Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-213/2021 05.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 15 yanvar 2018-ci il tarixli “icarə müqaviləsi”nə əsasən 5 il müddətinə icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 283,1 kv, köməkçi sahəsi isə 94 kv.m olan qeyri-yaşayış sahəsinin təmirinə sərf etdiyi 70.000 (yetmiş min) manat məbləğində pulun, kafeni istifadə edə bilmədiyinə görə əldən çıxmış fayda kimi 93.000 (doxsan üç min) manat pulun və kafedə olan və cavabdeh tərəfindən mənimsənilmiş 10000 (on min) manat dəyərində ərzağın əvəzinin və mənəvi zərərə görə 10000 (on min) manat məbləğində pulun cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə 15 yanvar 2018-ci il tarixli “icarə müqaviləsi” bağlayaraq ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 283,1 kv, köməkçi sahəsi isə 94 kv.m olan qeyri-yaşayış sahəsini 5 (beş) il müddətində icarəyə götürmüş, və Vergilər Nazirliyində qanuni qeydiyyata alınmaqla həmin qeyri-yaşayış sahəsini kafe kimi işlətmişdir. İcarəyə götürülən əmlak Cavabdeh1 adına olsa da, faktiki sahibi Cavabdeh2dur. İcarə müqaviləsi obyektin mülkiyyətçisi Cavabdeh1 ilə onun arasında bağlandığı halda, müqaviləni etibarnamə əsasında Cavabdeh2 imzalamışdır. Onlar icarə müqaviləsini öz aralarında, yazılı şəkildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri üzrə Vergilər Departamentində bağlamış və icarə müqaviləsi vergilər departamentində qeydiyyata alınmışdır, etibarnamə əsasında Cavabdeh2 imzalamışdır. Müqavilə üzrə icarə haqqı hər ay 200 (iki yüz) manat müəyyən edilmişdir. Müqavilənin müddəti 15.01.2018-ci ildən etibarən 5 (beş) il müddəti təşkil edilmişdir. İcarəyə götürdüyü qeyri-yaşayış sahəsi tam təmirsiz olduğuna və istifadəyə yararasız halda olduğuna görə əsaslı təmirə ehtiyac vardır və cavabdehlə olan razılaşmalarına əsasən obyekti kafe kimi işlətmək üçün təmir etməyə başlamış və təmir 2 ay müddətində başa çatmışdır. İcarəyə götürdüyü kafenin ümumi sahəsi 283 kv metr, köməkçi sahələri isə 94 kv metr təşkil edirdi, 250 kv metr isə kafenin həyəti təşkil edirdi. Beləliklə o, təmirə başlamış və kafenin mətbəxini kərpic arakəsmə ilə iki yerə bölmüş, ümumi zalda kabinetlər tikdirmiş və kabinetlərin arakəsmələrini kərpicdən tikdirmişdir. 95 kv metr olan zala və 50 kv metr olan mətbəxin döşəməsinə metlax döşətdirmiş, Həm zalın, həm də mətbəxin tavanına lambirin vurdurmuş, zalın divarlarına və kabinetlərin divarlarına bahalı divar kağızları vurdurmuş, obyektin bütün elektrik xətlərini yenidən çəkdirmiş və zalın və kabinetlərin işıqlandırılmasına çilçıraqlar alıb vurdurmuşdur. Obyektin həyətinə 250 kv metr metlax döşətdirmiş və həyətin hasarlarını boya ilə rənglətdirmişdir. Obyektin kanalizasiya sistemini yenidən çəkdirmiş, iki ədəd sanitar qovşaq tikdirmiş və içərisinə kafel metlax döşətdirmişdir. İçəridə olan mətbəxə 3000 manat dəyərində olan mətbəx mebeli yığdırmışdır. Bundan başqa həyətdə yay mətbəxi tikdirmiş və ya mətbəxinə də mebel quraşdırmışdır. İki ədəd böyük zontik (günəş çətiri) alaraq həyətdə yerləşdirmişdir. Obyektin təmirinə ümumilikdə 70.000 (yetmiş min) manat vəsait xərcləmişdir. Bundan başqa kafenin istifadəsi üçün lazım olan bütün avadanlıqları da öz hesabına almışdır. Kafedə fəaliyyət göstərdikdən sonra cavabdeh icarə haqqını 200 manatdan 800 manata qaldırmışdır. O vaxtdan bu günə qədər hər ay 800 (səkkiz yüz) manat icarə haqqı ödəmişdir.Kafedə rəsmi əmək müqaviləsi üzrə üç nəfər işçini Lənkəran rayonu Gərmətük qəsəbəsində qeydiyyatda olan X1 aşpaz vəzifəsinə, Bakı şəhəri, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi ev 11-də qeydiyyatda olan X3 inzibatçı vəzifəsinə və Qubadlı şəhərində qeydiyyatda olan X15 isə ofisiant vəzifəsinə işə götürmüş və Respublikamızda COVİD-19 pandrmiyası ilə əlaqədar karantin rejimi tətbiq olunan günədək onlar kafedə işləmişlər. Müqavilə bağladığı vaxtdan ölkədə karantin rejimi elan olunana qədər həmin kafeni işlətmiş və müqavilə üzrə icarə haqqını hər ay vaxtında ödəmişdir. Lakin 27.03.2020-ci il tarixdə ölkədə məlum vəziyyət ilə əlaqədar olaraq karantin rejimi elan edildi və kafelərin işləməsinə qadağa qoyuldu. Həmin tarixdə işçilərlə birlikdə kafenin qapısını bağlayıb evə getdik. Qeyd edim ki, kafenin əsas giriş qapısı dəmir metaldan idi və qapının açarları onun özündə olurdu.Ölkəmizdə karantin rejimi yumşaldıqdan sonra, yəni 21.05.2020-ci il tarixdə işçiləri ilə birlikdə kafeyə gələndə qapının qıfılının dəyişdirildiyini və bağlı olduğunu görmüşdürlər. Dərhal DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Nərimanov rayonu 16-cı Polis Bölməsində aparılan araşdırma nəticəsində məlum oldu ki, Cavabdeh2 onun xəbəri və razılığı olmadan müqavilə əsasında 5 il müddətinə icarəyə götürdüyü kafenin giriş qapısının kilidini sındıraraq çıxarmış və əvəzinə başqa kilid taxaraq açarlarını özü ilə götürmüşdür. Bunun səbəbini cavabdehdən soruşduqda Cavabdeh2 bildirdi ki, o kafeni başqa adama icarəyə verəcək. O, narazılığını bildirərək demişdir ki, “bizini aramızda 5 illik müqavilə var, mən bu kafeyə külli miqdarda xərc çəkərək təmir edib, avadanlıqlar alıb, yararlı vəziyyətə gətirmişəm”. Cavabdeh2 cavabında bildirdi ki, “get məhkəməyə müraciət et”. Bundan sonra 16-cı Polis Bölməsinin əməkdaşlarının müdaxiləsi nəticəsində 26.05.2020-ci il tarixdə kafenin qapısının açılmasına nail olublar və iddiaçı, işçiləri X7, X4 və X18 birlikdə kafenin içərisinə girdilər. İçəri girdiklərində məlum oldu ki, 27 mart 2020-ci il tarixində kafenin qapısını bağlayarkən içəridə saxladığı 10.000 (on min) manat dəyərində olan spirtli və spirtsiz içkilərin heç biri yoxdur. Ona məxsus içki məhsullarının harda olduğunu Cavabdeh2 soruşduğunda o, xəbəri olmadığını bildirdi və ondan kafedə olan əşyalarını çıxarmağını tələb etdi. Onlar işçilərlə birlikdə həmin gün, yəni 26 may 2020-ci il tarixində kafedə olan 33 adda Soyuducudan tutmuş qaşığa kimi olan mətbəx avadanlıqlarını, soldan tutmuş xalçaya kimi olan mebel əşyalarını kafedən çıxarmış və həmin avadanlıqları və əşyaları götürməyi barədə akt tərtib etmişlər, həmçinin ona məxsus olan 10000 (on min) manat dəyərində, 10 adda spirtli və spirtsiz içkinin kafedə aşkar edilmədiyini aktda qeyd etmişdir. Aktı o, işçiləri X7, Feyzullayeva Ləyaqət Əyub qızı və X18 imzaladılar, lakin Cavabdeh2 aktı imzalamaqdan imtina etmişdirlər. Hesab edir ki, ona məxsus olan və kafedə saxladığı içkilər Cavabdeh2 tərəfindən götürülüb, çünki kafenin qıfılı onun tərəfindən dəyişdirilib. Yuxarıda qeyd etdiyi kimi, kafenin təmirinə iddiaçı 70000 manat məbləğində xərc çəkib, bundan əlavə kafenin işləməsi üçün 15000 manat məbləğində xərc çəkib. Cavabdehlə bağlanmış müqavilə şərtlərinə görə iddiaçı hələ bundan sonra kafeni 2 il 7 ay istifadə etməli idi. Əgər qalan müddətdə də istifadə etsə idi gəlir əldə etməli idi ki, hansı ki, hazırda cavabdehin müqavilənin şərtlərini kobud şəkildə, qanunsuz pozması nəticəsində iddiaçı və ailəsi həmin gəlirdən məhrum olublar. Belə ki, kafe işləyən zaman hər ay orta hesabla 3000 (üç min) manat gəlir əldə edirdi. Bundan əlavə kafedə işləyən aşbaz Məmmədova Gülarəyə gündəlik 40 manat, 1 aylıq 1200 manat (1200 x 31 ay = 37200 manat), ofisiant Feyzullayeva Ləyaqətə gündəlik 130 manat, aylıq 900 manat (900 x 31 ay = 27900 manat), administrator Rzayev Seymura 1 gündəlik 30 manat, aylıq 900 manat (900 x 31 ay = 27900 manat) pul ödəyirdi. Lakin kafenin işləməsinə cavabdehin əsassız maneələr törətməsi nəticəsində onlar da bu gəlirdən məhrum edildilər. Bunlardan əlavə iddiaçıya cavabdeh əsassız olaraq işləməyə imkan vermədiyinə görə iddiaçıya ayda 3000 (üç min), 3000 manat x 2 il 7ay = 93.000 manat gəlirdən məhrum olub. Hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 15 yanvar 2018-ci il tarixli “icarə müqaviləsi”nə əsasən 5 il müddətinə icarəyə götürdüyü ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 283,1 kv, köməkçi sahəsi isə 94 kv.m olan qeyri-yaşayış sahəsinin təmirinə sərf etdiyi 70.000 (yetmiş min) manat məbləğində pulun kafeni istifadə edə bilmədiyinə görə əldən çıxmış fayda kimi 93.000 (doxsan üç min) manat pulun və kafedə olan və cavabdeh tərəfindən mənimsənilmiş 10000 (on min) manat dəyərində, 10 adda spirtli və spirtsiz içkinin dəyərinin və mənəvi zərərə görə 10000 (on min) manat məbləğində pulun cavabdehdən tutulub ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 30 avqust 2021-ci il tarixdə məhkəməyə etiraz ərizəsi təqdim edərək, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 70000 manat məbləğində təmir xərclərinin, 93000 manat əldən çıxmış faydanın, 10000 manat dəyərində ərzağın əvəzinin və 10000 manat mənəvi zərərin ödənilməsinə dair iddia ərizəsi və müvafiq tələbləri əsassız olduğuna və hər-hansı sübutlarla təsdiq edilmədiyi üçün təmin edilməməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Cavabdeh1 aid qeyriyaşayış obyekti olan kafedə hər-hansı təmir işləri görülməmişdir və görüldüyü halda iddiaçı tərəfindən 1 ildən artıq müddət ərzində hər-hansı sübutlar məhkəməyə təqdim edilməli idi. Qeyd edilən obyektdən təmir işləri bilavasitə obyektin faktiki sahibi Cavabdeh2 tərəfindən görülmüş, Cavabdeh1 da həmin işlərdə öz köməkliyini göstərmişir. Qeyd edilən qeyri-yaşayış obyekti əvvələr də digər şəxslər tərəfindən icarəyə götürülmüş və kafe kimi işlədilmişdir. Həmin obyektdə təmir işləri cavabdehlər tərəfindən 2013-cü ilin fevral-aprel aylarında görülmüş və başa çatdırılmışdır. Obyektdə görülmüş təmir işləri barədə müqavilə və görülmüş işləri həcmini təsdiq edən digər sənədlər məhkəməyə təqdim edilmişdir. Görülmüş əsaslı təmir işlərinə yalnız əmək haqqı şəklində sərf edilmiş vəsait 5107 manat təşkil etmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 21.07.2021-ci il tarixli 10/724 saylı rəyinə əsasən Teymur Əliyev küçəsi (indiki M.Araz ) ev 118 ünvanında yerləşən qeyri-yaşayış sahəsində təmir işlərinə sərf edilmiş vəsaitin məbləği bazar qiymətlərinə uyğun olaraq təqribən 31615 manat təşkil edir. Həmin qiymətlər material və əmək haqqı ilə birlikdə hesablanmış ki, bu da onların 2013-cü ildə gördüyü təmir işləri üzrə əmək haqqı (işçilik) şəklində çəkdikləri 5107 manat məbləğinə uyğundur. Bundan əlavə, İddiaçı və Cavabdeh1 arasında bağlanmış 15.01.2018-ci il tarixli İcarə müqaviləsinin 2.2.4-cü maddəsinə əsasən İcarəçi olan iddiaçı icarə obyektinin əsaslı və cari təmir işlərini öz hesabına aparmalı və müqavilənin şərtlərinə əsasən bu əsasla İcarəyə verəndən hərhansı vəsaiti tələb edə bilməz. Müqavilənin 2.2.7-ci maddəsinə görə İcarəyə verənin razılığı olmadan icarə sahəsində əsaslı tikinti, rekonstruksiya, yenidənqurma işlərini aparmamalıdır. Tərəfindən iddiaçıya hər hansı təmir və yenidənqurma işlərini aparmaq üçün icazə verilməmiş və həmin işlər onun tərəfindən deyil, 2013-cü ildə onların tərəfindən aparılmışdır. Obyektin yerləşdiyi ərazi üzrə 35 saylı Mənzil-Kommunal İstismarı sahəsinə sorğu verilmiş, həmin qurumdan alınmış 28.01.2021-ci il tarixli 35/90 saylı sorğuya cavabdan görünür ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış obyekti olan «Dadlı» adlı kafedə 01.01.2018-ci il tarixdən bu günə qədər hər-hansı təmir-tikinti, abadlıq işləri ilə bağlı müraciət edilməyib və həmin ünvanda təmir tikinti abadlıq işləri ilə rastlaşmamışlar. Bundan başqa, iddiaçı iddia tələbində bildirir ki, etirazda adları göstərilən işə qəbul etdiyi aşbaza aylıq 1200 manat olmaqla 31 ay ərzində 37200 manat, ofisiant və inzibatçıya ayrı ayrılıqda aylıq 900 manat olmaqla hərəsinə 27 900 manat pul ödəməli idi. Həmin işçilərlə bağlı tərəflərindən X12 sorğu verimliş, alınmış 23.02.2021-ci il tarixli sorğuya cavabla müəyyən edilmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi işçilər olan Rzayev Seymur 18.05.2020-ci ildə, Fərzullayeva Ləyaqət və Məmmədova Gülarə 01.09.2020-ci ildə işçi kimi elektron sistemdə qeydiyyata alınmışdır. Əmək qanunvericiliyinə görə əmək müqaviləsi əmək müqaviləsinin bağlandığı vaxtdan deyil, elektron informasiya sistemində qeydiyyata alındığı vaxtdan qüvvəyə minir. İddiaçının 23.03.2020-ci ildən etibarən Pandemiya ilə əlaqədar kafeni işlətməməsini nəzərə alaraq, qeyd edilən işçilərin 31 ay ərzində gəlirdən məhrum olması və ya onlara zərər dəyməsi ilə bağlı iddiaçının dəlillərinin heç bir əsası yoxdur. İddiaçının özünün ayda 3000 manat (31 ayda 93 000) manat zərərə düşməsi və əldən çıxmış faydanı tələb etməsinin də heç bir əsası yoxdur, ona görə ki, bununla əlaqədar icarə obyektində həmin məbləğdə gəliri əldə etməsinə dair onun tərəfindən hər-hansı vergi bəyannaməsi və ya əmək müqaviləsi təqdim edilməmişdir. Bu barədə, yəni İddiaçı 15.01.2018-ci ildən əldə etdiyi gəlir və ödənilmiş vergi məbləğləri barədə Dövlət Vergi Xidmətinə tərəfindən sorğu verilmiş, lakin 22.02.2021-ci il tarixli məktubla vergi sirri hesab olunduğu üçün vergi orqanı tərəfindən sorğuya cavabın verilməsi mümkün olmamışdır. Bundan əlavə, "xxxx" ASC-nin Nərimanov QİS-nin təqdim etdiyi «Abonent saldosu»na əsasən Teymur Əliyev küçəsi-118 ünvanda yerləşən kafenin 2018-ci ilin dekabr ayı tarixinə 9021 manat məbləğində borcu yaranmış, həmin borc məbləği 2020-ci ilin may ayına 11 536 manata yüksəlmişdir. Həmin dövrdə kafeni iddiaçı Ş.Dadaşov işlətmiş və borc İddiaçı fəaliyyəti nəticəsində yaranmış və ödənişi cavabdeh tərəfindən təmin edilmişdir. Əgər İddiaçı təmir işlərinə böyük məbləğdə xərclər çəkmiş olsaydı, cavabdehlər üçün kommunal xidmətlərə görə həmin borcu yaratmazdı. Göstərilən halllar İddiaçı səmimi olmadığını və iddiasının əsassız olduğunu bir daha sübuta yetirir. İddiaçının iddia ərizəsində göstərdiyi kafedə olan və 10 000 manat dəyərində spirtli içki və ərzağı kafedə aşkar etməməsinə görə onun əvəzinin cavabdehlərdən tələb edilməsinin də əsası yoxdur. Belə ki, iddiaçı həmin vaxt bununla dağlı «102» zəng mərkəzində zəng edərək məlumat vermiş, Nərimanov rayonu 16-cı PB tərəfindən araşdırma aparılmışdır. Araşdırmanın nəticəsinə görə oğurluq və ya digər cinayət faktı aşkar edilmədiyindən polis bölməsi tərəfindən 25.03.2020-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı tərəfindən həmçinin mənəvi zərərin dəyməsini sübut edən dəlillər də təqdim edilməmiş və bu tələbin də heç bir əsasının olmamasını bildirir. Etirazda göstərilən dəlil və faktlarla əlaqədar tərəfimizdən müvafiq sənədlər və sübutlar məhkəməyə təqdim edilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində ifadə vermiş şahid X20 bildirmişdir ki, o cavabdeh Ramin müəllim ilə 2013-cü ilə tarixində podrat müqaviləsi bağlayaraq müvafiq işlərin həyata keçirilməsi öhdəliyini götürüb. Ramin müəllimi həmin dövrlərdə tanıyıb. Belə ki, həmin müqaviləyə əsasən onların tərəfindən həmin kafenin bütün təmir işləri həyata keçirilmişdir. Həmin kafe tam şəkildə təmir edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, 2021-ci ilin yanvar ayında kafe yerləşən əraziyə yolu düşmüşdü və o zaman kafenin təmirinə baxmaq üçün kafeyə getdi və gördü ki, təmir hələ də yaxşı vəziyyətdədir. 2013-cü il tarixində podrat müqaviləsinə əsasən orada briqada şəklində bir neçə usta işləmişdir. Onlar tərəfindən həm kafedə həm də kafenin həyətində təmir işləri aparılmışdır. Onlara həmin müqaviləyə əsasən ödənişi Ramin müəllim etmişdir. Onlar kafenin təmirini bitirdikdə orada təmirsiz heç bir hissə qalmamışdı. Müqaviləyə əsasən onlar tam şəkildə təmir etməli idilər və onlar da müqavilədən irəli gələn öhdəlikləri tam şəkildə icra ediblər. Məhkəmə baxışı iclasında şahid qismində ifadə vermiş şahid Hüseynov Elmuraz Bakir oğlu bildirmişdir ki, iddiaçı onun dayısıdır. Onlar 2018-ci il tarixində işlətmək üçün restoran kirayə götürüblər. Həmin restoran tam təmirsiz vəziyyətdə idi. Ora 2 ay müddətinə onlar tərəfindən tam şəkildə təmir edilmişdir. Onlar obyekti 2 il müddətinə işlədib. Daha sonra pandemiya başladı və bütün işlər dayanmışdı. Onlar pandemiyadan sonra işləmək üçün gəldikdə isə restoranın kilidi dəyişdirilmişdi və onlar obyektə daxil ola bilmədilər. Verilən suallara cavab olaraq bildirmişdir ki, restoran tam şəkildə onlar tərəfindən təmir edilmişdir. Onlar kafeni kirayə götürərkən demək olar ki, heç bir təmir işləri aparılmamışdı. Onlar obyekti sıfır vəziyyətdə olarkən kirayə götürmüş və təmir ediblər. O, kafedə ofisiant vəzifəsində işləyiblər. Təmir zamanı isə dayısına kömək etmək məqsədilə gedərək, ustalara kömək edirdi. O, 2018-ci il tarixindən restoran kirayə götürüldükdən sonra orada işləməyə başlayıb. Əmək müqaviləsinin nə zaman bağlandığı barədə dəqiq məlumat verə bilmir. Əmək müqaviləsi səhv etmirsə, 2018-ci il tarixində bağlanmışdır. İddiaçı tərəfindən əmək haqqı günəmuzd şəklində ödənilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində ifadə vermiş şahid X7 bildirmişdir ki, iddiaçı onun müdiri olmuşdur. İddiaçı onu işçi kimi işə götürmüşdür. O, sözügedən kafeyə işçi kimi getdiyi zaman kafe tam təmirsiz vəziyyətdə idi. Kafe 2 ay müddətində iddiaçı tərəfindən təmir edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, onlar kafeyə ilk getdiyi zaman ora bərbad vəziyyətdə idi. Onlar tərəfindən 2 ay müddətinə təmir edilmişdir. Kafedə iddiaçı tərəfindən yerə kafel döşənmiş, oboylar vurulmuş, həyətdə təmir işləri aparılmışdır. Demək olar ki, təmir edilməsə həmin kafedə işləmək mümkün deyildi. O həmin kafedə 2018-ci ilin ortalarında işə başlayıb. O, orada aşbaz vəzifəsində işləyib. İddiaçı ilə əmək müqaviləsini işə başladıqdan 2 aydan sonra bağlayıb. İddiaçı təmir işləri apararkən orada köməkçi kimi işləmiş və təmir zamanı təmizlik işləri apararaq, ustalara yemək hazırlayaraq, müdiriyyətə köməklik göstərib. Kafe tam təmir edildikdən sonra isə aşbaz vəzifəsində işləməyə başlayıb. O günlük olaraq 25 və ya 30 manat məbləğində əmək haqqı alırdı. Kafedə metlax, kafel və oboy vurulmuş, tavanda təmir işləri aparılmışdır. Onlar tərəfindən hər hansı söküntü işləri aparılmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində ifadə vermiş şahid X9 bildirmişdir ki, o cavabdeh Ramin müəllimi 2013-cü ildə onun kafesində usta kimi işləyərkən tanıyıb. Belə ki, o kafedə santexnik üzrə işlər görüb və bunun qarşılığında da əmək haqqı alıb. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o santexnik ustasıdır. 2013-cü il tarixində həmin kafedə santexnik işlərini həyata keçirib. Onlar kafenin təmirini bitirdikdə ora tam təmirli vəziyyətdə idi. Onlar tərəfindən bütün təmir işləri tam şəkildə həyata keçirilmişdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, eyni zamanda şahid ifadələrini dinləyərək belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan 15 yanvar 2018-ci il tarixli İcarə müqaviləsindən görünür ki, Dadaşov X10 Ramin Ənvər oğlu ilə “icarə müqaviləsi” bağlayaraq ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 283,1 kv, köməkçi sahəsi isə 94 kv.m olan qeyri-yaşayış sahəsini 5 (beş) il müddətində icarəyə götürmüşdür. İş materiallarında olan 04 fevral 2013-cü il tarixli podrat müqaviləsindən görünür ki, sifarişçilər Cavabdeh1 və Cavabdeh2 ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi podratçı tərəfindən işlərin aparılması üçün müəyyən edilən torpaq sahəsi müqavilə üzrə işlərin görülməsi məqsədilə X16 təhvil verilmişdir. İş materiallarında olan Nərimanov Xidmət Sahəsi ilə istehlakçı kafe “Avey” arasında qazın alqı-satqısı üzrə yaranmış debitor borcun məbləği və aparılmış ödənişlərin 30 may 2020-ci il tarixə qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, 11536,50 manat borc qalığı yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin ünvan 7 ünvanlanmış məktubundan görünür ki, Rzayev Seymur 18.05.2020-ci ildə, Fərzullayeva Ləyaqət və Məmmədova Gülarə 01.09.2020-ci ildə işçi kimi elektron sistemdə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin Mənzil- Kommunal Təsərrüfat Birliyinin 35 saylı Mənzil-Kommunal İstismar Sahəsinin arayışından görünür ki, ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış obyekti olan ”Dadlı” adlı kafedə 01.01.2018-ci il tarixdən bu günə qədər onlara hər-hansı təmir-tikinti, abadlıq işləri ilə bağlı müraciət edilməyib və həmin ünvanda təmir tikinti abadlıq işlərinə rastlaşmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyun 2021-ci il tarixli 10/724 saylı rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən qyeri yaşayış sahəsində təmir işlərinə sərf olunan vəsaitin məbləği bazar qiymətlərinə uyğun olaraq təqribən 31615 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir. Konstitusiyanın göstərilən müddəalarına uyğun olaraq, hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusunu müəyyənləşdirərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 15 yanvar 2018-ci il tarixli İcarə müqaviləsinin 2.2.4-cü və 2.2.7-ci maddələrinə əsasən, icarəyə verənin vəzifələrinə - sahəni lazımi vəziyyətdə saxlamaq, onun əsaslı və cari təmir işlərini öz hesabına aparmaq və icarəyə verənin qabaqcadan yazılı surətdə verilmiş razılığı olmadan sahəni üçüncü şəxslərə ikinci əldən icarəyə və ya istifadəyə verməmək, əsaslı tikinti, rekonstruksiya, yenidənqurma işlərini aparmamaq daxildir. Beləliklə məhkəmədə müəyyən edilir ki, Cavabdeh1 ilə 15 yanvar 2018-ci il tarixli “icarə müqaviləsi” bağlayaraq ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 283,1 kv, köməkçi sahəsi isə 94 kv.m olan qeyri-yaşayış sahəsini 5 (beş) il müddətində icarəyə götürmüş, və Vergilər Nazirliyində qanuni qeydiyyata alınmaqla həmin qeyri-yaşayış sahəsini kafe kimi işlətmişdir. İddiaçı iddia edir ki, Cavabdeh2 tərəfindən müqavilənin şərtlərinin pozulması səbəbindən ona zərər dəymişdir. Bununla əlaqədar olaraq o cavabdehlərdən onun xeyrinə 70.000 (yetmiş min) manat məbləğində pulun, kafeni istifadə edə bilmədiyinə görə əldən çıxmış fayda kimi 93.000 (doxsan üç min) manat pulun və kafedə olan və cavabdeh tərəfindən mənimsənilmiş 10000 (on min) manat dəyərində ərzağın əvəzinin və mənəvi zərərə görə 10000 (on min) manat məbləğində pulun tutulmasını xahiş edir. Cavabdehlər iddia tələbinin əsassız olduğunu, sübuta yetirilə bilmədiyini qeyd edərək rədd edilməsini xahiş edirlər. Məhkəmə iddiaçının “qeyri-yaşayış sahəsinin təmirinə sərf edilmiş pul, əldən çıxmış fayda və cavabdeh tərəfindən mənimsənilmiş 10 adda spirtli və spirtsiz içkinin dəyərinin” tutulmasına münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Beləliklə yuxarıda qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinin tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə ona zərərin (əldən çıxmış fayda və ya real zərərin) dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh MMC-nin hərəkət və ya hərəkətsizliyi nəticəsində əldə edə biləcəyi gəlirlərdən məhrum olmasını sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan əldən çıxmış faydanın və real zərərin nədən ibarət olmasını, daha əvvəllər də adi mülki dövriyyə şəraitində əldə etdiyi gəlirlərinin olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı öz izahatında bildirdiyi kimi, yəni 70.000 (yetmiş min) manat məbləğində pulun, kafeni istifadə edə bilmədiyinə görə əldən çıxmış fayda kimi 93.000 (doxsan üç min) manat pulun və kafedə olan və cavabdeh tərəfindən mənimsənilmiş 10000 (on min) manat dəyərində ərzağın əvəzinin və 10000 (on min) manat məbləğində zərərə məruz qaldığını qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir hala dair mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Belə ki, məhkəmənin tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas götürməklə gəldiyi qənaətə əsasən iddiaçı qeyri-yaşayış sahəsinin cari təmirini həyata keçirməyə görə cavabdehdən pul tələb edə bilməzdi. Digər tərəfdən müqavilə şərtlərinə əsasən, əsaslı təmir üçün Cavabdeh1 razılığı tələb olunurdu. Odur ki, iddiaçı əgər şahid ifadələrinə istinad etməklə qeyri-yaşayış sahəsinin təmirinə 70000 manat məbləğində xərcin çəkildiyini bildirirsə, məhkəməyə istinad etdiyi halları əsaslandıran mötəbər sübutlar təqdim etməlidir. Bu baxımdan məhkəmə bildirir ki, iddiaçı göstərilən hallarla bağlı şahid ifadələrindən başqa sübut (mübahisəli qeyri-yaşayış sahəsinin əsaslı təmiri ilə bağlı gördüyü işlərlə bağlı xərc-smeta cədvəlləri, mal-material üçün ödənilmiş vəsaitə dair qəbzlər, həmin mal-materialların alındığı yerdən qaimələr, təmiri həyata keçirən ustalar barədə məlumatlar, o cümlədən əsaslı təmir üçün cavabdehin razılığına dair sübutlar və s.) təqdim etməmişdir. Məhkəmə iddiaçının əldən çıxmış fayda ilə bağlı tələbinə münasibətdə isə qeyd edir ki, yuxarıda qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinin tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə zərərin (əldən çıxmış fayda və ya real zərərin) dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. İlk öncə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində əldə edə biləcəyi gəlirlərdən məhrum olmasını sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan əldən çıxmış faydanın nədən ibarət olmasını qeyd etsə də, daha əvvəllər də adi mülki dövriyyə şəraitində əldə etdiyi gəlirlərinin olmasını göstərəcək dəlilləri təqdim etməmiş, nəticə etibarilə istinad etdiyi hallar sübuta yetirilməmişdir. Bununla yanaşı məhkəmə “kafenin işləməsinə cavabdehin əsassız maneələr törətməsi nəticəsində işçilərin gəlirdən (əmək haqqlarından) məhrum edilməsi” dəlilinə münasibətdə isə belə qənaətə gəlir ki, iddia tələbinin dəlili bu hissədə əsassızdır. Çünki iddiaçı həmin şəxslərə dəymiş zərərlə bağlı iddia irəli sürməyə subyektiv hüquqa malik olmamışdır. Məhkəmə qeyd edir ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələridir. Şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə dindirilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verərək bildirir ki, iş üzrə şahid ifadələri birbaşa sübut deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, AR MPM-in 88ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçının təşəbbüsü ilə məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş X7 və Hüseynov Elmuraz Bakir oğlunun şahid ifadəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının qohumu və onun işçisi kimi özünü təqdim edən şahidlər həmin qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən təmir edildiyini bildirirlər. Şahidlər iddiaçı ilə yaxın münasibətlərdə olduğuna və mübahisənin öz yaxınının xeyrinə həll edilməsində maraqlı olduğuna görə onun ifadəsi qeyri-yaşayış sahəsinin əsaslı təmirin edilməsi və s. kimi hallar müəyyən edilərkən mötəbər sübut sayıla bilməz. Bu baxımdan məhkəmə onların ifadəsinə tənqidi yanaşır. Bundan başqa məhkəmə mənəvi zərərin tutulması ilə bağlı aşağıdakıları qeyd edir: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərhedilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X6rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X8 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Lakin iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsini məhkəmədə sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən mülki hüquqi baxımdan təqsiri sübuta yetirilə bilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı tutulsun, Az.MEM, VÖEN **********,AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-213/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-213/2021
05.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver