Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1917/2021 06.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “FORD FOCUS” markalı 99-1J1-253 dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 220 manat sığorta ödənişini və məhkəmənin hesabına köçürülmüş 20 manat məbləğində dövlət rüsumunun cavabdeh Hüseynova (Hacılı) Şəbinə Məmməd qızından tutularaq İddiaçı ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” ASC iddia tələbini onunla əsaslandırmışdır ki, “Mazda CX-9” markalı, **- OS-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-də PAZ ********* nömrəli şəhadətnamə ilə 28.02.2017-ci il tarixdən 28.02.2018-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh Hüseynova (Hacılı) Şəbinə Məmməd qızı sahibliyində olan “Mazda CX-9” markalı, 90-OS- 59 dövlət qeydiyyat nişanlı avtomobillə 15..09.2017-ci il tarixdə saat 16:15 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi törədərək “FORD FOCUS” markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, həmin avtomobilə maddi ziyan vurmuşdur. Bundan sonra cavabdeh hadisə verindən yayınmışdır. Hadisə ilə bağlı AR DİN-nin Nəsimi RPİ-nin DYPŞ tərəfindən qeydə alınmış cavabdeh barəsində İXM-nin 327.6-cı maddəsi TYP 054180 nömrəli 14.09.2017-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İddiaçı ASC “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə görə “FORD FOCUS” markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3 vurulmuş ziyana görə 220 manat ödəmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək, dəymiş ziyanın həddindən artıq hesablandığını, həmçinin də irəli sürülmüş iddia tələbi üzrə özünü təqsirkar hesab etmədiyini bildirərək, iddianın rədd edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı “xxxx” ASC-nin nümayəndəsi ərizə ilə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 21.11.2017-ci il tarixli sığorta aktından görünür ki, “Ford Focus” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 220 manat müəyyən edilmiş və ödənilmişdir. İş materiallarında olan elektron hesabatın surətindən görünür ki, Hüseynova (Hacılı) Səbinə Məmməd qızına məxsus “Mazda CX-9” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 28.02.2017-ci il tarixdən 28.02.2018-ci il tarixədək sığortalanmışdır. İş materiallarına əlavə edilmiş № TYP 054180 nömrəli, 14.09.2017-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Hüseynova (Hacılı) Səbinə Məmməd qızı idarə etdiyi idarə etdiyi “Mazda” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobillə 15.09.2017-ci il tarixdə saat 16:15 radələrində Bakı şəhəri, S.Vurğun küçəsi ərazisində yol-nəqliyyat hadisəsi törədərək “Ford Focus” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur və həmin avtomobilə maddi zərər yetirmişdir. Bu səbəbdən həmin şəxs barəsində İXM-nin 327.1-ci maddəsi üzrə protokol tərtib edilmişdir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktının təsdiqləyən arayışın surətindən görünür ki, Hüseynova (Hacılı) Səbinə Məmməd qızına məxsus 15 sentyabr 2017-ci il tarixdə saat 16:15-də Bakı şəhəri, S.Vurğun küçəsində idarə etdiyi “Mazda” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə X4 məxsus “Ford Focus” markalı, 99-Lh-253 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan 29.11.2017-ci il tarixli ödəniş tapşırığından görünür ki, “xxxx” ASC tərəfindən 29.11.2017-ci il tarixdə X2 hesabına 220 manat məbləğində vəsait köçürülmüşdür. Məhkəmə Ekspertiza Mərkəzinin 31 may 2021-ci il tarixli, 9/2628 saylı ekspert rəyi ilə nəzəri hesablama yolu ilə, iş materiallarında olan X1 Ekspertizasının 31.10.2017-ci il tarixli ekspert rəyindəki malumatlarına əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla, “Ford Focus” markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 220 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ( və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1 maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “xxxx” ASC tərəfindən sığortalının avtomaşının təmiri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936-cı maddəsinə əsasən, cavabdehdən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq iş üzrə mötəbər sübut olan ekspert rəyi ilə müəyyən edilmiş vurulmuş zərərin əvəzi qismində 220 AZN həcmində pulu geriyə tələb etmək (subroqasiya) hüququ yarandığından iddia əsaslıdır və təmin edilməli, cavabdeh Hüseynova (Hacılı) Səbinə Məmməd qızından subroqasiya qaydasında 220 manat məbləğində dəymiş ziyan tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri bərabər qaydada Cavabdeh 100 manat məbləğində pul tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 220 manat sığorta ödənişi və 20 məbləğində dövlət rüsumu iddiaçı “xxxx” ASC-nin hesabına ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri Cavabdeh 100 manat məbləğində pul tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-1917/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1917/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver