Məhkəmə qərarları › İş №2(005)-213/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-213/2022

19.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-213/2022 19.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçılar İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan mənzilin tərəflərin paylarına uyğun naturada ayrılması, bu mümkün olmadıqda, mənzilin açıq hərrac vasitəsi ilə satılaraq paylara mütənasib surətdə pulun bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan mənzilin tərəflərin paylarına uyğun naturada ayrılması, bu mümkün olmadıqda, mənzilin açıq hərrac vasitəsi ilə satılaraq paylara mütənasib surətdə pulun bölünməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 105/35 saylı evin, 75 saylı mənzilinin paylarına uyğun surətdə naturada ayrılması, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 105/35 saylı evin, 75 saylı mənzilinin onların paylarına uyğun surətdə naturada ayrılması mümkün olmasa, həmin əmlakdan iddiaçının payına düşən pulun cavabdehlərdən tutularaq ona ödənilməsi və ya onun cavabdehlərin payına düşən hissədə pulu ödəməklə evdən mülkiyyət hüququna xitam verilməsi, əvvəlki iki tələb mümkün olmadıqda Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 105/35 saylı evin, 75 saylı mənzilinin açıq hərrac vasitəsi ilə satılaraq satışdan əldə edilmiş vəsaitin paylara mütənasib olaraq aralarında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 105/35 saylı evin 75 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrindən 11/8 hissədə X3, 1/8 hissədə Cavabdeh2, ¾ hissədə iddiaçının adına qeydiyyatdan keçmişdir. Hazırda o mübahisəli mənzildə paylı mülkiyyətçi olsa da, faktiki olaraq iddiaçı həmin evdən tam hüquqla istifadə edə bilmir. İddiaçının evdən istifadə hüququ faktiki olaraq pozulur. Odur ki, mübahisəli mənzil tərəflərin paylarına uyğun qaydada naturada bölünməlidir. Mənzil dörd otaqdan ibarətdir. Ekspertiza təyin edilməklə mənzilin dəyərinin müəyyən etmək və iddiaçının payına düşən məbləği müəyyən etmək mümkündür. Mənzilin yerləşdiyi ərazidə eyni şəraitdə olan mənzilin dəyəri 130000 manat dəyərindədir. Əgər mənzilin paylara uyğun naturada bölünməsi mümkün olmasa iddiaçı mənzildən payına düşən hissədə pulunun verilməsini və ya onların payına düşən pulun veıilməsini istəyir. Əgər bütün bunlarla cavabdehlər razılşamırsa mübahisəli mülkün hərraca çıxarılıb paylara münasib surətdə pulun bölünməsini istəmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq cavabdehlər heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25.02.2022-ci il tarixli 10/7283 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 105/35 saylı evin, 75 nömrəli mənzilinin 9 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşməsini, bir giriş-çıxış qapısının olmasını, yardımçı (mətbəx, ayaqyolu, hamam) tikililərinin yeganə olmasını nəzərə alaraq, həmin mənzilin paylı mülkiyyətçilər arasında paylarına uyğun olaraq naturada təcrid şəkildə bölünməsinin “inşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin tələblərinə müvafiq olaraq texniki cəhətdən-mümkün olmadığı müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16.12.2021-ci il tarixli ƏEM/D 128-1251/21 nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, analoq obyektlərin müqayisəli satışı, mənzilin sahəsi, yerləşdiyi ərazi, mərtəbəliliyi, alternativ istifadə imkanları, təmirliliyi, tikilinin konstuksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 105/35 saylı evin 75 saylı mənzilin 16 dekabr 2021-ci il tarixinə: likvid dəyəri 137.000 manat, bazar dəyəri 145.000 manat müəyyən edilmişdir. Əmlakın qiymətləndirilməsi üzrə göstərilən xidmətin dəyəri 200 manat təşkil edir; Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən Bakı şəhəri Nərimanov Rayonu, Təbriz küçəsi, 105/35 saylı evin, 75 nömrəli mənzilin 1/8 hissəsi X3, 3/4 hissəsi İddiaçı, 1/8 hissəsi isə Cavabdeh2 adına 28.06.2019-cu il tarixində qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir; 02.06.2021-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər; 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir; 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.04.2014-cü il tarixli qərarında göstərilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayonu, Təbriz küçəsi, 105/35 saylı evin, 75 nömrəli mənzil İddiaçı, Cavabdeh1 və Cavabdeh2 arasında paylara bölünmüş və nəticədə Bakı şəhəri Nərimanov Rayonu, Təbriz küçəsi, 105/35 saylı evin, 75 nömrəli mənzilin 1/8 hissəsi X3, 3/4 hissəsi İddiaçı, 1/8 hissəsi isə Cavabdeh2 mülkiyyət hüququ tanınmış və hazırda əmlak bu həcmdə onların mülkiyyətindədir. Hazırda iddiaçı mənzilinin ümumi paylı mülkiyyətçilər, yəni onun və cavabdehlər X4 və Cavabdeh1 arasında naturada bölünməsini, ümumi paylı mülkiyyətin naturada bölünməsi mümkün olmadığı təqdirdə, mənzilin açıq hərracdan satılaraq, əldə olunmuş vəsaitin paylarına uyğun olaraq bölüşdürülməsini tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisəli əmlakın naturada ayrılmasının mümkünlüyünün müəyyən edilməsi məqsədi ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25.02.2022-ci il tarixli 10/7283 nömrəli ekspert rəyinə əsasən mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 105/35 saylı evin, 75 nömrəli mənzilinin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün olmadığı göstərilmişdir. Bununla belə, məhkəmə hesab edir ki, mübahisəli əmlakın naturada ayrılmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25.02.2022-ci il tarixli 10/7283 nömrəli ekspert rəyi ilə sübuta yetirildiyindən, bu tələb üzrə əlavə araşdırmanın aparılmasına hər hansı zərurət qalmamışdır. Məhkəmə iddiaçının payının dəyərinin cavabdehlər tərəfindən ona ödənilməsi (kompensasiya vermək) ilə bağlı qeyd edir ki, iddiaçı, ayrılan mülkiyyətçi olmaqla, qeyd edilən əmlakların onun mülkiyyətində olan hissəsinin dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan Cavabdeh1 ona ödənilməsini təklif etmişdir. Beləliklə, məhkəmə göstərilənləri, o cümlədən iddiaçı təkliflə müraciət etdikdən sonra cavabdeh tərəfindən bu istiqamətdə hər hansı hərəkətlərin edilməməsini, məhkəmə iclaslarında iştirak etməməklə (yalnız bir məhkəmə iclasında iştirak etmiş) yanaşı bu məsələ ilə bağlı məhkəməyə münasibət bildirməməsini nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehin kompensasiya vermək imkanı yoxdur və ya o, kompensasiya vermək istəmir. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, əmlakın naturada bölünməsinin mümkün olmadığı, habelə cavabdehin iddiaçının payının dəyərinin ona ödənilməsindən imtina etdiyi müəyyən edildiyindən, iddiaçının əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması barədə tələbi əsaslıdır və bu səbəbdən təmin edilməlidir. Eyni zamanda, məhkəmə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04.04.2014-cü il tarixli qərarına istinadən onu da qeyd edir ki, bu tələblər biri-biri ilə əlaqəli olduğundan və bu 3 tələb üzrə əvvəlki tələbin (məsələn naturada bölgünün mümkün olduğu və ya bu mümkün olmasa da sonradan kompensasiya ödənilməsi ilə bağlı əldə edilmiş razılıq) təmin edilməsi sonrakı tələbin təmin edilməsini istisna etməsinə baxmayaraq, onlar ayrı-ayrı icraat üzrə deyil, bir icraatda baxılmalı və nəticədə ilk iki tələb müsbət həll edilməsə də, ümumilikdə iddia təmin edilməlidir. Belə ki, Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarda nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkün hesab edilmişdir ki, bu da öz növbəsində bu ardıcıllığa riayət etməklə bu tələblərin vahid bir iddia üzrə irəli sürülməsini mümkün edir. Beləliklə, göründüyü kimi, iddiaçı əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl etmiş və həmin qaydalara uyğun olaraq bu barədə tələb irəli sürməklə məsələnin ilk olaraq cavabdehlə paylı mülkiyyətlərində olan əmlakın bölünməsi, bu mümkün olmadığından isə sonradan öz payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi yolu ilə həll edilməsinə nail olmaq istəmiş, lakin bu bir nəticə verməmişdir. Bu səbəbdən iddia tələbi təmin edilməli, tərəflərin ümumi mülkiyyətdə olan əmlak açıq hərracdan satılmalı və satış pulu paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə iddia tələbinin " cavabdehlərin payına düşən hissədə pulu ödəməklə evdən mülkiyyət hüququna xitam verilməsi" hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, iddiaçı bu tələblərlə iddia qaldırmaq hüququnun subyekti deyil, iddiaçı paylı mülkiyyətçi olmaqla gələcəkdə tam olaraq mənzilin mülkiyyətçisi olduğu halda cavabdehlərin istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmaq hüququ ola bilər. Həmin hüquq hərracdan sonra olan mənzilin yeni mülkiyyətçiyə məxsusdur. Bu səbəbdən də, iddia tələbi bu hissədə rədd edilməlidir. «Əmlak Ekspert Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 dekabr 2021-ci il tarixli ƏEM/D 128-1251/22 nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 105/35 saylı evin, 75 saylı mənzilin hazırkı dövrə olan orta bazar qiyməti 145.000 manat, hazırkı dövrə olan likvid qiyməti isə 137000 manat müəyyən edilmişdir; “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Müvafiq ipoteka predmetlərinin qiymətləndirilməsi zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 dekabr 2021-ci il tarixli qiymətləndirmə hesabatı əsas götürülməlidir. Beləliklə məhkəmə hesab edir ki, olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 105/35 saylı evin, 75 saylı mənzilin likvid satış qiyməti hazırkı dövrə olan likvid dəyəri 137000 manat, müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi paylı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 105/35 saylı evin, 75 saylı mənzil açıq hərracda satılmalı, əmlakın satışından əldə edilən pul vəsaiti bu əmlakların mülkiyyətçiləri olan İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında, onların paylarına mütənasib surətdə bölüşdürülməli, Açıq hərracda satılan - Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 105/35 saylı evin, 75 saylı mənzilin likvid dəyəri 137 000 manat məbləğində müəyyən olunmalı, iddia tələbi qalan hissədə rədd olunmalıdır. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı və cavabdehlər Çiçekli (Məmmədova) Aynur Seyran qızının və Cavabdeh2 ümumi paylı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 105/35 saylı evin, 75 saylı mənzil açıq hərracda satılsın. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 105/35 saylı evin, 75 saylı mənzilin satışından əldə edilən pul vəsaiti bu mənzilin mülkiyyətçiləri olan İddiaçı və cavabdehlər Çiçekli (Məmmədova) Aynur Seyran qızı və Cavabdeh2 arasında, onların paylarına mütənasib surətdə (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 105/35 saylı evin, 75 nömrəli mənzil – 1/8 hissəsinə Çiçekli (Məmmədova) Aynur Seyran qızının, 1/8 hissəsinə isə Cavabdeh2, ¾ hissəsinə İddiaçı payları nəzərə alınmaqla) bölüşdürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Açıq hərracda satılan - Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 105/35 saylı evin, 75 saylı mənzilin likvid dəyəri 137 000 manat məbləğində müəyyən olunsun. İddia tələbi qalan hissədə rədd olunsun. Keçirilmiş məhkəmə ekspertizalarının xərci olaraq 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar