Məhkəmə qərarları › İş №2(005)-2061/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2061/2021

30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2061/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızı, İddiaçı “İddiaçı Sığorta” Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı Sığorta” Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “BMW 525” markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 1080 AZN (min səksən) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat qırx qəpik) dövlət rüsumu, cəmi 1110.40 (Bir min yüz on manat qırx qəpik) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 09.01.2013cü il tarixdə idarə etdiyi Cavabdeh2 məxsus “VAZ 21074” markalı, ** MN *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən manevr etmə qaydasını pozaraq “BMW 525” markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq nəqliyyat vasitəsinə maddi zərər yetirmişdir.Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh1 nəqliyyat vasitəsinin etibarnaməsi olmadan idarə etmişdir.Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Bakı Şəhər BPİ DYPŞ-nin 09.01.20*3-01) il tarixli İnzibati tənbeh vermə haqqında qərarında əks olunmuşdur. Odur ki, İcbari sığortalar haqqında qanunun 25-ci maddəsinə əsasən Cavabdeh1 avtomobili sürməyə hüququ olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan tutulmalıdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən “BMW 525” markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilə 2180 manat ziyan dəymişdir.18 yanvar 2013-cü il tarixli, 168 saylı sığorta aktına əsasən, “İddiaçı" Sığorta Şirkəti “BMW 525" markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 1100 AZN borc məbləği ödənildiyi üçün qalan borc məbləği 1080 AZN təşkil edir. Göstərilənlərə əsasən hesab edirlər ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində “İddiaçı" sığorta şirkətinə dəymiş 1080 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: “İddiaçı Sığorta” Şirkəti ASC tərəfindən tərtib edilmiş 178/2013 nömrəli sığorta aktından və 21 yanvar 2013-cü il tarixli kassa məxaric ordeindən görünür ki, İddiaçı Sığorta Şirkəti sığortalıya 2180 (iki min yüz səksən manat) məbləğində sığorta ödənişini X1 nağd qaydada ödənilmişdir. DYPİ-nin AYP 470619 tarixli X4 Protokolundan görünür ki, X2 “BMW 525” markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu zərərə görə 80 manat məbləğində cərimə edilmişdir. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadiəsəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, zədələnmiş avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin 2180 (İki min yüz səksən manat) manat həcmində olması müəyyən edilmişdir. 05.02.2021-ci il tarixli Pretenziya məktublarındandan görünür ki, cavabdehlərə 10 iş günü ərzində vurulmuş ziyanı ödəmədikləri təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. 07 noyabr 2012-ci il tarixli nəqliyyat vasitəsinin idarə edilməsinə dair etibarnamədən görünür ki, Cavabdeh2 VAZ21074 minik markalı 10MN073 qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün Cavabdeh1 etibar etmişdir. Göründüyü kimi, Cavabdeh1 09.01.2013-cü il tarixdə idarə etdiyi Cavabdeh2 məxsus “VAZ 21074” markalı, ** MN *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən manevr etmə qaydasını pozaraq “BMW 525” markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq nəqliyyat vasitəsinə maddi zərər yetirmişdir. Həmçinin həmin yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh1 nəqliyyat vasitəsinin etibarnaməsi olmadan idarə etmişdir. 8 yanvar 2013-cü il tarixli, 168 saylı sığorta aktına əsasən, “İddiaçı" Sığorta Şirkəti “BMW 525" markalı ** LG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 1100 AZN borc məbləği ödənildiyi üçün qalan borc məbləği 1080 AZN təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ( iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunan Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuraıı tərəfindən tam həcmdə ödənilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30,40 manat dövlət rüsumunu cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1080 AZN (min səksən) manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat qırx qəpik) dövlət rüsumu, cəmi 1110.40 (bir min yüz on manat qırx qəpik) manat iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 1080 AZN (min səksən) manat sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat qırx qəpik) dövlət rüsumu, cəmi 1110.40 (bir min yüz on manat qırx qəpik) manat iddiaçı “İddiaçı Sığorta” Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar