Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2299/2020 08.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Mustafayev Sərxan Ziyad oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərə, əldən çıxmış faydaya və mənəvi ziyan” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərə, əldən çıxmış faydaya və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi zərərə görə 91520 manat, əldən çıxmış faydaya görə 50000 manat, mənəvi zərərə görə 20000 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, qızı X6 idmanın müxtəlif növləri ilə məşğul olmuş və dəfələrlə Dünya, Avropa və Respublika çempionatlarında 1,2 və 3-cü yerləri tutmuşdur. “Kunq-Fu” X2 İsrafılov söhbət əsnasında onun nəaliyyətlərinə görə Dövlət tərəfindən ev verilməsinin mümkünlüyünü bildirmişdir. İddiaçı ondan təqdimat verməsini xahiş etmişdir. 2016-ilin oktyabr ayının axırları idi. O bildirdi ki, indi təqdimat versə bir il gözləyəcəklər, lakin onun özünə Olimpiya komitəsi 96 kv.m məşqçi kimi ev ayırıb. Onun isə şirinlik verməyə imkanı yoxdu, istəsə 12000 (on iki min) dollar verin o, adını çıxarıb Lalənin adını yazdırsın. İddiaçı razılaşdı, cavabdeh də iddiaçının yanında kimləsə danışdı, razılıq aldı ki, onun adını çıxarıb Lalənin adını yazacaqlar. Həmin ilin noyabrın əvvəli kursa uyğun 12000 dolları manatla cavabdehə vermişdir. O, dedi ki, 2017-nin yanvar ayının axırına mənzilin haradan ayrılması barədə Prezident Aparatından sərəncam olacaq və o, aparib həmin binanı göstərəcək. Cavabdeh mart ayının əvvəli “Elit Park “yaşayış kompleksinin proyektini gətirərək onu həmin binanin rəhbəri Arzuman adlı adamin yanına göndərdi ki get, de ki, komitədən göndəriblər, adı artıq Olimpiya Komitəsi tərəfindən ora göndərilib. İddiaçı da inanıb və ora getmişdir. Arzumanı tapıb görüşmüş bina və proyektlə taniş olub 7-ci mərtəbəni seçmişdir. Arzuman dəftərinə 7-ci mərtəbə 96 kv.m sahəni Laləyə qeyd etdi. Onlar evdə məsləhətləşdi ki, həmin binadan 117 kv.m sahəsi olan otağı götürsünlər, Barat bildirdi ki, komitə 96 kv.m ayırıb onlarla danışar icazə versələr deyər. Səhəri gün bildirdi ki, 10000 (on) min manat ödəmək lazımdır. O razılaşdı və 10000 min manatı cavabdehə verdi. Aprel ayının axırları iddiaçı soruşdu ki, təqdimat nə vaxt olacaq, cavabdeh bildirdi ki, sambistlərlə gimnastlar həmin binadan imtina ediblər, onlara yeni bina ayrılacaq onlar isə yerində qalır. Yeni binanı onlara da göstərməyi xahiş etmişdir. Səhəri zəng edərək M.Qaşqay küçəsində “xxxxxxxxxxxxx” MTK-da yeni tikilidə mənzil ayrıldığını bildirdi və dəyişmək istəyirsə baxa bilərlər dedi. O oğlu ilə gedib baxmış, mənzili ona Barat və binanin satış direktoru Nizami göstərdi. Onlar yenə 7-ci mərtəbəni seçmişlər. Barat ona bildirdi ki, 114 kv.m-lik 3 otaqlını Lalənin adına yaz, o da dəftərinə qeyd etdi. Onlar binanin proyektini də götürdü. Şəhərə yaxın idi, həmdə qiymətdə fərqə görə, “Elit Park” da kv.metri 950 manatdırsa, burada 1400 manat idi. Cavabdeh bildirdi ki, yer dəyişməyə komitə 5000 (beş) min manat istəyirlər. O razılaşdı. 5000 min manatı kursa uyğun 3000 (üç) min dollar olaraq vermişdir. Onlar evdə proyekti müzakirə etmişlər, Lalənin əri bildirdi ki, əgər mümkünsə əlavəsini ödəsin onlara 157 kv.m, 3 otaqlını versinlər. İddiaçı Barata zəng edib fikrini bildirdi, əlavə 40 kv.m-in pulunu özümüz ödəyəcəyini dedi. O isə komitə ilə danışıb iddiaçıya zəng edəcəyini dedi və bir neçə saat sonra zəng edərək razilıq verildiyini, pulu Komitəyə ödəyəcəyini onların da şirkətə ödəyəcəyini bildirdi. Həm də dedi ki, komitə Laləyə mənzil ayrılması barəsində məktub hazırlayıb sabah aparib verəcək. Bir necə gündən sonra iddiaçı Nizamiyə zəng edib soruşdu, o, bildirdi ki, komitədən X4 157 kv.m mənzil ayrılması ilə bağli məktub gəlib. İddiaçı inandi və Barata zəng edib pulun hazır olduğunu bildirdi. May ayinin əvvəlləri idi o gəlib 56000 manatı götürdü. Bildirdi ki, may ayının 30 da Prezidentin təqtimatı olacaq. Həmin gün ona zəng çatmadı. O, İdman nazirliyinə getdi və məlum oldu ki, hər şey yalan imiş. Həmin gün iddiaçı tikinti şirkətinə, Nizaminin yanına getmiş və Komitənin məktubunu istəmiş, o, verəndə şoka düşmüşdür. Məktub onun dediyi kimi komitənin yox sadəcə Baratın imzasi ilə, onun öz fedarasiyasının blankında yazilmışdı. O, Baş prokurorluğa şikayət etmişdir. Barat ölkəni tərk etmişdi, interpola axtarişa verildi və 1.6 ay sonra həbs olundu. Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq, Bakı Ağır Cinayətlər Məhkəməsində və Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasında aparılan məhkəmə istintaqı zamanı özünün qismən etirafı, sübut və faktlarla onun ondan 91520 manat (doxsan bir min beş yüz iyirmi) alması öz təsdiqini təpmişdir. Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Qərarı ilə Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312-ci maddələri ilə təqsirli bilinərək 7 (yeddi) il azadlıqdan məhrum edilmişdi. (Hazırda 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməkdədir.) İddiaçıya dəymiş zərərin mülki mühakimə icraatı qaydasinda mülki iddia qaldirmaq hüququm olduğu izah olunmuş və iddiaçı həmin hüququndan istifadə etmək hüququna malik olduğu ücün məhkəməyə müraciət etmək qərarina gəlmişdir. Cavabdehin əməlləri nəticəsində iddiaçı öz əmlakından məhrum olmuşdur. O cümlədən əsəb sarsıntısı keçirmiş və sağlamlığında böyük fasadlar yaranmışdır. Bu hal ona böyük mənəvi sarsıntı və əzab verir. Onun əməli tək ona deyil, ev almaq istədiyi təzə ana olmuş qızı Laləyə də mənəvi travma vermiş onun südü bir gündə qurumuş beş aylıq körpə ana südündən məhrum olmuşdu. Bunu nə bəndə, nə də Allah götürməz. Artıq 4 ildir ki gözlədiyinə və aldandığına görə əsəb keçirir. Hesab edir ki, maddi ziyanla yanaşı cavabdeh ona həm də mənəvi ziyan vurmuşdur. Cavabdehin əməli nəticəsində iddiaçıya real maddi ziyan vurulmuşdur. İddiaçı son olaraq ona verdiyi 56000 min manatı vermək ücün qızının maşınını və təsərrüfatından cox sayda mal-qara satmışdır. Oğuz rayonunun Böyük söyüdlü kəndində indi də təsərrüfatı var. 2017-ci ildə satıb ona verməsəydi. Ümumilikdə ona verdiyi 91520 manata 35-40 baş sağılan mal alsaydı 4 ildə hər birindən ildə bir bala olmaqla 4 İlə 134-140 bala olurdu ki, bunun da südü-qatığı, pendiri və.sairə bu da 150-200000 (iki yüz) min gəlir deməkdir. Həmçinin də həmin ərazidə yeni tikilinin qiymətində an azı 200-300 manat fərq var. Bu da dəlalət edir ki, iddiaçı ondan əldən çıxmış faydanı da tələb edir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkdiyi üçün məhkəmə iclasında iştirak edə bilməmiş, lakin məhkəməyə yazılı etiraz və mülahizələrini təqdim etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, barəsində ittiham hökmü çıxarılmış cinayət işi üzrə qanunvericiliyin tələbinə uyğun olaraq İddiaçı zərəçəkmiş şəxs qismində tanınmamışdır. Bu xarakterli işlər üzrə təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak (əmlak mövcud deyilsə onun dəyəri) CM-nin 99-1.1.2-ci maddəsinə əsasən xüsusi müsadirə predmeti kimi dövlət nəfinə alınır. Məhkəmə qanunsuz olaraq göstərilən pul vəsaitinin xüsusi müsadirəsini açıq saxlamışdır. Hökmdən verdiyi apelyasiya şikayəti qanunsuz olaraq təmin edilməmişdir. Həmin qərardan kasasiya şikayəti verəcəkdir. Qanuna əsasən əldən çıxmış fayda və mənəvi zərər sübut edilməlidir. İddiaçı məhkəməyə belə sübutları təqdim etməyib. Cavabdeh etirazda istinad etdiyi qanunvericilik aktlarına, Avropa Məhkəməsinin analoji qərarlarına əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, cavabdehin etirazını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.3.2, 32.4, 312.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.4,312.1-d maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə, Azərbaycan Respublikası CM-nin 66.4cü maddəsinə əsasən teyin olunmuş əlavə cəzaları da qismən toplamaqla əsas cəzaya birləşdirməklə ona 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasını ümumi rejimli cezaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmışdır. Məhkəmə hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CMnin 178.3.2, 32.4, 312.1 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki o, qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə elə keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin*İcrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsi ilə maddi nemət olan pulu rüşvət qismində verməyə qeyrisini təhrik etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(103)- 1404/2019 saylı qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən bu maddə üzrə Cavabdeh təyin edilmiş əsas və əlavə cəzalar hökmdən xaric edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Cavabdeh Azerbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə hən Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş 2 (iki) il müddətinə dövlət yerli özünüidarə orqanlannda rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməldə 6 (altı) 9 müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 32.4,312.1-ci maddələri ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əsas cəzalar qismən toplanılmaqla, Cavabdeh olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlannda rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, İddiaçı mülki mühakimə icraatı qaydasında Cavabdeh 66.000 (altmış altı min) manat məbləğində pulun tələb edilməsi dair mülki iddia qaldırmaq hüququnun olduğu izah edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, iddia tələbinin əsasını iddiaçının özünəməxsus pullarını cavabdehin qanunsuz sahibliyindən tələb etməsi təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edir ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(103)-1404/2019 saylı qərarı ilə cavabdehin əməli öz təsdiqini tapmış və onun təqsirli bilinməsinə dair qərar çıxarılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia maddi zərərin tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh 66000 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli, 1(103)-1404/2019 saylı qərarı ilə məhkum Cavabdeh 2017-ci ilin mart ayında X1 10.000 (on min) manat məbləğində pulu, habelə bundan sonra müddəti istintaq və məhkəmə yolu ilə konkret müəyyən edilməyən vaxtda 56.000 (əlli altı min) manat məbləğində pulu İddiaçı sonuncunun qızı X4 veriləcəyini yalandan vəd etdiyi ayn-ayrı mənzillərin sahələrinin artırılması adı altında dələduzluq, yəni aldatma və etibardan sui-istifadə etmə yolu ilə aldığı, qalan məbləğləri isə vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa ya da rüşvət qismində verəcəyi adı ilə aldığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, 66.000 (altmış altı min) manat istisna olunmaqla qalan 25 520 (iyirmi beş min beş yüz iyirmi) manat məbləğ Cavabdeh tərəfindən X3 təhrik edilməklə vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla rüşvət qismində alındığından, həmin məbləğ qanunvericiliyin tələbinə əsasən İddiaçı tərəfindən tələb edilə biməz. Məhkəmə iddia tələbində qeyd olunan 50000 manat məbləğində əldən çıxmış faydanın iddiaçının xeyrinə tutulması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 449.1-ci maddəsində göstərilmiş faizlərin və dəbbə pulunun hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmaması məsələsinə dair Konstitusiya Məhkəməsinin mövqeyi də xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və X5 haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Zvierzinski Polşaya qarşı iş üzrə xx xxxx 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır....Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Şərh olunan maddənin mənasına görə, bu maliyyə sanksiyası pul öhdəliyi üzrə yalnız borc məbləğinə hesablanır və bu halda, həmin məbləğin üstünə gəlmiş faiz məbləği nəzərə alınmır. Eyni zamanda, məsələ məhkəmə qaydasında həll edildiyi halda belə, tərəflər, yəni kreditorla borclu arasında müqavilə münasibətləri davam edir və borcun, faizin və maliyyə sanksiyasının tutulmasına dair məhkəmə qərarının çıxarılması bu münasibətlərə xitam verilməsinə səbəb olmur. Göründüyü kimi, Mülki Məcəllənin 449.1-ci maddəsinin aşağıdakı zəruri əlamətləri müəyyən edilmişdir. Bunlar: 1) özgəsinin pul vəsaitini qanunsuz saxlamaq, 2) onu qaytarmaqdan boyun qaçırmaq, 3) onun ödənilməsini digər şəkildə gecikdirmək, 4) başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmaq. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının pul vəsaitinin qanunsuz saxlanılması, onun qaytarmaqdan boyun qaçırması, digər vasitələrlə gecikdirməsi, gecikdirməyə görə təqsirinin olması və həmin vəsaitdən faydalanması ilə bağlı iddiaçı tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia tələbi 50 000 manat məbləğində əldən çıxmış faydanın iddiaçının xeyrinə tutulması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, "İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X9 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. "İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X9 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, "İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və X9 Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-cimaddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 (beş yüz) manatdan çox olduqda 30 (otuz) manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu hər hansı tələb olmadığından iddiaçıların özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 66000 (altmış altı min) manat pul İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-2299/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2299/2020
08.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver