Məhkəmə qərarları › İş №2(005)-1988/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-1988/2023

06.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-1988/2023 06.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X12 Mehdi qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi cəlb edilməklə, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi cəlb edilməklə, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətindən (Departamentindən) mənzilin dəyəri olaraq 60.000 (altmış min) manatın, bu günədək ödədiyi mənzil kirayə haqlarının əvəzi 48.000 (qırx səkkiz min) manat maddi ziyanın və 20.000 (iyirmi min) manat mənəvi ziyanın cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2-1219/2007 saylı, xx.xx.2007-ci il tarixli qərardadına əsasən cavabdeh Milli Hidrometeorologiya Departamentinə qarşı “mənzilə köçürülmə” tələbi üzrə cavabdehlə aralarında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyindən işin icraatına xitam verilmiş, sazişinə əsasən cavabdeh (tələbkar) Departament order əsasında iddiaçıya verilmiş ünvan 1 ünvanda yerləşən binanın məcburi köçkünlərin və müvəqqəti məskunlaşmış sakinlərin yaşadıqları mənzillərdən hər hansı biri boşalarsa iddiaçını 15 ay müddətindən gec olmayaraq həmin mənzillərdən birinə köçürəcəyini öhdəsinə götürmüşdür. Sazişin təsdiqindən sonra həmin ünvanda dəfələrlə mənzillər boşaldılsa da, mənzillər tələbkar tərəfindən başqa şəxslərə verilərək, sazişin icrası qəsdən cavabdeh tərəfindən təmin olunmamışdır. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərardadı ilə barışıq sazişinin təsdiq edilməsi haqqında qərardad üzrə verilmiş icra vərəqəsi məcburi icraya yönəldilmişdir. İcra vərəqəsinin icrası cavabdehdən tələb olunmuş, lakin cavabdeh tərəfindən icrası təmin edilməmiş, buna səbəb kimi binadakı məcburi köçkünlərin və müvəqqəti məskunlaşmış şəxslərin mənzilləri boşaltmadıqlarına, yəni icranın təmininin onlardan asılı olmayan hallarla əlaqələndirmişlər. İş üzrə 3-cü şəxs tərəfindən icra işinin icrası ilə bağlı tərtib olunmuş xx.xx.2022-ci il tarixli akta əsasən cavabdeh tərəfindən iddiaçının təmin olunmalı olduğu evin mənzillərində məcburi köçkünlərin və müvəqqəti məskunlaşmış sakinlərin yaşamadıqları müəyyən olunmuşdur. Ötən 16 il ərzində boşalmış mənzillərin olmasına, iddiaçının mənzillə təmin olunmağına cavabdehin imkanlarının olmasına baxmayaraq sonuncu tərəfindən mənzillə təmin edilməmişdir və bunun nəticəsində də cavabdeh tərəfindən iddiaçıya həm maddi, həm də mənəvi ziyan vurulmuşdur. Cavabdeh departament barışıq sazişi üzrə üzrərinə götürdüyü öhdəliklərini bilərəkdən uzun müddət yerinə yetirmədiyinə görə iddiaçı mənzili bu vaxtadək əldə edə bilməmiş, bu günədək kirayələrdə yaşamağa məcbur qalmış, barışıq sazişinin və məcburi icra tədbirlərinin dəfələrlə təmin olunmaması səbəbindən əsəb sarsıntıları və istirablar keçirərək cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mənəvi və maddi ziyanlara da məruz qalmışdır. İddiaçı qeyd edir ki, barışıq sazişinin və həmin saziş üzrə verilmiş məhkəmə qərarının icrası bu günədək cavabdeh tərəfindən qəsdən təmin elmədiyinə görə verilməli olan mənzilin dəyəri, 16 il mənzil kirayə haqları üzrə maddi və mənəvi ziyan məbləğlərinin əvəzi məhkəmə qaydasında cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Cavabdeh tərəfindən iddiaçıya təqdim edilməli olan (zona mənzilin sahəsi üzrə) oxşar mənzilin dəyəri 60 min manat təşkil edir. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinə qarşı tələbində göstərdiyi mənzil xidməti mənzil olduğu üçün həmin mənzillər işçilərə işlədiyi müddət ərzində müvəqqəti yaşamaları üçün verildiyinə görə “maddi və mənəvi zərərin ödənilməsinə dair" iddia tələbinin əsassız olduğunu nəzərə alaraq rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1988/2023 nömrəli iş üzrə İddiaçı cavabdeh Milli Hidrometeorologiya Xidmətinə qarşı "Maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Nərimanov rayon Məhkəməsi tərəfindən 06 may 2021-ci il tarixdə 8(005)-232/2021 nömrəli qərarı ilə məhkəmənin 2(005)-1219/2007 nömrəli 31 avqust 2007-ci il tarixli qərardadının “qərara aldı” hissəsinə aşağıdakı məzmunda izah verilmişdir: “Milli Hidrometeorologiya Departamenti Sumqayıt yolu 6 ünvanda yerləşən binanın məcburi köçkünlərin və müvəqqəti məskunlaşmış sakinlərin yaşadıqları mənzillərdən hər hansı birini boşaltdığı andan sonra İddiaçı 15 ay müddətindən gec olmayaraq həmin mənzillərdən birinə köçürüləcəyini həyata keçirilməsini öz öhdəsinə götürsün” qeydi aparılmışdır. Bildirilir ki, Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2007-ci il tarixli 2(005)-1219/2007 nömrəli qərardadının izah edilməsi barədə Nərimanov Rayon Məhkəməsinin 8(005)-232/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Milli Hidrometeorologiya Departamenti Sumqayıt yolu 6 ünvanında yerləşən binanın məcburi köçkünlərin və müvəqqəti məskunlaşmış sakinlərin yaşadıqları mənzillərdən hər hansı birini boşaltdığı andan sonra İddiaçı 15 ay müddətindən gec olmayaraq həmin mənzillərdən birinə köçürəcəyini həyata keçirilməsini öz öhdəsinə götürmüşdür. Məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Bildirilir ki, həmin ərazidə olan məcburi köçkünlər Xidmətin balansında olan inzibati binalarda məskunlaşmış və indiyə kimi həmin binada yaşayırlar. Həmin ünvanda yerləşən digər mənzillər isə Barışıq sazişi təsdiq edilənə qədər 1996-1997-ci illər Hidrometeorologiya Komitəsi və Binəqədi rayon icra Hakimiyyəti tərəfindən qeydiyyatda olan və Komitədə çalışan işçilərə daimi order verməklə paylanılmış, sakinlər tərəfindən artıq özəlləşdirilmişdir. Həmin ərazidə yerləşən yaşayış binasında qaçqın və məcburi köçkünlər yaşamırlar. Qeyd edilir ki, bu günə qədər Sumqayıt yolu 6 ünvanında sakinlərin yaşadıqları mənzillərdən hər hansı biri boşaldılmamışdır. Milli Hidrometeorologiya Departamenti Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə 31 avqust 2007-ci il tarixli 2(005)-1219/2007 nömrəli qərardadı ilə bağlı xx.xx.2009-cu il tarixli 545 nömrəli məktub ünvanlamışdır. Məktubda qeyd olunur ki, bu barışıq sazişi bağlanarkən qaçqın və məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması sürətlə gedirdi. Bunun nəticəsi kimi cavabdehin balansında olan hal-hazırda qaçqın və məcburi köçkünlər tərəfindən istifadə edilən inzibati binadan onların yaxın zamanda köçürülməsi düşünülürdü. Hətta Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinə bu barədə dəfələrlə müraciət olunmuşdur. (Lakin indiyədək Sumqayıt yolu 6 ünvanında yerləşən həmin inzibati binadan hələlik heç bir qaçqın və məcburi köçkün ailəsi köçürülməyib). Qeyd olunur ki, İddiaçı yuxarıda adı çəkilən barışıq sazişi bağlandıqdan sonra Departamentin balansında olan, Maştağa qəsəbəsində yerləşən yataqxanada yer təklif olunsa da, o həmin yerin şəhərdən uzaq olmasını səbəb göstərərək bu təklifdən imtina etmişdir və həmin yer Departamentin başqa işçisi üçün müvəqqəti yaşamaq üçün verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-232/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından da göründüyü kimi Milli Hidrometeorologiya Xidmətinin barışıq sazişində üzərinə götürdüyü öhdəliyin məcburi köçkünlərin və müvəqqəti məskunlaşmış sakinlərin yaşadıqları mənzillərdən hər hansı birini boşaltdıqları andan sonra icra edilməsi nəzərdə tutulmuşdur. Bildirilir ki, İddiaçı tələbində göstərdiyi mənzil xidməti mənzil olduğu üçün həmin mənzillər işçilərə işlədiyi müddət ərzində müvəqqəti yaşamaları üçün verilirdi. Bu səbəbdən də İddiaçı maddi və mənəvi zərər tələb edə bilməz, hətta Milli Hidrometeorologiya Xidmətinə qarşı mənəvi zərərin tələb edilməsi absurtdur. Belə ki, Milli Hidrometeorologiya Xidməti dövlət qurumudur. Dövlət büdcəsindən maliyyələşdirilir, balans saxlayan təşkilat olduğu üçün Xidmətin balansında olan əmlaklar dövlət əmlakıdır. Bu səbəbdən də, barışıq sazişində nəzərdə tutulan “mənzillərdən birinə köçürülmə öhdəliyini" pul vəsaiti ilə ödəyə bilməz. Dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatları onların tərəfindən tədbirlərin keçirilməsinə ayrılan vəsaitin məbləği qanunla təsdiq olunur və dövlət büdcəsindən ayrılan pul vəsaitinin başlıca məqsədi iqtisadiyyatı inkişaf etdirmək üçündür. Həmçinin İddiaçı daha öncə Milli Hidrometeorologiya Departamentinə qarşı Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2007-ci il tarixli, 2(005)- 1219/2007 saylı qərardadının icra üsulu və qaydasının dəyişdirilməsi barədə müraciət etmiş, lakin Nərimanov rayon Məhkəməsi xx.xx.2014-cü il tarixli qərarla tələbkarın ərizəsi təmin edilməmişdir. 2023-cü ildə İddiaçı tərəfindən qərardadın icra üsulu və qaydasının yenidən dəyişdirilməsi üçün Nərimanov Rayon Məhkəməsinə ərizə ünvanlamış, məhkəmənin əsaslı və haqlı olaraq 8(005)-76/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Bildirilir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin Milli Hidrometeorologiya Xidmətinin rəhbəri üçün İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair 03 noyabr 2022-cİ il tarixli 3(005)-3271/2022 saylı qərarı Bakı Apellyasıya Məhkəməsinin 3(103)-2896/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1219/2007 saylı, xx.xx.2007-ci il tarixli icra sənədi icrası mümkün olmadığından məhkəməyə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, uzun illər cavabdeh tərəfindən icra sənədinin icra edilməməsinə görə mənzilindən məhrum olmuş, kirayələrdə yaşamağa məcbur olmuş, bütün bu haqsızlığa görə mənəvi iztirablara düçar olmuş, bu səbəbdən də iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin nümayəndəsi X7 yazılı etirazın dəlillərinə uyğun izahat verərək, lavə olaraq bildirdi ki, barışıq sazişində nəzərdə tutulmuş mənzilin iddiaçıya işlədiyi müddətdə müvəqqəti yaşayış üçün verilməsi nəzərdə tutulduğunu bildirib, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, onun səlahiyyətli nümayəndəsi iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinə dair heç bir üzrlü səbəb bildirməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xx.xx.2013-cü il tarixli 20/249 №-li məktubdan görünür ki, Binəqədi rayon Sumqayıt yolu 6 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binası 2 blokdan 26 mənzildən ibarətdir. 1-ci blokda 10 mənzil var və hər biri 5 otaqdan ibarətdir. 10 ailə daimi orderlə yaşayır. 2-ci blokda 16 mənzil var. 3 mənzil 5 otaqdan, 5 mənzil 4 otaqdan, 2 mənzil 3 otaqdan, 3 mənzil 2 otaqdan, 3 mənzil 1 otaqdan ibarətdir. 16 ailə daimi orderlə yaşayır. Həmin binanın 2-ci mərtəbəsində 2 otaqda Zəngilan rayonundan 1 ailə məcburi köçkün kimi 1993-cü ildən müvəqqəti məskunlaşmışdır. 31 avqust 2007-ci il tarixli Barışıq Sazişinə əsasən tərəflər aşağıdakı şərtlər barədə razılığa gəlmişlər: cavabdeh Milli Hidrometeorologiya Departamenti ünvan 1 ünvanda yerləşən binanın məcburi köçkünlərin və müvəqqəti məskunlaşmış sakinlərin yaşadıqları mənzillərindən hər hansı biri boşalarsa, İddiaçı 15 ay müddətindən gec olmayaraq həmin mənzillərdən birinə köçürəcəyini həyata keçirilməsini öz öhdəsinə götürür. Həmin şərtlərin müqabilində İddiaçı öz iddia tələbini geri götürür. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1219/2007 saylı qərardadına əsasən Milli Hidrometeorologiya Departamenti ünvan 1 ünvanda yerləşən binanın məcburi köçkünlərin və müvəqqəti məskunlaşmış sakinlərin yaşadıqları mənzillərindən hər hansı biri boşalarsa, İddiaçı 15 ay müddətindən gec olmayaraq həmin mənzillərdən birinə köçürəcəyini həyata-keçirilməsini öz öhdəsinə götürməklə, iddiaçı isə bunun müqabilində öz iddia tələbini geri götürməklə tərəflərin barışıq sazişinin təsdiq edilməsi, işin icraatına xitam verilməsi qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1219/2007 saylı, 03 avqust 2012-ci il tarixli qərardadına əsasən, Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2007-ci il tarixli 2-1219/2007 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qərardadı üzrə icra vərəqəsi verilməklə qərardadın məcburi icraya yönəldilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-532/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1219/2007 saylı, xx.xx.2007-ci il tarixli icra vərəqəsi üzrə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında 07 06.2019-cu il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin 18 fevral 2014-cü il tarixli “icra edilməyən icra sənədinin məhkəməyə qaytarılması haqqında” qərardan görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1219/2007 saylı, xx.xx.2012-ci il tarixli icra sənədi icraata xx.xx.2012-ci il tarixdə daxil olmuş və iş üzrə icraat başlanmışdır. Tələbkar şəxs ərizə ilə şöbəyə müraciət edərək, icra sənədinin icrasız məhkəməyə qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən Nərimanov Rayon Məhkəməsinin 2(005)-1219/2007 saylı, xx.xx.2007-ci il tarixli icra vərəqəsi icrasının qeyri-mümkün olmasına görə Nərimanov Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin 31 yanvar 2018-ci il tarixli “icra edilməyən və qismən icra sənədinin məhkəməyə qaytarılması haqqında” qərardan görünür ki, tələbkarın ərizəsinə əsasən Nərimanov Rayon Məhkəməsinin 2(005)-1219/2007 saylı, xx.xx.2007-ci il tarixli icra sənədinin Nərimanov Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Nərimanov rayon İcra şöbəsinin əməkdaşları tərəfindən tərtib olunan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanda yerləşən binaya baxış keçirilən zaman həmin binada məcburi köçkünlərin və müvəqqəti məskunlaşmış sakinlərin yaşamadıqları müəyyən olunmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanan 02/3252 nömrəli, xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Komitənin balansında məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinə daxil olan boş mənzil olmadığından, ünvan 1 ünvanda məskunlaşmış məcburi köçkün ailələrinin Komitə tərəfindən yaşayış sahəsi ilə təmin edilməsi imkan xaricindədir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1219/2007 saylı, 27 mart 2014cü il tarixli qərardadına əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-1219/2007 saylı, xx.xx.2007-ci il tarixli qərardadının icra üsulunun dəyişdirilməsi barədə tələbkar İddiaçı ərizəsi təmin edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-232/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1219/2007 saylı, xx.xx.2007-ci il tarixli qərardadının “qərara aldı” hissəsinə icra qaydasında aşağıdakı məzmunda izah verilmişdir: Milli Hidrometeorologiya Departamenti Sumqayıt yolu 6 ünvanında yerləşən binanın məcburi köçkünlərin və müvəqqəti məskunlaşmış sakinlərin yaşadıqları mənzillərindən hər hansı birini boşaltdığı andan sonra İddiaçı 15 ay müddətindən gec olmayaraq həmin mənzillərdən birinə köçürəcəyini həyata keçirilməsini öz öhdəsinə götürsün. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-76/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən, ərizəçi İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2- 1219/2007 saylı, xx.xx.2007-ci il tarixli qərardadının icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizəsi təmin edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-3271/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2896/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi X9 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin Milli Hidrometeorologiya Xidmətinin rəisi X5 İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 noyabr 2022-ci tarixli 3(005)-3271/2022 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə ünvanlanan xx.xx.2017-ci il tarixli 20/85 №-li məktubdan görünür ki, Binəqədi rayon Sumqayıt yolu 6 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının mənzilləri 1996-1997-ci illərdə Hidrometeorologiya Komitəsi və Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən qeydiyyatda olan və Komitədə işləyən işçilərə daimi order verməklə paylanmışdır. Sonradan sakinlər tərəfindən mənzillər şəxsi mülkiyyətə çevrilmişdir. Həmin binada halhazırda boş mənzil olmadığı qeyd olunub. Azərbaycan Respublikası Dövlət Hidrometeorologiya Komitəsinin İsmayıllı Ərazi Hidrometeorologiya İdarəsinin xx.xx.1997-ci il tarixli 09/K nömrəli əmrinə əsasən, mühəndis vəzifəsində çalışan İddiaçı tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xx.xx.2011-ci il tarixli, 249/K nömrəli əmrinə əsasən, İddiaçı xx.xx.2011-ci il tarixdən X2 X3 X1 aparıcı mühəndis vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin 27 iyul 2022-ci il tarixli, 1249/K nömrəli əmrinə əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 27 iyul 2022-ci il tarixdən xitam verilmişdir. Əmlak Ekspert Mərkəzinin 24 iyul 2023-cü il tarixli, ƏEM/İ 81-557/23 saylı ekspert rəyinin nəticəsinə əsasən, mənzilin mövcud vəziyyəti, yerləşdiyi ərazi, mənzilin ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyələri nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən ünvan 1 ünvanda yerləşən binada 2 otaqlı 32 kv.metrdən ibarət mənzilin 24 iyul 2023-cü il tarixinə bazar dəyəri 45000 manat, 2007-ci il tarixinə bazar dəyəri 20000 manat təşkil edir. Beləliklə, məhkəmədə müəyyən edilmişdir ki, 31 avqust 2007-ci il tarixli Barışıq Sazişinə əsasən cavabdeh ünvan 1 ünvanda yerləşən binanın məcburi köçkünlərin və müvəqqəti məskunlaşmış sakinlərin yaşadıqları mənzillərindən hər hansı biri boşalarsa, İddiaçı 15 ay müddətindən gec olmayaraq həmin mənzillərdən birinə köçürülməsinin həyata keçirilməsini öz öhdəsinə götürmüşdür. Həmin saziş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1219/2007 saylı qərardadı ilə təsdiqlənmiş, qərardad icra edilmək üçün məcburi icraya yönəldilmişdir. Lakin iş materiallarından aydın olur ki, icra sənədi icranın qeyri-mümkün olmasına görə bir-neçə dəfə məhkəməyə geri qaytarılmışdır. Beləliklə, müəyyən olunur ki, cavabdeh barışıq sazişi üzrə öz öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh barışıq sazişi üzrə öhdəliklərini yerinə yetirməməsinin səbəbi olaraq sözügedən binada boş mənzillərin olmamasını, binadakı məcburi köçkünlərin və müvəqqəti məskunlaşmış şəxslərin mənzilləri boşaltmadıqları göstərilsə də, Nərimanov rayon İcra şöbəsinin əməkdaşları tərəfindən tərtib olunan xx.xx.2022-ci il tarixli akta əsasən, ünvan 1 ünvanda yerləşən binaya baxış keçirilən zaman həmin binada məcburi köçkünlərin və müvəqqəti məskunlaşmış sakinlərin yaşamadıqları müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddiaçının iddia tələbinin əsasını cavabdehin qanunazidd hərəkətləri nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iddia ilə bağlı qeyd edir ki, mülki hüquq pozuntusu nəticəsində maddi məsuliyyətin yaranması və zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə qeyd edir ki, icrası mümkün olmayan icra sənədinin mövcudluğu onu deməyə əsas verir ki, hazırda iddiaçı belə iddia qaldırmaqda haqlıdır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya verilməli olan mənzilin təhvil verilməsi barədə öhdəlik icra olunmadığından iddiaçının həmin mənzilin dəyəri həcmində maddi ziyan tələb etməsi qanunamüvafiqdir. Məhkəmə eyni zamanda qeyd edir ki, iş üzrə keçirilən qiymətləndirmə ekspertizasının nəticəsindən görünür ki, həmin mənzilin hazırki bazar dəyəri 45000 (qırx beş) min manat müəyyən olunmuşdur. Mülki işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən icra icraatı çərçivəsində bir-neçə dəfə müraciətlər edilsə də, həmin müraciətlər təmin edilməmişdir. Odur ki, hazırda mübahisəli məsələyə iddia icraatı qaydasında baxılaraq, məhkəmə müdafiəsi hüququndan imtina edilməsi ədalətlilik prinsipi baxımından yolverilməzdir. Göründüyü kimi, sonuncu dəfə icra üsulunun və qaydasının dəyişdirilməsi üçün iddiaçının (tələbkarın) ərizəsi öz nəticəsini verməmiş, bu baxımdan tərəflər arasında barışıq sazişi olduğundan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1219/2007 saylı, 03 avqust 2012-ci il qərardadın icra üsulunun və qaydasının icra icraatı çərçivəsində dəyişdirilməsi qanunun tələblərinə zidd olardı. Nəticə etibarilə iddiaçı bütün vasitələrin tükənməsi səbəbindən hazırda maddi zərərin əvəzi kimi mənzilin dəyərinin ona verilməsini xahiş edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 60000 manat pulun tələb edilməsi hissəsində qismən əsaslıdır, cavabdehdən 45000 manat həcmində pul iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə belə qənaətə gələrkən onu da nəzərə almışdır ki, cavabdehin nümayəndəsinin məhkəmə iclaslarındakı izahatlarından habelə, icra icraatı çərçivəsində aparılmış icra hərəkətləri, o cümlədən məhkəmə qərarlarından müəyyən olunmuşdur ki, hazırda cavabdehin iddiaçını mənzillə təmin etməsi barədə öhdəliyini icra etməsi qeyrimümkündür. Hətta cavabdehin nümayəndəsinin qeyd etdiyinə görə məcburi köçkünlər getdikdən sonra belə, mübahisəli binadakı mənzillərin özəlləşdirilməsi səbəbindən iddiaçıya mənzilin təhvil verilməsi mümkün olmayacaqdır. Məhkəmə, iddianın və iddiaya olan etirazının əsaslarının təsdiqi kimi tərəflərin istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Beləliklə yuxarıda qeyd edilən mülki prosessual normaların tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə 48000 manat həcmində kirayə xərcinin çəkilməsinin sübut edilməsi vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin mənzil kirayə haqlarının əvəzi olaraq 48.000 manat tələb etməsi ilə bağlı hissəsində iddia tələbini əsassız hesab edir. Bundan başqa, məhkəmə, mənəvi zərərin tutulması ilə bağlı aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə qeyd edir ki, həmin tələb kifayət qədər əsaslandırma aparılmadan irəli sürülmüş, onun əsaslı olduğuna dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı ona konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirməmişdir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olaraq cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətindən (Departamentindən) 45.000 (qırx beş min) manat maddi ziyana görə pulun İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətindən 45.000 (qırx beş min) manat maddi ziyana görə pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar