Məhkəmə qərarları › İş №2(005)-210/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-210/2022

07.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-210/2022 07.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vətəndaşa və əmlaka vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vətəndaşa və əmlaka vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilinin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 4000 manat pul cavabdehdən onun xeyrinə tutulması, illərdir keçirdiyi əsəb və stresslərlə bağlı cəmi 2000 manat pul cavabdehdən onun xeyrinə tutulması və şahid qismində məhkəməyə X3 (Atatürk pr ev 2 mən 7) çağırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Hidayətzadə küçəsi, ev 26/28, mənzil 45-in sahibidir. Mənzil Azərbaycan Respublikası DƏDR xidməti tərəfindən verilmiş 28.09.2011-ci il tarixli, ******* nömrəli çıxarış əsasında ona məxsusdur. Dəfələrlə onun mənzilini bir mərtəbə yuxarıda yerləşən mənzildən suyun axması nəticəsində su basmışdır. Artıq neçə illərdir yuxarı mənzil sahibinə deyılməsınə baxmayaraq suyun axmasının qarşısını almaq məqsədilə heç bir tədbir görmür, nəticədə ona məxsus mənzilin vanna, mətbəx, dəhliz otaqları tamamilə yararsız vəziyyətə düşmüşdür. Cavabdehin belə qanunsuz və məsuliyyətsiz hərəkətləri nəticəsində əsəbləri pozulmuş fiziki və mənəvi sarsıntı keçirmişdir. Mənzilindən yuxarıda 47 nömrəli mənzildə Cavabdeh yaşayır. Baş verənlərin səbəbi cavabdehin mənzilinin santexnik xəttlərinin nasaz vəziyyətdə olmasıdır. Bununla bağlı suyun axıdılmasını və mənzilinə dəymiş ziyanı təsdiq edən Nərimanov rayonu MKİS-i tərəfindən 14.07.2021-ci il tarixli akt tərtib olunmuşdur. Bundan əlavə Nərimanov rayonu MKİS-i tərəfindən dəfələrlə su axıdılmasını təsdiq edən müxtəlif tarixli aktlar tərtib olunmuş və bununla bağlı fotoşəkillər də mövcuddur. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mənzilində təmir dəyəri 4000 manat təşkil edən bərpa təmir işləri aparılması tələb olunur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə təqdim etmiş etiraz ərizəsinə uyğun çıxış edərək bildirmişdir ki, mənzili norman təmirlidir, mənzildə santexnik xətləri nasaz vəziyyətdə deyildir. İddiaçı ilə yaşadığı mənzilə suyun axıdılması barədə danışıqları olmamışdır. Həqiqətən də yaşadığı mənzildən iddiaçının mənzilinə su axması halının olmasını bilsəydi, tədbir görərdi, lakin belə hal olmamışdır. Suyun axıdılması və mənzilinə dəymiş ziyanı təsdiq edən MKİS tərəfindən müxtəlif tarixli aktların, ən son olaraq 14.07.2021-ci il tarixli aktın tərtib edilməsindən xəbəri olmamış, ona məlumat verilməmişdir. İddianın əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 26/28, mənzil 45 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Qeydiyyat tarixi: 28.09.2011 38 saylı MKİS-nin işçilərinin tərtib etdikləri 14.07.2021-ci il tarixli Aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 26/28, 47-ci mənzildən su axıdılması nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 26/28, 45-ci mənzilin mətbəx, dəhliz, vanna otağının divar və tavanlarının müəyyən hissələri üst mərtəbədə yerləşən 47 saylı mənzildən su sızma nəticəsində islanaraq qismən yararsız vəziyyətə düşmüşdür. İddiaçı mənzilinə maddi ziyan dəymişdir. Suyun axma səbəbi məlum olmamışdır. "xxxx" ASC-nin Nərimanov Rayon Sukanal İdarəsi tərəfindən İddiaçı ünvanlanan 31.01.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, sözügedən ünvana texniki baxış keçirilmiş, baxış zamanı mənzildən keçən və digər mənzilləri qidalandıran su xəttindən (dıkdayaqdan) hər hansı bır şəkildə su sızıntısı aşkar olunmamış və həmin su xətti halhazırda istismara tam yararlıdır. Lakin, mənzilin hamam və mətbəx tavanının bəzi hissələrində olan nəmişlik izlərinə səbəb üst mərtəbədə yerləşən mənzilin sanitar qovuşağından uzun zaman öncə baş vermiş su sızıntısıdır. Məsələnin həll olunması üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. 38 saylı MKİS-nin işçilərinin tərtib etdikləri 27.02.2013-cü il tarixli Aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 26/28, 45-ci mənzilin mətbəx, dəhliz, vanna otağının divar və tavanlarının müəyyən hissələri üst mərtəbədə yerləşən 47 saylı mənzildən su sızma nəticəsində 2012-ci ilin dekabr ayında islanmışdır. 38 saylı MKİS-nin işçilərinin tərtib etdikləri 22.09.2017-ci il tarixli Aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 26/28, 47-ci mənzildən su axıdılması nəticəsində Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 26/28, 45-ci mənzilin mətbəx, dəhliz, vanna otağının divar və tavanlarının müəyyən hissələri üst mərtəbədə yerləşən 47 saylı mənzildən su sızma nəticəsində islanaraq qismən yararsız vəziyyətə düşmüşdür. İddiaçı mənzilinə maddi ziyan dəymişdir. Suyun axma səbəbi məlum olmamışdır. AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27.12.2021-ci il tarixli, 10/5371 nömrəli ekspertiza rəyindən görünür ki, baxış zamanı əldə olunmuş, eləcədə, mülki iş materialında olan Aktların göstəricilərini, cavabdehin mənzilinin iddiaçının mənzilindən yuxarı hissədə yerləşməsini, cavabdehin mənzilinin 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşdiyini, iddiaçının 45 saylı mənzilinin konstruktiv elementləri (divar, tavan və sair) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq iddiaçının 45 saylı mənzilinə cavabdehin 47 saylı mənzilindən suyun sızması müəyyən olunsa da, mövcud vəziyyətdə suyun sızması texniki səbəbin dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 26/28, 45 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 1642 manat məbləğində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, ev 26/28, 45 saylı mənzilinə həmin evin 47 saylı mənzilindən su axıdılmışdır. Tərəflər arasında hazırki mübahisə isə su axıdılması nəticəsində dəyən ziyanın miqdarı ilə bağlıdır. İş üzrə ekspertiza keçirilmiş və müafiq ekspert rəyi alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27.12.2021-ci il tarixli, 10/5371 nömrəli ekspertiza rəyində zərərin miqdarı 1642 manat məbləğində müəyyən olunmuşdur. Bu hal məhkəmə iclasında ekspert rəyi və cavabdehin bu hala etirazının olmaması ilə təsdiqlənir. Ona görə məhkəmə hesab edir ki, su sızması nəticəsində dəymiş ziyan miqdarı 1642 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablamalarla, sübutlarla təsdiq olunmalıdır. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmuş və ya öhdəlik yaranmır. Bu hallar olmayanda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyən etmək olmur. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi maddi ziyanın tutulması hissəsində qismən təmin edilməli, 1642 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, iddiaçı tərəf mənəvi zərəri tələb etməsinə əsas olan və onu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq, 8,20 manat cavabdeh şəxsə aid edilərək, iddiaçı şəxsin xeyrinə cavabdehdən tutulmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə anuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh maddi ziyanın əvəzi olaraq 1642 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 8,20 manat pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi olaraq 1642 (bir min altı yüz qırx iki) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 8,20 (səkkiz manat, 20 qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri Cavabdeh 50 (əlli) manat məbləğində pul (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar