Məhkəmə qərarları › İş №2(005)-208/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-208/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-208/2022 07.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Şücahət oğlunun, Cavabdeh3 nümayəndəsi və vəkli Vəkil2 Rüfət oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 53 saylı Notariat Ofisinə, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xisməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdı̇ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 53 saylı Notariat Ofisinə, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xisməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh2 nümayəndəsi Cavabdeh3 arasında bağlanmış Bakı şəhəri 53 saylı Notariat Ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş ünvan 1al rayonu, Ələsgər Ələkbərov küməsi 565ci məhəllə, ev 5, mənzil ünvanında yerləşən mənzilə dair 06.04.2018-ci il tarixli, 40-318 №-li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti tərəfindən ünvan 2 ünvanında yerləşən mənzilə dair Cavabdeh2 adına verilmiş Seriya № ******* saylı, 09.04.2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reysterindən çıxarışın ləğv edilməsi və iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi və X7, Cavabdeh3 və Cavabdeh1 əməllərində AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tərkib əlamətləri olduğu üçün AR MPM-nin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad qəbul edilməsi və bu barədə Azərbaycan Respublikasının Baş Prokuroruna məlumat verilməsi xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 54,7 kv.m, yaşayış sahəsi 39,3 kv.m, yardımçı sahəsi 15,4 kv.m olan 2 ortatqlı mənzil 11.01.2011-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********23-05101-093026 reyester nömrəli, ********** qeydiyyat nömrəli dövlət reysterindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona, yəni İddiaçı məxsus olmuşdur. Cavabdeh1 onun bibisi oğludur və onunla münasibətləri çox yaxın olmuşdur. Belə ki, Fəxrəddini onun anası saxlamış, bir evdə yaşamış və qardaş kimi böyümüşlər. Qeyd ki, Cavabdeh1 hal-hazıradək onun anasına məxsus evdə qeydiyyatdadır. 2018-ci ildə bibisi oğlu Cavabdeh1 ona müraciət edərək borcu olduğunu, borcunu qaytarmadığı üçün borclu olduğu şəxslər tərəfindən sıxışdırıldığını bildirərək, borclu olduğu şəxslərə borcunun müqabilində girov kimi hər hansı bir daşınmaz əmlak qoymalı olduğunu ona bildirmiş və ondan kömək istəmişdir. Qeyd edir ki, bibisi oğlu Cavabdeh1 ilə birlikdə böyümüş və qardaş kimi olmuşlar. Onu yaxşı maddi imkana malik şəxs kimi tanımış və heç vaxt maddi problemlərinin olduğunu bilməmişdir. Bu səbəbdən onun düşdüyü vəziyyətə ürəyi ağrımış və ona kömək etmək üçün nə lazım olduğunu soruşmuşdur. Cavanşir ondan xahiş etmişdir ki, ünvan 4 ünvanında yerləşən evini həmin şəxslərə notarial müqavilə əsasında girov qoysun və ona 2-3 ay möhlət qazandırsın. Cavabdeh1 ona bildirmişdir ki, bu ölüm qalım məsələsidir. Əgər girov qoymasa onu öldürə bilərlər. O, Fəxrəddinlə razılaşmış və evini onun borcuna görə girov qoyacağını söz vermişdir. 06.04.2018-ci il tarixdə o, Bakı şəhəri 53 saylı Notarial Ofisinə getmişdir. O, Cavabdeh1 kimə borclu olduğunu bilməmişdir. Cavabdeh1 ona bildirmişdir ki, bu girov müqaviləsi müvəqqətidir, heç kimə onun evi lazım deyil, sadəcə olaraq qısa müddətdə pul tapıb borcunu ödəyəcək və onun evini girovdan azad edəcək. O, Fəxrəddinə inandığı üçün qəti onun dediyi sözə şübhə ilə yanaşmamışdır. 06.04.2018-ci il tarixdə notariat ofisində əvvəllər tanımadığı Fəxrəddinin borclu olduğu adam Cavabdeh2 nümayəndəsi kimi Cavabdeh3 görmüşdür. O, özü şəxsən Cavabdeh2 tanımamış və onun adını Cavabdeh1 öyrənmişdir. Fəxrəddin ona bildirmişdir ki, onun borclu olduğu adam Cavabdeh2dur. Girov müqaviləsi Cavabdeh2 ilə bağlanmalıdır. Cavabdeh3 notariat ofisində ona bildirmişdir ki, o Cavabdeh2 nümayəndəsidir və müqavilə bağlanmasında o Farizin adından iştirak edəcəkdir. O, notariusda girov müqaviləsi bağlamağa razılaşdığını və müqaviləyə qol çəkməyə hazır olduğunu demişdir. Lakin notariat kontorunda məlum olmuşdur ki, Cavabdeh2 nümayəndəsi Cavabdeh3 alqı-satqı müqaviləsinin bağlanmasını tələb edir. Bu halda o, dərhal alqı-satqı müqaviləsini bağlamaqdan imtina etmiş və notariat kontorundan çıxmışdır. Bu zaman Fəxrəddin arxasınca çıxmış və ona yalvarıb xahiş etmişdir ki, alqısatqı formal olaraq bağlanır, evi onun əlindən heç kim ala bilməz və qısa müddətə Cavabdeh2 olan borcunu verib müqaviləni ləğv etdirəcək. Fəxərddinin pis vəziyyətdə olduğunu başa düşmüş və yalvarışlarına görə ona demişdir ki, nə müqavilə olsa qol çəkəcək. Həmin gün Cavabdeh2 ilə onun arasında AN-İ № ******* saylı, 4Ə-318 reyester nömrəli 06 aprel 2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Ona məxsus evin dəyəri 60.000 manat yazılmış və o, müqaviləyə qol çəksə də, alqı-satqıya görə ona bir manat da pul çatmamışdır. Alqı-satqı müqaviləsinə görə ödənilmiş 60.000 manat pulu Cavabdeh2 nümayəndəsi götürmuş və onlar sağollaşıb ayrılmışlar. O, qarşı tərəfdən evə görə heç bir ödəniş tələb etməmiş və ona heç bir ödəniş edilməmişdir. O, Cavabdeh2 və onun nümayəndəsi Cavabdeh3 heç vaxt tanımamış və heç vaxt həmin şəxslərlə evinin satılması ilə bağllı danışıq aparmamış və həmin şəxslərə evini satmamışdır. Cavabdeh2 və Cavabdeh3 adlı şəxslərlə onunla arasında heç vaxt telefon danışığı olmamış, o, həmin şəxslərin telefonlarını da bilməmişdir. Bu hadisədən bir müddət sonra Cavabdeh1 ilə əlaqə saxlayaraq pulu nə vaxt ödəyəcəyini və evinə görə bağlanmış alqı-satqı müqaviləsini nə vaxt ləğv edəcəyini soruşmuşdur. Ona demişdir ki, həmin şəxslərin pulunun böyük qismini ödəyib və ondan narahat olmamağını, alqı-satqının formal olduğunu və tezliklə bu məsələni həll edəcəyini, həmin şəxslərin onun evində gözləri olmadığını bildirmişdir. Cavabdeh1 inanmışdır. Sonralar Cavabdeh1 ilə əlaqə saxladıqda o, eyni bəhanələrlə onu aldatmağa və yola verməyə başlamışdır. Bundan sonra isə telefonlarını söndürməyə və ondan qaçmağa başlamışdır. Alqı-satqıdan təxminən 1 il sonra Cavabdeh2 ona və həyat yoldaşı X17 qarşı evdən çıxarılmağı ilə bağlı ünvan 1al Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. O, dərhal Cavabdeh1 ilə görüşüb Bakı şəhər Yasamal Rayon Məhkəməsinə Cavabdeh2 ona qarşı mənzildən çıxarılma ilə bağlı iddia ərizəsi ilə müraciət etdiyini bildirmişdir. Cavabdeh1 ona narahat olmamağı və məhkəmə məsələsini ona həvalə etməyini və Cavabdeh2 pulunu ödəyəcəyini və məhkəmə işini həll edəcəyini bildirmişdir. O, növbəti dəfə Cavabdeh1 inanmışdır. Onun deməsinə görə Fəxrəddinin qaynanası X8 rəfiqəsi olan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X10 etibmamə vermişdir ki, onu məhkəmələrdə təmsil etsin. X18 ona bildirdi ki, heç bir məhkəmə prosessinə gəlməsin və bütün məsələləri o özü həll edəcək. Qeyd etmişdir ki, o, heç vaxt X10 vəkil kimi ona xidmət göstərməsi üçün pul ödəməmiş və onun məhkəmədə onu hansı qaydada təmsil etməsindən yazdığı etiraz, vəsatət, apellyasiya və kassasiya şikayətindən, verdiyi iddia ərizələrinin məzmunundan məlumatı olmamışdır. Belə ki, X10 zəng edərəkən onun telefonlarına cavab vermir, cavab verdikdə isə ona bildirmişdir ki, heç bir məsələyə qarışmasın. O özü Fəxrəddinlə danışıb həll edəcək. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 16.07.2019-cu il tarixli, 2(004)-2659/2019 saylı qətnaməsi ilə Cavabdeh2 iddia ərizəsi təmin edilərək, onunla, həyat yoldaşı X15 ünvan 4 ünvanında yerləşən mənzildən çıxarılmaqları qət edilmişdir. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.10.2019-cu il tarixli, 2(103)-12454/2019 saylı qətnaməsi ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.10.2019-cu il tarixli, 2(103)-12454/2019 saylı qətnaməsindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 01.02.2021-ci il tarixli, 2(102)-281/2021 saylı qərarı ilə təmin edilməmişdir. O, mülki iş üzrə məhkəmə baxışı davam edərkən heç bir qətnaməni oxumamış, sonradan mülki işlə bağlı qətnamələrə baxarkən məlum olmuşdur ki, Sima Yaqubova 1-ci instansiya məhkəməsində çıxışında, apellyasiya və kassasiya şikayətlərində alqı-satqı müqaviləsinin başqa əqdi pərdələmək məqsədi ilə bağlandığını bildirsə də Cavabdeh1 özünün yox guya Fəxrəddinin anası, bibisi X2 Cavabdeh2 30.000 manat pulu faizə götürdüyünü qeyd etmişdir. X36 qeyd etdiklərinin bir qismi həqiqətə uyğun olmamışdır. Belə ki, həqiqətən də ona məxsus ev digər bir əqdi Cavabdeh2 ilə Cavabdeh1 arasında olan borc məsələsinin pərdələmək məqsədi ilə bağlanmış əqd olmuşdur. Əslində ilə Cavabdeh1 onu aldadaraq öz borcuna görə ona məxsus evi Cavabdeh2 adına alqı-satqı edilməsinə razı salmışdır. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti tərəfindən ünvan 2 ünvanında yerləşən mənzilə dair Cavabdeh2 adma Seriya № ******* saylı, 09.04.2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reysterindən çıxarış verilmişdir. Bildirmişdir ki, ona məxsus olmuş ünvan 2 ünvanında yerləşən mənzilin bazar dəyəri 125.000 manat, likvid dəyəri isə 120.000 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş 29.07.2021-ci il tarixli daşınmaz əmlakın qiymətləndirlməsi barədə ƏEM/N 105-764/21 saylı hesabatda ünvan 2 ünvanında yerləşən mənzilin bazar dəyəri və likvid dəyəri qeyd edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 29.07.2021-ci il tarixli daşınmaz əmlakın qiymətləndirlməsi barədə ƏEM/N 105-764/21 saylı hesabatdan aydın olmuşdur ki, alqı-satqı müqaviləsi zamanı mənzilin dəyəri 2 dəfə azaldılmışdır və bu bir daha alqı-satqı müqavilələrinin etibarsızlığını sübut edən hallardan biridir. Mənzilin bazar dəyəri 120000 manat olsa da, alqı-satqı müqaviləsindən əqdin dəyəri 60000 manat qeyd olunub və bu fakt müqavilənin formal olaraq bağlandığını təsdiqləyir. O və xüsusilə həyat yoldaşı bu müqaviləni imzalamağa tərəddüd etsələr, Cavabdeh1 pis vəziyyətdə olduğunu və onun həmişə maddi imkanın yaxşı olduğunu, onun tezliklə borcunu ödəyəcəyinə və alqı-satqı müqaviləsinin formal olduğuna və tezliklə müqavilənin Fəxrəddin tərəfindən ləğv ediləcəyinə inandıqları üçün müqaviləyə qol çəkmiş və həyat yoldaşı evin satılmasına razılıq vermişdir. Həmçinin Cavabdeh1 Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində başqa dələduzluq cinayətləri üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə barəsində cinayət işi başlanmış və barəsində Binəqədi Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli, 4(001)-398/2021 saylı qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov tərəfindən təsdiq edildikdən sonra baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və hal-hazırda hakim Faiq Qəniyevin icraatındadır. Qeyd edir ki, Cavabdeh1 həbs edildiyi 27.04.2021-ci il tarixə qədər o, aldadılığını anlamamış və elə zənn etmişdir ki, Cavabdeh1 gec-tez Cavabdeh2 ilə arasındakı problemi həll edəcək və onun evi ilə bağlı Cavabdeh2la bağlanmış alqı-satqı müqaviləsi ləğv ediləcək. Lakin Cavabdeh1 həbs edildikdən sonra o, bibisi X11 və qaynanası X19 ilə əlaqə saxlamışdır. X11 və X19 həmişə ona demişlər ki, problemin nə olduğunu bilirlər və Cavabdeh2 olan Fəxrəddinin borcunu ödəyib mənzil məsələsini həll edəcəklər. Cavabdeh1 həbs edildikdən sonra X11 və X19 bir də onları narahat etməməyini demişlər. Bundan sonra o, aldadıldığını başa düşmüş və hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə etibarımdan suiistifadə edilərək ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ələ keçirilməsi və ona 120.000 manat dəyərində maddi ziyan vurulması epizodu üzrə Cavabdeh1 və Cavabdeh2 barələrində AR CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmasını xahiş etmişdir. Belə ki, onun ərizəsi aidiyyəti üzrə araşdırma aparılması üçün Yasamal RPİ-nin 27-ci polis bölməsinə göndərilmiş və ərizəsi əsasında 27-ci PB-də araşdırma aparılmış onun, X15, X23, X3, X4, X20, X21, X24, X16, X9, X22, X2, Cavabdeh2, Cavabdeh3 izahatları alınmışdır. Toplanmış materialdan görünür ki, Cavabdeh2 və Cavabdeh3 onu tanımamış, heç vaxt onunla əlaqələri olmamış və heç vaxt ünvan 2 ünvanında yerləşən mənzilə baxmamışlar. Cavabdeh2 öz izahatında mənzilə Cavabdeh3 baxdığını bildirsə də, sonuncu ümumiyyətlə bu barədə məlumatı olmadığını izahatında bildirmişdir. X15, X23, X3, X5, X20, X21, X24, X16, X9, X33 izahatlarında isə Bakı şəhər 53 saylı notariat ofisində bağlanmış alqı-satqı müqaviləsinin əslində Cavabdeh1 Cavabdeh2 olan borca görə bağlandığı və əslində müqavilə bağlanarkən İddiaçı aldadıldığı qeyd edilmişdir. X11 isə izahatında onun oğlu Cavaşirov Fəxrəddinin günahı olmadığını bütün günahların Cavabdeh2 və əlaltılarında olmasını qeyd etmişdir. Onun ərizəsi əsasında Yasamal RPİnin 27-ci polis bölməsində topalnmış material Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, ordan da AR DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarş Mübarizə İdarəsinə göndərilmişdir. Əldə etdiyi şifahi məlumata əsasən, bibisi oğlu Cavabdeh1 Cavabdeh2 aralarında ona məlum olmayan səbəblərdən qaynaqlanan borc-pul münasibəti olmuşdur. Qeyd olunan hallardan da göründüyü kimi, Cavabdeh1 və Cavabdeh2 əvvəldən əlbir hərəkət edərək onu aldatmış, ona məxsus əmlakı ələ keçirdərək 120.000 manat maddi ziyan vurmuşlar. Bundan başqa 2018-ci ildə də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində də Cavabdeh1 barəsində AR CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılmış, həmin cinayət işinin ibtidai istintaqı halhazırda davam etdirilir. İş materillarına əlavə etdiyi Yasamal RPİ-nin 27-ci PB-də şikayət ərizəsi əsasında toplanmış materialda olan şahidlərin izahatlarından görünür ki, Cavabdeh2 ilə aralarında Bakı şəhər 53 saylı notariat ofisində bağlanmış alqı-satqı müqavilələri digər əqdi pərdələmək məqsədi ilə bağlanmış yalan əqdir və bağlandığı andan etibarsızdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 dələduzluq yolu ilə onu aldadaraq mülkiyyətində olan mənzili dələduzluq yolu ilə ələ keçirmiş və ona 125.000 manat dəyərində maddi ziyan vurmuşdur. Bu səbədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.2-ci maddəsində göstərilmiş şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər müddəasının tətbiq edilməsi zərurəti yaranmışdır. Məhkəməyə təqdim edilmiş audio yazılardan və video görüntülərdən Cavabdeh2 ilə onun arasında AN-İ № ******* saylı, 4Ə-318 reyester nömrəli 06 aprel 2018-ci il tarixli alğı-satqı müqaviləsinin Cavabdeh1 borcuna görə bağlanması və ona həmin alqı-satqıya görə pul çatmadığı və onun Cavabdeh1 tərəfindən aldadıldığı aydın olmuşdur. Odur ki, İddiaçı ilə Cavabdeh2 nümayəndəsi Cavabdeh3 arasında bağlanmış Bakı şəhəri 53 saylı Notariat Ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş ünvan 4 ünvanında yerləşən mənzilə dair 06.04.2018-ci il tarixli, 4Ə-3İ8 №-li alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti tərəfindən ünvan 2 ünvanında yerləşən mənzilə dair Cavabdeh2 adına verilmiş Seriya № ******* saylı, 09.04.2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reysterindən çıxarışın ləğv edilməli və iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməli, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 əməllərində AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tərkib əlamətləri olduğu üçün AR MPM-nin 265.4- cü maddəsinə əsasən xüsusi qərardad qəbul edilməli və bu barədə Azərbaycan Respublikasının Baş Prokuroruna məlumat verilməsi zəruridir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Şücahət oğlu iddia ərizəsinin məzmununa uyğun izahat təqdim edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkli Vəkil2 Rüfət oğlu iddia tələbinin əsassız olduğunu bildirərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddia ərizəsinə etiraz verərək etirazında bildirmişdir ki, hazırkı iddia ərizəsi heç bir sübuta söykənmir. Belə ki, işdə olan notariat işindən də göründüyü kimi Cavabdeh2 mübahisə predmeti olan mənzili tam qanuna uyğun alqı-satqı edərək öz adına reyestrdən çıxarış almış və hal-hazırda onun mülkiyyətindədir. Cavabdeh2 həmin evi İddiaçı 06.04.2018-ci il tarixdə almış və 10 aprel 2018-ci il tarixdə çıxarış əldə etmişdir. İşdə olan qətnamələrdəndə göründüyü kimi iddiaçı və ailə üzvləri sonradan evi təhvil vermədiyindən iddia təmin olunmuş və həmin tələb üzrə icra şöbəsi tərəfindən iş icra olunaraq göstərilən mənzil Cavabdeh2 təhvil verilmişdir. İddiaçı onlara qarşı 2019-cu il tarixdə indi olduğu kimi ünvan 4 saylı ünvanda yerləşən mənzilə dair 06.04.2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və verilmiş çıxarışın ləğv olunması barədə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin heç bir məhkəmə iclaslarına gəlmədiklərdindən iş baxılmamış saxlanılmışdır. Üzərindən 2 ildən artıq müddət keçdikdən sonra İddiaçı yenidən həmin iddia tələbi ilə məhkəməyə müraciət etməsi iddianın qanunsuz və əsassız olduğunu, sadəcə olaraq tərəfləri incitmək və bezdirmək məqsədi daşıdığını göstərir. Göründüyü kimi İddiaçı verdiyi iddia boş ifadələrdən ibarətdir. Özünün hansısa şəxsi problemlərinə görə Cavabdeh2 satdığı evdən çıxmaq istəmir və belə əsassız iddialar verməklə məhkəmənin və tərəflərin vaxtını alır. İddiaçı iddia tələbinin işi uzatmaq məqsədi daşıması onunla sübuta yetirilir ki, alqı-satqıdan 3 ildən çox müddət keçməsinə baxmayaraq o bu barədə heç bir iddia qaldırmamış, lakin Cavabdeh2 evdən çıxarılma tələbi qoyduqdan sonra bu alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Buradan görünür ki, İddiaçı məqsədi Cavabdeh2 məhkəmələrdə süründürməkdir. İşdə olan notariat işindən də göründüyü kimi İddiaçı heç bir maneə olmadan müqaviləni imzalamış, alqı-satqı müqaviləsində fotoşəkillə bu təsdiq olunur. İddiaçının həyat yoldaşı (arvadı) Nuranə Babayeva ərizə verərək mənzilin satılmasına etirazının olmadığını da bildirmişdir. Notariat işindən də göründüyü kimi alqısatqı müqaviləsi tam qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Etibarsızlıqla bağlı heç bir əsas yoxdur. Cavabdeh1 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanıldığından məhkəmə iclasında iştirak etməmiş, eyni zamanda məhkəməyə yazılı izahat və etirazını bildirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər Cavabdeh2, Bakı şəhəri 53 saylı Notariat Ofisinə, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xisməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 2 İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə 11.01.2011-ci il tarixdə qeydiyyatdan keçmişdir. İddiaçı təərfindən 53 saylı notariat kontoruna ünvanlanmış ərizədən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 11.01.2011 tarixdə **********23-05101-093026 reyestr və ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzili satmaq istəyir. Bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulub-qoyulmaması barədə məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsini təmin edilməsini xahiş etmişdir. Reyestrdə 7E-5657 № ilə qeyd edilmiş X15 Bakı şəhəri 53 saylı notariat kontorunda təsdiqlənmiş 06.04.2018-ci il tarixli ərizəsindən görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. Bakı Nikah Evi tərəfindən verilmiş AZ-İ №-li 321521 saylı, 24.04.2007-ci il tarixli nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı ilə X26 24.04.2007-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanmasına dair akt qeydləri kitabında 986 saylı akt qeydi tərtib olunmuş, arvada Babayeva soyadı verilmişdir. “Satıcı” İddiaçı ilə “Alıcı” Cavabdeh2 əvəzinə Cavabdeh3 arasında 06.04.2018-ci il tarixdə bağlanmış alqı-satqısına dair müqavilədən görünür ki, "Satıcı" İddiaçı ünvan 2 ünvanında yerləşən mənzili 60000 (altmış min) manata Cavabdeh2 satmışdır. Reyestrdə 7E-5633 № ilə qeyd edilmiş, Bakı şəhəri 53 saylı notariat kontorunda 05.04.2018-ci il tarixdə təsdiqlənmiş “Etibar edən”-Cavabdeh2 tərəfindən “Etibar edilən”- Cavabdeh3 verilmiş etibarnamədən görünür ki, onun adına Azərbaycan Respublikasında istənilən Daşınmaz əmlakları almağı, buna dair bütün dövlət və qeyri-dövlət orqanlarında, bələdiyyələrdə, DƏDRX-də, Banklarda, Notariat kontorlarında, İcra Hakimiyyəti orqanlarında, Asan Xidmət Mərkəzlərində, Dövlət Sığorta Kommersiya Şirkətində, enerji qaz və su təchizatı orqanlarında təmsil etməyi, adından istənilən sənədləri, arayışları verməyi, almağı, alqı-satqı və digər müqavilələri bağlamağı, müqaviləni ləğv etməyi, pulu qoymağı, çeki verməyi, almağı müqaviləni təhvil verməyi, Reyestrdən Çıxarışı, tex pasportu, kadastr planını və digər sənədləri almağı, buna dair istənilən sənədləşdirilmələri, əməliyyatları aparmağı, adımdan imza etməyi, ərizə verməyi, rüsum ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olaraq digər hərəkətləri etmək etibar edilmişdir. Etibarnamə 1 il müddətinə verilmiş, 05.04.2019-cu il tarixədək qüvvədədir. "xxxx" MMC-nin 29.07.2021-ci il tarixli, ƏEM-105-764/21 №-li hesabatından görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin bazar dəyəri 125000 manat, likvid dəyəri 120000 manat təşkil edir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-398/2021 saylı, 27.04.2021-ci il tarixli qərarından görünür ki, vəsatət təmin edilərək, xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, fərdi sahibkarlıqla məşğul olan, ünvan 8 ünvanında qeydiyyatda olmaqla yaşayan təqsirləndirilən şəxs Cavabdeh1 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilməsi, həbsetmənin əvvəlinin 26.04.2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Baxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı X25 27.09.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı zərəçəkmiş şəxs qismində tanınmışdır. ünvan 1al Rayon Məhkəməsinin 16.07.2019-cu il tarixli, 2(004)-2659/2019 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, İddiaçı və X15 (yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə) ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 54,7 kv.m olan 2 otaqlı mənzildən çıxarılması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 08.10.2019-cu il tarixli, 2(103)-12454/2019 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apelyasiya şikayət təmin edilməmiş, ünvan 1al Rayon Məhkəməsinin 16.07.2019-cu il tarixli, 2(004)-2659/2019 saylı qətnaməsi cavabdeh İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 01.02.2021-ci il tarixli, 2(102)- 281/2021 saylı qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin MK-nın 08.10.2019-cu il tarixli, 2(103)- 12454/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yasamal RPİ-nin 27-ci PB-də Cavabdeh2 tərəfindən verilmiş izahatdan görünür ki, “... evin satışı barədə tanışı Murad məlumat vermiş, evin yeri və qiyməti sərfəli olduğundan Murada etibarnamə verərək evi almışdır. Ev almamışdan qabaq həmin evdə olmamışdır”. Məhkəmə iclasında ifadə vermiş şahid X27 ifadəsində bildirmişdir ki, evin Cavabdeh1 satılması barədə məhkəmə qətnaməsi əsasında evdən çıxarılarkən məlumatı olmuşdur. Belə ki, həmin vaxta qədər bu müqavilənin formaq olaraq bağlandığına inanmışdır. Bundan əlavə müqavilədə alıcı kimi göstərilmiş Cavabdeh1 və onun etibarnamə üzrə nümayəndəsi Cavabdeh3 heç vaxt gəlib evə baxmamış, evlə maraqlanmamışlar. Bu da onu və əri İddiaçı müqavilənin formallığına inandırmışdır. Məhkəmə iclasında ifadə vermiş şahid X34 ifadəsində bildirmişdir ki, X6 bibisidir. Nurəngizin əri Qafar ona məxsus olan və yaşadıqları evi bibisi oğlu Cavabdeh1 borcuna görə girova qoymağa razılaşmışdır. Daha sonra alqı-satqı müqaviləsi bağlanarkən Qafar müqaviləni bağlamaqdan imtina etsə də, Fəxrəddin onu inandırmışdır ki, müqavilə formal xarakter daşıyır. Qısa müddətdə borcunu ödəyib müqaviləni ləğv elətdirəcək. Məhkəmə iclasında ifadə vermiş şahid X37 ifadəsində bildirmişdir ki, iddiaçı onun kürəkənidir. Belə ki, Qafarın bibisi oğlu Fəxrəddin Qafara müraciət edərək borcu olduğunu və borclu olduğu şəxslər tərəfindən sıxışdırıldığını bildirmişdir. Bu səbəbdən xahiş etmişdir ki, mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzili girov qoyaraq ona borcunu ödəməsi üçün bir neçə aylıq vaxt qazandırsın. Notariusda girov müqaviləsi əvəzinə alqısatqı müqaviləsi bağlanarkən Qafar ilk başda etiraz etmiş, lakin Fəxrəddin onu müqavilənin formallığına inandıra bilmişdir. Məhkəmə iclasında ifadə vermiş şahid X12 ifadəsində bildirmişdir ki, iddiaçı onun kürəkənidir. Belə ki, Qafar, bibisi oğlu Fəxrəddinin borcuna görə evini girova qoymağa razı olmuş, Fəxrəddin onu qısa müddətdə borcunu ödəyib evi girovdan çıxaracağına inandırmışdır. Daha sonra Notariusda girov müqaviləsi əvəzinə alqı-satqı müqaviləsi bağlanarkən Qafar ilk başda etiraz etmiş, lakin Fəxrəddin onu müqavilənin formallığına inandıra bilmişdir. Heç kimin onun evini əlindən almaq niyyəti olmadığını demiş, borcunu ödəyən kimi alqı-satqı müqaviləsinin ləğv ediləcəyini demişdir. Məhkəmə iclasında ifadəsi alınmış şahidlər X27, X34, X37 və X1 RPİ-nin 27-ci PBdə eyni məzmunlu izahatlar vermişlər. Məhkəmə tərəflər arasında yaranmış hazırkı mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlk növbədə işin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 1al rayonu, Ələsgər Ələkbərov küçəsi 565-ci məhəllə, ev 5, mənzil 4 ünvanında yerləşən mənzil 11.01.2011-ci il tarixdən hazırkı iş üzrə İddiaçı mülkiyyətində olmuşdur və o, ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamışdır. İş üzrə Cavabdeh1 isə onun qohumu, bibisi oğludur. Tərəflər arasında mübahisənin yaranmasına əsas olan hal ondan ibarətdir ki, Cavabdeh1, iş üzrə İddiaçı ona məxsus yuxarıda qeyd edilən mənzili öz borc öhdəliklərinin təminatı üçün girov qoymağa razılıq verməsini və bununla ona bir neçə aylıq vaxt qazanmağa kömək olmasını xahiş etmişdir. Həmçinin İddiaçı çox pis vəziyyətdə olduğunu və borclu olduğu şəxslər tərəfindən sıxışdırıldığını bildirmişdir. Nəticədə İddiaçı aralarındakı qohumluq münasibətlərini, həmçinin Cavabdeh1 borcunu qısa müddətdə ödəyəcəyi vədlərinə inanaraq razılıq vermişdir. Notariat kontorunda olan zaman ona məlum olmuşdur ki, girov müqaviləsi əvəzinə alqı-satqı müqaviləsi bağlanacaq. İlk olaraq İddiaçı alqı-satqı müqaviləsini bağlamağa razılıq verməsə də, sonradan Cavabdeh1 ona müqavilənin formal xarakter daşıdığını izah etmiş və heç kimin onun evini əlindən almayacağını bildirmişdir. Beləliklə, İddiaçı müqaviləni imzalamağa razılaşmış və onunla Cavabdeh2 adından Cavabdeh3 arasında 06.04.2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Daha sonra İddiaçı məhkəmə qətnaməsi ilə ailə üzvləri ilə birlikdə ünvan 10 ünvanında yerləşən mənzildən çıxarılarkən Cavabdeh1 tərəfindən aldadıldığını, artıq evin onun mülkiyyətinə qaytarılması üçün Cavabdeh1 hər hansı bir cəhd etməyəcəyini başa düşmüşdür. Məhkəmə alqı-satqı müqaviləsinin etibarsızlığına dair mübahisəyə ilkin olaraq münasibət bildirməyi zəruri hesab edərək, tərəfindən mülki işin halları və toplanmış sübutlar nəzərdən keçirilərkən İddiaçı ilə Cavabdeh2 nümayəndəsi Cavabdeh3 arasında bağlanmış ünvan 4 ünvanında yerləşən mənzilə dair 06.04.2018-ci il tarixli, 40-318 №-li alqı-satqı müqaviləsinin etibarsızlığına əsas olacaq bir sıra halları müəyyən etmişdir. Belə ki, alqı-satqı müqaviləsi bağlanarkən, onu bağlayan tərəflər arasında alqı-satqı müqaviləsinin predmetini təşkil edən əmlak müəyyən olmalı, həmçinin əmlakın dəyəri müqavilədə göstərilməlidir. Hazırda etibarsızlığı mübahisələndirilən müqavilə üzrə isə məhkəmə qeyd edə bilər ki, İddiaçı ilə alıcı Cavabdeh2, həmçinin onun adından müqaviləni imzalayan Cavabdeh3 arasında əvvəlcədən tanışlıq olmamış, müqavilə imzalandığı gün İddiaçı Cavabdeh3 yalnız bir dəfə görmüş, onlar arasında mənzilə dair hər-hansı müzakirə olmamışdır. Eyni zamanda müqavilə bağlanmazdan əvvəl alıcı və ya onun nümayəndəsi tərəfindən mənzilə real olaraq baxılmamış, onun şəraiti və digər halları ilə maraqlanılmamışdır. Qeyd edilən hal məhkəmə iclasında dinlənilmiş şahid ifadələri, həmçinin Cavabdeh2 Yasamal Rayon Polis İdarəsinin 27-ci PB-də verdiyi izahatı ilə də öz təsdiqini tapmışdır. O vermiş olduğu izahatda- evi almazdan əvvəl həmin evdə olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, alıcı tərəfindən müqavilə bağlanmazdan əvvəl evə real olaraq baxılmaması, alıcının əldə edəcəyi mənzillə maraqlanmaması özlüyündə müqavilənin formal olaraq bağlandığı qənaətinə gəlməyə imkan verir. Həmçinin müqavilə bağlanarkən alqı-satqı müqaviləsində əmlakın dəyəri 60000 manat göstərilmişdir. Mülki iş materiallarında olan "xxxx" MMC-nin 29.07.2021-ci il tarixli, ƏEM-105-764/21 №-li hesabatı ilə isə ünvan 2 ünvanında yerləşən mənzilin bazar dəyəri 125000 manat, likvid dəyəri 120000 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, 3 il ərzində əmlakın bazar dəyərində 2 dəfəyə qədər böyük fərqin yaranması ağlabatan deyil və əmlakın dəyərinin müqavilədə 2 dəfəyə qədər aşağı göstərilməsi alqı-satqı müqaviləsinin formallığını sübuta yetirən hallardan biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Qanunun mənasına görə alqı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqddir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alqı-satqı müqaviləsi vasitəsilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Satıcının əşyanı alıcıya verməsi müqavilənin icrasına yönələn hərəkətdir. Alqı-satqı müqaviləsində tərəflərin hüquq və vəzifələri müqavilənin məzmununu əmələ gətirir. “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 aprel 2015-ci il tarixli qərarında qeyd olunur ki, “Məhkəmə mübahisəsi üzrə tərəflərin təqdim etdikləri sənədlərin sübut növü kimi qəbul edilməsi və qiymətləndirilməsi formal xarakter daşımamalı, Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrində öz əksini tapan sübutların qiymətləndirilməsi baxımından əks tərəfin irəli sürdüyü dəlillərlə birlikdə tam, düzgün və hərtərəfli araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflər özlərinin mənafeyinə uyğun dəlillər təqdim etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə, müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342, 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır. Göstərilən prinsip Mülki Məcəllənin 390.5-ci maddəsində təsbit olunmuşdur. Mülki Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər.” Hər hansı əqdin etibarlılığı üçün isə, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. Məhkəmə göstərilən hüquq normalarını əsas tutaraq hazırkı iş üzrə bildirir ki, İddiaçı ilə Cavabdeh2 nümayəndəsi Cavabdeh3 arasında ünvan 4 ünvanında yerləşən mənzilə dair 06.04.2018-ci il tarixli, 40-318 №-li alqı-satqı müqaviləsi bağlanarkən İddiaçı həmin müqaviləni bağlamağa real iradə ifadəsi olmamışdır. Belə ki, alqı-satqı işinin materiallarından görünür ki, tərəflər arasında bağlanmış müqavilə şəxsən İddiaçı özü tərəfindən imzalanmış, həmçinin onun həyat yoldaşı X15 mənzilin satılmasına dair razılıq ərizəsi alınmışdır. Lakin buna baxmayaraq qeyd edilən müqavilə bağlanarkən İddiaçı müqavilənin formal xarakter daşıdığını zənn etmiş, müqavilənin bibisi oğlu Cavabdeh1 borc öhdəliklərinə görə başqa əqdi pərdələmək məqsədilə bağlandığını hesab etmişdir. Belə ki, iddiaçının həqiqi mənada əmlakını satmaq niyyəti olmamışdır. Qeyd edilən hal məhkəmə iclasında verilmiş şahid ifadələri, həmçinin iş materiallarına əlavə edilmiş Yasamal RPİ-nin 27-ci PB-də İddiaçı şikayət ərizəsi əsasında toplanmış materialda olan şahidlərin izhatları ilə də təsdiqini tapmışdır. Belə ki, Cavabdeh1 öz qohumu İddiaçı etibarından sui istifadə edərək, onu aldatmaqla sonuncuya məxsus olan əmlakı ələ keçirmiş və iddiaçıya maddi ziyan vurmuşdur. İş materiallarında olan qərarlarla da sübut edilir ki, Cavabdeh1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə cinayət işi başlanmış və qeyd edilən cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Göründüyü kimi mübahisələndirilən müqavilə aldatma yolu ilə bağlandığı və görünüş xarakterli olduğu üçün iddiaçının həmin predmeti satmaq arzusu və iradəsinin olması istisna edilir. Belə olan halda, iddiaçının sonradan müqaviləni təsdiq etməsi də hüquqi baxımdan heç bir əhəmiyyət kəsb edə bilməz. Nəzərə alınmalıdır ki, hüquq sistemi, əqdlərdə qurucu ünsürlərlə yanaşı digər bəzi ünsürlərin də mövcud olmasını nəzərdə tuta bilər. Bu ünsürlər, əqdin bağlanmasını deyil, bağlanmış əqdin hüquqi nəticə doğurmasını təmin edir. Bu mənada həmin (tamamlayıcı) ünsürlər əqdin qurucu ünsürü kimi çıxış etmir; sadəcə olaraq, bağlanmış əqdin arzulanan hüquqi nəticəni meydana gətirməsi əqdin məhz bu ünsür vasitəsilə tamamlanmasından asılıdır. Mübahisələndirilən müqavilə baxımından isə qurucu ünsür olan iradə ifadəsi ümumiyyətlə mövcud olmamış, dolayısıyla da həmin əqd əslində bağlanmamışdır. Bu mənada, bağlanmamış bir əqdin sonradan bəyənmə ilə etibarlı hala gətirilməsi, sadəcə olaraq mümkün deyildir. Mülki Məcəllənin 324.1-ci maddəsində əqdə verilmiş anlayışa (“Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir”) əsasən, əqdin əmələ gəlməsinin (bağlanmasının) 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır və qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyildir (bağlanmamışdır); əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır. Əqdin mövcud olmaması və etibarsızlığının fərqləndirilməsinin praktiki əhəmiyyəti vardır; əvvəla, etibarlılıq və ya etibarsızlıq müqavilə (əqd) bağlandıqdan sonra müzakirə predmeti ola bilər; ikincisi isə, mübahisə edilən əqdin etibarsız sayılması və ya əhəmiyyətsiz əqdin nəticələrinin tətbiqinə dair iddianın irəli sürülməsi üçün müddət nəzərdə tutulduğu halda, mövcud olmayan əqd baxımından hər hansı müddətin mövcudluğundan söhbət gedə bilməz. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə qeyd edr ki, İddiaçı 06.04.2018-ci il tarixdə alqı-satqı müqaviləsini bağlamış olsa da, müqavilənin formal xarakter daşımadığını, məhkəmə qətnaməsinin icrası zamanı, yəni evdən çıxarılarkən bilmişdir.. İddiaçı və ailə üzvlərinin ünvan 1al rayonu, Ələsgər Ələkbərov küməsi 565-ci məhəllə, ev 5,mənzil ünvanında yerləşən mənzildən çıxarılması tələbi üzrə sonuncu məhkəmə iclası 01.02.2021-ci il tarixdə keçirilmiş, iddiaçı isə hazırkı iddia tələbi ilə məhkəməyə 23.08.2021-ci il tarixdə müraciət etmiş, 1 illik iddia müddətini ötürməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia müddətinin tətbiq edilməsinə dair əsassızdır. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə acmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. - Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlər in geri qaytarılması tələblərinə tətbiq edilir; - bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Mülki Məcəllənin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir; Beləliklə məhkəmədə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təmin edilməli, İddiaçı ilə Cavabdeh2 nümayəndəsi Cavabdeh3 arasında bağlanmış Bakı şəhəri 53 saylı Notariat Ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş ünvan 1al rayonu, Ələsgər Ələkbərov küməsi 565-ci məhəllə, ev 5,mənzil ünvanında yerləşən mənzilə dair 06.04.2018-ci il tarixli, 40-318 №-li alqı-satqı müqavilə etibarsız hesab edilməli və qeyd edilən mənzilə dair Cavabdeh2 adına verilmiş Seriya № ******* saylı, 09.04.2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reysterindən çıxarış ləğv edilməlidir. Məhkəmə eyni zamanda, iddiaçının mülki iş üzrə cinayətin əlamətləri aşkara çıxarıldığından xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə vəsatətinə dair qeyd edir ki, cavabdehlərin əməlində cinayətin əlamətlərinin olub-olmaması hazırda davam edən cinayət işi üzrə araşdırıldığından həmin vəsatət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddia ərizəsi təmin edildiyindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdı̇ İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh2 nümayəndəsi Cavabdeh3 arasında bağlanmış Bakı şəhəri 53 saylı Notariat Ofisinin xüsusi notariusu X14 tərəfindən təsdiq edilmiş ünvan 1al rayonu, Ələsgər Ələkbərov küçəsi, 565-ci məhəllə, ev 5, mənzil 4 ünvanında yerləşən mənzilə dair 06.04.2018-ci il tarixli, 40-318 №-li alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və qeyd edilən mənzilə dair Cavabdeh2 adına verilmiş Seriya № ******* saylı, 09.04.2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reysterindən çıxarış ləğv edilsin. İddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu iddia ərizəsi təmin edildiyindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar