Məhkəmə qərarları › İş №2(005)-2079/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2079/2021

30.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2079/2021 30.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Eldarzadə Şirazi Elxan oğlunun katibliyi İddiaçı və cavabdeh “xxxx”ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx”ASC -nə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx”ASC-nə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadisəsi zamanı “xxxx’* ASC-də sığorta olunmuş “xxxx” minik markalı ** PC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 3251 (üç min iki yüz əlli bir) manat məbləğində maddi zərərin, 30 manat dövlət rüsumunun və 30 manat avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün (ziyan aktı) ödənilmiş məbləğin və 10000 manat mənəvi zərər olmaqla ümumilikdə 13311 (on üç min üç yüz on bir) manat məbləğində pulun cavabdeh “xxxx" ASC dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 18 iyul 2020-ci il tarixdə “xxxx" MMC-nin mülkiyyətində olan “xxxx” minik maşınını Quba şəhəri ərazisində idarə edərkən yol nəqliyyat hadisəsi baş vermiş və barəmdə X4 İXP ******* saylı protokol tərtib edilməklə daha sonra İXM-nin 327.1 -ci maddəsinə əsasən ona inzibati tənbeh verilmişdir.Yol nəqliyyat hadisəsi zamanı idarə etdiyi “xxxx’' markalı ** PC *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi “xxxx" MMC ilə “xxxx" ASC arasında bağlanmış sığorta müqaviləsinə əsasən KASKO sığorta olunmuşdur. Müqaviləyə əsasən sığorta obyektinin dəyəri 11500 manat, sığorta məbləği 8600 manat olmaqla sığortalanmışdır.Yol nəqliyyat hadisəsi sonrasında avtomobilə dəymiş ziyanın təyin edilməsi üçün 28 iyul 2020-ci il tarixdə “xxxx" MMC avtotexniki təmir stansiyasında avtomobilə baxış keçirilmiş və avtomobilə dəymiş zərərin 3251 manat olduğu müəyyən edilmişdir. Vurulmuş zərərin ödənilməsi ilə bağlı dəfələrlə xxxx ASC-yə müraciət etməyinə baxmayaraq hər dəfə müxtəlif bəhanələr ilə sığorta ödənişinin verilməsindən imtina edilmiş, sonuncu dəfə şikayət etdikdən sonra isə avtomobili onların avtoservisində təmir etdirmədiyi üçün sığorta ödənişinin verilməsindən imtina edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh “xxxx”ASC-nin nümayəndəsi X3 iddia tələbi ilə razı olmadıqlarını bildirərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassızdır və aşağıdakı səbəblərə görə təmin edilməməlidir. İş materiallarında olan 07.10.2020-ci il tarixli “xxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, 18.07.2020-ci il tarixdə yol vərəqəsi ilə İddiaçı idarə etdiyi sığortalanmış avtomobil Quba şəhəri ərazisində hərəkət edərkən yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə sığortalı avtomobilə zərər dəymişdir. Lakin sığortalı avtomobil hadisədən sonra “xxxx” ASC-ə təqdim edilməmiş, 18.07.2020-ci il tarixdə Quba şəhəri əraisində ** PC *** dövlət qeydiyyat nişanlı, “xxxx” markalı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə sığorta ödənişinin verilməsi qeyri-mümkün hesab edilmişdir. İş materialarında olan TP ******* X5 Haqqında Qərardan görünür ki, İddiaçı oğu 18.07.2020-ci il tarixdə saat 17:00-da Quba şəhəri əraisində ** PC *** dövlət qeydiyyat nişanlı, “xxxx” markalı 99PC145 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozulması nəticəsində İddiaçı tərəfindən AR İCM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan AD N75056 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** PC *** dövlət qeydiyyat nişanlı, “xxxx” markalı avtomobili “Meqa Lizinq“MMC-nin mülkiyyətindədir. İş materiallarında olan nəqliyyat vasitəsinin kasko sığortası şəhadətnaməsindən görünür ki, ** PC *** dövlət qeydiyyat nişanlı, “xxxx” markalı avtomobili “xxxx”ASC tərəfindən 11.500 manat məbləğində sığortalanmışdır. İş materiallarında olan 28.07.2020-ci il tarixli ziyan aktından görünür ki, ** PC *** dövlət qeydiyyat nişanlı, “xxxx” markalı avtomobilə cəmi dəymiş ziyanın məbləği 3.251 manat təşkil edir. Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdeh tərəfindən kasko sığortası ilə iddiaçı tərəfində idarə edilən avtomobil yol qəzasına uğramış, avtomobilə dəymiş ziyanın müəyyən edilməsi üçün avtomobil sığorta şirkətinə təqdim edilməmiş, bu səbəbdən cavabdeh sığorta ödənişini etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. İcbari sığorta qanunvericiliyində və sığorta müqaviləsində sığorta hadisəsi barədə sığortaçıya xəbər vermənin ağlabatan müddəti və (və ya) üsulu nəzərdə tutula bilər. Həmin Məcəllənin 935.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda, habelə zərər dəymiş əmlakın ona təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5-ci maddəsinə riayət edilmədikdə sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Həmin Məcəllənin 925.5-ci maddəsinə əsasən əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadığı, sığortaçı sığorta hadisəsi barədə bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədiyi, digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduğu hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə Sığorta Qaydaları”nın 17.1-ci bəndinə əsasən sığortalı hadisədən xəbər tutduqdan sonra mümkün olan ən qısa müddət ərzində, lakin 24 saatdan gec olmamaq şərti ilə sığortaçıya və ya onun nümayəndəsinə hər hansı vasitə ilə xəbər verməlidir. Həmin Qaydaların 22.1.6-cı bəndinə əsasən bu qaydaların 22.2-ci bəndi nəzərə alınmaqla, sığortalının avtomobil, sığorta olunan və (və ya) sığorta hadisəsi barəsində sığortaçıya qəsdən yalnış məlumat verməsi nəticəsində sığortaçı sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və ( və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, sığorta ödənişinin edilməsinə imtina tərəflər arasında mvcud olan sığorta münasibətləri ilə nəzərdə tutulmuşdur, bu səbəbdən də əsaslı olmuşdur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə maddi ziyanın ödənilməsi hissəsində iddianı əsassız hesab edir və onun rədd edilməsi qənaətinə gəlir. Məhkəmə iddiaçının mənəvi ziyan tələbləri ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, hazırki işdə İddiaçı əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulmasını, eləcə də həmin pozuntu nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etmədiyindən 10000 manat mənəvi ziyana görə pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh “xxxx”ASC-nə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar