Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2045/2022 02.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “su axıtma nəticəsində mənzilə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilinə vurulan maddi zərərə görə 2000 (iki min), mənəvi zərərə görə isə 1000 (min) manat cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 74 saylı mənzil ona və bacısına məxsusdur. Bu Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2012-ci il tarixli reyestr nömrəsi **********63-05301-093017 Çıxarışla təsdiqlənir. Onlardan üst mərtəbədə yerləşən 80 saylı mənzildə Cavabdeh yaşayır. Artıq 10 ildən artıqdır ki, həmin mənzildən mütəmadi olaraq yaşadıqları mənzilin mətbəx, vanna otağı və tualet olan hissəsinə su axıdılır. Nəticədə mənzilin qeyd edilən sahəsində suvağın çatlaması və tökülməsi, kafelin aralanması və qopması baş vermişdir. Divarların çox hissəsində kərpiclər görünür. Dəhlizin divarı isə daima nəm və rütubətlidir, üzərində kif əmələ gəlmişdir. Divarların nəmliyi su qızdırıcısının (kolonkanın) işləməməsinə səbəb olduğuna görə məcbur olub sonuncunu yığışdırmışlar, bu da rütubətin daha da artmasına gətirib çıxarmış, yaşayış sahəsində antisanitariya yaratmışdır. Yaranmış vəziyyət iddiaçı və bacısının səhhətinə mənfi təsir göstərir və onlar tez-tez xəstələnirlər. Qonşu ilə münasibətləri korlamamaq xatirinə, dəfələrlə onunla bu məsələnin çözülməsi ilə əlaqədar söhbətlər aparmış, nöqsanların aradan qaldırılmasını ondan xahiş etmişlər. Lakin o, heç bir tədbir görməmişdir. Cavabdeh mənzilini kirayə verir, faktiki olaraq tərəflərin əsəbləri, sağlamlığı hesabına o, qazanc əldə edir. Bundan əlavə, mənzilə suyun axıdılması nəticəsində podyezdin divarı da nəm çəkmişdir. Bunu qonşular da görür və zərurət yaranarsa gəlib məhkəmədə təsdiqləyə bilərlər. Eyni zamanda qeyd edirəm ki, 10 ildən artıq müddətdə iddiaçı və bacısı stress vəziyyətdə yaşayırlar, su axıdılmasının aradan qaldırılması ilə əlaqədar cavabdehə saysız zənglər, MTK-ya dəfələrlə gedib-gəlişlər və bu səbəbdən yaşayış şəraitinin dözülməz həddə çatdırılması onların sağlamlığına da mənfi təsir etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin olunmasını, iddia tələbinin dəqiqləşdirməsi barədə yazılı ərizə yazmağa etiraz etdiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini, rədd olunmasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, qeyd olunan mənzil onun yox, anasının mülkiyyətindədir və buna görə də iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 29, 74 nömrəli mənzil xüsusi mülkiyyət hüququ kimi ½ hissədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 725 nömrəli reyestr kitabının 68019 nömrəli vərəqində xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 29, 80 nömrəli mənzil xüsusi mülkiyyət hüququ kimi X2 adına daşınmaz əmlakın dövlət reyestrində 2420 nömrəli reyestr kitabının 225197 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır; 13 saylı MTK tərəfindən vəkil sorğusuna cavab məktubuna əsasən Atatürk pr, ev 29, mənzil 74-də yaşayan İddiaçı tərəfindən 10 il müddət ərzində müraciətlər olunmuş, onlardan üst mərtəbədə yerləşən 80 №-li mənzildən evlərinə su axıdılması bildirilmişdir. Mənzil 74-ə baxış zamanı onların tualet və vanna sahələrinin su ilə islanması, tavanda yaranmış kif izləri, suvağın və kafellərin divardan qoparaq tökülməsi öz təsdiqini tapmışdır. Tərəflərə dəfələrlə müraciətlər olunmuş, buna baxmayaraq onlar qonşu tərəfindən edilən şikayətə məhəl qoymamış və bugünə kimi də həmin çatışmamazlığı qaydasına qoymaq üçün heç bir tədbir görməmişdir; xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən iddia qaldırmaq üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir.Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 29, 74 saylı mənzil ½ hissədə İddiaçı mülkiyyətindədir. İddiaçı cavabdeh tərəfindən mənzilinə suyun axıdıldığını və nəticədə ona maddi zərərə görə 2000 (iki min), mənəvi zərərə görə isə 1000 (min) manat məbləğində ziyanın vurulduğunu iddia edir və həmin məbləği cavabdehdən tələb edir. İddiaçının maddi və mənəvi zərər tələb etdikləri Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 29, 80 nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə X2 adına qeydiyyata alınmışdır. Məhkəmənin hazırlıq iclasında iddiaçıya cavabdehi əsil cavabdehlə əvəz etməsi təklif olunmuş, lakin iddiaçı buna razı olmamış, ərizəsini verilmiş tələb və tərəflərlə baxılmasını xahiş etmişdir. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülkiprosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaya cavab verməli şəxs olmadığından, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 51.3-cü maddəsinə əsasən, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Qeyd edilən Məcəllənin 54.2-ci maddəsinə əsasən, iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Bu o deməkdir ki, iddiaçı Cavabdeh qarşı tələb irəli sürülmədiyindən məhkəmə, tələbin yönəldiyi subyektin buna cavab verməli olub-olmadığı konteksində müvafiq qərar verməli, yaxud iddiaçının iradəsi olduğu təqdirdə cavabdehin əvəz olunması məsələsini həll edilməlidir. Hazırki mülki iş üzrə iddiaçının tələb etdiyi maddi zərər məbləğinin araşdırmağını zəruri hesab etmir. İddiaçının irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddianın təmin olunması mümkün deyildir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaya cavab verməli şəxs olmadığından, cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadığından, bununla da, işə irəli sürülmüş tələb üzrə baxıldığından, mövcud iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “su axıtma nəticəsində mənzilə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “su axıtma nəticəsində mənzilə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2045/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2045/2022
02.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver