Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2070/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, İmaməliyev Hüseyn Qeyrət oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qarajdan çıxarılma və qarajın təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qarajdan çıxarılma və qarajın təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanın həyətində yerləşən qarajdan çıxarılması və qarajın ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı alıcı qismində Bakı şəhəri 9 saylı dövlət notariat kontoruna müraciət edərək, 28 noyabr 1998-ci il tarixdə, 2M7-740 reyestr nömrəsi ilə təsdiq edilməklə alqı-satqı müqaviləsi bağlayaraq, satıcı X1 ona məxsus olan Bakı şəh, Nərimanov ray,Təbriz küç, ev 102 ünvanında yerləşən qarajı almışdır. Belə ki, ünvan 3 noyabr 1998-ci il tarixdə, 2M7- 740 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi yoxlandıqdan sonra dublikatının verilməsi barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətə baxılaraq bildirilmişdir ki, qeyd olunan müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. Buna əsasən, dublikatın üzərində müvafiq qeydiyyat aparılaraq və müqavilənin kserosurəti təqdim olunmuşdur. Qeyd olunur ki, ünvan 4 ünvanında yerləşən qarajı aldığı vaxtdan elə həmin ərazidə yerləşən mənzilidə yaşayır. Həmin qarajı aldığı vaxtdan yəni, 1998-ci ildən etibarən onun şəxsi sahiblik və istifadəsində olmuşdur, mütəmadi olaraq həmin sahədən istifadə etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda cavabdeh 21 aprel 2021-ci il tarixdə məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı öz ərizəsində qeyd edir ki, 28 noyabr 1998-ci ildə qeyd edilən ünvanda yerləşən qarajı alqı-satqı müqaviləsi əsasında əldə edərək, elə həmin vaxtdan da qarajdan mütəmadi olaraq istifadə etmişdir. Lakin iddiaçı tərəfindən vaxtılə onun mülkiyyətində və istifadəsində olan qarajın istər əvvəllər, istərsə də hal-hazırda onun istifadəsində olması, yaxud həmin qarajın onun tərəfindən zəbt edilməsi barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olduğu təqdirdə, iddiaçının ona qarşı hazırkı tələbini nə ilə izah etmək olar? Onu qeyd etmək istəyir ki, İddiaçı ilə artıq uzun illərdir ki, onların arasında müxtəlif məhkəmə mübahisələri mövcuddur və həmin mübahisələr bu gün də məhkəmə instansiyalarında davam edir. Belə ki, 16 avqust 2013-cü ildə İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 102 saylı binada yerləşən 40 saylı mənzili səlahiyyətli nümayəndəsinin vasitəsilə 120 000 manata ona satmış və həmin mənzilə dair mülkiyyət hüququ 06.11.2013-cü il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Bir müddətdən sonra məlum olmuşdur ki, İddiaçı ona satmış olduğu mənzili başqa şəxsə satmaq adı ilə digər şəxsdən də pul almışdır. Bu səbəbdən də qanuni yolla əldə etdiyi mənzilin alqı-satqısı mübahisələndirilmiş və işə bütün məhkəmə instansiyalarında baxılmaqla nəticə etibarilə onun haqlı olduğu təsdiq olunmuşdur. İddiaçı isə dələduzluq əməllərinə görə məhkum edilmiş və həbsdən azad edildikdən bir müddət sonra ona qarşı ev əşyaları ilə bağlı əmlak tələbi barədə başqa bir iddia qaldırmış və həmin iddia tələbi də onun özü tərəfindən ona satmış olduğu mənzildə saxladığı xırdapara əşyalar istisna olmaqla əsas iddia tələbi istər birinci, istərsə də apellyasiya instansiya məhkəməsində əsassız hesab edildiyi üçün təmin edilməmişdir.İddiaçı X2 ona qarşı qarajla bağlı hazırkı iddia tələbi ilə tanış olduqdan sonra həqiqətən vaxtilə iddiaçıya məxsus olan qarajla maraqlanmağa başladı və məlum oldu ki, həmin qaraj hal-hazırda da mövcuddur və yaxınlıqda - Yusifzadə küçəsi, 2 saylı evin 3-cü mənzilində yaşayan X3 istifadəsindədir. İddiaçı Vahid Əsgərov tərəfindən mübahisələndirilən qaraj Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 01.08.2019-cu il tarixli 188 №-li sərəncamı ilə Fərman Əzizovun adına sənədləşdirilmişdir. Həmin Sərəncamdan görünür ki, Təbriz küçəsindəki 102 saylı binanın qarşısında yerləşən və sahəsi 20 kvm olan daş qaraj uzun müddətdir ki, Fərman Əzizovun istifadəsindədir . Belə ki, 30 saylı MKİS-nin 09.07.2019-cu il tarixli 30/0948 №-li arayışına və tərtib etdiyi plan-sxema əsasən Fərman Əzizov uzun müddətdir ki, həmin qarajdan istifadə edir və istismar yığımı haqqını vaxtlı-vaxtında ödəyir. Onun tərəfindən, işin o halı da aydınlaşdırılmışdır ki, iddiaçı Vahid Əsgərov tərəfindən mübahisələndirilən qarajı Fərman Əzizov hal-hazırda icarəyə vermiş və qarajdan yaxınlıqda yerləşən şirniyyat mağazasının sexi kimi istifadə olunur. Mübahisələndirilən qarajın mənim tərəfimdən foto şəkilləri də çəkilmişdir. Hesab edir ki, etirazında şərh olunan işin faktiki halları iddiaçıda hər hansı bir şübhə doğurarsa, onun özünün iştirakı ilə mübahisəndirilən qaraja yerində baxış keçirilməklə bütün şübhələr aradan qaldırıla bilər. Yuxanda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı konkret halda qarajla bağlı mənə qarşı iddasının da heç bir əsası yoxdur və buna görə də iddianın rədd olunması barədə müvafiq qərar qəbul etmənizi xahiş edir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. Məhkəmə cavabdeh tərəfin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1600/2021 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli 2(005)- 31/2018 saylı qətnaməsi ilə İddiaçı məxsus olan və Cavabdeh mənzilində qonaq otağında olan 1 ədəd stol, 8 ədəd stul, 1 ədəd televizor altı (qısa komod), 1 ədəd güzgülü şkaf (böyük komod), 2 ədəd 4 gözlü şkaf, 1 ədəd şüşəli stol, yataq otağında olan mebel dəsti (1 ədəd şkaf, 1 ədəd yataq, 2 ədəd tumba, güzgülü termo), digər yataq otağında olan mebel dəsti (1 ədəd güzgülü şkaf, yataq, tumba, güzgülü termo), mətbəxtdə olan 1 ədəd şüşəli stol və 4 ədəd üzlüyü qara dəridən olan stulun Cavabdeh alınaraq İddiaçı qaytarılması, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi və ekspertiza tədqiqatının ümumi dəyərin təşkil edən 160 manat məbləğində pul vəsaitinin 80 manat hissəsinin İddiaçı, 80 manat hissəsinin isə Cavabdeh tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin qismən iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-31/2018 saylı iş üzrə 19 fevral 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 07 mart 2019-cu il tarixli Dövlət Notariat Arxivinin məktubundan görünür ki, Bakı şəhəri, 9 saylı dövlət notariat kontorunda 28 noyabr 1998-ci il tarixdə 2M7-740 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi yoxlanıldıqdan sonra dublikatının, həmçinin həmin müqavilənin kserosurətinin verilməsi barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətinizə baxılmışıdır. Bildiririk ki, qeyd olunan müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. İş materiallarında olan 01.08.2019-cu il tarixli Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Yusifzadə küçəsi 2 saylı evin 3-cü mənzilində yaşayan vətəndaş X5 ərizə ilə Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət edərək, Təbriz küçəsi 102 saylı binanın qarşısında yerləşən, uzun müddət istifadə etdiyi daş qarajın öz adına sənədləşdirilməsinə icazə verilməsini lxahiş etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən (30 saylı MKİS-nin 09.07.2019-cu uoil tarixli, 30/0948 nömrəli arayışı və tərtib etdiyi plan-sxem) müəyyən edilmişdir ki, Təbriz küçəsi 102 saylı binanın qarşısında həyətində yerləşən, sahəsi 20.,0 kv.m olan daş qarajdan vətəndaş F.Ə.Əzizov uzun müddətdir ki, istifadə edir və istismar yığımı haqqını vaxtıvaxtında ödəyir. Göstərilənlərə əsasən qərara alınmışdır ki, Təbriz küçəsi 102 saylı binanın qarşısında yerləşən sahəsi 20,0 kv metr olan daş qaraj vətəndaş F.Əzizovun adına sənədləşdirilsin. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 24.05.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanında İddiaçı və Cavabdeh adlarına 28 noyabr 1998-ci il tarixli, 2M7-740 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə satışı həyata keçirilmiş qarajın qeydiyyatdan keçməsinə və həmin ünvana dair texniki pasportun tərtib edilməsi ilə bağlı məlumat (sənəd) İdarədə aşkar edilməmişdir. 06.08.2021-ci il tarixli yerli baxış zamanı müəyyən edildi ki, ünvan 5 ünvanında yerləşən qaraja baxış keçirilərkən müəyyən olundu ki, həmin qaraj hal-hazırda un məmulatlarını istehsal edən müəssisə kimi fəaliyyət göstərir. Mübahisəli yer bir otaqdan ibarətdir. Giriş qapısı enli dəmirdən hazırlanmış qapıdan ibarətdir, içəri daxil olanda üzbəüz divarda balaca qapı görünür. İddiaçı qeyd edir ki, ona məxsus qarajın sahəsi daxil olduğumuz sahədən ibarət olmuşdur, arxadakı artırma əvvəllər mövcud olmayıb. Sexi işlədən şəxs yerli baxış keçirilən zaman bildirdi ki, obyekti Balaca adlı şəxsdən icarəyə götürmüşdür. Eyni zamanda, yerli baxışda iştirak edən 30 saylı MKİS-in texniki vəzifəsində çalışan N.Səfərəliyev qismində özünü təqdim edən şəxs bildirdi ki, bu qarajı o tikib və iddiaçının istifadəsində olub. Həmçinin, MKİS-in rəisi qismində özünü təqdim edən Tahir İsmayılov bildirdi ki, qarajın kimin mülkiyyətində olmasına dair onun məlumatı yoxdur, həmin qaraja dair sənədlər Baş İdarədə saxlanılır. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə mötəbər nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı “qarajdan çıxarılma və qarajın təhvil verilməsi” tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırılmalıdır. Beləliklə mülki işin materiallarında öz əksini tapan sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, 28 noyabr 1998-ci il tarixdə, 2M7-740 reyestr nömrəsi ilə qeydiyyata alınmış Bakı şəhəri 9 saylı dövlət notariat kontorunda alıcı İddiaçı ilə satıcı X4 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, satıcı ona məxsus olan ünvan 6 ünvanında yerləşən qarajı alıcıya satmışdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi üzrə İddiaçı Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Belə ki, qarajın təhvil verilməsi və qarajdan çıxarılma qaraja sahiblik və istifadə edən şəxsdən tələb edilməklə mübahisələndirilə bilərdi. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “qarajdan çıxarılma və qarajın təhvil verilməsi” tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Prosessual qanunvericiliyin tələblərinə əsasən əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçının isə məhkəməyə qeyd edilən əmlakların qiymətinin qat-qat yuxarı olmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə də bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olduğu təqdirdə isə İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi özlüyündə əsassız və qanunsuzdur. Məhkəmə qənaətə gələrkən, İddiaçı müvafiq subyektiv hüquqa malik olmamasını, onun subyektiv hüququnun pozulmamasının, cavabdehin bu pozuntunu etməməsini əsas götürmüşdür. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “qarajdan çıxarılma və qarajın təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “qarajdan çıxarılma və qarajın təhvil verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2070/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2070/2021
30.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver