Məhkəmə qərarları › İş №e-2(005)-625/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-625/2022

25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-625/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçının vəkili Vəkil1 iştirakı ilə, İddiaçının cavabdehlər Cavabdeh2 və X5 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və X5 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 adından X11 və Cavabdeh2 arasında 9 saylı Notariat Ofisində bağlanmış Bakı şəhəri, Məsud Əlizadə küçəsi 29 saylı evinin 1/2 hissəsinin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X7 22.03.2011-ci il tarixində Aşqabad şəhərində vəfat etmişdir. Ölüm barədə 25.03.2011-ci il tarixində 264 saylı qeydiyyat nömrəsi ilə Aşqabad şəhərinin Kopetdağ rayonunun VVAQ İdarəsi tərəfindən qeydiyyat aparılmışdır. 21.08.2013-cü il tarixində Bakı şəhəri 13 saylı dövlət notariat ofisində X7 barəsində 134 saylı vərəsəlik işi açılmışdır. Eyni tarixdə ölmüş şəxs X3 yeganə qanun üzrə vərəsəsi qismində 219 saylı reyestr nömrəsi ilə qeydiyyata alınmış şəhadətnaməyə əsasən tanınmışdır. X2 mülkiyyətində 07.03.1997-ci il tarixində alınmış, ünvan 1 ünvanı mövcud idi. Lakin, həmin əmlakın 1/2 hissəsinin hazırda Cavabdeh2 mülkiyyətində olması, həmin hissənin X7 tərəfindən satılması bildirilmişdir. Məsələnin araşdırılması üçün 16.11.2021-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına və Bakı şəhəri 9 saylı Notariat Ofisinə müvafiq Vəkil Sorğuları göndərilmiş, 19.11.2021-ci il və 22.11.2021-ci il tarixlərində cavablandırılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanı cavab məktubunda qeyd etmişdir ki, ünvan 1 ünvanının X3 mülkiyyətində olan 1/2 hissəsi 9 saylı Dövlət Notariat Kontorunun 4ə-l/105 reyestr nömrəli, 27.01.2014-cü il tarixli alğı- satqı müqaviləsi əsasında Cavabdeh2 adına qeydə alınmışdır. Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən Vəkil sorğusuna cavab verilmiş, 27.01.2014-cü il tarixində X7 ilə Cavabdeh2 arasında bağlanmış alğı-satqı müqaviləsi və ona aid olan sənədlərlə birgə notariat işi əlavə olunaraq göndərilmişdir. Sənədlər təqdim olunduqdan sonra məlum olmuşdur ki, alğı-satqı müqaviləsində satıcı qismində həmin tarixdə artıq 3 il əvvəl vəfat etmiş X2 adından etibarnamə əsasında X11 çıxış etmişdir. Göründüyü kimi, ölmüş şəxsin adından etibarnamə əsasında saxta alğı-satqı müqavilə bağlanmış, kobud şəkildə hüquqları pozulmuşdur. Bundan başqa 21.08.2013-ci ildə Vərəsəlik işinin açılmasına, onun reyestrdə qeydiyyata alınmasına baxmayaraq, alğı-satqı müqaviləsinin hansı üsullarla aparılması məlum deyildir. Məhkəmə iclasında iştirak edən İddiaçının vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda Cavabdeh2 17.05.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, İddiaçının hazırki iddia tələbinin, etibarsız əqdlər üzrə qanunla müəyyən edilmiş mübahisəlndirmə müddətinin ötürülməsi səbəbindən rədd edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, hazırki mülki işə əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Məsud Əlizadə küçəsi, 29 saylı evin digər ½ hissəsini mübahisələndirən İddiaçı hazırda mübahisələndirilən hissəinin Cavabdeh2 mülkiyyətində olmasından xəbərdar olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının vəkilinin izahatını dinləyib, təqdim etdikləri materialları iş üzrə təqdim edilmiş digər sübutlarla birlikdə araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında şahid X19 ifadə verərək bildirdi ki, alqı-satqı müqaviləsi bağlanılan zaman İddiaçı X3 ölmüş olduğunu bilmirdi. Belə ki, iş materiallarında olan; 16.11.2021-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Femida” vəkil bürosuna ünvanlanmış cavab məktubundan müəyyən olunur ki, ünvan 1 ünvanı 22 saylı DNK-nın 3ma-22 reyestr nömrəli, 07.03.1997ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 adına qeydiyyata alınmışdır. Nəsimi Rayon Məhkəməsinin 2(006)-442/2013 saylı qiyabi qətnaməsinə əsasən 22 saylı DNK-nın 3ma- 22 reyestr nömrəli, 07.03.1997-ci il tarixli alqı-satqı müqaviləsi ləğv edilərək sözügedən evin 1/2 hissəsi üzərində X3 mülkiyyət hüquqları ləğv edilmiş və həmin 1/2 hissə üzərində X8 mülkiyyət hüquqları qeydə alınmışdır. 43 saylı DNK-nın 4Ə/2-449 reyestr nömrəli, 18.09.2013-cü il tarixli bağışlama müqaviləsinə əsasən X8 mülkiyyətində olan hissə “X21” ictimai birliyinin adına rəsmiləşdirilmişdir. X3 mülkiyyətində olan 1/2 hissə isə 9 saylı DNKnın 4ə- 1/105 reyestr nömrəli, 27.01.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına qeydə alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7411/2018 saylı, 14.08.2018-ci il tarixli icra vərəqəsinə əsasən X8 adına verilmiş RX seriyalı ******* nömrəli, 21.08.2013-cü il tarixli və "X21" ictimai birliyinin adına verilmiş RX seriyalı ******* nömrəli, 24-09.2013-cü il tarixli reyestrdən çıxarışlar 06.05.2019-cu il tarixində ləğv edilmişdir və sözügedən 1/2 hissə X3 adına qeydiyyata alınmışdır. 13 saylı NK-nın 2V-113 reyestr nömrəli, 24.10.2019-cu il tarixli, “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında qeyd olunan fərdi evin 1/2 hissəsi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı ilə X17 arasında bağlanmış 14 saylı NO-nun 4ə 1095 reyestr nömrəli, 13.12.2019cu il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mülk sonuncunun adına qeydiyyata alınmışdır. 9 saylı NO-nun 4ə 276 reyestr nömrəli, 14.03.2020-ci il tarixli alqı-satqı müqaviləsinin imzalanması ilə X12 mülkiyyətində olan 1/2 hissə-31,5 kv.m X4 mülkiyyətinə keçmişdir. ünvan 1 ünvanı tam mülkiyyət hüququ üzrə hazırda Cavabdeh2 məxsusdur. 18.03.2008-ci il tarixli ƏN-İ seriaylı, 120693 nömrəli etibarnamədən müəyyən olunur ki, X7 onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı X9 etibar etmişdir. Etibarnamədə sələhiyyətlərin başqa şəxsə verilə bilməsi nəzərdə tutulmuş və etibarnamə 18.03.2028-ci ilədək qüvvədə olmaqla verilmişdir. Aşqabad şəhərinin Kopetdağ rayonunun VVAQ İdarəsi tərəfindən verilmiş 26.03.2011-ci il tarixli ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X7 22.03.2011ci il tarixdə Türkmənistan Respublikasının Aşqabad şəhərində ölmüş və bu barədə 25.03.2011-ci il tarixdə 264 qeydiyyat nömrəsi ilə qeydiyyat aparılmışdır. 27.01.2014-cü il tarixli AN-İ seriyalı, 04077395 saylı alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X3 adından onun etibarnamə üzrə nümayəndəsi X11 ünvan 1 ünvanında yerləşən və 27.4 kv.m yaşayış sahəsi, 63 kv.m ümumi sahəsindən ibarət iki otaqlı fərdi yaşayış evindən ona məxsus olan ½ hissəsini tam şəkildə “Alıcı” Cavabdeh2 satmışdır. “Elektron notariat” X1 çıxarışdan müəyyən olunur ki, X3 ölümü ilə bağlı 21.08.2013cü il tarixdə vərəsəlik işi açılmış və qanu üzrə vərəsə qismində İddiaçı tanınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli, 2(005)- 2311/2020 saylı qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Məsud Əlizadə küçəsi, 29 saylı evin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən İddiaçı öz iddia ərizəsində həmin evin 1/2 hissəsini 14.04.2020-ci il tarixdə öz adına rəsmiləşdirən Vəli Əliyevin həmin hissəni 1/2 hissədə digər payçı olan Cavabdeh2 satdığını göstərmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, MM-nin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-nin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. MM-nin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 139.1 və 139.3-cü maddələrinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-nin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. MM-nin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. MM-nin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. MM-nin 364.1ci maddəsinə əsasən etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 390-cu maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Təqdiq olunmuş sübutlar əsasında müəyyən olunur ki, iddiaçı etibarsız hesab etdiyi alğı-satqı müqaviləsi həmin əmlakın mülkiyyətçisi olmuş X3 adından onun etibarnamə verdiyi X11 və Cavabdeh2 arasında bağlamışdır. Məhkəmə qeyd edir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz və müqəddəsdir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələri). Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Lakin dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 178-ci maddəsi). Mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə, alğı-satqı müqaviləsi də əqdlərin bir növüdür. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MülkiMəcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (MM-nin 329.1,334.1, 334.2- ci maddələri). Məhkəmə qeyd edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu çür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Məhkəmənin qənaətinə görə, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə hesab edir ki, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə yə onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Göründüyü kimi, işin mübahisəsiz halı kimi müəyyən olunur ki, ünvan 1 ünvanı 22 saylı DNK-nın 3ma-22 reyestr nömrəli, 07.03.1997-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 adına qeydiyyata alınmışdır. 13.08.2013-cü il tarixdə X7 onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı X9 etibar etmişdir. X7 22.03.2011-ci il tarixdə Türkmənistan Respublikasının Aşqabad şəhərində ölmüşdür. Bundan sonra X3 adından onun etibarnamə üzrə nümayəndəsi X11 27.01.2014-cü il tarixdə ünvan 1 ünvanında yerləşən və 27.4 kv.m yaşayış sahəsi, 63 kv.m ümumi sahəsindən ibarət iki otaqlı fərdi yaşayış evindən ona məxsus olan ½ hissəsini tam şəkildə “Alıcı” Cavabdeh2 satmışdır. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, müqavilə bağlanmazdan 3 il əvvəl evin mülkiyyətçisi olan X2 öldüyü və ölmüş şəxsin adından alqı-satqı müqaviləsi bağlanaraq İddiaçının hüquqlarının pozulduğunu bildirir və həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, X3 adından etibarnamə ilə X11 ilə Cavabdeh2 arasında “Alğısatqı müqaviləsinin” bağlanmasında tərəflər iştirak etmiş, tərəflər müqavilə azaldığı şəraitində (MM-nin 390-cı maddəsi) müqaviləni bağlamış, müqavilənin forma (daşınmaz əmlakla bağlı əqdlər üçün nəzərdə tutulmuş yazılı və notariat) və məzmununa qanunvericiliyin tələblərinə uyğun əməl olunmuşdur. Digər tərəfdən, iş materiallarından görünür ki, Cavabdeh2 mübahisəli evin qeyd olunan hissəsini vicdanlı əldə edib və işdə, onun vicdansızlığınə özündə ehtiva edən heç bir mötəbər yazılı sübut yoxdur. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Yenə həmin qərarda qeyd edilir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. İş materiallarından aydın olur ki, Cavabdeh2 alqı-satqı müqaviləsi bağlayarkən evin almaq istədiyi ½ hissəsinin X3 adına qeydiyyata alındığını hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan, və X6 isə X3 adından qanunla icazə verilən bütün əqdləri bağlamaq ixtiyarı olduğunu 18.03.2008-ci il tarixli ƏN-İ seriaylı, 120693 nömrəli etibarnamədən görərək, 27.01.2014cü il tarixli AN-İ seriyalı, 04077395 saylı alqı-satqı müqaviləsini bağlamışdır. Mülki işin materiallarında Cavabdeh2 mübahisəli evə münasibətdə vicdansız sahib olduğunu təsdiq edən heç bir sübut mövcud deyil. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, Cavabdeh2 17.05.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçının hazırki iddia tələbinin, etibarsız əqdlər üzrə qanunla müəyyən edilmiş mübahisəlndirmə müddətinin ötürülməsi səbəbindən rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli, 2(005)- 2311/2020 saylı qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Məsud Əlizadə küçəsi, 29 saylı evin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən İddiaçı öz iddia ərizəsində həmin evin 1/2 hissəsini 14.04.2020-ci il tarixdə öz adına rəsmiləşdirən Vəli Əliyevin həmin hissəni 1/2 hissədə digər payçı olan Cavabdeh2 satdığını göstərmişdir. Beləliklə, İddiaçı həmin qətnamədən daha əvvəlki tarixdə hazırki mübahisə premdeti olan mənzilin Cavabdeh2 tərəfindən əldə edildiyi barədə məlumatı olmuş, lakin hazırki iddia tələbi ilə 13.12.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə əqdin mübahisələndirilməsi üçün qanunla nəzərdə tutulmuş iddia müddəti İddiaçı tərəfindən ötürülmüşdür. Yuxarıda sadalanan əsasların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olduğundan və iddiaçı tərəf müqavilənin etibarsızlığı ilə bağlı mübahisələndirmə müddətini ötürdüyündən, həmçinin iddiaçı müddətin bərpa edilməsinə dair ərizəsinə müddətin ötürülməsinin üzrlü səbəbləri barədə sübut əlavə etmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçının cavabdehlər Cavabdeh2 və X5 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar