaraq bildirilmişdir ki, hal-hazırda NEZ-də A-92 növ avtomobil benzini "AZS 059- 200T, D-001 növ dizel yanacağı isə "xxxx" texniki şərtlərinin tələblərinə uyğun olaraq İstehsal edilir. Həmin məhsulların texniki göstərıcılən bu məktuba əlavə olunur. Heydər Əliyev adına X5 həyata keçirilən Yenidənqurma və Modemizasiya Layihəsi çərçivəsində işlər mərhələli şəkildə yekunlaşdıqca EN 228:2012+A1.2017 standartına uyğun avtomobil benzini, EN 590:2009+A1:2010 standartına uyğun dizel yanacağı istehsal olunacaqdır. - İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, hal-hazırda Heydər Əliyev adına X4 “A7.S 059-2001" (A-92) və “TŞ A7. 35 36601.243-2015" (D-001) standartları altında istehsal etdiyi benzin və dizel yanacaqlarının “Avro” neçə standartlarına uyğun gəlməsi barədə sənədlərin ərizəsində qeyd edilən ünvana göndərilməsini xahiş edilmişdir. - İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, istehlakçı hüquqlarının pozulması nəticəsində dəymiş 5000 (beş min) manat maddi və 7000 (yeddi min) manat mənəvi ziyanın ödənilməsini xahiş etmişdir. - Cavabdeh1 tərəfindən iddiaçıya ünvanlanmış 23 avqust 2023-cü il tarixli məktubdan görünür ki, müraciətə cavab olaraq bildirilmişdir ki, sözügedən ərizələrdə qeyd edilən Heydər Əliyev adına X5 (NEZ) istehsal edilən neft məhsulları haqqında məlumatın əldə edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müraciətlərə ətraflı şəkildə cavab verilmişdir. Ərizələrdə qaldırılan maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair məsələ ilə bağlı bildiriilmişdir ki, bunun üçün heç bir hüquqi əsas olmadığından bu tələbin təmin olunması mümkün deyildir. Göründüyü kimi, İddiaçı tərəfindən cavabdehə “istehsal etdikləri dizel və benzin yanacaq növlərinin Avro neçə standartlarına uyğun gəlməsi və həmin yanacaqların texniki xarakteristikası barədə məlumat verilməsi” məzmunlu yazılı müraciətlər edilmiş, qeyd olunan müraciətlərə cavabdeh tərəfindən baxılaraq müvafiq cavablar verilmiş, müraciətə cavab olaraq A-92 növ avtomobil benzinin "AZS 059- 200T, D-001 növ dizel yanacağının isə "xxxx" texniki şərtlərinin tələblərinə uyğun olaraq istehsal edilməsi, həmin məhsulların texniki göstəriciləri iddiaçıya təqdim olunmuşdur. İddiaçı cavabdeh tərəfindən istehsal olunan malların texniki göstəriciyə uyğun olmadığını bildirərək cavabdehdən maddi və mənəvi ziyanın ödənilməsini xahiş edir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır:
1. zərərin mövcud olması;
2. zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması;
3. zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İddiaçı, “istehsalçı tərəfindən Heydər Əliyev adına X4 “AZS 059-2001” (A-92) və "xxxx" (D-001) standartları altında hal-hazırda istehsal etdiyi benzin və dizel yanacaqlarının “AVRO” neçə standartlarına uyğun olması barədə məlumatın verilməməsinin, istehlak etdikləri (D-001) dizel və (A-92) benzin yanacağının aşağı keyfiyyətdə olduğunu sübut etdiyini bildirir. Məhkəmə iddiaçının qeyd etdiyi bu halla razılaşmır. Belə ki, cavabdeh tərəfindən iddiaçının müraciətlərinə cavab verilmiş, əlavə olaraq da avtomobil benzininin və dizel yanacağının texniki göstəriciləri (pasport) təqdim olunmuşdur. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya bu barədə məlumat verilməsə idi belə, bu hal yeganə əsas kimi iddia tələbinin təmin olunması üçün kifayət deyildir. Cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçıya zərər vurulması sübut olunmur. İddiaçının bildirdiyi hallar bilavasitə onun sübutetmə yükü ilə bağlıdır və iddiaçı bu hallara dair sübutetmə vəzifəsi daşıyır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). “Zvierzinski Polşaya qarşı” iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Məhkəmə ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbərliyinin aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Həmçinin məhkəmə qeyd edir ki, mənəvi zərər, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin və zərərvuran şəxsin təqsirinin olması ilə bağlıdır. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla cavabdehin hərəkətində (və ya hərəkətsizliyində) iddiaçıya münasibətdə hər hansı bir hüquq pozuntusu olması aşkar edilməmiş, iddiaçıya mənəvi ziyan dəyməsi – onun fiziki və mənəvi sarsıntılar keçirməsi halları sübut olunmamışdır. Mənəvi zərərin ödənilməsi şəxsin maddi qazanc əldə etməsi məqsədi ilə bağlı ola bilməz. Məhkəmə hesab edir ki, bu hissədə iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iş üzrə mənəvi ziyana dair iddia tələbi də əsaslı deyildir. Beləliklə hazırda məhkəmə araşdırması zamanı yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri üzrə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, cavabdeh tərəfindən ona hansı qaydada zərər (maddi və mənəvi) vurulmasını təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Belə olan halda yaranmış mübahisədə iddiaçının tələbinin əsaslı olması, habelə hazırda cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquqlarının pozulması halı təsdiq olunmur. Məhkəmə iddia tələbinin “cavabdehin cərimə edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, bu tələb hazırki iş üzrə iddiaçının müraciətinə əsasən baxılmalı və hüquqi qiymət verilməli olan tələb deyildir və hüquqi əsası yoxdur. Belə ki, cərimə hər hansı bir şəxsin (fiziki və ya hüquqi) cərimə olunması, onun əməllərində qanunsuzluq, inzibati xəta, cinayət və s. aşkar olunduğu təqdirdə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödənilməsindən azaddırlar. Məhkəmə sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) qarşı “Cavabdeh1-ın nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına X6 ” AZS 059-2001” (A-92) və "xxxx" (D-001) standartları altında hal-hazırda istehsal etdiyi benzin və dizel yanacaqlarının “AVRO” neçə standartlarına uyğun olması barədə ona məlumat vermədiyinə görə, istehlakçı hüquqlarının pozulması nəticəsində ona dəymiş maddi ziyana görə 5000 (beş min) manat, mənəvi ziyana görə isə 7000 (yeddi min) manatın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehin 6000 (altı min) manat cərimə edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
V. Nəticə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) qarşı “Cavabdeh1-ın nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına X6 “AZS 059-2001” (A- 92) və "xxxx" (D-001) standartları altında hal-hazırda istehsal etdiyi benzin və dizel yanacaqlarının “AVRO” neçə standartlarına uyğun olması barədə ona məlumat vermədiyinə görə, istehlakçı hüquqlarının pozulması nəticəsində ona dəymiş maddi ziyana görə 5000 (beş min) manat, mənəvi ziyana görə isə 7000 (yeddi min) manatın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehin 6000 (altı min) manat cərimə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səbinə Nuriyeva