Məhkəmə qərarları › İş №2(005)-1896/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1896/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1896/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə Nərimanov Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 770 manat məbləğində vurulmuş zərər və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, (cəmi 800 manat) alınaraq, iddiaçı «xxxx» ASC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “RAVON NEXİA R3" markalı, **-PR- *** dövlət nömrə nişanlı avtomobil 31.03.2019-cu ildən 31.03.2020-ci ilədək “xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə 19.03.2019-cu il tarixli PXA********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2019-cu il sentyabrın 28-də Cavabdeh idarə etdiyi “RAVON NEXİA R3” markalı, **-PR-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Z.Xəlilov küçəsində Məmmədzadə Cəmil Səmid oğlunun idarə etdiyi “NİSSAN TEANA" markalı, **-DK-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Həmin hadisə ilə bağlı Bakı DYPİ-i tərəfindən 28.09.2019-cu il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Bakı DYPİ-nin 28.09.2019-cu il tarxli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 30.09.2019-cu il tarixində verilmiş qüsur aktına əsasən hadisə nətbəsində "NİSSAN TEANA" markalı, **-DK-*** dövlət nömrə nişanlı avtomobilə 770 manat məbləğində zərər dəymişdir. İddiaçı 08.10.2019-cu il tarixində həmin məbləği zərərçəkmiş şəxs Məmmədzadə Cəmil Səmid oğluna sığorta ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “Ravon Nexia” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sığorrtalanmasına dair, Sığortaçı “xxxx” ASC ilə sığortalı “xxxx” MMC arasında 19.03.2019-cu il tarixlidə PXA********** saylı nəqliyyat vasitələrinin sığorta müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş № İXP ******* nömrəli, 28.09.2019-cu il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, 28.09.2019-cu il tarixdə saat 18:10-da Cavabdeh idarə etdiyi “Ravon Nexia” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan, Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən təqdim edilmiş 30.09.2019-cu il tarixli Qüsur Aktına əsasən “Nissan Teana” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 770 manat məbləğində ziyan dıəymişdir. İş materiallarında olan,08.10.2019-cu il tarixli, PXA52568 nömrəli Sığorta Aktına əsasən, 770 manat məbləğində sığorta ödənişi Məmmədzadə Cəmil Səmid oğluna ödənilməlidir. İş materiallarında olan, Sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının təhviltəslim aktının təsdiq olunmuş surətindən görünür ki, “xxxx” ASC-dən sığorta ödənişini almaq üçün cədvəldənömrələri göstərilən plastik kartlar və ŞEN zərflər Məmmədzadə Cəmil Səmid oğluna təhvil verildi. İş materiallarında olan kassa mədaxil orderinin surətlərindən görünür ki, 770 manat məbləğində olan sığorta ödənişi Məmmədzadə Cəmil Səmid oğlunun hesabına köçürülmüşdür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən (Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) yol hərəkəti iştirakçıları üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları) əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ( və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Məhkəmə hesab edir ki, Məmmədzadə Cəmil Səmid oğlunun idarə etdiyi “NİSSAN TEANA" markalı, **-DK-*** dövlət nömrə nişanlı minik avtomobilinə vurulmuş zərərin əvəzi “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalının avtomaşının təmiri üçün ödənildiyindən iddiaçı Şirkətin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936 və 1108.1-ci maddələrinin tələblərinə əsasən, cavabdeh X1 həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında yol nəqliyyat hadisəsini törətmiş olan “RAVON NEXİA R3” markalı, **-PR-*** dövlət nömrə nişanlı avtomobilin “xxxx” MMC-nin mülkiyyətində olması müəyyən olunmuş, eyni zamanda Cavabdeh oğlunun avtomobili nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edilməsi də müəyyən edilmişdir. Odur ki, mülki hüquq pozuntusuna görə məsuliyyət yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin, yəni “RAVON NEXİA R3” markalı, **-PR-*** dövlət nömrə nişanlı avtomobili idarə edən Cavabdeh oğlunun üzərinə qoyulmalı və 770 manat məbləğində pul Cavabdeh oğlundan tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh oğlundan 770 manat məbləğində sığorta ödənişi və 30 (otuz manat) məbləğində dövlət rüsumu “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar