Məhkəmə qərarları › İş №2(005)-1975/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1975/2023

08.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1975/2023 08.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Muftalı oğlu və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Məlik Məmmədov (Klara Çetkina) küçəsi, 12 saylı evin 9 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 11 avqust 2001-ci il tarixdə X8 ilə rəsmi nikah bağlayaraq, onun Bakı şəhəri, Məlik Məmmədov (Klara Çetkina) küçəsi, 12 saylı evin 9 saylı mənzilə gəlin köçmüş və qeydiyyata düşərək hazırki vaxta kimi həmin mənzildə yaşamaqdadır. Qeyd olunan mənzildə X11 və X12 adlı iki övladları doğulmuşdur. Həmin mənzildə qaynatası X4 Leytenant Şmidt adına zavodda işləyərkən, Bakı şəhəri, Nərimanov Rayon İcraiyyə Komitəsinin xx.xx.1965-ci il tarixli 22 saylı qərarına əsasən 30 noyabr 1965-ci il tarixli 42345 nömrəli order əsasında verilmişdir. Həmin mənzildə yaşayanlar: qaynata, X9 xx.xx.2006-cı il tarixdə, qaynanası X5 xx.xx.2018-ci il tarixdə, baldızı, X6 xx.xx.2015-ci il tarixdə, həyat yoldaşı X8 isə xx.xx.2014-cü il tarixdə vəfat etmişlər. Hazırda həmin mənzildə, yəni Bakı şəhəri, Nərimanov rayonu, Məlik Məmmədov (Klara Çetkina) küçəsi, 12 saylı ev, mənzil 9-da övladları xx.xx.2002-ci il təvəllüdlü oğlu X12 və xx.xx.2006-cı il təvəllüdlü oğlu X11 ilə birlikdə yaşamaqdadır. Bu yaxınlarda onlara məlum olmuşdur ki, həmin mənzilə onun və ailə üzvlərinin razılığı olmadan 2014-cü ildə xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh1 Muftalı oğlu və xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh2 qeydiyyata düşmüşlər. Mənzilin kirayə müqaviləsinin adına rəsmiləşdirilməsindən ötrü, eyni zamanda Cavabdeh1 Muftalı oğlu və Cavabdeh2 mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı, iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri, Nərimanov Rayon İcraiyyə Komitəsinin xx.xx.1965-ci il tarixli 22 saylı qərarına əsasən Bakı şəhəri, Məlik Məmmədov (Klara Çetkina) küçəsi, 12 saylı evin 9 saylı mənzil X4 30 noyabr 1965-ci il tarixli 42345 nömrəli order əsasında verilmişdir . 37 saylı MKİS-in arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Məlik Məmmədov (Klara Çetkina) küçəsi, 12 saylı evin 9 saylı mənzilində ailə tərkibi 3 nəfər olmaqla ( özü, xx.xx.2002ci il təvəllüdlü oğlu X12 və xx.xx.2006-cı il təvəllüdlü oğlu X11 ) pasport qeydiyyatındadır. Azərbaycan Respublikası Daxili X20 yeri üzrə qeydiyyat haqqında arayışa əsasən İddiaçı Bakı şəhəri, Məlik Məmmədov (Klara Çetkina) küçəsi, 12 saylı evin 9 saylı mənzilində qeydiyyatdadır. Həmin mənzildə onunla birlikdə xx.xx.2002-ci il təvəllüdlü oğlu X12 və xx.xx.2006-cı il təvəllüdlü oğlu X11 , xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh2, xx.xx.1964-cü il təvəllüdlü Cavabdeh1 qeydiyyatdadır. Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin xx.xx.2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, 37 saylı Mənzil-Kommunal İstismar Sahəsinin verdiyi arayışa əsasən yuxarıda qeyd olunan ünvanda faktiki olaraq, İddiaçı və onun övladları xx.xx.2002-ci il təvəllüdlü oğlu X12 və xx.xx.2006-cı il təvəllüdlü oğlu X11 yaşamaqdadır. Həmin ünvanda Cavabdeh1 Muftalı oğlu və Cavabdeh2 adlı şəxslər yaşamırlar. 11 avqust 2001-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X8 və İddiaçı 11 avqust 2001-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə İskəndərov, arvada Məmmədova soyadı verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X2 17 iyun 2015-ci il tarixdə vəfat etmişdir. 5 saylı Bakı Asan Xidmət Mərkəzi tərəfindən verilmiş 01 dekabr 2018-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X9 17 sentyabr 2006-ci il tarixdə vəfat etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X8 26 may 2014-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, pasport qeydiyyatında olan vətəndaşların qeydiyyatdan çıxarılması səlahiyyətləri xaricində olduğundan, məsələ ilə bağlı məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materialları ilə müəyyən edilir ki, hazırda İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilməsi” tələbini irəli sürmüşdür. Məhkəmə “istifadə hüququnun itirilməsi” tələbinə münasibətdə hesab edir ki, iddiaçının belə bir iddia irəli sürməsi üçün subyektiv hüququ olmamışdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki yuxarıda qeyd olunduğu kimi, həmin mənzil iddiaçının qaynatasına order əsasında verilmişdir. İddiaçı Bakı şəhəri, Məlik Məmmədov (Klara Çetkina) küçəsi, 12 saylı evin 9 saylı mənzilində yaşasa da, həmin mənzilə münasibətdə hər hansı hüquq əldə etməmiş, bununla da Cavabdeh1 və Cavabdeh2 istifadə hüququnun itirilməsini tələb etmək barədə iddianı tələb hüququ olmayan şəxs olaraq verdiyinə görə iddiaçının subyektiv hüququ yaranmamışdır. Məhkəmənin qənaətinə görə, işin halları baxımından iddiaçını, sözügedən mənzilə (mənzilin oredrinə) münasibətdə nə mülkiyyətçi (qanuni sahib) hesab etmək, nə də mənzilə (onun orderinə) sahiblik etməsini qanunsuz saymaq mümkün deyildir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının öz tələbini vərəsəlik hüquq münasibətlərinə istinadla müdafiə etməsi də əsaslı deyildir. Belə ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bakı şəhəri, Nərimanov rayonu, Məlik Məmmədov (Klara Çetkina) küçəsi, 12 saylı evin 9 saylı mənzilin iddiaçının qaynatası X4 order əsasında verilməsi işin mübahisəsiz halıdır; order isə sadəcə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd olmaqla mənzilda yaşayan İddiaçı digər şəxslərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia irəli sürmək imkanı yaratmır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi iddiaçının subyektiv hüququ yaranmadığında hazırki iddia tələbi rədd edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçıların subyektiv hüququnun olmadığı qənaətinə gəldiyindən, onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddianın təmin olunması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar