Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1918/2023 06.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, Cavabdeh Nümayəndə2, Сavabdeh "xxxx" MMMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMMC və Nümayəndə2 qarşı “şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMMC-nin sədri Nümayəndə2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMMC-nin sədri Nümayəndə2 qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyana görə 2850 manat, mənəvi zərərə görə 17000 manat və dövlət rüsumu kimi ödənilmiş 150 manat, ümumilikdə 20.000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər "xxxx" MMMC və sədri Nümayəndə2 vurulmuş maddi ziyana görə 2850 manat, mənəvi zərərə görə 17000 manat və dövlət rüsumu kimi ödənilmiş 150 manat, ümumilikdə 20.000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixdən "xxxx" MMCdə əmək müqaviləsi ilə liftlərin təmiri üzrə böyük usta vəzifəsində işləyir. 01 aprel 2021-ci il tarixdə hazırki iş üzrə cavabdeh "xxxx" MMMC ilə əmək müqaviləsi üzrə işlədiyi "xxxx" MMC arasında “liftlərə texniki xidmət” göstərilməsinə dair müqavilə bağlanmışdır. Həmin vaxtdan da binada liftlərə texniki baxış tərəfindən həyata keçirilib və usta kimi o, ora təhkim olunmuşdur. 01 avqust 2022-ci il tarixdə işlədiyi şirkətin rəhbəri Rauf Qədirov ona zəng edərək, hazırki iş üzrə cavabdeh olan "xxxx" MMMC-yə məxsus C-1 binasının “Siqma” sərnişin liftinin sıradan çıxması və ona texniki baxış keçirilməsi barədə göstəriş verib. Həmin gün təxminən 10:30-da o artıq həmin binada liftə baxış keçirib. Liftə baxış keçirəndən sonra ona məlum olub ki, liftin işləməmə səbəbi əsas cihaz hesab olunan və motorun üzərində yerləşən Enkover adlı avadanlığın olmamasıdır. Dərhal təxminən saat 10:37-də tərəfindən həmin cihazın orada olmaması barədə whatsap üzərindən öz şirkətinin rəhbərliyinə məlumat verib və video çəkiliş edərək ona göndərib. Rəhbərliyin tapşırığı ilə ilk öncə həmin binanın mühafizəsinə məlumat verib və binanın həyətini tərk etmədən direktorunun gəlməsini gözləyib. Təxminən 15 dəqiqədən sonra direktorları Rauf Qədirov binanın qarşısında olub, binanın sədri Nümayəndə2 zəng edib və o, 3-5 dəqiqəyə orada olacağını bildirib. Binanın sədri Nümayəndə2 gəldikdən sonra birlikdə liftin motoru olduğu yerə qalxıb yerində baxış keçirib. O, orada binanın sədrinə və rəhbərliyinə bildirib ki, liftin motor otağının giriş qapısı üzərində qıfıl olsa da ora ona qədər açıq vəziyyətdə olmuşdur və orda olan zaman məlum olub ki, liftin motor yerinin açarının bir nümünəsi də həmin binanın əməkdaşı Elşad adlı şəxsdə olub. O, binanın sədri və direktorları Rauf Qədirov gələn kimi iş çantası ilə binanın mühafizəçisinin yanından kənarlaşmamışdır. Bir neçə dəqiqəlik söhbətdən sonra binanın sədri Nümayəndə2 narahatçılıq olmadığını, həmin avadanlığın tərəfindən alınıb yerinə qoyulacağını bildirdikdən sonra o və direktor binanı tərk ediblər. 01 avqust 2022-ci il tarixdə saat 18:50-də cavabdeh təşkilatın sədri Nümayəndə2 direktorları Rauf Qədirova zəng edib enkover avadanlığının oğurlanması faktı ilə əlaqadar guya hüquq mühafizə orqanlarına müraciət etdiyini bildirmişdir. 05 avqust 2022-ci il tarixdə Nümayəndə2 direktorları və onunla görüşərək ictimai yerdə, insanların qarşısında onun şərəf və ləyaqətini alçaldaraq nalayiq sözlərlə onu təhqir etmiş və oğru adlandırmışdır. 06 avqust 2022-ci il tarixdə cavabdehlər "xxxx" MMMC və Nümayəndə2nin sədri Nümayəndə2 "xxxx" MMC-nin direktoru Rauf Qədirova aşağdakı məzmunda məktub göndərmişdir: “31 iyul 2022-ci il tarixdə MMMC tərkibində olan C-1 binasının “Siqma” sərnişin lifti sıradan çıxmışdır. Texniki nasazlıq barədə sizə məlumat verilmişdir. Ertəsi gün saat 10:30 radələrində Elmidar adlı əməkdaşınız əraziyə gələrək həmin lift mühərrikinin Enkoder-rotorunun oğurlanmasını aşkar etmişdir. Bu xoşagəlməz hadisə MMMC-nin əməkdaşları və bir sıra sakinləri tərəfindən birlikdə araşdırılmışdır. Müəyyən olunmuşdur ki, lift avadanlığı yerləşən otağın açarı mühafizə otağında ciddi nəzarət altında saxlanılır və həmin açarların verilib qaytarılması barədə müvafiq yazılı qeydlər aparılıb. Həmin kitabdan görünür ki, C-1 binanın lift otağının açarı 01 iyul və 01 avqust tarixlərində Elmidara verilmiş, həmin sahəyə başqa heç kim daxil olmamışdır. Binanın girişinə quraşdırılmış kamera görüntülərində 31 iyul və 01 avqust tarixlərinə dair yazılar təkrarlıqla baxılıb nəzərdən keçirilmiş, lakin əməkdaşınız Elmidardan başqa hər hansı başqa şəxsin bloka daxil olması müəyyən edilməmişdir. Yuxarıda sadalanan və digər halları, habelə toplanmış dəlilləri təhlil edərək MMMC rəhbərliyi qərara gəlmişdir ki, Enkoder əməkdaşınız Elmidar tərəfindən 01 avqust tarixində talanmışdır. Oğurluq hadisəsinin törədilməsində şirkətinizin nümayəndəsindən şübhələndiyimizə görə, əməkdaşlağımızın davam etdirilməsi qeyri-mümkün olmuşdur. Odur ki, 01 avqust 2022-ci il tarixdən aramızda olan müqaviləni pozulmuş hesab edirik və bu barədə sizi rəsmi məlumatlandırırıq. Oğurluq faktı üzrə araşdırma hüquq mühafizə orqanlarında aparılır. 2022-ci ilin iyul ayının ödənişinin hesabınıza köçürülməsi məsələsinə yalnız araşdırmanın şirkətinizə bəraətverici əsaslarla tamamlandıqdan sonra baxılacaqdır”. Cavabdehin işlədiyi təşkilatda və ictimai yerdə onun şərəf və ləyaqətini alçatması nəticəsində mənəvi sarsıntı keçirmiş və iztirablara məruz qalmışdır. Cavabdehin qanunsuz hərəkətlərindən sonra müxtəlif həkim müayinələrindən keçib nevroloji və psixoloji müalicələr alır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, o liftlərə növbəti texniki baxış keçirərkən liftin motor otağının qapısının açıq olduğunu görmüş, sonra cihazın olmadığını aşkar etmiş, bu barədə dərhal öz rəhbərliyinə və binanın rəhbərliyinə məlumat vermiş, cavabdehlərə onun üzərini yoxlamağı təklif etmiş, bir neçə saat binanın həyətində olsa da, cavabdehlər buna ehtiyac olmadığını bildirmişlər. Sonradan onun iş yerinə məktub yazaraq onu talançı, oğru adlandırmış, bunun nəticəsində o güclü stress, əsəb gərginliyi keçirmiş, həkimə müraciət etmiş və müalicələr almışdır. Bu səbəbdən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh (həmçinin digər cavabdeh "xxxx" MMMCnin nümayəndəsi) Nümayəndə2 iddiaya etiraz edərək hər hansı bir məlumatı yaymadığını, məktubu yalnız iddiaçının direktoruna göndərdiyini, bu halın isə yayılma sayılmadığını, müvafiq ərazidə mövcud olan kamera görüntülərini, liftin motor yerinə yalnız iddiaçının girə bilmək imkanını nəzərə alaraq cihazın onun tərəfindən oğurlandığı qənaətinə gəldiklərini, iddiaçının məqsədinin yalnız onlarla bağlanmış müqavilənin davam etdirilməsinə nail olmaq olduğunu, əvvəllər də iki dəfə mediasiya təşkilatına müraciət edərək ondan pul tələb etdiklərini bildirmiş və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarında olan və məhkəmə baxışı iclasında tədqiq edilmiş: - xx.xx.2021-ci il tarixli, OTS-01/0421 saylı Liftlərə texniki xidmət müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC “ünvan 1 ünvanında yerləşən Nərimanov-10 yaşayış kompleksində quraşdırılmış Türkiyə Respublikası istehsalı olan dörd ədəd liftə və Cənubi Koreya istehsalı olan Oris Sigma markalı on ədəd liftə texniki xidmət göstərməyi, "xxxx" MMMC isə yerinə yetirilmiş işlərin dəyərinin "xxxx" MMC-yə ödənilməsini öz öhdəsinə götürmüşdür; - "xxxx" MMC-yə "xxxx" MMMC-nin sədri Nümayəndə2 tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, “şirkətlə 01 aprel 2021-ci il tarixdə müqavilə bağlayaraq hazıradək əməkdaşlıq etmişlər. 31 iyul 2022-ci il tarixdə MMMC tərkibində olan C-1 binasının “SİQMA” sərnişin lifti sıradan çıxmışdır. Texniki nasazlıq barədə "xxxx" MMC-yə məlumat verilmişdir. Ertəsi günü saat 10-30 radələrində Elmidar adlı əməkdaş əraziyə gələrək həmin liftin mühərrikinin Enkoder-rotorunun oğurlanmasını "xxxx". Bu xoşagəlməz hadisə MMMC-nin əməkdaşları və bir sıra sakinləri tərəfindən birlikdə araşdırılmışdır. Müəyyən olunmuşdur ki, lift avadanlığı yerləşən otağın açarları mühafizə otağında ciddi nəzarət altında saxlanılır və həmin açarların verilib qaytarılması barədə müvafiq yazılı qeydlər aparılır. Həmin kitabdan görünür ki, C-1 binasının lift otağının açarı 01 iyul və 01 avqust tarixlərində Elmidara verilmiş, həmin sahəyə başqa heç kim daxil olmamışdır. Binanın girişlərinə quraşdırılmış kamera görüntülərində 31 iyul və 01 avqust tarixlərə dair yazılar təkrarlıqla baxılıb nəzərdən keçirilmiş, lakin əməkdaş Elmidardan başqa hər hansı bir kənar şəxsin bloka daxil olması müəyyən edilməmişdir. Yuxarıda sadalanan və digər halları, habelə toplanmış dəlilləri təhlil edərək MMMC rəhbərliyi qərara gəlmişdir ki, Enkoder əməkdaş Elmdar tərəfindən 01 avqust tarixdə talanmışdır. Oğurluq hadisəsinin törədilməsində şirkətin nümayəndəsindən şübhələndiklərinə görə, əməkdaşlığın davam etdirilməsi qeyri-mümkün olmuşdur. Odur ki, 01 avqust 2021-ci il tarixdən aralarında olan müqaviləni pozulmuş hesab edirlər və bu barədə sizi rəsmi məlumatlandırırlar. Oğurluq faktı üzrə araşdırma hüquq-mühafizə orqanlarında aparılır. 2022-ci ilin iyul ayının ödənişinin hesabınıza köçürülməsi məsələsinə yalnız araşdırmanın "xxxx" MMC-yə bəraətverici əsaslarla tamamlandıqdan sonra baxılacaqdır”; - Ödəniş qəbzlərindən görünür ki, “Sağlam Ailə” klinikasına 48 və 63 manat məbləğində pul köçürülmüşdür; - Cinayət işinin başlanmasının rədd edilməsi haqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, HK-1-2311 saylı Nümayəndə2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərar onunla əsaslandırılmışdır ki, aparılmış təhqiqat araşdırması zamanı xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında Nümayəndə2 (**********) bildirmişdir ki, ünvan 5 ünvanında Nərimanov MMCyə məxsus binanın 12-ci mərtəbəsində quraşdırılmış “Siqma” markalı liftin mühərrikinin içərisində olan En-Koder adlanan detalının naməlum şəxs tərəfindən oğurlanaraq 500 manat təşkil etdiyindən naməlum şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin tərkibi yoxdur. Azərbaycan Respbulikası CM-in 177.1, 178.1 və 179.1-ci maddəllərində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 500 manatdan yuxarı, lakin 5.000 manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda, 177.2-177.2, 1772.3-177.2.5-ci maddəllərində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 100 manatdan yuxarı məbləğdə ziyan vuruluduğu hallarda yaranır. Bu səbəbdən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməlidir. Lakin, tədqiq olunan şəraitdə naməlum şəxs oğurluq edərək mülkiyyət əleyhinə inzibati xəta törətdiyi üçün gələcəkdə müəyyən olunarsa, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır; - İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, tərəflər ("xxxx" MMC və "xxxx" MMMC) mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişdirlər. Təklifdə göstərilən mübahisənin predmetini "xxxx" MMC-nin "xxxx" MMMC-dən xx.xx.2021-ci il tarixli “liftlərdə texniki xidmət müqaviləsi”nə əsasən 980 manat xidmət haqqı, həm də işgüzar nüfuzun zədələnməsinə görə mənəvi zərər olaraq 49020 manat, cəmi 50000 manat pul təşkil etmişdir; - İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, tərəflər (İddiaçı və "xxxx" MMMC) mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişdirlər. Mübahisənin predmetini maddi olaraq 220 manat, mənəvi olaraq 19780 manat, 20000 manat pul təşkil etmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-4/1128 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, "xxxx" MMMC-nin sədri Nümayəndə2 tərəfindən "xxxx" MMC-nin direktoru Rauf Qədirova ünvanlanmış xx.xx.2022-ci il tarixli, 118 nömrəli məktubda işlədilmiş “talançı” və “oğru” sözləri əxlaqi prinsiplər, istehsal-təsərrüfat fəaliyyətlə əlaqədar kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında şəxs barəsində mənfi rəy yaratdığından həmin məlumatlar böhtan olduğu təqdirdə şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən ifadələr hesab edilir.Təqdim olunan mətndə işlədilən ifadələrin böhtan olub-olmamasının araşdırılması xüsusi bilik tələb etmədiyindən məhkəmə ekspertinin səlahiyyətinə aid deyildir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, "xxxx" MMC ilə cavabdeh "xxxx" MMMC arasında liftlərə texniki xidmət göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır. Hazırki iş üzrə iddiaçı "xxxx" MMC-nin işçisi olaraq həmin binada liftlərə texniki xidmət göstərirmiş. 01 avqust 2022-ci il tarixində liftlərə növbəti baxış keçirərkən liftin “enkover” adlı cihazının olmadığını aşkar etmiş, bu barədə cavabdehlərə məlumat vermiş, hər iki tərəfin rəhbərləri əraziyə gəlmiş, lakin axtarış nəticə verməmişdir. Daha sonra cavabdeh "xxxx" MMMC-nin sədri Nümayəndə2 MMMC-nin adından "xxxx" MMCnin direktoru Rauf Qədirova məktub ünvanlayaraq aralarında bağlanmış müqaviləyə xitam verildiyini, liftin cihazının 01 avqustda əməkdaşları Elmidar tərəfindən talandığını, bu səbəbdən əməkdaşlığın davam etdirilməsinin qeyri-mümkün olduğunu bildirmişdir. Nümayəndə2 faktla bağla polis şöbəsinə müraciət etmiş və müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Hazırda iddiaçı işlədiyi təşkilatda onun şərəf və ləyaqətinin alçaldılması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirdiyinə, maddi zərərə məruz qaldığına istinad edərək cavabdehlərdən cəmi 20000 manat məbləğində maddi və mənəvi zərərin tutulmasını xahiş edir. Qeyd olunmalıdır ki, hüquqi dövlət üçün insan hüquq və azadlıqlarının layiqincə təmin edilməsi əsas göstərici amildir. Konstitusiyanın 12-ci maddəsi ilə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilərək, hər kəsin həyat və sağlamlığının, şərəf və ləyaqətinin müdafiəsinə təminat verilir. Konstitusiyanın 24-cü maddəsinə əsasən, insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Konstitusiyanın 46-cı maddəsinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Fikir və söz azadlığı konstitusion hüquq və beynəlxalq sənədlərdə insan hüququnun əsas elementi kimi bəyan edilsə də, bu hüquq mütləq deyil, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Çünki hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ da konstitusion hüquq olaraq müəyyən edilmişdir. BMT Baş Assambleyası tərəfindən 10 dekabr 1948-ci ildə qəbul edilmiş Ümumdünya insan hüquqları Bəyannaməsinin 12-ci maddəsində göstərilmişdir ki, heç kimin şəxsi və ailə həyatına özbaşınalıqla müdaxilə, evinin toxunulmazlığına, gizli məktublaşmalarına, şərəf və nüfuzuna özbaşınalıqla qəsd edilə bilməz. Hər bir insan bu cür müdaxilələrdən və ya belə qəsdlərdən qanunla müdafiə olunmaq hüququna malikdir. Yuxarıda göstərilən müddəalar vətəndaşın şərəf, ləyaqət və nüfuzuna qeyri-qanuni qəsddən müdafiə hüququna zəmanət verən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 17-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 10-cu maddəsində də öz əksini tapmışdır. Hüquqi nöqteyi-nəzərdən şərəf şəxsiyyətin sosial əhəmiyyət kəsb edən ictimai qiyməti deməkdir. Başqa sözlə desək, şərəf şəxsiyyətin cəmiyyət tərəfindən qiymətləndirilməsi, yəni ətrafdakıların konkret şəxsiyyət barədə müsbət rəyi deməkdir. Ləyaqət şəxsiyyətin öz əxlaqi, peşə və digər keyfiyyətlərinə özünün qiymət verməsidir. Ləyaqət cəmiyyətin ona verdiyi qiymətə əsaslanan özünə hörmət deməkdir. Beləliklə, şərəf və ləyaqət vətəndaşın yaşadığı cəmiyyətin ona verdiyi obyektiv qiyməti və onun özü-özünə verdiyi qiyməti əks etdirən, bir-biri ilə qarşılıqlı şəkildə əlaqəli və bir-birini tamamlayan anlayışlardır. Praktiki cəhətdən şərəf və ləyaqətin müdafiəsi müəyyən məlumatların yayılma faktının və yayan subyektin, onların ləkələyici xarakterinin müəyyən olunmasını, ləkələyici məlumatların həqiqətə uyğun olmaması prezumpsiyasının təkzibini, məlumatların özünün təkzibini və onları yayan şəxslərin cəzalandırılmasını özündə əks etdirir. Bununla da istər məlumatların gözdən salma xarakterinin, istərsə də həmin məlumatların həqiqətə uyğun olmadığının sübut olunmasına zərurət yoxdur. Beləliklə, ilk növbədə zərərçəkmişlə bağlı məlumatların yayılma faktı və onları yayan subyekt, yaxud ləyaqətin alçaldılması halı müəyyən olunmalıdır. Müdafiə subyektləri həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayılmasına görə mülki-hüquqi məsuliyyətə cəlb olunmalı şəxslər və müvafiq müdafiə hüququ olan şəxslərdir. Şərəf və ləyaqətin müdafiəsi haqqında iddianı barəsində həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayıldığını hesab edən, eləcə də ləyaqəti alçaldılan şəxslər qaldıra bilər. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olar ki, şərəf və ləyaqət hüququ hər bir fiziki şəxsin, əmək kollektivinin və ya təşkilatın ayrılmaz hüququdur. Bu hüququn pozulması böyük mənəvi ziyan, hərəkət azadlığına və ictimai mövqeyə zərbə vuraraq ətrafdakılarda əlverişsiz təəssürat yaradır. Buna görə də dövlət zərərçəkən şəxsin şəxsi qeyri-əmlak hüququnu qorumalıdır. Hazırki iş materiallarından görünür ki, iddiaçı onun iş yerinə göndərilmiş məktubda əks olunmuş məlumatların iftira məzmunlu olduğuna istinad edərək şərəf və ləyaqətinin alçaldıldığını bildirir və bu səbəbdən mənəvi zərərin ödənilməsini tələb edir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi faktiki hallar (qarşı tərəfin iş yerinə məktub göndərməklə şərəf və ləyaqətini ləkələyən məlumatlar yayması iddiası) nəzərə alındıqda həmin tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 23, 1096.1 və 1097.1-ci maddələri nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 23.1-23.3-cü maddələrinə görə fiziki şəxs onun şərəfini, layaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, “məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilən normalara əsasən cavabdehin iddiaçı qarşısında məsuliyyət daşıması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması əməli, həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, iddiaçının şəxsiyyət haqlarına və ya əmlakına dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Bu normalara söykənən tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən birinin aşkar edilməməsi iddianın rədd edilməsi üçün kifayətdir, digər əlamətlərin araşdırılması zərurəti aradan qalxır. Hazırki işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçını cavabdehə məxsus əmlakın talanmasında, oğurluq əməlinin törədilməsində ittiham edən məktub "xxxx" MMMC-nin adından iddiaçının iş yeri olan "xxxx" MMC-nin direktoruna göndərilmişdir. Həmin məktubda qeyd olunmuşdur: “...Yuxarıda sadalanan və digər halları, habelə toplanmış dəlilləri təhlil edərək MMMC rəhbərliyi qərara gəlmişdir ki, Enkoder əməkdaşınız Elmidar tərəfindən 01 avqust tarixində talanmışdır. Oğurluq hadisəsinin törədilməsində şirkətinizin nümayəndəsindən şübhələndiyimizə görə əməkdaşlığımızın davam etdirilməsi qeyi-mümkündür”. Qeyd edilən məlumatlar iddiaçının iş yerinə yönləndirildiyindən yayılmış hesab edilməli və bu məlumatlar iddiaçının şərəf, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan, ən azı təqsirləndirilən şəxs qismində cəlb edilmədən onun “cinayətkar” adlandırılması, əmlakı talayan şəxs kimi göstərilməsi, onun barəsində hər hansı bir sübutla təsdiq edilməyən təhqiredici məlumat verilməsi cəmiyyətdə mənfi fikirlərin yaranması üçün əsas ola bilər. Sivil və demokratik cəmiyyətdə yaşayan hər bir şəxisn özünə hörmət etmək və başqalarından da bunu tələb etmək hüququ vardır. Məhz bu baxımdan, iddiaçının “talançı” adlandırılması, onun barəsində yayılmış, hər hansı bir sübutla təsdiq edilməyən həqiqətə uyğun olmayan məlumatlar onun şərəf və ləyaqətini ləkələyən, alçaldan məlumatlar hesab edilməlidir. Cavabdehin nümayəndəsinin həmin məlumatları yaymaması, yalnız iş yerinin rəhbərinə müvafiq məlumatı göndərməsi dəlili ilə bağlı məhkəmə qeyd edir ki, Ali Məhkəmənin Plenumunun yuxarıda adıçəkilən qərarının 4-cü bəndində qeyd olunduğu kimi, məlumat başqa şəxsə, yaxud şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Hazırki işdə isə cavabdeh məlumatı başqa şəxsə göndərməklə onu yaymışdır. Həmçinin cavabdeh etirazında liftlərə texniki xidmət iddiaçı tərəfindən həyata keçirildiyindən, həmin əraziyə başqa şəxslər buraxılmadığından, nəzarət kameralarında başqa şəxslərin ora daxil olduğu müəyyən edilmədiyindən, liftin cihazının iddiaçı tərəfindən oğurlandığını düşündüklərini, hətta bundan əmin olduqlarını bildirmişdir. Lakin qeyd olunmalıdır ki, cavabdeh oğurluq faktı ilə bağlı polis şöbəsinə müraciət etmiş, Nümayəndə2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda iddiaçının təqsirinə dair hər hansı bir hal öz əksini tapmamışdır. Göründüyü kimi, cavabdehlər əmlakın məhz iddiaçı tərəfindən talanmasını sübuta yetirə bilməmişlər. Mülahizələrə, ehtimallara əsaslanmaqla başqasını cinayət törətməkdə ittiham etmək, bu barədə məlumatı onun iş yerinin rəhbərinə göndərmək isə Konstitusiya və beynəlxalq sənədlərlə təsbit edilmiş təqsirsizlik prezumpsiyasına zidd olmaqla və şəxs barəsində mənfi rəy yaratmaqla, onun şərəf və ləyaqətinin alçaldılmasına, əmək kollektivində nüfuzdan salınmasına səbəb olmuşdur. Mülki Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərar). Göründüyü kimi, barəsində həqiqətə uyğun olmayan ləkələyici məlumatlar yayımlanmış, ləyaqəti alçaldılmış şəxs belə məlumatları təkzib etməklə yanaşı, həmin məlumatların yayımlanması nəticəsində yaranmış itkilərin və vurulmuş mənəvi ziyanın əvəzinin pul formasında təzminat şəklində ödənməsini tələb etmək hüququna malikdir. Qanunvericilik vurulmuş mənəvi ziyana görə təzminatın və itkinin əvəzinin ödənilməsini mülki hüquqların müstəqil müdafiə üsulları olaraq nəzərdə tutur. Vurulmuş mənəvi ziyana görə təzminat ödənməsi kimi mülki hüquqların bu cür müdafiə üsulu, ilk növbədə, qeyrimaddi nemətlərin müdafiə olunması, o cümlədən başqasının şərəf və ləyaqət toxunulmazlığını müdafiə etmək imkanını nəzərdə tutur. Məhkəmə qeyd edir ki, analoji işlərdə iddianın əsasını yayılmış məlumatların şərəf və ləyaqəti ləkələməsi və həmin məlumatların onu yayan şəxs tərəfindən təkzib edilməsi təşkil edir. Mənəvi ziyanla bağlı tələb isə törəmə tələbdir. Bu işlərdə ilkin olaraq yayılmış məlumatların şərəf ləyaqəti ləkələməsi və həmin məlumatların təkzib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, başqa sözlə iddiaçının hüquqularının pozulmasının tanınması mühüm əhəmiyyət kəsb edir. Hazırki işdə də iddiaçının hüquqlarının pozulması faktı tanınır. Lakin iddiaçı həmin məlumata təkzib verilməsinə zərurət olmadığını bildirərək mənəvi zərərin ödənilməsini tələb edir. Bu baxımdan məhkəmə iddia tələbindən kənara çıxmayaraq iddiaçının hüquqlarının mənəvi zərərin ödənilməsini tələb etmək yolu ilə bərpasını mümkün hesab edir. İlk növbədə qeyd edilməlidir ki, mənəvi ziyanın əvəzinin ödənilməsi cəza xarakteri daşımır, bu tədbir yalnız pozulmuş hüquqların bərpa edilməsi və belə pozuntunun nəticələrinin aradan qadırılması məqsədi daşıyır. Mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Məhkəmə cavabdeh tərəfindən iddiaçının iş yerinin rəhbərliyinə yazdığı məktubda şərəf və ləyaqəti, eləcə də işgüzar nüfuzu ləkələyən məlumatlara qiymət verərək hesab edir ki, həmin məktubda əks olunmuş heç bir hüquqi əsası olmayan yalan məlumatlar nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi, şərəf və ləyaqətinə, eləcə də işgüzar nüfuzuna ziyan dəyməsi barədə dəlilləri əsaslıdır və ona həqiqətən mənəvi ziyan dəymişdir. Mənəvi ziyanın məbləğinə gəlincə qeyd olunmalıdır ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 10-cu bəndində görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Vətəndaşların şərəfi, ləyaqəti və işgüzar nüfuzu müdafiə olunan zaman mənəvi zərərə görə ödənilməli olan kompensasiya məbləği (əvəz ödəmənin miqdarı) iki əsas məsələdən asılı olaraq müəyyən edilir: birincisi, iddiaçının (zərərçəkənin) hüquq və mənafelərinə toxunan məlumatın xarakterindən və məzmunundan; ikincisi, doğru olmayan, şəxsin şərəf və ləyaqətini alçaldan məlumatın yayılma dərəcəsindən. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarına əsasən məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Avropa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarşı” iş üzrə 18 sentyabr 2009cu il tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Beləliklə, mənəvi zərərin məbləği iddiaçının (zərərçəkənin) hüquq və mənafelərinə toxunan məlumatın xarakterindən və məzmunundan, doğru olmayan, şəxsin şərəf və ləyaqətini alçaldan məlumatın yayılma dərəcəsindən asılı olaraq, eləcə də mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib hallar nəzərə alınmaqla hər bir konkret halda məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş cavabdehin hərəkəti nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin məbləğinin 500 manat müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Mənəvi zərərin müqabilində tələb edilən 17000 manatın iddiaçının xeyrinə tutulması, onun pozulmuş hüquqlarının bərpasından çox zənginləşməsinə xidmət edəcəkdir ki, bu da mənəvi zərər institutunun məqsədlərinə ziddir. İddiaçının ona dəymiş maddi zərər tələbi ilə bağlı məhkəmə Mülki Məcəllənin 1096 və 1097.1-ci maddələrinə istinadən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərərçəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi aiddir. Beləliklə, zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. İddiaçının dəlillərinə dair məhkəmə qeyd edir ki, iddiaçı, cavabdehin onu şərəf və ləyaqətini alçaltması nəticəsində stress keçirdiyini, bununla bağlı həkimə müraciət etdiyini, analizlər verdiyini, müalicələr aldığını, bu müalicələr üçün ödənişlər etdiyini bildirərək, müvafiq xəstəxana sənədləri və ödəniş qəbzlərini təqdim etsə də, həmin müalicəni almasına, xərc çəkməsinə səbəbin məhz hazırki mübahisə olduğunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə, iddiaçıya real olaraq zərərin dəyməsi halı müəyyən edilmədiyindən məhkəmə hazırki iddianın həmin hissədə rədd edilməsi qənaətinə gəlir. Məhkəmə eyni zamanda qeyd edir ki, "xxxx" MMC-yə ünvanlanmış məktub, liftlərə xidmət göstərilməsi ilə bağlı müqavilənin tərəfi olan "xxxx" MMMC-nin adından göndərildiyindən, iddiaçıya vurulmuş mənəvi zərərə görə də məhz "xxxx" MMMC məsuliyyət daşımalıdır. İddia cavabdeh Nümayəndə2 münasibətdə isə təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 52-ci maddəsinin tələblərinə görə, hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün cavabdeh deyildir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, vurulmuş mənəvi zərərə görə 500 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 150 manat pulun 30 manatı, cəmi 530 manat məbləğində pul cavabdeh "xxxx" MMMC-dən tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş mənəvi zərərə görə 500 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 150 manat pulun 30 manatı, cəmi 530 (beş yüz otuz) manat məbləğində pul cavabdeh "xxxx" MMMC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-1918/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1918/2023
06.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver