Məhkəmə qərarları › İş №2(005)-2118/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-2118/2021

25.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2118/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" MTK-ya qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəyən maddi və mənəvi ziyanın Cavabdeh MTK-nın Rəhbərliyi tərəfindən (hüquqi şəxs kimi - X4) ona 1020,0 AZN (520,0 AZN maddi, 500,0 AZN mənəvi) məbləğində ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, 25.10.2018-ci il saat 11:39 da idarə etdiyi, iddiaçıya məxsus “MERCEDES” markalı AZ 10-RD 477 dövlət qeydiyyat nişanlı avtomobillə Ziya Bünyadov küçəsində hərəkət edərkən, bütün nəqliyyat vasitələri kimi o da (tıxac olduğuna görə) idarə etdiyi avtomobili MTK ərazisində saxlamış və bir anın içində MTK-nın inşa etdiyi çox mərtəbəli binanın üstündən (güclü külək səbəbindən) böyük tikinti materialları avtomobilin üzərinə tökülmüş və avtomobilinin arxa şüşəsi və içəri tavan hissəsi və onunla əlaqədar idarə etmə sisteminə maddi ziyan dəymişdir. İddiaçı belə vəziyyətdə avtomobili idarə etməyin mümkünsüzlüyü və tikinti sahəsində də heç kimi tapa bilməməsi səbəbindən təcili maşın bazarına gedib təcili təmir etməyə məcbur olmuş, əlavə detalların alınması, deformasiyaya uğramış tavanın təmiri və dəyişilməsinə məcbur olmuş, bununla bağlı ona 520,0 AZN (beş yüz iyirmi) dəyərində maddi ziyan dəymişdir. İddiaçı həmin günün səhəri, 26.10.2018-ci ildə ərizə ilə Hüquq pozuntularına cavabdeh olan Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, 15.11.2018-ci ildə 08081248 saylı məktubla ona məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. İddiaçının hüquqları kobud surətdə pozulmuş və məhkəmə qaydasında həll olunmalıdır. Ona görə də o, məhkəməyə müraciət edərək MTK Rəhbərliyinin Texniki-Təhlükəsizlik qaydalarının kobud surətdə pozmaqla əlaqədar ona dəyən maddi və mənəvi ziyanın ödənilməsini təmin edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi (həcminin azaldılması) barədə ərizə ilə məhkəməyə müraciət edərək, 520,0 AZN və 30,0 AZN dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin və iddia tələbinin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması və cavabdehin səlahiyyətli nümayəndəsinin məhkəmə iclaslarında iştirak etməməsi səbəbindən qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş şahid X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, 25.10.2018-ci il İddiaçı oğlu il birgə Ziya Bünyadov küçəsində hərəkət edirdilər. Hava güclü küləkli idi. Tıxac olduğu üçün Cavabdeh MTK-ya məxsus binanın yanında məcburi dayanmışdılar. Qəfildən binada daş parçaları avtomobilin üzərinə töküldü. Xəsarət alan olmasa da, avtomaşına zərər dəydi. Cavabdeh MTK-ya müraciət etsələr də, istənilən orqana müraciət etmələri məsləhət görüldü, Cavabdeh-MTK zərəri aradan qaldıqmaqdan imtina etdi. Real vaxt rejimi ilə avtomobildə olarkən telefonla fotoşəkillər də çəkilmişdir. Orada avtomobilin harda yerləşməsi də göstərilmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməməsini nəzərə alaraq məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AR Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinin 15.11.2018-ci il tarixli İddiaçı ünvanlamış məktubun surətindən görünür ki, onun ərizəsində göstərdiyi xüsusatlar mülki xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür; 25.10.2018-ci il tarixli qaimə fakturada avtomobilin hansı detallarının təmir edilməsi və yenisi ilə əvəzlənməsi göstərilmişdir. “MERCEDES Benz” minik markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirməklə dəymiş zərər 520.00 manat müəyyən edilmişdir. 12.03.2021-ci il tarixli ödəniş qəbzinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı avtomobilinə təhlükəsizlik qaydalarına əməl edilməməsi nəticəsində Cavabdeh MTK-ya məxsus binadan daş parçaları düşmüş, bunun nəticəsində dəymiş zərər 520 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən iddiaçı ona vurulmuş ziyanın əvəzininin ödənilməsini tələb edir. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya vurulmuş maddi ziyanın əvəzi qismində 520 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh "Cavabdeh" MTK-dan 520 (beş yüz iyirmi) manat məbləğində maddi və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "Cavabdeh" MTK-ya, sədri X2 qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilsin. Cavabdeh "Cavabdeh" MTK-dan 520 (beş yüz iyirmi) manat məbləğində maddi və 30 manat məbləğində pul tutularaq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar