Məhkəmə qərarları › İş №2(005)-196/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-196/2022

14.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-196/2022 14.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 MMC-nin təsisçisi və baş redaktoru Cavabdeh2 qarşı məlumatların təkzib edilməsi, üzr istənilməsi öhdəliyinin qoyulması, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-nin təsisçisi və baş redaktoru Cavabdeh2 qarşı məlumatların təkzib edilməsi, üzr istənilməsi öhdəliyinin qoyulması, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC və onun baş redaktoru tərəfindən 05.08.2021-ci il tarixli, 41 nömrəli Bələdiyyə Birliyi qəzetinin 2-ci səhifəsində “Əyyublu Bələdiyyəsinin əyri işləri” başlığı altında olan dərcin təkzib edilməsi, bununla bağlı rəsmi qaydada üzr istənilməsi və cavabdehlərin qanunsuz hərəkətlərinə görə iddiaçıya vurulmuş maddi zərərə görə 10000 manat, mənəvi zərərə görə 10000 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh MMC-nın 5 avqust 2021-cı ıl tarixli, 41 nömrəli nəşrində qəzetin 2-cı səhifəsində baş redaktor X2 tərəfindən iddiaçının barəsində həqiqətə uyğun olmayan məlumatlar yazılmaqla onun şərəf və ləyaqəti alçaldılmış, işgüzar nüfuzuna xələl gətirilmişdir. Belə ki, həmin nəşrdə ona məxsus mobil nömrə də daxil olmaqla aşkar şəkildə gözə çarpan dərəcədə “Dəmir yolunun üstündə bələdiyyə torpağında 1 hektar karalyok bağı satılır”başlığı altında reklam yerləşdirilmişdir. Eyni zamanda məqalənin mətnində də həmin reklamla bağlı qeyd edilmişdir ki, “X6 Namazov tərəfindən elan vurularaq satışa çıxarılıb“. İddiaçının atasının da adı çəkilməklə qeyd olunmuşdur ki, “X4 Namazov 1 hektar torpaq sahəsini zəbt edib qeyri-qanuni yollarla burada karalyok bağı salmışdır". İddiaçı bildirir ki, bütün bunlar tamamilə əsassız və qanunsuz ittihamlardır. Əgər onun şəxsiyyəti ilə bağlı belə ağır ittihamlar yayılmışsa, bunlar sübuta yetirilməli, həmin məlumatların mənbəyi göstərilməlidir. Lakin cavabdehlərin əsl məqsədi məhz onun nüfuzunu ləkələyən məlumatları yaymaq olmuşdur. Əgər bələdiyyətinin fəaliyyətindən şikayət edilirsə bu zaman yalnız onunla bağlı məlumatlar yazılmalıdır, daha aidiyyatı olmayan digər şəxslərinin adlarını hallandırmaq yolu ilə kütləvi informasiya azadlığından sui-istifadə yolverilməzdir. Elə oxucu tərəfindən qəzetə baxan kimi iri hərflərlə yazılmış iddiaçıya məxsus mobil nömrə olan başlıq görünür. Buradan da aydın olur ki, məqsəd onun şərəf və ləyaqətimi alçatmaq, onu gözdən salmaq olmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 MMC-nin təsisçisi və baş redaktoru Cavabdeh2 məhkəmə iclasında iddia ərizəsinə etirazla bağlı ərizə təqdim edərək, yazdığı tənqidi məqalədə iddiaçının şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələmək niyyəti olmadığını, həqiqətə uyğun olan faktları qeyd etdiyini bildirdi. Bu səəbəbdən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh1 MMC-nın 5 avqust 2021-cı ıl tarixli, 41 nömrəli nəşrində qəzetin 2-ci səhifəsində “Əyyublu Bələdiyyəsinin əyri işləri” başlıqlı məqaləsində “Dəmir yolunun üstündə bələdiyyə torpağında 1 hektar karalyok bağı satılır”, “X6 Namazov tərəfindən elan vurularaq satışa çıxarılıb“,“X4 Namazov 1 hektar torpaq sahəsini zəbt edib qeyri-qanuni yollarla burada karalyok bağı salmışdır" cümlələrin qeyd edildiyi müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 4/1710 saylı, 24 dekabr 2021-ci il tarixli ekspert rəyindən müəyyən edilir ki, "Bələdiyyə Birliyi” qəzetinin 5 avqust 2021-ci il tarixli, 41 nömrəli nəşrində qəzetin 2- ci səhifəsində yer almış “Əyyublu bələdiyyəsinin əyri işləri” başlıqlı yazıda İddiaçı barəsində olan məlumatlar öz təsdiqini tapmadığı təqdirdə İddiaçı şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab olunur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, “Dəmir yolunun üstündə bələdiyyə torpağında 1 hektar karalyok bağı satılır – ***-***-**-**” mətnli elan verilmişdir. Məhkəmə iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və X3 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində ona mənəvi ziyanın vurulmasınə təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia təmin edilməməlidir. Məhkəmə Ekspertizası Mərkəzinin 4/1710 saylı, 24.12.2021-ci il tarixli ekspert rəyi ilə "Bələdiyyə Birliyi” qəzetinin 05.08.2021-ci il tarixli, 41 nömrəli nəşrində qəzetin 2-ci səhifəsində yer almış “Əyyublu bələdiyyəsinin əyri işləri” başlıqlı yazıda İddiaçı barəsində olan məlumatların öz təsdiqini tapmadığı təqdirdə İddiaçı şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab olunduğu öz əksini tapsa da, iddiaçı həmin məlumatların doğru olmadığını təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Bundan başqa satış barədə “Dəmir yolunun üstündə bələdiyyə torpağında 1 hektar karalyok bağı satılır – ***-***-**-**” mətnli elanda qeyd edilən mobil nömrə iddiaçının iddia ərizəsində qeyd etdiyi mobil nömrə ilə eynidir. Həmçinin fotoşəkillərdən görünür ki, iddia ərizəsində qeyd edilən torpaq sahəsində ağaclar əkilmişdir. Bu səbəbdən, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı məlumatların təkzib edilməsi, üzr istənilməsi öhdəliyinin qoyulması, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Aparılmış məhkəmə linqivistik ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq (budcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, hesab AZ34CTRE********************”) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı məlumatların təkzib edilməsi, üzr istənilməsi öhdəliyinin qoyulması, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Aparılmış məhkəmə linqivistik ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul İddiaçı tutularaq (budcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, hesab AZ34CTRE********************”) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar