Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1937/2025 18.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, rəsmi mədaxil qəbzləri ilə ödədiyi 554000 manat pul vəsaitinin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1993-cü ildən gənc mütəxəssis kimi Binəqədi rayon MKTB-dən başlayaraq, müəyyən dövlət işlərində rəhbər vəzifələrdə çalışmış, 2012-ci ildə "xxxx" MMC-də müavin, 2013-cü ildən Bakı Şəhər İcra Hakimiyyəti MKTD-nin X1 və Kommunal Xidmətlər İdarəsinə rəis müavini, 2014-cü ildən isə rəisi təyin edilmişdir. Həmin ərəfədə Bakı şəhərində “1-ci Avropa Oyunları”na hazırlıq tədbirləri getmiş, rəis təyin edildiyi X1 və Kommunal Xidmətlər İdarəsinin hazırlıq işlərində xüsusi əhəmiyyəti olmuşdur. Rəhbərliyin tapşırıq və göstərişinə uyğun olaraq, idarənin təsərrüfatda olan maşın mexanizmlərindəki və inzibati binasındakı çatışmazlıqları tam aradan qaldırmışdır. Rəhbərlik səviyyəsində ona bildirilmişdi ki, Avropa Oyunlarından sonra işlədiyi təsərrüfata böyük məbləğdə vəsait köçürüləcək və xərclənmiş pullar ona qaytarılacaqdır. O da təsərrüfatın daimi işini yüksək səviyyədə təşkil etmək üçün dosttanışlarından 554000 manat vəsaiti idarəyə kassa-mədaxil qəbzi ilə təhvil vermişdir. 2015ci ilin iyun-iyul aylarında oyunlar başa çatmış, pullarının 2016-cı ildə qaytarılması vədi verilmişdir. Lakin 2016-cı ilin fevral ayında o, gözlənilmədən işdən çıxarılmışdır. Bundan sonra borc sahiblərinin təzyiqləri nəticəsində çıxılmaz vəziyyətdə qalmış, barəsində cinayət işi açılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilmişdir. O, bütün əmlaklarını satıb yüksək faizləri və borcları qaytardıqdan sonra AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəza 5 ilə endirilmişdir. Yaxın dostunun dəstəyi ilə “zərəçəkmiş” şəxsin ziyanını 3cü dəfə ödədikdən sonra Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzanın çəkilməmiş hisssəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. O, cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti MKTD-yə müraciət edərək, pul vəsaitini qaytarmağı xahiş etmiş, cavabdeh isə ərizənin digər cavabdeh MKTD-nin Sanitariya və Texniki Təmizlik İdarəsinə yönləndirilməsi barədə bildiriş göndərmişdir. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti MKTD-nin Sanitariya və Texniki Təmizlik İdarəsi tərəfindən məktubla cavab olaraq bildirilmişdir ki, idarənin maliyyə sənədlərində işlədiyi dövr ərzində şəxsi vəsaitinin idarənin hesabına mədaxil edilməsi barədə qəbzlər aşkar edilməmişdir. Cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddianın təmin olunmamasını xahiş etmiş, həmçinin bildirmişdir ki, kassa mədaxil qəbzlərinin hamısı idarənin rəhbəri olaraq iddiaçının özü və həmin vaxt baş mühasib işləmiş X4 tərəfindən imzalanmışdır. Məhkəmənin iclasında iddiaçı pul vəsaitlərini idarənin bank hesabına bilavasitə mədaxil etmədiyini bildirmişdir. O, idarənin rəhbəri kimi səlahiyyətlərindən istifadə edərək işlədiyi dövrdə ayrı-ayrı tarixlər göstərilməklə kassa mədaxil qəbzləri tərtib edərək özü və tabeçiliyində fəaliyyət göstərən baş mühasib ilə birlikdə imzalayaraq sənədləri idarənin möhürü ilə təsdiq etmişdir. Bu kassa mədaxil qəbzləri idarənin mühasibatlığında mövcud deyildir. Eyni zamanda məhkəmənin sorğusuna əsasən Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə məktub və qoşma sənədlər təqdim edilmişdir. Qeyd olunan sənədlərdə İdarənin bank hesabına pul vəsaitinin daxil olmasını təsdiq edən heç bir sübut mövcud deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Departamentinin nümayəndəsi Nümayəndə iddianın əsassız olduğunu qeyd edərək, rədd edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin verdiyi izahatları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. İş üzrə şahid qismində dindirilmiş X4 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentində 2014-2016-cı illər ərzində baş mühasib vəzifəsində işləmiş, həmin dövrlərdən etibarən İddiaçı tanımışdır. Pulları iddiaçı gətirmiş, kassaya vermiş və o, mədaxil orderlərinə imza çəkmişdir, Onun iddiaçı ilə heç bir marağı mövcud olmamış, departament iddiaçıya pulları qaytaracağını vəd etmişdir; İş materiallarında olan: xx.xx.2025-ci il tarixli Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin məktubundan görünür ki, xx.xx.2016-cı il tarixli, 22 saylı əmr ilə AR ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilmiş və ona son haqq-hesab ödənilmişdir. Aparılan araşdırma zamanı İdarənin maliyyə sənədlərində işlədiyi dövr ərzində şəxsi vəsaitlərin idarənin hesabına mədaxil olunması barəsində ödənişlər aşkar edilməmişdir. İdarə büdcədən maliyyələşən dövlət müəssəsidir və müraciətdə qaldırılmış məsələ öz təsdiqini tapmamışdır; Kassa mədaxil orderinin qəbzlərindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhər İcra Hakimiyyəti MKTD-nin Sanitariya və Texniki Təmizlik İdarəsinin kassasına ayrı-ayrı tarixlərdə müxtəlif məbləğlərdə vəsait qoyulmuşdur; Xəzər Rayon Məhkəməsinin 7(003)-453/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, məhkum İddiaçı cəzasının çəkilməmiş qalan 01 il 07 ay 11 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunması qərara alınmışdır; Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 1861/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı AR CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasının 05 il müddətinə endirilməsi qərara alınmışdır; Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2014-cü il tarixli, 120 saylı əmrinə əsasən İddiaçı Sanitariya və Texniki Təmizlik İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir; Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2016-cı il tarixli, 22 saylı əmrinə əsasən Sanitariya və Texniki Təmizlik İdarəsinin rəisi İddiaçı AR ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir; Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya-Təmizlik və Kommunal Xidmətlər İdarəsinin Saxlanmalı olmayan sənədlərin məhv edilmək üçün ayrılması barədə aktlarından görünür ki, 2006-2015-ci illər ərzində 1287, 2011 və 2016-cı illərdə 216, 2017-ci ildə 313, 2018-2019-cu illər ərzində isə 158 sayda iş məhv edilmək üçün ayrılmışdır; Sanitariya və Texniki Təmizlik İdarəsinin xx.xx.2015-ci il tarixədək kreditor borcu haqqında məlumatından görünür ki, idarənin 2008-2014-cü illər ərzində yaranan Sabunçu rayonu Mühafizə İdarəsi, Dövlət Sosial Müdafiə Fondu, Həmkarlar İttifaqı, əmək haqqı, vergilər, "xxxx" MMC üzrə olmaqla, ümumilikdə 3324048,59 manat borcu vardır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin rəisi vəzifəsinə təyin edilmiş və xx.xx.2016-cı il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı Bakı şəhərində “1-ci Avropa Oyunları” keçirilən dövr ərzində iş yerindəki texniki bazanın təmirbərpası, inzibati binanın abadlaşdırılması məqsədi ilə xərclər çəkdiyini bildirmiş, bu barədə mədaxil qəbzləri tərtib olunmuşdur. Hazırda iddiaçı həyata keçirdiyi konstruktiv tədbirlərin idarənin rəhbərliyinin göstərişinə əsaslandığını və ona çəkilmiş xərclərin geri qaytarılacağı vədi verilməsini rəhbər tutaraq, müvafiq pul məbləğinin cavabdehlərdən tutulması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, İddiaçı Bakı şəhərində “1-ci Avropa Oyunları” keçirilməsi münasibəti ilə çalışdığı Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsində rekonstruktiv tədbirlərin görülməsi, maşınların istismara yararlı vəziyyətə gətirilməsi, infrastrukturun təkmilləşdirilməsi və s. istiqamətində addımlar atmasını idarə rəhbərliyinin göstərişi ilə əsaslandırmışdır. Həm iddiaçının izahatlarında, həm də şahid qismində dindirilmiş X2 ifadəsində işlərin görülməsinin vəzifəcə yuxarı şəxslərin tapşırığı ilə baş tutması xüsusatı yer alsa da, lakin rəhbərlik tərəfindən bu barədə təlimatın verilməsi və çəkiləcək xərclərin sonradan iddiaçıya qaytarılması vədini təsdiq edən heç bir rəsmi akt iş materiallarında mövcud deyildir. İddiaçı tərəfindən müvafiq ödənişlərin edilməsinin göstəricisi kimi kassa mədaxil orderinin qəbzləri məhkəməyə təqdim edilsə belə, həmin sənədlər işin diqqətəlayiq halları nəzərə alınmaqla, qeyri-mötəbər səciyyə daşımaqdadır. Belə ki, ödənişlər həyata keçirilən müddətdə iddiaçı Rüstəmov X3 və Texniki Təmizlik İdarəsinin rəisi vəzifəsində işləmiş və səlahiyyətləri imkan verdiyi halda birbaşa pul vəsaitlərini idarənin bank hesabına köçürməmiş, əvəzində kassa mədaxil orderi qəbzləri vasitəsi ilə əməliyyatları icra etmiş görüntüsü yaratmışdır. Halbuki heç mədaxil qəbzləri əsasında ödənişlərin həyata keçirilməsi barədə qeydlər nə idarənin mühasibat uçotunda yer almamış, nə də bu cür vəsait daxil olmaları əməliyyat sistemində əksini tapmamışdır. Göründüyü kimi iddiaçı səlahiyyətlərindən sui-istifadə edərək, ayrı-ayrı tarixlər göstərilməklə kassa mədaxil qəbzlərini tərtib etmiş, özü və tabeçiliyində fəaliyyət göstərən baş mühasib ilə birlikdə sənədləri imzalayaraq idarənin möhürü ilə təsdiqləmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə araşdırması zamanı 554000 manat vəsaitin köçürülməsində israr edərək, dəlil əhəmiyyəti kəsb etdiyini iddia etdiyi sənədlərin alınması üçün müvafiq dövlət orqanlarına sorğu verilməsini məhkəmədən xahiş etmişdir. Sorğu nəticəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı, Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə təlimatı, Səyyar vergi yoxlaması aktını, habelə cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin nümayəndəsi tərəfindən iş materiallarına əlavə edilmiş Mənfəət vergisi bəyannaməsi və ona əlavələri, Sanitariya və Texniki Təmizlik İdarəsinin xx.xx.2015-ci il tarixədək kreditor borcu haqqında məlumatı məhkəmə nəzərdən keçirərək, bir daha iddiaçının idarənin hesabına pul vəsaiti köçürüməsi və idarənin iddiaçıya borcu olmasını halının özünü doğrultmadığı qənaətinə gəlmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Nəzərə almaq lazımdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Dəymiş ziyanın mövcudluğu və məbləği ilə bağlı sübutlar o qədər etibarlı olmalıdır ki, qəbul edilmiş qərarın obyektivliyi şübhə altına alınmasın. Hazırkı işdə iddiaçının iddia etdiyi xərclərin cavabdehlər tərəfindən vurulmasına dair etibarlı sübutlar mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, “mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Mülki Prosessual Məcəllənin sübutların mümkünlüyünü əks etdirən 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Yuxarıda qeyd edilənlərə məcmu şəkildə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinə qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti və Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinə qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada veridiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev
Məhkəmə qərarları › İş №2(005)-1937/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1937/2025
18.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver