Məhkəmə qərarları › İş №2(005)-2086/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2086/2021

02.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2086/2021 02.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə və vəkili X5 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyətdən istifadə edilməsinə yaradılmış maneələrin aradan qaldırılması və qadağan edilməsi“ tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı "qeyri-yaşayış sahəsinin təhvil verilməsi, kirayə haqqının ödənilməsi, zirzəminin boşaldılması və boşaldılaraq onun hesabına sökülməsi" tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ******* nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan 53.2 kv.m qeyri-yaşayış sahəsinə və həmin ünvanda ******* nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan qeyri-yaşayış sahələrindən istifadəyə dair maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 55 saylı, 11.03.2020-ci il tarixli sərəncamına əsasən yeni yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsinə dair sərəncam imzalamışdır. Həmin sərəncama əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən könə tipli tikililərin yerləşcivi 2.7520 ha torpaq sahəsi həmin tikililərin istifadəçisi (mülkiyyətçiləri) ilə mıilki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında “Ailə Park" MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında “Ailə Park" MMC-nin istifadəsinə verilmişdir. Həmin binada 1-ci mərtəbədə 53.2 kv.m qeyri-yaşayış sahəsi AR ƏMDK yanında DƏDRX-in ******* nömrəli çıxarışı, və 56.7 kv.m zirzəmi AR ƏMDK yanında DƏDRX-in ******* nömrəli çıxarışı əsasında xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehlə bu günə kimi aralarında razılıq əldə olunmamışdır. Bu isə iddiaçıya maddi cəhətdən xeyli ziyan vurmaqla onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə imkan vermir. Belə ki, cavabdehin apardığı söküntü işləri iddiaçıya məxsus olan qeyri-yaşayış sahələrində istifadə etməsinə ora sərbəst şəkildə girib çıxmasına mane olur. Bundan başqa aparılan söküntü işləri nəticəsində əmələ gələn tullantılar iddiaçının obyektinin qarşısına yığılır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını, ünvan 2 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş İddiaçı məxsus olan 53,2 kv.m qeyri-yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binanın birinci mərtəbəsindən təmirli 53,2 kv.m qeyri-yaşayış sahəsi 2 (iki) il müddətinə Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi, sökülməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsi Cavabdeh MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni qeyriyaşayış sahəsi ilə təmin olunan günədək Cavabdeh MTK tərəfindən İddiaçı hər ay 1.100 (bir min bir yüz) manat məbləğində kirayə haqqı ödənilməsi, ünvan 2 ünvanında yerləşən ******* nömrəli çıxarış əsasında 53,2 kv.m qeyri-yaşayış sahəsi və həmin ünvanda ******* nömrəli çıxarış əsasında 56,7 kv.m zirzəmi sahəsi əşyaları boşaldılmaqla sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Cavabdeh MMC qarşılıqlı iddia ərizəsinin həcminin artırılması barədə yazılı ərizə təqdim edərək, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını, ünvan 2 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş İddiaçı məxsus olan 53,2 kv.m qeyri-yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binanın birinci mərtəbəsindən təmirli 53,2 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi 2 (iki) il müddətinə "xxxx" MTK tərəfindən İddiaçı təhvil verilməsi, ünvan 2 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş İddiaçı məxsus olan 56,7 kv.m-dən ibarət olan zirzəmi sahəsinin əvəzinə yeni tikiləcək binanın parklanma ərazisindən 56,7 kv.m-dən ibarət olan parklama sahəsi 2 (iki) il müddətinə "xxxx" MTK tərəfindən İddiaçı təhvil verilməsi, sökülməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsi Cavabdeh MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni qeyri-yaşayış sahəsi ilə təmin olunan günədək Cavabdeh MTK tərəfindən İddiaçı hər ay 1.100 (bir min bir yüz) manat məbləğində kirayə haqqı ödənilməsi, ünvan 2 ünvanında yerləşən ******* nömrəli çıxarış əsasında 53,2 kv.mdən ibarət olan qeyri-yaşayış sahəsi və həmin ünvanda ******* nömrəli çıxarış əsasında 56,7 kv.mdən ibarət olan zirzəmi sahəsi əşyaları boşaldılmaqla cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh MMC qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli 12, 12A, 14, 14A, 6, 16A, 83A və 85A saylı binaların texniki vəziyyətinin yolverilməz olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin 03 mart 2020-ci il tarixli rəyi nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 11 mart 2020-ci il tarixli 55 №li sərəncamı əsasında yaşayış üçün kəskin yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən həmin köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün 2,7520 ha torpaq sahəsi icarə əsasında Cavabdeh MTK-nın istifadəsinə verilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin 07.01.2020-ci il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən 2,7520 ha torpaq sahəsinin 49 il müddətinə Cavabdeh MTK-nın istifadəsinə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti ilə Cavabdeh MMC arasında 1572 №-li 18 mart 2020-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqavilə” bağlanmışdır. Hazırda Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən və qəzalı vəziyyətdə olar 16A saylı binada İddiaçı xaric mülkiyyətçilərin hamısı ilə qarşılıqlı razılıq əsasında onların mülklərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair notarial müqavilələr bağlanılmış və binanın təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. Sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, Həsənoğlu küçəsi 16A ünvanında yerləşən ******* nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə 53,2 kv.m qeyri-yaşayış sahəsinin və həmin qeyri-yaşayış sahəsinin alt hissəsində yerləşən ******* nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə 56,7 kv.m zirzəmi sahəsinin sahibi olan İddiaçı ilə də danışıqlar aparılmış, lakin İddiaçı MTK qarşısında əsassız tələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. Belə ki, İddiaçı ona məxsus olan qeyri-yaşayış sahələrinin əvəzinə MTK-dan digər sakinlərə nisbətən daha artıq qeyri-yaşayış sahəsi və güzəştli şərtlərlə müqavilə bağlanmasını tələb etmiş və mülkiyyət hüququndan açıq-aşkar sui-istifadə edərək yalnız onun bu tələbi yerinə yetirildikdən sonra müqavilə bağlayacağını bildirmişdir. Hüquqlardan bu cür sui-istifadə qanunla yol verilməzdir. Cavabdeh MTK tərəfindən sakinlərə söküləcək binalarda təhvil veriləcək mənzillərin əvəzinə eyni xüsusiyyətlərə malik mənzillərin sahələrinə uyğun təmirli mənzillər təklif edilir, eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. Cavabdeh MTK Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 11 mart 2020-ci il tarixli 55 №-li sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, mənzilləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. İddiaçı digər mənzil sahibləri kimi, sahib olduğu qeyri-yaşayış sahələrinin əvəzinə yeni tikiləcək binanın birinci mərtəbəsindən temirli 53,2 kv.m qeyri-yaşayış sahəsi və həmin qeyri-yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 1.100 (bir min bir yüz) manat kirayə haqqı təklif olunur. Cavabdeh MTK iddiaçının mülklərinin yerləşdiyi binanın bütün sakinləri ilə mənzillərin sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə müqavilələr bağlamış, MTK öz üzərinə adıçəkilən binanın sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni binanın inşa edilərək sakinlərə sahib olduqları mənzillərin əvəzinə təmirli mənzillərin və bu dövr ərzində sakinlərə hər ay kirayə haqlarının verilməsi öhdəliyini götürmüşdür. Hal-hazırda İddiaçı MTK ilə razılaşmaması və absurd tələblər irəli sürməsi həmin binanır sakinlərinin hüquqlarını kobud surətdə pozur, həmçinin MTK tərəfindən sakinlər qarşısında götürülmüş öhdəliklərin icra olumamasına səbəb olur. İddiaçı ilə digər sakinlərdən fərqli olaraq daha artıq sahənin verilməsi və onunla daha güzəştli şərtlərlə müqavilə bağlanması ədalətsizdir və əsassız varlanmaya səbəb olur. Həmçinin nəzərə alınmalıdır ki, qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Binada yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, İddiaçı əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur. İddiaçı tələbi əsassızdır və hüquqdan sui- istifadədir. İddiaçı əsassız tələbləri nəticəsində qəzalı vəziyyətdə olan binanın söküntüsünün vaxtında həyata keirilməsini qeyri- mümkün edir və təklif edilən bərabər şərtlərlə razılaşaraq mənzillərini təhvil vermiş sakinlərin hüquqlarını və qanuni mənafelərini də pozur. Göründüyü kimi hüquqdan sui-istifadə qanunla qadağan edilmişdir. Lakin İddiaçı özünün mülkiyyət hüququndan sui-istifadə edərək digər sakinlərə nisbətən qanunsuz üstünlüklər əldə etməyə çalışır və əsassız varlanmaq niyyətindədir. Cavabdeh MTK Bakı Şəhər İcra Hakimiyyəti Başısının sərəncamına və İcarə Müqaviləsinə əsasən sözügedən binanın sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırki tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə, vəkili X6 ilk iddianı qəbul etməyərək, qarşılıqlı iddia ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia rədd və qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi idarəsi tərəfindən verilmiş qeyri-yaşayış binasının texniki pasportunun notarial qaydada təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 16a saylı 53.2 kv.m. ölçüdə olan qeyri-yaşayış sahəsi İddiaçı istifadəsindədir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi idarəsi tərəfindən verilmiş qeyri-yaşayış binasının texniki pasportunun notarial qaydada təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi,16a saylı 56.7 kv.m. ölçüdə olan qeyri-yaşayış sahəsi İddiaçı istifadəsindədir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 16a nömrəli qeyri-yaşayış sahəsi (zirzəmi) xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 63 nömrəli reyestr kitabının 5954 nömrəli vərəqində 19.02.2014-cü il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 16a nömrəli qeyri-yaşayış sahəsi (1-ci mərtəbə) xüsusi mülkiyyət hüququ kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 143 nömrəli reyestr kitabının 13412 nömrəli vərəqində 04.09.2014-cü il tarixdə qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Bakı Şəhər Nərimanov Rayonu İcra Hakimiyyəti başçısı 55 nömrəli 11.03.2020-ci il tarixli “Yeni yaşayış binalarının tikintisi üçün torpaq sahəsinin icarə əsasında “Ailə Park" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında” Sərəncamının surətinə əsasən Cavabdeh 25.09.2019-cu il tarixli, 018 saylı müraciətini, Nərimanov Rayon İcra Hakimiyyətinin 20.09.2019-cu il tarixli, 1/1418 saylı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin 28.01.2020-ci il tarixli, **********94 saylı, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 18.02.2020-ci il tarixli, 02/07-635 saylı razılıq məktublarını və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və Texnoloji İnstitutunun 03.03.2020-ci il tarixli rəyini nəzərə alaraq, Bakı şəhəri, Nərimanov rayonu Təbriz və Həsənoğlu küçələrinin Kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2.7520 ha torpaq sahəsi həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri; ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında "Ailə Park” MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında Cavabdeh istifadəsinə verilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin YTNƏŞ-0008 nömrəli, 19.02.2021-ci il tarixli Cavabdeh Mənzil-Tikinti Kooperativinə torpaq sahəsinin ayrılması barədə rəyin surətinə əsasən tikintisi nəzərdə tutulmuş sahədə obyektin nümayəndəsinin iştirakı ilə aparılmış müayinə və ölçmələrə əsasən, Bakı şəhəri, N.Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən yaşayış binalarının layihələndirilməsi üçün ayrılması nəzərdə tutulmuş 2,7520 (iki tam on mində yeddi min beş yüz iyirmi) ha torpaq sahəsi qüvvədə olan qanunvericilik və normativ aktlarına uyğunluğu: ayrılması nəzərdə tutulmuş torpaq sahəsindən artıq sahə mənimsənilməməli və öz təyinatına görə istifadə olunmalı, bina və qurğularla (elektrik, qaz xətləri və s.) yanğınaqarşı ara məsafələrin gözlənilməsi şərti ilə razılaşdırılır. Rəyin qüvvədə qalma müddəti 21 (iki) ildir; Bakı şəhəri, N.Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarının texniki vəziyyəti haqqında 03.03.2020-ci il tarixli rəyindən görünür ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin “Azerinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor və X3 şöbəsinin qrup rəhbəri Abbas Rzayev, şöbənin mühəndisi Ədalət Nəcəfov və Nərimanov Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin baş məsləhətçisi Azər Güləmmedovla birlikdə Tikintidə X4 Agentliyinin 03.03. 2020-ci il tarixli 34/02300 nömrəli tapşırığına əsasən Bakı səhəri, N.Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarına vizual texniki baxış keçirilmiş, Həsənoğlu küçəsi, bina 16A: Beşmərtəbəli yaşayış binası təqribən 1960-cı illərdə, kürsülü, üçgirişli inşa olunmuşdur. Binanın uzunluğu 45.0 metr, eni 12.70 metrdir. Mərtəbələrdə otaqların daxili hündürlükləri 3,0 metr, kürsünün hündürlüyü 1,0 metrdir. Xarici və daxili yükdaşıyan divarların qalınlığı 0.40 metr, arakəsmə divarların qalınlığı isə 0.20 metr olmaqla, mişarlanmış əhəngdaşından inşa edilmişdir. Binanın mərtəbəarası və dam örtüyü yığma dəmir-beton boşluqlu panellərdən quraşdırılmışdır. Pilləkən marş və meydançaları, eləcə də eyvan konstruksiyaları yığma dəmir-beton elementlərdən inşa edilmişdir. Dam örtüyü çardaq tipli olmaqla bir hissəsi ağac konstruksiyalar üzrə asbest-sement şifer vərəqələrlə, qalan hissəsi isə dalğavari metal vərəqələrdəndir. Bina uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmışdır. Xarici və daxili yükdaşıyan dinarların bəzi yerlərində suvaq qatı, pilləkən marş və meydançalarında armaturların beton mühafizə qatları aşınaraq yararsız hala düşmüş, eyvan tavalarının alt hissələrində armaturların mühafizə qatları qopub tökülmüş, armaturlar korroziyaya uğramışdır. Eyvan tavalarının yanları hörülərək bağlanmışdır. Bu da konsol tipli balkon tavalarının əlavə yüklənməsinə səbəb olmuşdur. Artırılan eyvanlar 3+6 metr uzunluğunda metal borular üzərində inşa edilmişdir. Binanın bəzi girişlərdə, pilləkən qəfəsələrində tikinti norma və qaydalarına riayət edilmədən xaotik quraşdırılmış elektirik xətləri sakinlərin həyatı üçün təhlükə mənbəyidir. Dam örtüyündə atmosfer sularını istiqamətləndirən suötürücü xətlərin və suaxıdıcı boruların nasaz vəziyyətdə olmasından və bəzi yerlərdə asbest-sement şiferlərin çatlaması nəticəsində atmosfer yağıntıları zamanı divarların nemlənməsi nəticəsində suvaq qatının qoparaq tökülməsi müşahidə olundu. Bütün bunlar binanın yükdaşıyan elementlərinin zəifləməsinə və gələcəkdə xoşagəlməz fəsadların baş verməsinə səbəb ola bilər. Binanın mişarlanmış əhəngdaşından olan yükdaşıyan divarlarda hörgü üçün istifadə edilmiş sement-qum məhlulu öz keyfiyyətini itirərək ovulub tökülmələrə məruz qalmışdır. Binanın sol yan fasad divarında suvaq qatı olmadığından, binada antiseysmik kəmərdən istifadə edilmədiyi açıq-aşkar görünür. Baxış keçirilmiş binalar eyni illərdə və birtipli layihə əsasında inşa edildiyindən bunu digər binalara da şamil etmək olar. Yuxarıda qeyd edildiyi kimi sakinlər yaşayış sahəsini artırmaq məqsədilə müxtəlif illərdə metal borular, şveller və ikitavrlar üzərində, bəziləri isə birbaşa yer səviyyəsindən başlayaraq əlavə tikililər (binaya artırmalar) inşa etmişlər. Açıq eyvanların əksəriyyəti bağlanmışdır. Yükdaşıyan divarlarda qapı və pəncərə boşluqları açılmışdır. Eyvanların sahəsini artırmaq üçün yer səviyyəsindən ikinci, üçüncü mərtəbə səviyyəsinədək qaldırılmış metal borulardan, şveller və ikitavr profillərdən ibarət üzərində kifayət qədər yük olan sütunlar rabitəsiz quraşdırılmışdır ki, bu da yeraltı və yerüstü təkanlar zamanı təhlükəlidir. Binada nizamsız, layihəsiz, heç bir gücləndirmə aparılmadan eyvanların sahəsinin artırılması, əlavə eyvanların inşa edilməsi, antiseysmik kəmərin quraşdırılmaması, hörgüdə istifadə olunan sement-qum məhlulunun keyfiyyətsizliyi, əhəngdaşından olan yükdaşıyan divarlarda qapı və pəncərə boşluqlarının möhkəmliyinin zəifləməsinə səbəb olmuşdur. Seysmik baxımdan və binaya edilmiş artırılmaları, əlavə yükləmələri nəzərə alaraq binanın texniki vəziyyəti yolverilməz kimi qiymətləndirilir; 16.03.2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. 04.04.2021-ci il tarixli ödəniş qəbzinə əsasən Cavabdeh MTK Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, Bakı şəhəri, N.Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində yerləşən 8 ədəd 5 mərtəbəli yaşayış binalarının texniki vəziyyəti haqqında 03.03.2020-ci il tarixli rəyin uyğun sözügedən ərazidə istismar müddətini başa vermuş istismara yararsız və qəzalı vəziyyətdə olması işin mübahisəsiz hallarıdır. Belə ki, mübahisəli binanın yerləşdiyi məhəllədə istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MMC-nin istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi qarşılıqlı iddia üzrə iddiaçı MMC-yə həvalə olunmuşdur. Hazırda ilkin iddiaçı «xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan qeyri-yaşayış sahələrindən istifadəyə dair maneələrin aradan qaldırılması» tələbini irəli sürmüşdür. Qarşılıqlı iddiaçı isə «qeyri-yaşayış sahəsi və parklama sahəsi verilməklə həmin sahədən çıxarılma və tikililərin sökülməsi tələbini irəli sürmüşdür. Məhkəmə hazırki vəziyyətdə ilk iddiaçının mülkiyyət hüquqlarının pozulub-pozulmamasına qiymət verilməsini zəruri hesab edir. Konstitusiyanın 13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarında mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, Nazirlər Kabinetinin adı çəkilən qərarı ilə tikililərin hər bir halda mülkiyyətçinin razılığı ilə dəyəri ödənilməklə, yaxud yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qaydasında əvəzləşdirilməklə sökülməsi, müvafiq mənzillə təmin edilənə kimi isə müvəqqəti yerləşmiş mülkiyyətçilərə kirayə haqlarının ödənilməsi müəyyən edilmişdir. Məhkəmə, həmçinin, qeyd edir ki, əmlakın sökülməsi müqabilində təqdim edilən əvəz mülkiyyətçini əvvəlki vəziyyəti ilə müqayisədə əliverişsiz vəziyyətə salmamalı, mülkiyyət hüquqlarının təmin edilməsinə mane olmamalıdır. Məhkəmə hesab edir ki, yeni tikiləcək yaşayış binasında “müvafiq” qeüri yaşayış sahəəsi və parklanma sahəsinin ilk iddiaçıya verilməsi hüquqmüəyyənedici sənədlərə əsasən sökülmüş əmlakın yerləşdiyi yerə və ölçüsündən daha artıq əmlakın verilməsini nəzərdə tutur. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir. Məhkəmə xatırladır ki, əmlakdan maneəsiz istifadəyə müdaxilə cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa uyğun olmalı (Sporronq və Lonnrot İsveçə qarşı iş), kompensasiya şərtlərinin ədalətli balans yaradıb yaratmadığı və ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığı müvafiq qanunvericiliyə uyğun olaraq qiymətləndirilməlidir (Papachelas Yunanıstana qarşı iş). Məhkəmə, həmçinin, qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunduğu kimi, mübahisəli ünvanda istismar müddəti bitmiş yaşayış binalarının (yaşayış və qeyri-yaşayış tikililərinin) sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MMC-nin istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi MMC-yə həvalə olunmuşdur. Mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması da işin mübahisəsiz halıdır. İş üzrə müəyyən olunmuşdur ki, MMC həmin binaların sakinlərinin əksəriyyəti ilə onların köçürülməsi, sökülmüş tikililərin mülkiyyətçilərinə tikiləcək yeni binada mənzillə təmin edilmələri barədə razılığa gəlsə də, yalnız hazırki cavabdehlə razılıq əldə edə bilməmiş, hazırkı mübahisə də məhz bu səbəbdən yaranmışdır. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Qərarda eyni zamanda göstərilir ki: Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən mübahisəli məsələyə baxılarkən həmin normativ hüquqi akt qüvvədə olmuşdur; Eyni zamanda Mənzil Məcəlləsinin müvafiq maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz; Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir; Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisə baxımından qarşılıqlı iddiaçının hazırkı tələblərlə çıxış etməsi mülkiyyət hüquqlarına müdaxilə hesab edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə görə mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Həmin Məcəllənin 10.0.10, 10.0.11 və 10.0.12-ci maddələrinin tələbinə görə yaşayış sahələrinin yenidən qurulması və yenidən planlaşdırılması şərtləri və qaydasını müəyyən etmək və belə yenidən qurulma və yenidən planlaşdırılmanı razılaşdırmaq, yaşayış sahələrinin yaşayış üçün yararsız hesab edilməsinin əsaslarını və qaydasını müəyyən etmək, mənzil fondunun yaşayış sahələrini müəyyən edilmiş qaydada yaşamaq üçün yararsız hesab etmək mənzil münasibətləri sahəsində dövlətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.6-cı maddəsinə görə qəza vəziyyətində olan və bərpasının mümkün olmaması məhkəmə tərəfindən təsdiqlənmiş, lakin mülkiyyətçisi sökülməsindən və yenidən tikilməsindən imtina etmiş və ya onun tərəfindən məhkəmənin müəyyən etdiyi müddətdə sökülməsi həyata keçirilməmiş mənzil (yaşayış binası) bu Məcəllənin 28.4-cü maddəsinə əsasən açıq hərracda üç ay ərzində satılmadıqda həmin bina dövlət tərəfindən alınmalıdır. Əksinə hazırki vəziyyətdə ilk iddiaçı öz hüquqlarından sui-istifadə edərək, ünvan 1 ünvanında yerləşən, ******* nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan 53.2 kv.m qeyri-yaşayış sahəsinə və həmin ünvanda ******* nömrəli çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan qeyri-yaşayış sahələrindən istifadəyə dair maneələrin aradan qaldırılmasını tələb edir. Halbuki, Mülki Məcəllənin 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, ilk iddiaçı öz davranışları ilə qarşılıqlı iddiaçının digçər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına mane olmaqla yanaşı, onun həmin sərəncamdan irəli gələn hüquqlarını həyata keçirməsinin qarşısını almış, mübahisəli mənzilləri tənasübsüz qiymətlərlə alqı-satqı etməyə məcburetməyə çalışmaqla hüquqlarından suiistifadə etmişlər. Buna görə də ilk iddia tələbi rədd olunmalı, qarşılıqlı idida tələbi təmin edilərək ünvan 2 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş İddiaçı məxsus olan 53,2 kv.m qeyri-yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binanın birinci mərtəbəsindən təmirli 53,2 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi 2 (iki) il müddətinə "xxxx" MTK tərəfindən İddiaçı təhvil verilməli, ünvan 2 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş İddiaçı məxsus olan 56,7 kv.m-dən ibarət olan zirzəmi sahəsinin əvəzinə yeni tikiləcək binanın parklanma ərazisindən 56,7 kv.m-dən ibarət olan parklama sahəsi 2 (iki) il müddətinə "xxxx" MTK tərəfindən İddiaçı təhvil verilməli, sökülməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsi Cavabdeh MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni qeyri-yaşayış sahəsi ilə təmin olunan günədək Cavabdeh MTK tərəfindən İddiaçı hər ay 1.100 (bir min bir yüz) manat məbləğində kirayə haqqı ödənilmli, ünvan 2 ünvanında yerləşən ******* nömrəli çıxarış əsasında 53,2 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi və həmin ünvanda ******* nömrəli çıxarış əsasında 56,7 kv.m-dən ibarət olan zirzəmi sahəsi əşyaları boşaldılmaqla cavabdehin hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu və 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyətdən istifadə edilməsinə yaradılmış maneələrin aradan qaldırılması və qadağan edilməsi“ tələbinə dair ilk iddia tələbi rədd olunsun. İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı "qeyri-yaşayış sahəsinin təhvil verilməsi, kirayə haqqının ödənilməsi, zirzəminin boşaldılması və boşaldılaraq onun hesabına sökülməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin olunsun. ünvan 2 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş İddiaçı məxsus olan 53,2 kv.m qeyri-yaşayış sahəsinin əvəzinə yeni tikiləcək binanın birinci mərtəbəsindən təmirli 53,2 kv.m-dən ibarət olan qeyri-yaşayış sahəsi 2 (iki) il müddətinə "xxxx" MTK tərəfindən İddiaçı təhvil verilsin. ünvan 2 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan və istismar müddəti keçmiş İddiaçı məxsus olan 56,7 kv.m-dən ibarət olan zirzəmi sahəsinin əvəzinə yeni tikiləcək binanın parklanma ərazisindən 56,7 kv.m-dən ibarət olan parklama sahəsi 2 (iki) il müddətinə "xxxx" MTK tərəfindən İddiaçı təhvil verilsin. Qeyri-yaşayış sahəsi Cavabdeh MTK-ya təhvil verildiyi gündən başlayaraq yeni qeyri-yaşayış sahəsi ilə təmin olunan günədək Cavabdeh MTK tərəfindən İddiaçı hər ay 1.100 (bir min bir yüz) manat məbləğində kirayə haqqı ödənilsin. ünvan 2 ünvanında yerləşən ******* nömrəli çıxarış əsasında 53,2 kv.m-dən ibarət olan qeyriyaşayış sahəsi və həmin ünvanda ******* nömrəli çıxarış əsasında 56,7 kv.m-dən ibarət olan zirzəmi sahəsi əşyaları boşaldılmaqla cavabdeh İddiaçı hesabına sökülsün. Ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar