Məhkəmə qərarları › İş №2(005)-2121/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2121/2022

30.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2121/2022 30.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Göz Klinikasından oranın baş həkimi X4 tərəfindən onun sağlamlığına vurulan maddi və mənəvi zərər üçün 10.000 manat məbləğində kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, bir neçə il əvvəl gözündə yaranan problemlərə görə ”Briz-L” Göz Klinikasına müraciət etmişdir. Həmin klinikanın baş həkimi X4 onu müayinə etmiş, müayinənin nəticəsi olaraq da əməliyyat etməyə qərar vermişdir. Lakin əməliyyat uğursuz olmuş bundan sonra gözündə yaranan şiddətli ağrıların, görmə zəifliyinin artması səbəbi ilə o dəfələrlə müxtəlif həkimlərə müraciət etmiş və hətta İran İslam Respublikasına müayinə üçün getmişdir. Onu müayinə edən bütün həkimlər gözündəki bu zəifliyin və narahatlığın səbəbinin həmin əməliyyat olduğunu bildirmiş və məlumat vermişdirlər ki, onda olan xəstəliyə əməliyyat etmək olmaz və bu ciddi bir xəstəlikdir. Lakin həmin həkim iddiaçını əmin etmiş və heç bir narahatçılıq olmayacağını bildirmişdir. Beləliklə, bütün yoxlanışlardan sonra ona aydın oldu ki, iddiaçı həkim səriştəsizliyinin, qeyri-peşəkarlığının qurbanı olmuşdur. Ən sonunda o, X6 adına Milli Oftalmologiya Mərkəzində müayinə olunmuş və yenə həkimlərinin rəyi digər iki həkim diaqnozu ilə eynilik təşkil etdi. Həkimin səriştəsizliyi nəinki onda maddi zərərə, həmçinin mənəvi zərərə də yol açmışdır. Uzun illər müxtəlif klinikalarda aldığı müalicələr, çoxsaylı müayinələr iddiaçının psixoloji vəziyyətinə dərindən təsir etmiş, onda güclü sarsıntılara yol açmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3”nin xx.xx.2022-ci il tarixli, 2771 nömrəli rəyinə əsasən 1964-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: İddiaçı adına Cavabdeh Klinikasında tərtib edilmiş tibbi sənədlərdən göründüyü kimi, ona “Anizometropiya, OU-yüksək dərəcəli miopiya, Miopik astiqmatiznT diaqnozu aparılmış müvafiq müayinələrdən sonra düzgün təyin edilmişdir. İddiaçı üzərində icra edilmiş baryer lazer cərrahiyyə əməliyyatı ona təyin edilmiş diaqnoza uyğun olmuşdur. Əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. İddiaçı mütəxəssis müayinəsi zamanı “OU-yüksək dərəcəli anadangəlmə miopiya”nın olduğu müəyyən edildi. Bununla əlaqədar görmənin artırılması və eynəksiz gəzməsi üçün onun hər iki gözündə cərahiyyə əməliyyatı icra oluna bilər; Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubunda “19 aprel 2022-ci il tarixli iş №2(005)-2121/2022 saylı məktubunuza cavab olaraq qeyd etmək istəyirəm ki, iddiaçı X2 xx.xx.2010-cu il tarixində klinikamıza müraciət etmişdir. Müayinə zamanı pasiyentin refraksiyası OD (sağ) göz -6.50.astiqmat 0.75, OS (soli göz -9.25, astiqmat 1.75, Visus (görmə itiliyi) OD-0.04, OS-0.04 faiz (4 faiz) Gözün daxili təzyiqi OD-17, OS-16. OU(yəni iki göz) anizometropiya, yüksək dərəcəli miopiya, mürəkkəb miopik astiqmatizm, və göz dibinin müayinəsi zamanı sağ göz torlu qişanın aşağı kvadrantında xəlbirvari degenerasiya (içində dəlik) diaqnozu qoyulmuşdur. Xəlbirvari degenerasiya torlu qişanın qopma risklərindən biridir və bu məqsədlə xəstəyə baryer lazer kaoqiulyasiyası məsləhət görülmüşdür. Pasiyentin razılığı ilə lazer proseduru icra olunmuşdur. Aparılan prosedur pasiyentin görmə qabiliyyətinə hec bir təsiri yoxdur” göstərilmişdir; İddiaçı iddia edir ki, gözündə yaranan problemlə bağlı müayinədən keçmək Cavabdeh MMC-yə müraciət etmiş, onu klinikanın baş həkimi X4 müalicə və əməliyyat etmiş, aparılmış müalicə və müayinədə həkim səhvi olmuş, bunun nəticəsində gözündə şiddətli ağrılar, görmə zəifliyi artmışdır. Bu səbəbdən, iddiaçı cavabdehin hərəkətlərində təqsir olduğunu qeyd edir və onun sağlamlığına vurulan maddi və mənəvi zərər üçün 10.000 manat məbləğində kompensasiyanın Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə ekspert rəyini əsas götürərək Cavabdeh MMC-də iddiaçıya göstərilmiş ixtisaslı tibbi yardımın təyin edilmiş diaqnoza uyğun aparılmasını vurğulayır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (müqavilə hüququ, delikt hüququ, əsassız varlanma və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası əsassız varlanma müddəalarından yaranır. Belə ki, Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İddia tələblərindən göründüyü kimi iddiaçı, Cavabdeh MMC və onun həkimi, onun gözünə yanlış diaqnoz qoyması iş üzrə təyin olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3”nin xx.xx.2022-ci il tarixli, 2771 nömrəli rəyi ilə öz təsdiqini tapmır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdeh tərəfindən hüquqi nəticə etibarı ilə ona qarşı mülki hüquq pozuntusunun (deliktin) törədildiyini və nəticədə ona maddi ziyanın vurulduğunu iddia etsə də, zərərin cavabdehlərin qanunsuz hərəkəti nəticəsində vurulması müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı cavabdehlərin iddiaçıya qarşı hər hansı təqsirli, hüquqa zidd əməlin törədilməsi müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının “maddi ziyanın tutulması” tələbi əsasızdır və rədd edilməlidir. Məhkəmə iddia tələbinin «mənəvi zərərin tutulması» hissəsinə münasibətdə qeyd edir ki, maddi zərəri tutulması hissəsində iddia rədd olunduğundan və mənəvi zərər bu tələbdən törəmə olduğundan mənəvi zərərin cavabdehdən tutulması təmin oluna bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş 115 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar