Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-210/2024 24.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı1, Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və X4 cavabdeh "xxxx" MTK-nə qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC və "xxxx" BOKT QSC göstərilməklə dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X6 cavabdeh "xxxx" MTK-nə qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC və "xxxx" BOKT QSC göstərilməklə dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK-dan onların xeyrinə maddi zərər kimi 49300 manat, mənəvi zərər kimi 30000 manat, hüquqi xidmətə görə ödənilmiş 300 manat və 330 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 79930 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ilin fevral ayında "xxxx" ASC vasitəsi ilə cavabdeh "xxxx" MTK-dan X4 adına 336090 manata 4 otaqlı mənzil almışlar. İlkin ödəniş kimi U.Ş.Quliyeva tərəfindən 33610 manat ödənilmiş, Bank tərəfindən maliyyələşdiriləcək 302480 manat təşkil etmişdir. 10 il müddətinə hər ay 3997,3 manat ödəmək şərtilə aylıq ödəniş cədvəli verilmiş və 2018-ci ilin sonuna qədər həmin cədvəl üzrə ödəniş etmişlər. Lakin 1 ay gecikmə olduğuna görə bankın əməkdaşı bildirmişdir ki, hər ay 5200 manat məbləğində ödəniş etməlidilər. 10 ay ərzində aylıq 5200 manat ödəmişlər. 10 aydan sonra isə yenə də 1-2 ay köhnə qaydada ödəniş etmiş, maddi imkanları ağır olduğuna və aylıq ödənişləri ödəyə bilmədiylərinə görə, bankın mərkəzi ofisinə müraciət edib xahiş etmişlər ki, yeni ödəniş cədvəli tərtib edilsin, müddət uzadılsın və aşağı ödəniş məbləği təyin olunsun. Bankda bildirmişlər ki, tələb hüququ "xxxx" ASCdən "xxxx" QSC-yə güzəşt edilmiş və kredit borcunu QSC-yə ödəməlidirlər. "xxxx" QSC-də isə bildirmişlər ki, aylıq ödənişləri normadan artıq olduğuna görə, 2-3 ay ödəniş etməyə də bilərlər. Sonra da bildirmişlər ki, hər ay 2000 manat olmaqla ödənişi davam etdirsinlər. Aylıq 2000 manat olmaqla təxminən iki ay "xxxx" QSC-nin hesabına ödəniş etmişlər. Bundan sonra onlarda inamsızlıq yarandığına görə bir müddət, təxminən 3 il ərzində aylıq ödənişləri etməmişlər. Bu müddət ərzində heç kim maraqlanmadığına görə yenə də Beynəlxalq Bankın Baş ofisinə getmişlər, telefon vasitəsi ilə bankın əməkdaşından mənzilə dair sənədlərin verilməsi ilə maraqlanmışlar. Xahişləri əsasında Beynəlxalq Bankın əməkdaşı "xxxx" QSC ilə əlaqə saxlamış və "xxxx" QSC-nin Vüqar adlı əməkdaşı faizlərin silinməsi barədə köməklik göstərəcəyini bildirmişdir. Banka müraciətdən 4 gün sonra U.Ş.Quliyevanı AR DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırmışlar. Onlar həmin İdarədə Ramiz adlı müstəntiqin qəbulunda olmuş, izahatları alınmış və Ramiz müəllim bildirmişdir ki, "xxxx" QSC-yə 20000-30000 manat məbləğində ödəniş etməlidilər ki, yeni ödəniş cədvəli açılsın, yoxsa qızı Ulyanın ölkədən çıxışına məhdudiyyət qoyulacaq. Bu söhbətdən sonra "xxxx" QSC-nin hesabına 10000 manat məbləğində pul ödəmişlər və Ramiz müəllimə bildirmişlər ki, daha bundan artıq pulları yoxdur, qızının ölkədən çıxışına qoyulmuş məhdudiyyəti götürün və təzə ödəniş cədvəli verin. Ramiz müəllim razılaşmamış və bildirmişdir ki, baş müstəntiq Ziyafət müəllimin yanına getməlidirlər. Ziyafət müəllimin də qəbulunda olmuşlar və o bildirmişdir ki, "xxxx" QSC-nin hesabına 60000 manat məbləğində pul ödəməlidirlər, yoxsa, qızının ölkədən çıxışına qoyulmuş məhdudiyyət götürülməyəcək. Məcbur olub banklardan və lombardlardan kredit toplayıb "xxxx" QSC-yə hissə-hissə (35000 + 10000 + 5000) 50000 manat məbləğində pul ödəmişlər. Bundan sonra Ziyafət müəllim tələb etmişdir ki, əlavə 5000 manat da ödəməlidirlər, yoxsa məhdudiyyət götürülməyəcək. Məcbur olub həmin 5000 manatı da borc alıb "xxxx" QSC-yə ödəmişlər. Həmin kredit məbləğlərinə görə hazırda banklara və lombardlara aylıq faiz ödəyirlər. Bundan sonra Ziyafət müəllimə zəng vurub xahiş etmişlər ki, Ulyanın ölkədən çıxışına qoyulmuş məhdudiyyəti götürsün, çünki xx.xx.2022-ci il tarixə xarici ölkəyə uçuşu var və təyyarəyə bilet alınmışdır. Ziyafət müəllim isə demişdir ki, bu iş tezliklə həll oluna bilməz, AR DİN-yə müraciət etməlidirlər, bu da təxminən bir həftə, 10 gün çəkəcək. Bu cavabdan əsəbləşmiş və AR DİN-nə müraciət etmişdir. Orada bir xanım əməkdaş qəbul etmiş, dinləmiş və söz vermişdir ki, kömək edəcək. Həmin gecə Ziyafət müəllim onun həyat yoldaşına zəng vurub bildirmişdir ki, qızı noyabr ayının 2-də xaricə gedə bilər. Bütün bunlardan sonra, aylıq 2600 manat olmaqla, yeni ödəniş cədvəli açılmışdır. Eyni zamanda satılmış mənzilin ümumi sahəsi 168 kv.m olduğu halda, onlardan 197 kv.m ölçüdə mənzil sahəsinin pulunu almışlar, yəni mənzil sahəsinə görə ödəniş məbləğində (29 kv.m) aldanmışlar, hüquqları kobud surətdə pozulmuşdur. Daha sonra İddiaçı1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdeh "xxxx" MTK-dan onların xeyrinə maddi zərər kimi 70380 manat, mənəvi zərər kimi 30000 manat, hüquqi xidmətə görə ödənilmiş 300 manat və 330 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 101010 manat məbləğində pul tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə iddia ərizəsinə etiraz və iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq, iddia müddətinin ötürüldüyünü göstərmiş və iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən cavabdehin etiraz ərizəsinə rəy və mülahizə təqdim edilmiş və mülahizədə qeyd edilmişdir ki, mübahisəli mənzilə dair sonuncu müqavilə xx.xx.2022-ci il tarixdə bağlandığından, iddia müddəti ötürülməmiş hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, qeyd edilən mənzili 2015-ci il tarixdə qızının adına almışlar və oraya köçmüşlər. Mənzil təmir olmuş, lakin xırda təmir işləri aparılmışdır. Mənzilin sahəsinin müqavilədə qeyd ediləndən az olmasını yalnız evinə mühəndis olan qohumu qonaq gəldikdən sonra bilmiş və bu barədə MTK-ya öz iradını bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili X7 iddianı qəbul etməyərək, iddia müddətinin ötürülməsi əsası ilə iddianın təmin edilməməsini xahiş etdi. Digər iddiaçı və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" MTK-nın xx.xx.2015-ci il tarixli, ABB-022 nömrəli Kooperativ Mənzil Tikintisi haqqında Payçı müqaviləsindən görünür ki, MTK ünvan 1 ünvanında inşa edilmiş və ya inşa olunan yaşayış kompleksində giriş mərtəbə 9, ümumi sahəsi 197.7 kv.m olan 4 otaqdan ibarət 22 saylı mənzili "xxxx" X5 verməyi, "xxxx" isə bunun qarşılığında MTK-ya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür; "xxxx" ASC-nin xx.xx.2015-ci il tarixli müqaviləsindən görünür ki, bank, X5 mənzilin alınması üçün 302480 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. X6 müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür; Tələb hüququ "xxxx" ASC-dən "xxxx" QSC-yə güzəşt edilmiş X6 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış və zaminliklə təmin edilmiş borcunun ötürülməsi və qəbul edilməsi barədə xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 570 nömrəli Fərmanının və Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 10İS saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, xx.xx.2017-ci il tarixli tələb hüququnun güzəşti müqaviləsinə əsasən tələb hüququ "xxxx" ASC-dən “Kreditor” "xxxx" QSC-yə ötürülmüş xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcunun qalığı olan əsas borc 170744,32 manat əsas, 40599,53 manat faiz məbləğində borcunu “Borcu qəbul edən” İddiaçı1 ötürür. “Borcu qəbul edən” müqavilənin 1.1-ci bəndində göstərilmiş borcu qəbul edir və "xxxx" ASC ilə “Borcu ötürən” X6 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsində göstərilən müddətdə, qaydada və şərtlərlə krediti və kredit üzrə hesablanacaq faizləri “Kreditor”a qaytarmağı öhdəsinə götürür. “Kreditor” isə həmin borcun “Borcu qəbul edən”ə ötürülməsinə etiraz etmir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03-16- 16/2-10/7254 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycn Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, İddiaçı1 ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Tələb hüququ "xxxx" ASC-dən Aqrarkredit QSC-yə güzəşt edilmiş X6 xx.xx.2015-ci il tarixli, 1-xx-xx-2015-QQ MTK İX saylı kredit müqaviləsi üzrə yaranmış və zaminliklə təmin edilmiş kredit borcunun ötürülməsi və qəbul edilməsi” barədə müqaviləyə əsasən ünvan 1də inşa edilmiş Qız Qalası yaşayış kompleksinin 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən 4 otaqdan ibarət 22 saylı mənzilin ümumi sahəsinin 149,4 kv.m, faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) 156,3 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Həmin mənzilin faktiki sahəsi (156,3 kv.m) ilə, həmin mənzilə dair bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədə qeyd edilmiş sahəsi (197,7 kv.m) arasında 41,4 kv.m (197,7-156,3) fərq olduğu müəyyən edilmişdir. Mənzilin ümumi tikinti sahəsi yaşayış otaqlarının, köməkçi otaqların (sanitar qovşağın, mətbəxin, dəhlizin, eləcə də balkon, lociya, terras və şüşəbəndin bütün sahəsi azaldılma əmsalına vurulmadan) qonşu divarlar, ara divarlar, sütünaltı sahələr nəzərə alınmaqla sahəsinin 197.7 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, MTK ilə iddiaçı X6 arasında xx.xx.2015-ci il tarixdə Kooperativ Mənzil Tikintisi haqqında Payçı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilmiş və ya inşa olunan yaşayış kompleksində giriş mərtəbə 9, ümumi sahəsi 197.7 kv.m olan 4 otaqdan ibarət 22 saylı mənzili X5 2015-ci il tarixdə təhvil verilmişdir. Hazırda iddiaçılar mənzilin faktiki sahəsinin müqavilədə qeyd edilən sahədən daha az olmasını və bu səbəbdən müqavilə üzrə daha az məbləğ ödəməli olduqlarını qeyd edərək, yaranmış fərqin dəyərini onlara ödənilməsini tələb edirlər. Cavabdehin nümayəndəsi isə iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, X6 tərəfindən İddiaçı1 verilmiş etibarnamənin müddəti xx.xx.2023-cü il tarixdə bitdiyindən və bundan sonra verilmiş iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə yalnız İddiaçı1 tərəfindən imzalandığından, mülki iş üzrə iddia tələbinin dəqiqləşdirmə təkcə İddiaçı1 tərəfindən verilmiş hesab edilməli və ona münasibətdə qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 766-ci maddəsinə əsasən sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”: 1.1-ci bəndinə əsasən bu Qaydalar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 3.1-ci bəndinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və tikinti obyektlərinin, o cümlədən yaşayış, ictimai, istehsalat binalarının sahəsinin və həcmlərinin hesablanması qaydalarını müəyyən edir. 1.2-ci bəndinə əsasən bu Qaydaların tələbləri mülkiyyət formasından asılı olmayaraq dövlət orqanları, sifarişçilər, layihəçilər, podratçılar və şəhərsalma və tikinti fəaliyyətinin digər subyektləri üçün məcburidir. 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3 azaltma əmsallarına vurulmaqla hesablanır. Məhkəmə qeyd edir ki, cavabdeh sahəsi 197.7 kv.m olan mənzili tikib təhvil verməyi öhdəsinə götürmüş, lakin iddiaçıya təhvil verilən mənzilin sahəsi çıxarışa əsasən 156.3 kv.m təşkil edir. Tərəflər arasında müqavilə bağlanması və öhdəlik hüquq münasibətlərinin yaranması işin mübahisəsiz halıdır. Hazırkı iddia tələbinin qanuni əsasını podrat hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik normaları təşkil edir, tərəflər arasında podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Lakin mənzilin sahəsinin az olmasını həmin mənzilə mühəndis olan qohumu qonaq gələrkən, mənzilin 197.7 kv.m sahədən ibarət olmamasını bildirdikdən sonra ölçülər aparılması barədə iddiaçının göstərdikləri inandırıcı hesab oluna bilməz. Mülki iş materiallarından görünür ki, iddiaçı araşdırılan mübahisəyə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi mübahisə predmeti olan mənzil çoxmənzilli binada yerləşən yaşayış sahəsidir. Mülki Məcəllənin 776.1-ci maddəsinin tələbinə görə binaya aid qüsur barəsində tələbi sifarişçi beş il ərzində irəli sürə bilər. İddiaçının hüquqlarının pozulduğu an, mənzili təhvil alınması vaxtı, yəni 2015-ci il tarixdən hesablanmalıdır. İddiaçılar Mülki Məcəllənin 776.1-ci maddəsində nəzərdə tutulan iddia müddətini ötürməklə məhkəməyə araşdırılan iddia ilə (xx.xx.2023-cü il) müraciət etmişlər. Belə ki, mübahisəli mənzil iddiaçılara 2015-cı ildə təmirli şəkildə təhvil verilmiş və onlar yüngül təmir işləri aparmışlar. Belə olan halda iddiaçıya cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulduğundan daha az yaşayış sahəsinin verildiyini, yəni müqavilə şərtlərinin lazımi qaydada icra edilmədiyi, bununla da iddiaçının hüququnun pozulduğu halları işdə olan sübutlara əsasən öz təsdiqini tapmışdır. Bununla yanaşı müəyyən edilir ki, iddiaçı hazırkı iddianı mənzilin ona təhvil verilməsindən 8 il keçdikdən sonra qaldırmışdır. Halbuki, mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı bu tələbi mənzili təhvil aldıqdan sonra 5 il ərzində irəli sürməli idi. Həmin müddətin keçməsi isə iddiaçının pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiə imkanının itirilməsinə səbəb olur. Mülki Məcəllənin 776.1-ci maddəsinin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin şərtlərinə əsasən cavabdeh öhdəlik götürmüşdür ki, inşa etdiyi binanı şərtləşdirdikəri ölçüdə və qaydada tikərək təhvil verməlidir. İddiaçıların mənzilin sahəsinin müqavilə ilə nəzərdə tutulduğundan az verilməsindən mühəndis olan qohumunun deməsindən sonra ölçülər aparılan zaman ona məlum olmasına dair dəlil ilə əlaqədar qeyd edilməlidir ki, bu inandırıcı olmamaqla faktiki olaraq artıq ötürülmüş müddətinin müəyyən formal əsaslarla aradan qaldırılmasına yönəlmiş dəlildir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, mənzil təmirli olmuş, lakin iddiaçı tərəf mənzili təhvil alandan sonra bəzi təmir işləri aparmışlar. Deməli, bu zaman real sahənin nə qədər olması barədə məlumatlı olmalı idilər. Hətta bu hal olmasa belə mənzilin təhvil verilməsi zamanı və ondan sonra keçən müddət ərzində iddiaçılar ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını yoxlaya bilərdilər. Lakin onlar, qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da, heç bir üzrlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşlər. İddia müddətinin tətbiqinə dair gəlinən hansı müddətin tətbiq edilməli olmasına dair isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 776.1-ci maddəsində podrat müqaviləsi üzrə icranın qüsurları barədə tələblər üzrə xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. Həmin maddənin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Bu baxımdan mübahisəli sahə binanın tərkib hissəsi olan mənzillə bağlıdır və belə olan halda bu qəbildən olan iddialar həll edilərkən və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilərkən istinad olunan normada nəzərdə tutulmuş binaya münasibətdə icranın qüsuru barədə müəyyən olunmuş 5 illik müddət tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). Məhkəmə həmçinin iddiaçı tərəfin mübahisəli mənzilə dair xx.xx.2022-ci il tarixli müqavilə bağlanması və iddia müddətinin həmin tarixdən başlanması mülahizəsinə münasibət bildirərək qeyd edir ki, mübahisəli mənzilə dair yeni müqavilə bağlanmamış, sadəcə mövcud olan kredit müqaviləsi üzrə borc X6 tərəfindən İddiaçı1 ötürülmüşdür. Məhkəmə eyni zamanda qeyd edir ki, xx.xx.2022-ci il tarixli müqavilə ilə İddiaçı1 yalnız borclu X4 banka olan borcunu üzərinə götürdüyündən və MTK ilə payçı müqaviləsi X6 ilə bağlandığından, hazırda İddiaçı1 MTK-ya qarşı bu cür iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq qaydada nəzərə alınmalıdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və X4 cavabdeh "xxxx" MTK-nə qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC və "xxxx" BOKT QSC göstərilməklə dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia rədd edildiyindən, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçının dövlət büdcəsinə dövlət rüsumu özünə aid edilməməlidir. Həmçinin, ekspert tədqiqatının dəyəri ekspertiza xərclərinə dair bildirişə görə 50 manat təşkil edir. İddiaçının tələbinin təmin edilmədiyindən məhkəmə hesab edir ki, çəkilmiş məhkəmə xərci də həmin nisbətdə iddiaçılara aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və X4 cavabdeh "xxxx" MTK-nə qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC və "xxxx" BOKT QSC göstərilməklə dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manat iddiaçılar İddiaçı1 və X2 müştərək qaydada tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. X10
Məhkəmə qərarları › İş №2(005)-210/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-210/2024
24.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver