Məhkəmə qərarları › İş №2(005)-212/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-212/2022

15.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-212/2022 15.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X5, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinəa dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə 9580 manat maddi ziyan, 100000 (bir yüz min) manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsəslandırmışdır ki, onun atası 22.06.2020-ci il tarixdə ürəyində yaranan şikayətlə bağlı Azərbaycan Respublikası 5 nömrəli Xəstəxanasına müraciət etmiş, ürəyindəki problemlə bağlı müayinədən keçmək və anju elətdirmək üçün Ege Hospitala həkim Cavabdeh2 yönləndirilmişdir. Həkim atasının damarlarının 92 %-nin tutulması səbəbilə ona 6 stend qoyulmalı olduğunu bildirmiş, iddiaçı daha sonra 8800 manat kassaya ödəniş etmişdir. İki gün sonra atasını xəstəxanadan evə buraxmış, o da həkimin göstərişlərinə tam şəkildə əməl etmiş, uzun müddətdir siqaret çəkən biri olaraq siqareti tərgitmiş və yazılmış dərmanları vaxtlı-vaxtında qəbul etmişdir. İyul ayının 3-də atasının sinəsində narahatçılıq yaranmış və Cavabdeh2lə əlaqə saxlamışdır, o da Cavabdeh1ın təcili yardımını evə göndərərək, yazılmış dərmanlardan birini dəyişib çıxıb getmişdir, növbəti gün yenidən narahatlıq hissi yarandığından iddiaçı Dövlətin təcili tibbi yardımına zəng etməli olmuşdur, həkim yoxlayaraq şəxsin ürəyində bu qədər stend olmamasını bildirmişdi. İddiaçı atası ilə birlikdə növbəti dəfə anju etməyə gedərkən, özünü yaxşı hiss etmiş, səhhətində heç bir problem olmamışdır. Lakin Cavabdeh1-a həmin həkimin müayinəsində olarkən vəziyyəti pisləşmiş və vəfat etmişdir. Hazırda iddiaçı həkim Cavabdeh2 atasının ölümündə günahlandırır və ondan maddi və mənəvi ziyan tələb edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında Cavabdeh1 MMC-nin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 15.02.2022-ci il tarixdə yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı uzun müddətdir ki, şər-böhtan dolu ifadələrlə barəsində mütəmadi olaraq kütləvi informasiya vasitələrinə, müxtəlif orqanlara müraciət etməklə onu nüfuzdan salır, şərəf və ləyaqətini alçaldır, işgüzar nüfuzunu ləkələyir və onu ağır cinayətdə ittiham edir. O, Bakı şəhərində yerləşən Ege Hospitalda həkim-kardioloq olaraq fəaliyyət göstərir. Hospitalda fəaliyyət göstərdiyi dövrdə vətəndaş X4 (bundan sonra “Pasiyent”) 24.06.2020-ci il tarixində ona müraciət etmiş və aparılmış müayinələr nəticəsində ona “ÜİX. Qeyri-stabil stenokardiya, Keçici atrioventrikulyar blokada, Arterial hipertenziya İİİ dərəcə” diaqnozu qoyulmuşdur. Koronarangioqrafiya nəticəsində pasiyentin LAD, Cx və RCA damarlarında ciddi darlıqların olduğu müəyyən edilmiş, bununla əlaqədar ona koronar angioplastika və stendləşdirmə əməliyyatı icra olunmuşdur. Əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilmiş, əməliyyat sonrası fəsadsız keçən pasiyent 26.06.2020-ci il tarixində ambulator nəzarət üçün evə yazılmışdır. Daha sonra, 04.07.2020-ci il tarixində pasiyent “Kəskin miaokard infarktı” diaqnozu ilə təkrar Ege Hospitala müraciət etmişdir. Aparılan koronarangioqrafiya müayinəsi zamanı pasiyentin koronar damarlarında total trombozun olduğu müşahidə olunmuş, lakin bununla əlaqədar dərhal adekvat tibbi yardımların icrasına başlanılsa da, müsbət dinamika əldə edilməmiş və pasiyent vəfat etmişdir. Pasiyentin vəfatı ilə əlaqədar narazı qalan yaxınları (həyat yoldaşı və qızları) bu barədə aidiyyəti üzrə müxtəlif dövlət qurumlarına, hüquq-mühafizə orqanlarına yazılı müraciətlər (şikayətlər) ünvanlamışdır. Həmin müraciətlərə əsasən göstərdiyi tibbi xidmət həm Səhiyyə Nazirliyi, həm də Prokurorluq tərəfindən araşdırılmış, iş üzrə təyin edilmiş Məhkəmə-X10 rəyinə görə pasiyentə göstərilən tibbi xidmətlər tamamilə səhiyyə sistemində qüvvədə olan təlimatlara, qaydalara uyğun olmuş, pasiyentin vəfatında həkim tərəfindən hansısa səhvə və ya səhlənkarlığa yol verilməmişdir. Hazırda pasiyentin qızı İddiaçı fərqli məqsədlərlə təşkil olunan internet şəbəkəsi qruplarına qoşularaq onun barəsində şər-böhtan dolu məlumatlar yayır, təhqir edir, nüfuzunu zədələyir və bu yolla ondan külli miqdar pul tələb edir. Bu səbəblə barəsində xüsusi ittiham qaydasında tərəfindən şikayət verilmiş və həmin məhkəmə icraatında iddiaçı ona dair heç bir şikayətinin olmadığını sosial şəbəkələrdə etdiyi ittihamların atasının vəfatına olan üzüntüsü səbəbindən etdiyini bildirmiş və iş üzrə tərəfindən icraatın xitam olunmasına razılıq verilmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirakı İddiaçı tərəfindən təmin edilmiş şahid X7, şahid X8 oxşar izahat verərək məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, mərhum X1 Kifayətin əri, Hüseynova Şəhlanın atasıdır. Bütün proseslərdə iştirak etdiyini, Cavabdeh1 MMC-yə getdikləri zaman Ülvi həkim onlara atasının damalarının 92%-nin tutulduğunu bildirərək, ona stend qoymaq lazım olduğunu demişdir. Daha sonra atasının vəziyyəti yenidən pisləşmiş, xəstəxanada həkim (Cavabdeh2) xəstənin vəziyyətinin ağırlaşması səbəbilə təkrar əməliyyata ehtiyac olduğunu bildirmiş, tərəflər isə yeni əməliyyatdan çıxdığı üçün buna etiraz etmişlər. Onun ölümündə həkim Cavabdeh2 günahlandırır və cəza almasını tələb edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11”nin 10.01.2021-ci il tarixli, 25 nömrəli rəyinə əsasən 1948-ci il təvəllüdlü X2 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2. Cavabdeh1da Əliyəsər Xasməmmədovun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, 24.06.2020ci il tarixdə hospitala daxil olmuş və aparılmış müvafiq müayinələr əsasında ona “Ürəyin işemik xəstəliyi, qeyri-stabil proqressivləşən arterial hipertenziya, İİİ dərəcə, risk 4. Piylənmə İ dərəcə, Prostat vəzin adenoması, Keçici tam AV blokada” diaqnozu düzgün təyin edilmişdir. Xəstəyə koronar angioqrafiya əməliyyatı göstərişi olması səbəbi ilə həmin tarixdə üzərində qeyd olunan əməliyyat icra edilmiş, daha sonra müvafiq müalicələr aparılmış və 26.06.2020-ci il tarixdə xəstə kafi vəziyyətdə, yaxşılaşma ilə evə yazılmışdır. “EGE Hospitalıda Ə.Xasməmmədovun adına təıtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, 04.07.2020-ci il tarixdə saat 13:08-də “Kəskin miokard infarktı” diaqnozu hospitala daxil olmuş və aparılmış müayinələrdən sonra ona “Ürəyin işemik xəstəliyi ST elevasiyasız mikard infarktı, Arterial hipertenziya İİİ mərhələ, risk 4” diaqnozu təyin edilmişdir. Xəstəyə aparılmış KAQ müayinəsi zamanı koronar arteriyaların total trombozunun olduğu müəyyən edilmiş, damarlara PTCA icra edilmiş və angioplastika uğurlu nəticə vermədiyi üçün təcili cərrahiyyə əməliyyatının icrasına qərar verilmişdir. Lakin saat 1320-də xəstənin vəziyyəti qəflətən pisləşmiş, reanimasion tibbi tədbirlər göstərilsə də, saat 13:46-da onda bioloji ölüm baş vermişdir. Əliyəsər Xasməmmədovun koronar anatomik diaqnozuna uyqun olaraq stenozu olan və kəskin koronar sindromdan cavabdeh olan damarlara perkutan koronar angioplastika və stent tətbiq edilməsi proseduru icra edilmişdir. Stent implantasiyası zamanı optimal angioqrafik nəticə və rezdual stenozun qalmaması zəruridir və buna uyğun olaraq implantasiya edilən stent sayısı təyin edilir. Stend sayında hər hansı bir məhdudiyyət, alt və ya üst limit yoxdur və kliniki, anatomik vəziyyətə (Syntax skoru) uyğun olaraq seçilir. Ə.Xasməmmədovun meyiti müayinə olunmadığı üçün onun ölümünün səbəbi və aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbilə əlaqənin olub-olmaması haqqında fikir söylənilməsi mümkün olmadı. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Əliyəsər Xasməmmədov evə yazıldıqdan bir müddət (10 gün qədər) sonra yenidən kəskin koronar sindrom (ST elevasiyasız mokard infarktı) simptomları inkişaf etdiyi üçün kontrol koronar angioqrafiya zəruri olmuşdur ki, bu da stend trombozunun diaqnostikasında əsas vasitələrdən biridir. Xəstəyə koronar angioqrafiya edilməsi mütləq idi və aparılmış koronar angioqrafiya nəticəsində onda stent trombozunun baş verdiyi müəyyən edilmişdir. Kontrol koronar angioqrafiyada yayılmış stent trombozu görüldüyü üçün və xəstənin anamnezindən antiaqreqant (klopidoqrel) qəbulunun mütəmadi olması səbəbi ilə xəstədə klopidoqrel rezistentliyi düşünülərək, əvəzinə tikaqrelorla yüklənmə edilmiş, antikoaqulyasiya da əlavə edilərək, stent trombozu zamanı ilk addım olaraq yenidən perkutan koronar angioplastika və lazım olduqda stent tədbiq edilməsi (yəni re-PKM) proseduru icra edilmişdir. Lakin adekvat antikoaqulyasiya və antiqareqant müalicə fonunda təkrarlanan redilatasiyalara baxmayaraq tromboz səviyyəsində azalma qeyd olunmamış, əksinə tərsinə artma müşahidə edilmişdir. Bu səbəblə perkutan müdaxiləyə son verilərək cərrahi konsilium nəticəsində təcili cərrahiyyə əməliyyatının icrasına (aorto-koronar şuntlama əməliyyatı) qərar verilmişdir. Bununla əlaqədar olaraq xəstə reanimasiya şöbəsinə verilmiş, lakin kliniki, hemodinamik vəziyyəti proqressiv olaraq pisləşərək kardiovaskulyar və respirator arrest inkişaf etmişdir. Göstərilmiş reanimasion tibbi tədbirlərə baxmayaraq saat 13:46-da xəstədə bioloji ölüm baş vermişdir; Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 14.07.2021-ci il tarixli, 1(001)-206/2021 saylı qərarına əsasən Xüsusi ittihamçı X12 barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs İddiaçı xüsusi ittihamçıdan yazılı üzr istədiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilmişdir; İşin müəyyən olunan və mübahisələndirilməyən hallarına əsasən iddiaçı atasının 22.06.2020-ci il tarixdə ürəyində yaranan şikayətlə bağlı Azərbaycan Respublikası 5 nömrəli Xəstəxanasına müraciət etmiş, ürəyindəki problemlə bağlı müayinədən keçmək və anju elətdirmək üçün Ege Hospitala həkim Cavabdeh2 yönləndirilmiş, daha sonra atasının ürəyinə 6 ədəd stend qoyulmuşdur. İddiaçı atasını vəziyyətinin pisləşməsi səbəbilə yenidən Cavabdeh1 MMC-yə müayinə üçün gətirmiş, xəstənin həmin həkimin yanında olarkən halının pisləşdiyini və vəfat etdiyini bildirmişdir. İddiaçı iddia edir ki, ürəyindəki problemlə bağlı müayinədən keçmək və anju elətdirmək üçün Ege Hospitala müraciət etmiş, onu həkim Cavabdeh2 müalicə etmiş, aparılmış müalicə və müayinədə həkim səhvi olmuş, bunun nəticəsində atası vəfat etmişdir. Bu səbəbdən, iddiaçı cavabdehlərin hərəkətlərində təqsir olduğunu qeyd edir və Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə 9580 manat maddi ziyan, 100000 (bir yüz min) manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə ekspert rəyini əsas götürərək Cavabdeh1 MMC-də və həkim Cavabdeh2 tərəfindən iddiaçının atasının göstərilmiş ixtisaslı tibbi yardımın təyin edilmiş diaqnoza uyğun aparılmasını vurğulayır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (müqavilə hüququ, delikt hüququ, əsassız varlanma və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası əsassız varlanma müddəalarından yaranır. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İddia tələblərindən göründüyü kimi iddiaçı, Cavabdeh1 MMC və onun həkimi, onun atasına yanlış diaqnoz qoyması və ya atasının müalicəsi ilə bağlı hərəkətsizliyə yol verməsi iş üzrə təyin olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11”nin 10.01.2022-ci il tarixli, 25 nömrəli rəyi ilə öz təsdiqini tapmır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdeh tərəfindən hüquqi nəticə etibarı ilə ona qarşı mülki hüquq pozuntusunun (deliktin) törədildiyini və nəticədə ona maddi ziyanın vurulduğunu iddia etsə də, zərərin cavabdehlərin qanunsuz hərəkəti nəticəsində vurulması müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı cavabdehlərin iddiaçıya qarşı hər hansı təqsirli, hüquqa zidd əməlin törədilməsi müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının “maddi ziyanın tutulması” tələbi əsasızdır və rədd edilməlidir. Məhkəmə iddia tələbinin «mənəvi zərərin tutulması» hissəsinə münasibətdə qeyd edir ki, maddi zərəri tutulması hissəsində iddia rədd olunduğundan və mənəvi zərər bu tələbdən törəmə olduğundan «mənəvi zərərin əvəzi kimi 100.000 manat pul vəsaitinin» cavabdehlərdən tutulması təmin oluna bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar