Məhkəmə qərarları › İş №2(005)-2217/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2217/2021

07.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2217/2021 07.05.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nərimanov rayon 21 saylı Notariat Kontoru cəlb edilməklə) “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nərimanov rayon 21 saylı Notariat Kontoru cəlb edilməklə) “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanılmış razılaşma müqaviləsinin 6-cı bəndinin tələbinin pozması və bununla əlaqədar ona dəymiş maddi ziyana görə 1.564.070 manat və mənəvi ziyana görə 500.000 manat ziyanın cəmi isə 2.064.070 manat ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, iddiaçı olaraq İddiaçı Cavabdeh ilə 17 dekabr 2011-ci il tarixdə üçüncü şəxs olan 21 saylı dövlət Notariat ofisində cavabdehin və qayınatasının təsiri altında, onu aldadaraq, eləcə də təkid edilərək, Notariat ofisi tərəfindən isə qanunvericiliyin tələbləri ona izah edilmədən, əksinə ona heç-bir narahatçılığın olmadığını bildirərək, müqavilədə yazılanlar yoxlanılmadan, araşdırılmadan, belə bir əmlakların olub-olmaması və ya üzərində həbs olub-olmaması, eləcə də belə bir ünvanlarda həmin əmlakların olması, kimin adına olması yoxlanılmadan, 8-bəndən ibarət “razılaşma müqaviləsi” adı altında əmlakların bölünməsi, bir çox öhdəliklərin, həmin öhdəlik və fəaliyyətin olub-olmaması yoxlanılmadan, həmçinin icra edilməsi və s. şərtlər əsasında razılaşma müqaviləsi adı altında müqavilə bağlanılmış və notariat ofisi tərəfindən təsdiq edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, notariat ofisi tərəfindən həmin müqavilə təsdiq edilərkən, bölünməsi nəzərdə tutulmuş əmlakların həqiqətən mövcudluğunu və kimə aid olduğunu təsdiq edən sənədlər tələb edilmədən, eləcə də onların həqiqətən birgə fəaliyyətinin olub-olmamasını və s. yoxlamadan, bu barədə sənəd tələb etmədən, üzərlərinə öhdəliklər qoyularaq əsassız bir müqavilə təsdiq edilmişdir. Həmin öhdəliklərdən biri sözügedən müqavilənin 6-cı bəndinə əsasən, “Cavabdeh və İddiaçı yuxarıda (müqavilənin) qeyd edilən şərtlərlə və bölgü ilə razı olmaqları və onların şərtsiz yerinə yetirdikləri halda bir-birinə qarşı heç bir iddia təqdim etməyəcəkləri bildirilmişdir. Hər hansı gözlənilməz hadisə baş verdiyi halda hər iki tərəfin bərabər payda məsuliyyət daşımaları təsdiq edilmişdir. Müqavilənin isə icra edilməsi mexanizmi yox idi. Çünki, onların birgə fəaliyyətini və qeyd edilən əmlakların kimə məxsus olmasını və ya heç olmasa həmin əmlakların mövcudluğunu təsdiq edən sənəd təqdim edilməmişdir. Cavabdeh, həmin müqavilənin qeyd edilən 6-cı bəndinin tələblərini pozaraq, hansı ki, əsassız olaraq söz əsasında, heç bir hüquqi əsası və hüquqi sənədlərə əsaslanılmadan bağlanılmış və icra edilməsinin, icra mexanizmi mümkün olmayan müqavilənin 6-cı bəndinin tələbini pozaraq ona qarşı 30.09.2016-cı il tarixdə, baxmayaraq məhkəmə qarşısında iddia qaldırılmaması barədə öhdəlik götrülsə də, “İddia ərizəsi” ilə “Paylı mülkiyyət hüququnun müəyyən edilməsi' tələbinə dair ona qarşı məhkəmə qarşısında iddia qaldırmışdır. Müqavilənin şərtinə əsasən hər-hansı hadisə baş verdiyi halda bərabər məsuliyyət daşımaqları bildirilmişdir. Cavabdeh (Cavabdeh) tərəfindən verilmiş qeyd edilən iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsi 05 oktyabr 2018-ci il tarixli Qətnaməsi ilə 1.564.070 manat məbləqində pulun ondan tutulması barədə qətnamə qəbul etmişdir. Sözügedən qətnamə qəbul edildikdən sonra, qəbul etmədiyi və əsassız olması ilə bağlı yuxarı instansiyalara müraciət etdiyi qətnaməyə görə hal-hazırkı tarixə kimi məhkəmələrdədir. Buna görə həm maddi və həm də mənəvi əziyyət çəkir.. Belə halda hesab edir ki, cavabdeh tərəfindən baxmayaraq ki, qəbul etmədiyi mübahisəli müqavilənin 6-cı bəndinin pozulması nəticəsində bərabər payda məsuliyyət daşıdığı halda, üçüncü şəxsin qanunsuz təsdiq etdiyi razılaşma müqaviləsinə əsasən Bakı Apellyasiya məhkəməsi tərəfindən əsaslı hesab edilmiş və bunun əsasında çıxarılmış 05 oktyabr 2018-ci il tarixli qətnaməyə görə ondan tələb olunan və bunun əsasında ona aid əmlakları üzərinə həbs qoyularaq, eləcə də həmin əmlaklardan biri, nəqliyyat vasitəsinin üzərində həbs olmasına baxmayaraq Nərimanov rayon İcra və Probasiya şöbəsinin qanunsuz hərəkətləri nəticəsində özgəninkiləşdirilməsi və təkrar ondan tələb edilən 1.564.070 manat ziyan cavabdehdən tutularaq ona ödənilməlidir. Hesab edir ki, belə olan halda 2016-cı il tarixdən onu məcburi formada məhkəmələrə cəlb etdirərək, Cavabdeh tərəfindən 1.564.070 manat ziyandan əlavə, keçirtdiyi gərginlik və mənəvi yorğunluğa görə, eləcə də 2016-cı il tarixdən başlamış məhkəmə mübahisələri ilə bağlı çəkdiyi xərclərə görə 500.000 manat maddi və mənəvi ziyan kimi, cəmi isə 2.064.070 manat vəsait MM-nin 21-ci maddəsinə əsasən ona ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasına üzürsüz səbəblərdən gəlməmişlər. Lakin Bakı şəhəri 21 saylı Notariat Kontorunun nümayəndəsi ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında 17.12.2011-ci il tarixdə bağlanmış “Razılaşma” Müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə cavabdeh arasında 17.12.2011 -ci il tarixdə bağlanmış “Razılaşma müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən iddiaçı ilə cavabdeh razılığa gəlirlər ki, illər boyu fəaliyyətləri nəticəsində Bakı şəhərində qazandıqları aşağıda göstərilən ticarət obyektləri belə bölünsün: - Bakı şəhəri, Azadlıq prospekti 22 ünvanında yerləşən mağaza və Füzuli Prospekti 19 ünvanında yerləşən zirzəmi İddiaçı verilərək adına sənədləşdirilsin; - F.X.Xoyski küçəsi, ev 85 ünvanda yerləşən mağaza, F.X.Xoyski küçəsi, 887-ci məhəllə, “Kaspian” TM-dəki 36 saylı mağaza, Bakı şəhəri, Nobel prospekti 23 ünvanında “A.M.A.Y” TM-dəki 7 saylı mağaza və Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, ev 10 ünvanında tikilən “Svit Haus” binasındakı obyekt iddiaçıya verilərək sənədləşdirilsin; - Qardaşların birgə fəaliyyətinin maliyyə hesabatlarını və ödənişlərini apardığına və bu işə bilavasitə rəhbərlik etdiyinə görə İddiaçı Cavabdeh adına yazılmış "Svit Haus” binasındakı yeni tikilən obyektin tikintisinə qalan vəsaiti mütəmadi olaraq ümumi hesabdan tam ödənilməsini həyata keçirsin; - Qardaşlar birgə fəaliyyəti davam etdirərək alış verişdən vəsaiti (gəliri) birgə fəaliyyətdən kənar məqsədlərə sərfi yalnız hər ikisinin razılığı əsasında həyata keçirilə bilər; - Cavabdeh və İddiaçı yuxarıda qeyd edilən şərtlərlə və bölgü ilə razı olurlar və onların şərtsiz yerinə yetirildiyi halda bir-birinə qarşı heç bir iddia təqdim etməyəcəklər. Hər hansı gözlənilməz hadisə baş verərsə, hər iki tərəf bərabər payda məsuliyyət daşıyır. Beləliklə məhkəmədə müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı arasında 17.12.2011-ci il tarixdə “Razılaşma” Müqaviləsi bağlanmışdır. Müqavilənin 6-cı bəndinə əsasən, Cavabdeh və İddiaçı yuxarıda qeyd edilən şərtlərlə və bölgü ilə razı olurlar və onların şərtsiz yerinə yetirildiyi halda bir-birinə qarşı heç bir iddia təqdim etməyəcəklər. Hər hansı gözlənilməz hadisə baş verərsə, hər iki tərəf bərabər payda məsuliyyət daşıyır.İddiaçı bildirir ki, cavabdeh məhkəmə qarşısında iddia qaldırılmaması barədə öhdəlik götürməsinə baxmayaraq 6-cı bəndin tələbini pozaraq ona qarşı 30.09.2016-cı il tarixdə, “Paylı mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair ona qarşı məhkəmə qarşısında iddia qaldırmışdır. Məhkəmə iddianın və iddiaya olan etirazlarının əsaslarının təsdiqi kimi istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçının iddia tələbinin əsasını tərəflər arasında bağlanmış 17.12.2011-ci il tarixli Razılaşma müqaviləsinin 6-cı bəndinin pozulması təşkil edir. Belə olan halda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2225/2019-cu il tarixli, 23.04.2019-cu il tarixli qərarına əsasən iddiaçı Cavabdeh və cavabdeh İddiaçı ayrı- ayrılıqda verdikləri kassasiya şikayətləri təmin olunmayaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8400/2018 saylı, 05 oktyabr 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, tərəflər arasında qeyd edilən məhkəmə mübahisələri üzrə qəbul edilmiş məhkəmə aktları ilə, hazırki mübahisəli razılaşma müqaviləsinə hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Bundan başqa iddiaçı bildirir ki, cavabdeh ilə bir-birilərinə qarşı məhkəmədə iddia irəli sürməyəcəklərinə dair öhdəlik götürsələr də, sonuncu tərəfindən müqavilənin 6-cı bəndinin tələbi pozularaq ona qarşı 30.09.2016-cı il tarixdə “Paylı mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair iddia qaldırılmışdır. Məhkəmə iddiaçının istinad etdiyi iddia tələbinin müvafiq dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiyanın bu norması, həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı). Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin dəlilləri kimi istinad etdiyi hal özü-özlüyündə əsassızdır. Göründüyü kimi, hər kəsin pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ vardır. Həmin hüquq konstitusion hüquq olmaqla, heç bir vasitə yaxud razılaşma ilə məhdudlaşdırıla bilməz. Bundan əlavə məhkəmə iddiaçının yuxarıda qeyd edilən razılaşma müqaviləsinin 6-cı bəndinin tələbinin pozulması ilə əlaqədar iddiaçıya dəymiş maddi və mənəvi zərərin tutulması tələbinə münasibətdə məhkəmə əlavə araşdırmaya lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nərimanov rayon 21 saylı Notariat Kontoru cəlb edilməklə) “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar