Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-201/2021 01.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, Cavabdeh1 MMC-nin nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “kompensasiyanın, kirayə xərclərinin və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “kompensasiyanın, kirayə xərclərinin və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11A ünvanında yerləşmiş, ümumi sahəsi 48 m2 təşkil etmiş fərdi yaşayış evinin cavabdeh tərəfindən sökülməsi, həmin fərdi yaşayış evinin yerləşdiyi, söküntüyə qədər istifadəsində olan 60 m2 torpaq sahəsinin cavabdeh tərəfindən ödənişsiz şəkildə alınması ilə əlaqədar olaraq 180000 (yüz səksən min) manat məbləğində, evdən məcburi çıxarıldıqdan sonra tərəfindən ödənilmiş kirayə xərcləri ilə əlaqədar vurulmuş zərərə görə 4800 (dörd min səkkiz yüz) manat məbləğində kompensasiyanın, vurulmuş mənəvi zərərə görə 20000 (iyirmi min) manat məbləğində kompensasiyanın, hüquqi xidmət müqaviləsinə əsasən, tərəfindən ödənilmiş 1000 (min) manat məbləğində ödəniş haqqının və 30 manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumunun - ümumilikdə cəmi 205830 (iki yüz beş min səkkizyüz otuz) manat məbləğində pul cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1991-ci ildən bacısı Göyçayeva Sakitə Ağalar qızına məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11A ünvanında yerləşən fərdi yaşayış evində yaşayıb. Sonradan ailə qurmaq zərurəti ilə əlaqədar mənzil darısqal olduğundan həmin evin həyətində ayrı girişi və kommunal şəraiti olan 48 m2 ölçüdə 3 otaqlı ev inşa edərək 2000-ci ildən orada yaşayıb. 2019-cu ilin yaz aylarında Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyətindən bildirilmişlər ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında yerləşən 4 mərtəbəli bina pilot layihə əsasında söküldüyü üçün həmin binanın həyətində yerləşən həyət tipli evlər də söküntüyə gedir. Bundan sonra Nərimanov rayon İcra Hakimiyyətinin xx xxxxx 2019-cu il tarixli 109 nömrəli sərəncamına əsasən Cavabdeh1 MMC-nin nümayəndələri onunla görüşərək sökülmüş evin əvəzinə ona və ailəsinə sökülmüş evinin yerində inşa ediləcək binada 1 otaqlı təmirsiz 31 m2 mənzilin verilməsini təklif etmişlər. Onun tərəfindən cavabdehin nümayəndələrinə ailəsi ilə birgə yaşadığı 3 otaqlı 48 m2-lik evin və həmin evin yerləşdiyi torpaq sahəsinin əvəzinə ona 1 otaqlı və həm də təmirsiz mənzilin təklif olunmasına etiraz edilsə də, onlar tərəfindən ona yaşadığı həyət evinə və onun yerləşdiyi torpağa mülkiyyət hüququnu təsdiq edən sənədə malik olmamağı səbəbindən ona yalnız həmin 1 otaqlı 31 m2-lik təmirsiz mənzili verə biləcəklərini bildirərək təzyiq göstərmişlər. Bu səbəbdən əlacsız qalıb, cavabdehin nümayəndələrinin ona təqdim etdikləri müqaviləni imzalayıb. 2019-cu ilin avqust ayında evindən məcburi qayda çıxmalı olmuşdur və həyəttipli evi sökülmüşdür. O zamandan ailəsi ilə birgə kirayədə qalaraq hər ay 400 manat ödəyir. Cavabdeh ilə imzaladığı müqaviləyə əsasən ona hər ay cavabdeh tərəfindən kirayə haqqının ödənilməsində köməklik göstərəcəyini vəd eləsə də, bu günədək ona bu məqsədlə heç bir vəsait ödənməmiş və bunu həmin müqavilədə guya onun kirayə ödənişlərindən imtina etməyi ilə razılaşmağı ilə əsaslandırmışdır. O hüquqşünas olmadığına görə müqavilədə yazılan bütün müddəaları başa düşməmişdir, lakin müqavilənin mətnində bir-birilə ziddiyyət təşkil edən müddəalarının (müqavilənin 2.1.2-ci və 2.2.3-cü bəndləri) mövcudluğu cavabdehin bu məsələdə də onun hüquqlarını pozduğunu göstərir. 2019-cu ilin 25 dekabr tarixində cavabdeh ona 042 nömrəli məktub göndərərək artıq sökdükləri evinin əvəzinə onunla imzalanmış müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etmiş və bunu onun sökülmüş evinin üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərə malik olmamağı ilə əsaslandırmağa cəhd etmişdir. Halbuki cavabdeh onu və ailəsini fərdi yaşayış evimizdən çıxarmaq üçün həmin müqaviləni imzalamalı olmağını məhz onunla əsaslandırmışdı ki, onun yaşadığı evə mülkiyyət hüququ yoxdur. Müqavilə imzalanmazdan öncə cavabdehin onun yaşadığı fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərə malik olmadığını bilməsinə dəlalət edən daha bir məqam isə fərdi yaşayış evinin yaxınlığında mövcud olan və cavabdeh ilə imzaladıqları müqavilə əsasında köçürülən qonşularına, o cümlədədn də bacısı Göyçayeva Sakitə Ağalar qızına təklif olunan müqavilə şərtlərinin onlar üçün ona təklif olunan şərtlərdən dəfələrlə daha əlverişli olmasıdır. Cavabdehin bu hərəkələrindən tərəfindən Nərimanov rayonunun İcra Hakimiyyətinə dəfələrlə şikayət edilsə də istənilən nəticə əldə olunmamış, Rayon İcra Hakimiyyəti başçısı müavininin imzası ilə ona göndərilmiş xx xxxxxx 2020-ci il tarixli Q-4, Q-4/2, Q-4/3, Q-4/4, Q-4/5 nömrəli cavab məktubunda ona aşağıdakılar bildirilmişdir: “Aparılmış araşdırmaya və əldə etdiyimiz məlumata əsasən, nəzərinizə çatdırırıq ki, köçürülmə ərazisinə düşən evinizin əvəzləndirilməsi üçün Sizinlə Cavabdeh1 MMC tikinti şirkəti arasında qarşılıqlı razılaşma əsasında xx.xx.2019-cu il tarixli K/H-004 №-li müqavilə bağlanmışdlr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin istinad etdiyimiz Qərarı hal- hazırki mübahisənin əsası olmuş söküntü işlərinə hüquqi əsas versə də, həmin Qərarın 1.2-ci maddəsində bəhs edilən mülki qanunvericiliyə uyqun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsi və va həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması məsələlərinin bu Qərarla tənzimlənmə-məsi, həmin tənzimlənmənin digər qanunvericilik aktlarına əsasən həyata keçirilməli olduğunu düşünməyə əsas verir. Bununla bağlı da qüvvədə olan qanunvericilikdə kifayət qədər normaların oluğunu düşünür. İlk növbədə xx xxxxx 2010-cu il tarixli ‘Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına müraciət edilməli olduğu qənaətindədir. Doğrudur, bu Qanunda torpaqların dövlət ehtiyacları üçün alınması halları tənzimlənir, lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 saylı Qərarının mahiyyəti, tikinti işlərini aparan tikinti şirkətlərinin yerli icra hakimiyyəti orqanları tərəfindən yaradılan şərait, hüquqi baza, lazımi kömək vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Hətta bu işlərin aparılması üçün, Nazirlər Kabinetinin qeyd edilən Qərarı ilə 5 illik müddətdə yerli icra hakimiyyəti orqanlarına, həmin icra hakimiyyətlərinin Əsasnaməsi ilə nəzərdə tutulmayan səlahiyyətlər də verilmişdir. Bu baxımdan hesab edir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarının tətbiqi doğrudur. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, mülki qanunvericilikdə nəzərdə tutulan “hüququn analogiyası” və “qanunun analogiyası” prinsiplərinin (Azərbaycan Respublikası Mülki Məcəlləsi, 11.1 -ci və 11.2-ci maddələr) də tətbiqi dediklərini əlavə olaraq əsaslandırır. Hesab edir ki, bu situasiyaya yenə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 saylı Qərarı aydınlıq gətirir. Belə ki, həmin qərarın artıq bir neçə dəfə istinad etdiyi 1.2-ci maddəsində göstərildiyi kimi, hüquqi və fiziki şəxslərin mülkiyyətində və va istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması kriteriyası əsas götürülmüşdür. Torpaq sahələrinin mükiyyətdə olması ilə istifadədə olması hallarının hər ikisi nəzərdə tutulur. Bu halda torpaq sahəsinin qanuni istifadədə olması şərti belə yoxdur. Bildiyi kimi, torpaqla bağlı qanunvericilikdə qanuni istifadə termini mövcuddur (məsələn: Torpaq Məcəlləsinin 9-cu maddəsi). Yəni, torpaq sahəsinin hüquqi və fiziki şəxslərin istifadəsində olması deyərkən “qanuni istifadə”nin nəzərdə tutulması ilə bağlı səslənə biləcək fikirləri indidən qəbul etmir, belə ki, qanunvericilikdə indiyə qədər bu termin istifadə edildiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin istinad etdiyimiz Qərarında "qanuni istifadə”deyəndə, məhz “istifadə”termininin olması torpaq sahələrindən bütün istifadə hallarının əhatəli şəkildə nəzərdə tutulmuş olduğunu deməyə ona əsas verir. Cavabdeh təşkilat tərəfindən isə, bu qaydalara əhəmiyyət verilməmişdir. Heç bir məhkəmə qərarı olmadan, cavabdeh onunla imzalanmış müqavilə üzrə öhdəliklərinə riayət etmək fikri olmadan onları aldadaraq fərdi evindən köçməyə məcbur etmişdir. Ona məxsus olan fərdi yaşayış evinin uçurulması mövcud qanunvericiliyə ziddir və bununla bağlı hər hansı bir hormativ aktda göstəriş mövcud deyil. Cavabdeh tərəfindən ona məxsus olan fərdi yaşayış evinin hansısa razılıq, yaxud məhkəmə qərarı olmadan sökülməsi onu gələcəkdə yaranacaq hüquqlarından məhrum etdi. Bu baxımdan, hesab edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin təbirincə desək, onun da mülkiyyətə qanuni gözlənti hüququ var. Hesab edir ki, alınan torpaq sahəsinin, üzərindəki tikililərlə birlikdə 150 000 manata qədər dəyəri var. Belə ki, 60 m2 torpaq sahəsində 48 m2 fərdi yaşayış evi cavabdeh tərəfindən sökülmüşdür. Beləliklə, istifadəsində olan torpaq sahəsi və onun üzərində olan fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin real bazar qiymətinin müəyyən edilməsi üçün alqı-satqı məntəqələrinə müraciət etdi və onlar tərəfindən verilmiş “Daşınmaz əmlakın bazar dəyərinin müəyyən edilməsi barədə Arayışına əsasən, mübahisəli ünvanda yerləşmiş daşınmaz əmlakının ümumi qiyməti 150 000 manat müəyyən edilmişdir. Digər bir məsələ ona vurulmuş mənəvi zərərlə bağlıdır. Əmlakından məcburiyyət və aldatma yolu ilə, heç bir məhkəmə qərarı olmadan, hüquqlarına əhəmiyyət verilmədən məhrum edilməsi ona mənəvi zərər vurmuşdur. Mənəvi zərərlə bağlı qanunvericilikdə olan müddəaları qeyd etmək istərdi: Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona məxsus fərdi yaşayış evi əlindən alınaraq sökülmüşdür. İstifadəsində olan torpaq sahəsi də əlindən alınmışdır. Bütün bu hərəkətlər qanunvericiliyə məhəl qoyulmadan özbaşınalıqla törədilmişdir. Hesab edir ki, bu hərəkətlər nəticəsində ona maddi ziyanla yanaşı mənəvi ziyan da vurulmuşdur. Mənəvi ziyanı o 20000 manat dəyərində qiymətləndirir. Hesab edir ki, həmin məbləğ də cavabdehlər tərəfindən ödənilməlidir. Bundan əlavə, ixtisaslı hüquqi yardım göstərilməsi ilə bağlı müqavilə bağlamağa və hüquqlarının məhkəmə qaydasında bərpa edilməsi üçün onların xidmətlərindən istifadə etməyə faktiki olaraq cavabdeh tərəfindən məcbur edilib. Vəkillə arasında “hüquqi xidmət haqqında” müqavilə bağlanıb və müqavilə şərtlərinə uyğun olaraq 1000 manat məbləğində ödəniş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi, barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 MMC-nin nümayəndəsi Cavabdeh2 iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə baxışı iclasında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə işdə iştrak edən şəxsin izahatını, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli KH-004 saylı Müqavilədən görünür ki, bir tərəfdən Cavabdeh1 MMC onun nizamnaməsinə əsasən fəaliyyət göstərən direktor X1 və digər tərəfdən «Mülkiyyətçi» adlanacaq Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küç., ev.8Q ünvanında yaşayan vətəndaş İddiaçı, bir yerdə tərəflər adlanacaq şəxslər aşağıdakı şərtlərlə bu müqaviləni bağladılar. 1.1.« Cavabdeh1 » MMC adlanacaq Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küç., mən 2 ünvanda yerləşən, Nərimanov rayon icra hakimiyyətinin xx.xx.2019 cu il tarixli 109 saylı sərəncamına əsasən qəzalı və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan Mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada «Mülkiyyətçi»-nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan mənzilin əvəzinə 1 otaqlı təmirsiz 31 kv.m. mənzili «Mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. “Mülkiyyətçi” kirayə haqqından imtina edir. 1.2.Mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh1 MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. İş materiallarında Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ünvanına və Nərimanov Rayon İcra Hakimiyyətinə göndərdiyiniz, Z.Xəlil küçəsi 11A ünvanında istifadənizdə olan evin köçürülmə ərazisinə düşməsi səbəbindən əvəzləndirilməsi zamanı pozulmuş hüquqlarınızın bərpasına köməklik göstərilməsi barədə ərizələrə baxılmışdır. Aparılmış araşdırmaya və əldə etdiyimiz məlumata əsasən, nəzərinizə çatdırırıq ki, köçürülmə ərazisinə düşən evinizin əvəzləndirilməsi üçün Sizinlə “Cavabdeh1" MMC tikinti şirkəti arasında qarşılıqlı razılaşma əsasında xx.xx.2019-cu il tarixli, K/H-004 №-li müqavilə bağlanmışdır. Bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz məsələnin həlli ilə bağlı hüquq və mənafelərinizin, həmçinin qanunla qorunan maraqlarınızın təmin olunması üçün müvafiq qaydada məhkəmə orqanlarına müraciət etməyinizi məqsədəuyğun hesab edirik. Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Konstitusiya Məhkəməsinin “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxx 2020-ci il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyən normalar “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu və Mülki Məcəllə ilə müəyyən edilmişdir. Həmin Qanunun 3-cü maddəsində torpağın alına biləcəyi dövlət ehtiyacları sadalanmışdır. Bu maddəyə əsasən, yalnız dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi və dəniz limanının ərazisinin artırılması hallarında torpaqların dövlət ehtiyacları üçün alınmasına yol verilir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi mənzil hüququnu neqativ formada ifadə edir. Belə ki, həmin maddəyə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Bu maddənin İİ hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görsün. Göstərilən konstitusiya normasından irəli gələrək mənzil münasibətlərinin hüquqi tənzimlənməsi öz əksini Mənzil Məcəlləsində tapmışdır. Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil və mülki qanunvericiliyində nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur. Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Həmin Məcəllənin 28.3-cü maddəsinə müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Məcəllənin 28.4-cü maddəsinə görə, qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Göründüyü kimi, Mənzil Məcəlləsinin qeyd edilən maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və X3 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Məhkəmə araşdırması zamanı iddia ilə bağlı müəyyən edilmişdir ki, « Cavabdeh1 » MMC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli KH-004 saylı Müqaviləyə əsasən « Cavabdeh1 » MMC adlanacaq Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küç., mən 2 ünvanda yerləşən, Nərimanov rayon icra hakimiyyətinin xx.xx.2019 cu il tarixli 109 saylı sərəncamına əsasən qəzalı və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan Mülkiyyətçiyə məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada «Mülkiyyətçi»-nin söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan mənzilin əvəzinə 1 otaqlı təmirsiz 31 kv.m. mənzili «Mülkiyyətçinin mülkiyyətinə verməyi öhdəsinə götürür. “Mülkiyyətçi” kirayə haqqından imtina edir. Hazırda iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11A ünvanında yerləşmiş, ümumi sahəsi 48 m2 təşkil etmiş fərdi yaşayış evinin cavabdeh tərəfindən sökülməsi, həmin fərdi yaşayış evinin yerləşdiyi, söküntüyə qədər istifadəsində olan 60 m2 torpaq sahəsinin cavabdeh tərəfindən ödənişsiz şəkildə alınması ilə əlaqədar olaraq 180000 (yüz səksən min) manat məbləğində, evdən məcburi çıxarıldıqdan sonra tərəfindən ödənilmiş kirayə xərcləri ilə əlaqədar vurulmuş zərərə görə 4800 (dörd min səkkiz yüz) manat məbləğində kompensasiyanın, vurulmuş mənəvi zərərə görə 20000 (iyirmi min) manat məbləğində kompensasiyanın, hüquqi xidmət müqaviləsinə əsasən, tərəfindən ödənilmiş 1000 (min) manat məbləğində ödəniş haqqının və 30 manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumunun - ümumilikdə cəmi 205830 (iki yüz beş min səkkizyüz otuz) manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsini xahiş edir, cavabdeh təşkilat isə iddianı qəbul etmir. Məhkəmə iddiaçının “fərdi yaşayış evinin cavabdeh tərəfindən sökülməsi, həmin fərdi yaşayış evinin yerləşdiyi, söküntüyə qədər istifadəsində olan torpaq sahəsinin cavabdeh tərəfindən ödənişsiz şəkildə alınması ilə əlaqədar olaraq 180000 (yüz səksən min) manat məbləğində, evdən məcburi çıxarıldıqdan sonra tərəfindən ödənilmiş kirayə xərcləri ilə əlaqədar vurulmuş zərərə görə 4800 (dörd min səkkiz yüz) manat məbləğində kompensasiyanın” ödənilməsinə dair münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bu baxımdan qeyd olunmalıdır ki, mülki işdən göründüyü kimi tərəflər arasında «20» avqust 2019-cu il tarixdə ünvan 5 ünvanında yerləşən mənzilin sökülməsi və yeni yaşayış binasının tikintisi həyata keçirilənədək, söküntüsü nəzərdə tutulmuş mənzilin əvəzinə 1 otaqlı təmirsiz 31 kv.m. mənzilin təhvil verilməsi barədə K/H-004 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı kirayə haqqından imtina etmişdir. Bundan başqa həmin müqavilənin 5.1-ci maddəsinin tələbinə əsasən, bu müqavilədən və ya onunla əlaqədar yaranan bütün mübahisələr tərəflər arasında danışıqların aparılması yolu ilə həll edilir. 5.2-ci maddəsinə əsasən, qarşılıqlı həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında həll edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının sözügedən müqavilənin cavabdeh tərəfindən ləğv edilməsi ilə bağlı gətirdiyi dəlillər əsassızdır. Digər tərəfdən məhkəmə hesab edir ki, iddiaçı fərdi yaşayış evinin əvəzsiz olaraq sökülməsi, kirayə xərcləri ilə əlaqədar vurulmuş maddi ziyan və s. tələblərini irəli sürməkdə haqlı olmamışdır. Belə ki, mübahisəli yaşayış sahəsi tərəflər arasında bağlanmış müqavilə əsasında sökülmüşdür. Həmin müqavilənin ləğvi ilə bağlı tərəflər arasında razılığın əldə olunmasına yaxud da ki məhkəmə qərarının olmasına dair, o cümlədən bəhs edilən müqavilənin etibarsız hesab edilməsinə dair sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, həmin müqavilə qüvvədədir, ləğv edilməyib, etibarsız hesab edilməmişdir. Məhkəmə iş üzrə sübutları bir-biri ilə əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “kompensasiyanın, kirayə xərclərinin” ödənilməsinə dair hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Bununla belə məhkəmə iddiaçıya izah edir ki, o, cavabdeh “xxxx” MMC-yə qarşı müqavilə öhdəliklərinin icra edilməsi tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququndan məhrum olmamışdır. Bundan başqa iddia ərizəsində iddiaçının keçirdiyi mənəvi zərərə görə 20000 manat məbləğində pulun “xxxx” MMC iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilir: “Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” x xxxxxx 2008ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində göstərilir: “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.” İddiaçı məhkəmə araşdırması zamanı bununla bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Bu səbəbdən də iddia tələbi iddiaçıya vurulmuş 20000 manat mənəvi ziyanın tutulması hissəsində də əsassızdır və təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia tələbi yuxarıda qeyd olunan hissələrdə təmin edilmədiyindən qalan hissədə iddia tələbinə prosessual qənaət prinsipi baxımından qiymət verməyi zəruri hesab etmir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçının dövlət büdcəsinə ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübut edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə qarşı “fərdi yaşayış evinin söküməsinə görə mənzillə təmin olunmaya, fərdi yaşayış evinin və onun yerləşdiyi torpağın əvəzin kompensasiyanın ödənilməsinə, müvəqqəti yaşayış üçün çəkilmiş kirayə xərclərinin və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-201/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-201/2021
01.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver