Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2391/2025 16.04.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızı, İddiaçı “dəymiş zərərin ödənilməsi və sair” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “dəymiş zərərin ödənilməsi və sair” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi aşağıda qeyd edilənlərə əsasən geri qaytarılmalıdır. Belə ki, iddiaçı məhkəməyə iddia ərizəsi təqdim etsə də, iddia tələbinin konkret olaraq kimə qarşı yönəldilməsini, yəni cavabdehi göstərməmiş, onu eyniləşdirməyə imkan verən məlumatları (fiziki şəxsdirsə-şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, cavabdehin ata adı, telefon nömrələri, hüquqi şəxsdirsə-adı, ünvanı və s.) əlavə etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə uyğun olaraq, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı 3 ayrı tələb irəli sürsə də, həmin tələblərin konkret olaraq kimə qarşı yönəldilməsi, tələbin əsası kimi hansı hallara istinad etməsi və həmin halları təsdiq edən sübutların siyahısını göstərməmişdir. Eyni zamanda iddiaçı ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini xahiş etsə də, bu zərərin həcmi barədə də məlumat verməmişdir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə isə iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia ərizəsi Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “dəymiş zərərin ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-2391/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2391/2025
16.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver