Məhkəmə qərarları › İş №2(005)-216/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-216/2023

23.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-216/2023 23.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 məxsus ünvan 1 ünvanında yerləşən 56 saylı mənzildən axıdılan suyun nəticəsində yararsız hala düşmüş ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilin təmir işləri üçün tələb olunan 2500 manat məbləğində pulun, 500 manat məbləğində mənəvi ziyanın, cəmi 3000 manat məbləğində vəsaitinin, habelə ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun və iddia ərizəsinin tərtib edilməsi üçün ödənilmiş 50 manat pulun əvəzinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 43 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Belə ki, müvafiq sərəncam əsasında həmin mənzil iddiaçının qanuni istifadəsində verilmişdir. ünvan 1 ünvanında yerləşən 56 saylı mənzildən su axıntısı nəticəsində mənzili yararsız hala düşmüş və nəticədə ona xeyli miqdarda maddi ziyan vurulmuşdur. Bununla yanaşı, 116 saylı MKİS-in rəisini Ə.Seyidov, mühəndis A.Şahmarov və həmin qurumun işçisi R.Oktyabskinin iştirakı ilə 56 saylı mənzildən suyun iddiaçının mənzilinə axmasına dair xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Mənzilinə vurulmuş ziyanın aradan qaldırılmasına dair cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onun tərəfindən heç bir hərəkət edilməmiş və qeyd olunan xoşagəlməz halın təkrarlanmasına yol verilmişdir. Məhkəmə iclasında iddiaçılar iddia ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, qeyd olunan mənzilə dəymiş zərər onun mənzili ilə bağlı olmadığını əsas gətirərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını, o cümlədən ekspertiza rəyini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin Daşınmaz Əmlakın Texniki Pasportundan görünür ki, ünvan 2 ünvanda yerləşən mənzil İddiaçı mülkiyyətindədir; 21 iyun 2022-ci il tarixli 116 saylı MKİS tərəfindən tərtib olunmuş aktın məzmunundan görünür ki, Ağa Neymətulla küçəsi 69 saylı binanın 43-cü mənzilinin yuxarı mərtəbəsində yerləşən 56-cı mənzildə yaşayanlar tərəfindən 43 saylı mənzilə su axıdılmışdır. Su axması barədə 56-cı mənzilin sahibinə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq bu hal dəfələrlə təkrar olunur. Su axması nəticəsində 43 saylı mənzilin mətbəx və hamam hissələrinin tavanında, divarlarında qara ləkələr, çatlar əmələ gəlmişdir. Mənzilin təmirə ehtiyacı vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6500 nömrəli rəyinin nəticə hissəsinə əsasən iş üzrə cavabdeh tərəfin baxışda iştirak etməməsi və Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 69 ünvanında yerləşən 56 saylı mənzilə baxış keçirilməsi mümkün olmadığından su sızıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Lakin, mülk iş materiallarında olan 116 saylı MKİS-nin rəisi Ə.Seyidov, mühəndis A.Şahmarov və işçi R.Oktyabrski tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən ünvan 3 ünvanda yerləşən 56 saylı mənzildən su axıdıldığı müəyyən olunur. ünvan 1 ünvanında yerləşən 43 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 606 manat məbləğində müəyyən olunmuşdur; xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı hüquqi xidmətlərin göstərilməsinə görə 50 manat məbləğində pul ödəmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır; 226.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1098.2-ci maddəsinə əsasən əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər; 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 43 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı cavabdehin mülkiyyətində olan mənzildən onun mənzilinə suyun axıdıldığını və nəticədə ona 2500 manat məbləğində pulun, 500 manat məbləğində mənəvi ziyanın, cəmi 3000 manat məbləğində ziyan vurulduğunu iddia edir və həmin məbləği cavabdehdən tələb edir. 21 iyun 2022-ci il tarixli 116 saylı MKİS tərəfindən tərtib olunmuş akta və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə texniki-tikinti ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/6500 nömrəli rəyinə əsasən ünvan 3 ünvanda yerləşən 56 saylı mənzildən su axıdıldığı müəyyən olunur. ünvan 1 ünvanında yerləşən 43 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun dəyəri təqribən 606 manat məbləğində müəyyən olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Bununla belə, məhkəmə ekspertinin rəyini mötəbər sübut kimi qiymətləndirib, habelə 21 iyun 2022-ci il tarixli 116 saylı MKİS tərəfindən tərtib olunmuş aktı nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaçıların mülkiyyətində olan mənzilə həmin mənzilin üstündə yerləşən və cavabdehin mülkiyyətində olan mənzildən su axıdılmışdır. Bununla da, iddiaçının mənzilinə vurulmuş ziyanın cavabdehin mülkiyyətində olan mənzildən suyun axıdılması nəticəsində baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinin mənasına görə suyun axıdılmasına görə məsuliyyəti mülkiyyətçi daşıyır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi ucun iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi ucun iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Bununla belə, iddiaçının mülkiyyətində olan mənzilə cavabdehin mülkiyyətində olan mənzildən suyun axıdılması və bunun nəticəsində həmin mənzilə maddi ziyanın vurulması halı sübuta yetirildiyindən, məhkəmə iddia tələbini maddi ziyanın tutulması hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddiaçıya vurulmuş maddi ziyan məbləği müəyyən edilərkən, ekspert rəyi əsas götürülməli və həmin rəylə müəyyən edilmiş 606 manat məbləğində vəsait iddiaçının mənzilinə vurulmuş maddi ziyanın aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri qismində müəyyən edilməklə, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının maddi ziyan tələbinin qismən təmin olunması iddiaçıya münasibətdə ədalətli kompensasiyanı əvəz edir. Belə ki, “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X9 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar mövqeyi «Bokova Rusiya qarşı» işi üzrə xx.xx.2019-cu il tarixli Qərarında da mövcuddur. Qərarda qeyd olunur: «ərizəçiyə qarşı işə baxılarkən məhkəmə tərəfindən pozuntunun olmasının aşkar edilməsi ərizəçinin irəli sürdüyü mənəvi zərərə görə ədalətli təzminatı özünə ehtiva edir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə eyni zamanda, “iddianın hüquqi xidmətə görə 50 manat pulun cavabehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissələrdə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, cavabdeh X2 vurulmuş maddi zərərə görə 606 manat məbləğində pul, hüquqi xidmətin göstərilməsi ilə bağlı 50 manat İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə dövlət rüsumunun tutulmasını iddianın təmin olunmasına mütənasib olaraq müəyyən edir. Belə ki, tələb olunan (2500+500+50) 3050 manatın 656 (altı yüz əlli altı) manatı təmin olunduğu halda, bu məbləğə mütənasib olaraq ödənilmiş 50 (əlli manat) manat dövlət rüsumunun 30 (otuz) manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilməlidir Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaitinin cavabdeh X3 tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X3 606 (altı yüz altı) manat məbləğində maddi ziyan, hüquqi xidmətlərin göstərilməsi ilə bağlı 50 (əlli) manat, ümumilikdə 656 (altı yüz əlli altı) manat və 30 (otuz) dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 50 (əlli) manat cavabdeh X3 tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar