Məhkəmə qərarları › İş №2(005)-1975/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1975/2021

07.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1975/2021 07.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanuna zidd hərəkətlərin nəticəsində ona dəymiş 20 000 manat maddi və mənəvi ziyanın iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehin qanuna zidd hərəkətlərin nəticəsində ona dəymiş 12 000 manat maddi ziyanın iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mülkiyyətində Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən fərdi ev mövcuddur. Təmiri olmadığından tanışı X3 vasitəsilə evi təmir etdirmək üçün usta olan Cavabdeh dəvət etmişdi. Cavabdeh 2019-cu ilin aprel ayinda təmir işlərini başlamışdır. Ümumi ondan təmir işlərinə görə hissə-hissə 6000 manata yaxın pul vəsaiti almışdır, onun qanuna zidd hərəkətlərin ucbatından iddiaçıya ümumi 12 000 manat maddi ziyan dəymişdir. Nəhayət cavabdeh iddiaçıya məlum olmayan səbəbdən təmir işini yarımçıq qoyub, məlumat vermədən çıxıb getmiş və indiyədək iddiaçı ilə görüşdən yayınır. Müəyyən bir müddət ərzində cavabdehin əvəzində onun işlərini qardaşı olan X1 görmüşdür. Ondan sonra iddiaçı başqa ustaları dəvət etməli olmuşdur. Sonradan cavabdeh iddiaçı ilə görüşmüş, borcunu verə bilmədiyini və onu yenidən iş görmək üçün dəvət etməyi xahiş etmişdir. Müəyyən müddət işə gəlib getdikdən sonra pul vəsaitinin qalan hissəsini alaraq işləri natamam qoyub birdəfəlik çıxıb getmişdir. Cavabdeh getdikdən sonra gördüyü natamam işlərin də təzədən sökülüb görülməli olan dərəcədə keyfiyyətsiz olduğu məlum olmuşdur. Həmin keyfiyyətsizliyi düzəltmək üçün bundan sonra xeyli xərc tələb olunaur. Bütün bunlar həm şahidlər, həmdə cavabdeh tərəfindən evin otağının divarların birində yazılı qeydlərin aparılması faktı ilə sübuta yetirilir. Həmçinin də iddiaçı bundan sonrada təmirin keyfiyyətini yaxşılaşdırmaqdan ötrü xeyli xərc çəkməli olacaqdır. Hüquqi təhsili olmadığı üçün həmin işlə əlaqədar hüquqşünasın məsləhətlərinə və tərtib etdiyi sənədlər üçündə vəsait xərcləmişdir. İddiaçı əlavə olaraq bildirmişdir ki, cavabdeh ona qızına nişan etmək istədiyini və pulu olmadığını demişdir. O, iddiaçıdan 110 manat, 600 manat olmaqla iki dəfə pul almışdır. Həmçinin cavabdeh görmədiyi işlərin də pulunu əvvəlcədən iddiaçıdan almışdır. Hazırda onun yarımçıq işlərini başqa ustalar görür. Bu səbəbdən o, başqa ustalara da pul vermişdir. Cavabdehin işləri yarımçıq qalıb. Gördüyü işlər də pis vəziyyətdədir. Cavabdeh evdən qaçıb getmiş, iddiaçı yeni usta gətirəndən sonra cavabdeh yenidən işləmək üçün gəlmiş, iddiaçı da buna icazə vermiş, lakin cavabdeh yenə işləməmişdir. Bundan sonra o, cavabdehlə bağlı aidiyyəti üzrə polisə müraciət etmiş, Xətai Rayon Polis İdarəsində cavabdeh barəsində araşdırma aparılmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddiaya qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə işdə cavabdehə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən məhkəmə sənədlərinin rəsmən verilmiş hesab olunduğunu, iddiaçının işə qiyabi icraatda baxılmasına yazılı razılığının olmasını nəzərə alaraq işə qiyabi icraatda baxılması barədə qərardad qəbul etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1475/2020 saylı, 04.09.2020-ci il tarixli qiyabi qətnaməsilə iddia tələbinin təmin olunması, Cavabdeh İddiaçı xeyrinə 12000 (on iki min) manat məbləğində pulun tutulması, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1975/2021 saylı, 05.03.2021-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1475/2020 nömrəli, 04.09.2020-ci il tarixli qiyabi qətnaməsi ləğv edilməsi və mülki işin təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. 18 mart 2020-ci il tarixli məhkəmə baxışı iclasında şahid qismində ifadə vermiş X6 bildirmişdir ki, o, iddiaçının yanında sürücü işləyir. Cavabdeh iddiaçının evində işləmədi. İddiaçıdan pulu aldı və qaçdı. Bir müddət isə iddiaçının evində cavabdehin qardaşı gəldi işlədi. Cavabdeh iddiaçıdan 6000 manat pul aldı. Lakin evdə demək olar ki, heç bir iş görməyib. Sonuncu dəfə isə iddiaçıdan 300 manat pul aldı. Cavabdehi o, tapıb iddiaçı ilə tanış eləmişdi. Hər dəfə yalvarırdı ki, gəlsin işləsin. Lakin cavabdeh gəlmirdi. O, cavabdehin böyük qardaşını tapmış və işləri tamamlamağı xahiş etmişdir. Cavabdehin böyük qardaşı bir az işləmiş, sonradan o da çıxıb getmişdir. O, cavabdehi polisə şikayət etmiş, çünki onu iddiaçı ilə tanış etmişdir. Polis onun şikayəti əsasında araşdırma aparmış və məhkəməyə müraciət etməli olduqlarını bildirmişdir. 18 mart 2020-ci il tarixli məhkəmə baxışı iclasında şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, o, iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən fərdi evində usta işləyir. İddiaçının evində alçıpan, döşəməni vurmuşdur. O işləməyə gələndə evin təmiri yarımçıq idi. Döşəmə vurulmuşdu, lakin pis vurulmuşdu. O, həmin döşəməni sökmüş və yenidən işləmişdir. O, iddiaçının evində işləməyə başlamışdı ki, cavabdeh gəldi dedi ki, “mən işləmək istəyirəm və evi də 21 günə təhvil verəcəm”. O da çıxıb getmişdir. Sonradan iddiaçı yenidən onunla əlaqə saxlamış, lakin Hikmət yenə qaçıb getmişdir. O, iddiaçıdan eşitmişdi ki, cavabdeh görmədiyi işlərin də pulunu alıb. Hikmət işin çox az hissəsini görmüşdü. Etdiyi işlər də keyfiyyətsiz idi. O, cavabdehin gördüyü işləri bir usta kimi bəyənməmişdir. 18 mart 2020-ci il tarixli məhkəmə baxışı iclasında şahid qismində ifadə vermiş X4 bildirmişdir ki, o, iddiaçının evində usta işləyir. Kafel və metlax işlərini mən görürdüm. O, R.Nəcəfovla birlikdə işləyir. O iddiaçının evinə gedəndə orada usta yox idi. Evin təmiri yarımçıq idi və o təmiri hazırda onlar tamamlayır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək,iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini habelə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2021-ci il tarixli, 10/1878 saylı ekspertiza rəyindən görünür ki, Tədqiqat prosesinin təsviri: Tədqiqat Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən fərdi yaşayış evi üzrə aparılır. Ekspertiza tədqiqatı baxış zaman əldə olunmuş məlumatlara əsasən aparılır. Qeyd olunan tarixdə iddiaçı və cavabdehin iştirakı ilə tədqiqat obyekti olan iki mərtəbəli fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı cavabdeh tərəfindən görüldüyü iddia edilən işlər ekspertə təqdim olunmuşdur. Ekspertin rəyinin nəticə hissəsinə əsasən müəyyən olunur ki, Qərardadın birinci-ikinci sualları üzrə: Baxış zamanı Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən fərdi yaşayış evində cavabdeh tərəfindən görülən işlər olaraq təqdim edilən, rəyin tədqiqat hissəsində ətraflı şəkildə qeyd olunan işlərin aparılması üçün görülməli təmir-bərpa işlərinin dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 10166,2 manat məbləğində olduğu müəyyən olundu. Qərardadın üçüncü sualı üzrə: Qərardadın bu sualının cavablandırılması üçün müvafiq metodika olmadığına görə, qərardadın bu sualı üzrə tədqiqat aparıb nəticə vermək mümkün olmadı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmədə müəyyən edilir ki, Cavabdeh iddiaçıya məxsus mənzili (Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən fərdi yaşayış evi) təmir etmək məqsədilə şifahi olaraq razılığa gəlmişlər. İddiaçı bildirir ki, cavabdeh iddiaçıdan təmir üçün ümumilikdə 6 000 manat məbləğində pul almış, ancaq üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etməmiş, iddiaçı başqa şəxslərə həmin işin görülməsi üçün əlavə pul ödəmiş, beləliklə iddiaçıya 12000 manat maddi ziyan vurulmuşdur. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi, hazırda iddiaçıya cavabdeh tərəfindən maddi ziyanın vurulduğu, habelə cavabdehin qanunsuz hərəkətləri nəticəsində ziyanın vurulduğu və bu hərəkətlərlə ziyanın arasındakı səbəbli əlaqənin mövcudluğu sübut olunur. Məhkəmə qeyd edir ki, iş üzrə təqdim olunmuş ekspert rəyindən göründüyü kimi, qeyd olunan işlərin aparılması üçün görülməli təmir-bərpa işlərinin dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 10166,2 manat məbləğində olduğu müəyyən olunmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 10166,2 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə vurğulayır ki, iddia tələbinin göstərilən hissəsinə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Qeyd edilən tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ilə bağlı hər hansı tələb olmadığından iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh 10166,2 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdehlər qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar