Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2113/2022 14.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun, İddiaçı xeyrinə onun əvəzinə ödədiyi 8025 manat əsas borcun, ona vurduğu maddi və mənəvi ziyana görə 8000 manat, cəmi 16025 (on altı min iyirmi beş) manat pul məbləğinin tutulması və ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 24 dekabr 2019-cu il tarixli CTKR1723514A149 №-li “kredit” müqaviləsinə əsasən əvvəllər tanıdığı Cavabdeh "xxxx" ASC-nin Qəbələ filialından 36 ay müddətinə, illik faiz dərəcəsi 26,9% olmaqla 9700 (doqquz min yeddi yüz) manat məbləğinə kredit götürmüşdür. Cavabdehin xahişinə əsasən və ona inandığına görə qeyd etdiyi kredit götürülərkən prosesə o zamin qismində cəlb olunmuşdur. Bankdan Cavabdeh kredit götürdükdən az müddət keçdikdən sonra əsassız olacaq banka kredit ödəməkdən yayınmış, bu səbəbdən bank əməkdaşları onu da narahat etməyə başlamışlar. Halbuki kredit müqaviləsinin 1.1ci bəndində göstərilmişdir ki, bu Müqaviləyə görə Bank aşağıdakı şərtlərlə Müştəriyə istehlak məqsədilə kredit verir, kreditin istifadəsi ilə bağlı müvafiq hesablar açır. Müştəri isə həmin kreditdən istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) Müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir. Ancaq o, müqavilə şərtlərini kobud surətdə pozaraq, götürdüyü kreditin ödənişindən imtina etmişdir. Bank əməkdaşlarının telefon zənglərinə cavab verməmiş və onlarla görüşməkdən yayınmışdır. Dəfələrlə o və atası ondan xahiş etməyinə baxmayaraq, cavabdeh Telman Musafayev kredit öhdəliyinin yerinə yetirməmişdir. Müxtəlif bəhanələrlə onu sakitləşdirməyə çalışmışdır, pulu olmadığını bildirmişdir. Ancaq ona və atasına məlum olmuşdur ki, Telman özünə məxsus avtomaşını 4500 manata satışa qoyub. Həmin vaxt onun 8025 manat borcu var idi. Cavabdeh, onun telefon zənglərinə cavab vermədiyinə görə atası onunla əlaqə saxlamış və ona bildirmişdir ki, avtomaşını 4000 manata onlara versin, 4025 manat borcu isə sonra ödəsin. Bu zaman Telman atasına bildirmişdir ki, ona pul lazımdır, avtomaşını onlara verə bilməz. Atası cavabında Telmana “Pərvin 4 baş ailədir, uşağı xəstə olduğu üçün daim müalicədədir. Ona da pul lazımdır, axı Pərvin sənə yaxşılıq edib” demişdir. Cavabdeh onun sözünü kəsərək bildirmişdir ki, “Pərvinin ağlı olaydı, ona zamin dayanmamaydı”. Qeyd etdiyi kimi o, çox çətinliklə pul əldə etməklə Telmanın əvəzinə 8025 manat məbləğində banka onun kredit borcunu ödəmişdir. Bundan əlavə göstərdiyi kimi Telman ona külli miqdarda ziyan da vurmuşdur. Cavabdehin əvəzinə zamin kimi kredit ödənişləri etməyi "xxxx" ASC tərəfindən verilmiş bank çıxarışı ilə də təsdiq olunur. Cavabdeh onun əvəzinə banka ödədiyi 8025 manat əsas pul məbləğindən başqa, həm də bilərəkdən etdiyi qeyri-qanuni hərəkəti ilə ona 8000 (səkkiz min) manat zərər vurmuşdur. Ona görə də belə hesab edir ki, cavabdehdən 8030 manat ödədiyi əsas pul məbləğinin, ona vurduğu zərərin əvəzi 8000 (səkkiz min) manat, cəmi 16025 (on altı min iyirmi beş) manat pul məbləğinin tutulması və ona ödənilməsi barədə məhkəmə qətnamə çıxarmalıdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: "xxxx" ASC, “Müştəri”- Cavabdeh Vəlvəd oğlu və “Zamin”- İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GTKR1723514A149 №-li kredit müqaviləsindən görünür ki, bank müştəriyə istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 26,9 % dərəcəsi ilə 9700 manat məbləğində kredit verməyi, müştəri isə həmin krediti razılaşdırılmış müddət ərzində geri ödəməyi öz üzərinə götürmüşdür. Zamin, bu müqavilə üzrə Müştərinin Bank qarşısında yaranmış öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür (3.1-ci bənd). Göründüyü kimi İddiaçı məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh, "xxxx" ASC və onun arasında kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə o, cavabdehin öhdəlikləri üçün bank qarşısında zamin kimi öz üzərinə öhdəlik götürmüşdür. Qeyd edilən müqavilə üzrə borclu, hazırkı iş üzrə Cavabdeh öhdəliklərini lazımınca vaxtı-vaxtında icra etmədiyi üçün banka olan müqavilə üzrə kredit borcunu zamin qismində o ödəmişdir. Bu səbəbdən hazırda məhkəməyə müraciət edərək Cavabdeh əvəzinə ödədiyi 8025 manat əsas borcun, ona vurduğu maddi və mənəvi ziyana görə 8000 manat, cəmi 16025 (on altı min iyirmi beş) manat pul məbləğinin tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 425.1.-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, iddia tələbi kredit borcuna görə ödənilmiş pulun tutulması hissəsində rədd edilməli, İddiaçı Cavabdeh risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün Cavabdeh ilə hər bir təqsirli pozuntuya görə birgə məsuliyyət daşıyır. Belə ki, bu hal tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən də müəyyən olunur. Həmin kredit müqaviləsinin: 3.1. Zamin, bu Müqavilə üzrə Müştərinin Bank qarşısında yaranmış öhdəliyinin tamamilə İcra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür. 3.2. Zamin bu Müqaviləni imzalamaqla razılığını bildirir ki, bu Müqavilənin qüvvədə olduğu bütün müddət ərzində, habelə Müqavilə üzrə öhdəliklər tam icra olunanadək zaminlik qüvvədə olacaqdır, yəni əsas və faiz borclan, Dəbbə pulu, maliyyə sanksiyası, tələbin yönəldilməsi ilə bağlı bütün növ xərclər və Zaminin öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Banka dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla. Zamin Müştəri ilə birgə qaydada məsuliyyət daşıyacaqdır. İddia tələbinin maddi zərərin tutulmasına dair məhkəmə aşağıdakı hüquq normalarını tətbiq edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki iş üzrə tədqiq ediliş sübutlara məcmu halda qiymət verərək, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə maddi ziyanın ödənilməsi ilə bağlı iddia tələbini əsassız hesab edir və belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən ona hər hansı maddi zərərin yetirilməsi sübuta yetirilməmişdir. Məhkəmə iddia tələbinin “mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Həmçinin iddia ərizəsinin “maddi və mənəvi zərərin tutulması” tələbi “əsas borcun tutulması” tələbinin törəmə tələbi olduğundan, əsas tələb təmin edilmədiyindən, ondan törənmiş tələb də təmin edilə bilməz. Bu səbəbdən də, iddia tələbi “maddi və mənəvi zərərin tutulması” hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh qarşı “pul və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2113/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2113/2022
14.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver