Məhkəmə qərarları › İş №2(005)-2416/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2416/2023

07.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2416/2023 07.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, 28 A, 7 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Arif küçəsi, 28A, 7 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Həmin əmlak üzrə hüquqları müvafiq qaydada dövlət reyestrində qeydə alınaraq adına müvafiq çıxarışda verilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 yaşamadıqları, onun xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatdadırlar. Cavabdehlərdən yaşamadıqları, lakin formal olaraq qeydiyyatda olduqları mənzildən qeydiyyatdan çıxmaları tələb edilmişdir. Onlar mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxacaqlarına söz versələr də, vədlərinə əməl etməmişlər. Cavabdehlərin bu günədək mənzilində formal olaraq qeydiyyatda qalmaları onun mülkiyyətində olan mənzil üzərində sərbəst şəkildə sərəncam vermək hüququnu həyata keçirməsini məhdudlaşdırır və dövlət tərəfindən tanınaraq qorunan mülkiyyət hüquqlarını pozur. Xüsusi mülkiyyətində olan mənzildən cavabdehlər könüllü olaraq qeydiyyatdan çıxmamaları səbəbindən onların mənzil sahəsinə istifadə hüquqları məhkəmə qaydasında itirilmiş hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddiaçının qardaşı arvadıdır, 90-cı illərdə həmin evə qeydiyyata düşmüşdür. Əri 10 ildən çoxdur ki, Rusiya Federasiyasında yaşayır, özü də iki ilə yaxındır ki, həmin evdə yaşamır. Həyətdə iki ev var, onlara məxsus evin ünvanı başqadır, belə ki, bir evin ünvanı 7 saylı evdir, bir evin ünvanı 7A saylı ünvandır. Oğlu iddiaçının qaynını öldürdükdən sonra münasibətləri pisləşmişdir. Lakin belə bir addım ataraq onları qeydiyyatdan çıxaracağını düşünməyiblər. Hazırda başqa yerdə qalsalar da, onlara məxsus ev yoxdur. Məhkəmə iddiaçının izahatını dinləyərək və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası DƏDRX-in hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsi, ev 28A, 7 saylı mənzil X8 xüsusi mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cı il tarixdə qeydiyyata alınmışdır; - “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X21 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir; - xx.xx.2022-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X21 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklarını ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı vəsiyyət etmişdir; - “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında X14, X21, X15, Cavabdeh5, Cavabdeh2 Xabillovna, Cavabdeh4, X22, X10, Cavabdeh6, Cavabdeh1, Cavabdeh3 qeydiyyatdadırlar; - Cavabdeh1 tərəfindən verilmiş ərizənin surətindən görünür ki, o, anası X8 ölümündən sonra mirasın ona çatası payından bütün vərəsəlik əsasları üzrə, qardaşı xx.xx.1967-ci il təvəllüdlü İddiaçı xeyrinə imtina etmişdir; - Bakı 9 Saylı Notariat X2 tərəfindən ünvanlanmış ərizənin surətindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə ölmüş anası X7 irs qalmış mirasın ona çatası hissəsindən İddiaçı xeyrinə imtina etmişdir; - Bakı 9 Saylı Notariat X3 tərəfindən ünvanlanmış ərizənin surətindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə ölmüş anası X7 irs qalmış mirasın ona çatası hissəsindən İddiaçı xeyrinə imtina etmişdir; - Bakı 9 Saylı Notariat X4 tərəfindən ünvanlanmış ərizənin surətindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə ölmüş anası X7 irs qalmış mirasın ona çatası hissəsindən İddiaçı xeyrinə imtina etmişdir; - Bakı 9 Saylı Notariat X1 tərəfindən ünvanlanmış ərizənin surətindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə ölmüş anası X7 irs qalmış mirasın ona çatası hissəsindən İddiaçı xeyrinə imtina etmişdir; - Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx.xx.2023-cü il tarixli şəhadətnamədən görünür ki, Bakı Şəhəri 9 saylı Notariat Ofisi tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilən və reyestrdə 17 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş X8 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 7 ünvanında qeydiyyatda olan oğlu X12r. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 159,5 kv.m, yaşayış sahəsi 94,5 kv.m, yardımçı sahəsi 65 kv.m, 5 otaqlı olan mənzildən ibarətdir; - Azərbaycan Respublikası DƏDRX-in hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsi, ev 28A, 7 saylı mənzil İddiaçı xüsusi mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-ci il tarixdə qeydiyyata alınmışdır; - X23 və X24 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh1 18 il, Cavabdeh5 4 il, Cavabdeh2 2 il, Cavabdeh6 2 il, Cavabdeh3 1 il, Cavabdeh4 1 ildir ki, ünvan 8 ünvanında faktiki olaraq yaşamırlar; - X18 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh1 18 il, Cavabdeh5 4 il, Cavabdeh2 2 il, Cavabdeh6 2 il, Cavabdeh3 1 il, Cavabdeh4 1 ildir ki, ünvan 8 ünvanında faktiki olaraq yaşamırlar; - 38 saylı MKİS-in xx.xx.2023-cü il tarixli, 039292 nömrəli arayışından görünür ki, İddiaçı M.Arif küçəsi 28A nömrəli evin 7 nömrəli mənzilində pasport qeydiyyatındadır. 9 saylı Notariat Kontorunda qonşuların yazdıqları ərizəyə əsasən aşağıdakı ailə üzvləri göstərilən ünvanda qeydiyyatda olmaqlarına baxmayaraq yaşamırlar: Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, Cavabdeh4; - 38 saylı MKİS-in xx.xx.2023-cü il tarixli, 039293 nömrəli arayışından görünür ki, İddiaçı M.Arif küçəsi 28A nömrəli evin 7 nömrəli mənzilində pasport qeydiyyatındadır. 38 saylı MKİS-in şəxsi hesab vərəqəsinə əsasən ailə tərkibi: 1. özü, 2. qardaşı Cavabdeh1, 3. qardaşının arvadı Cavabdeh2, 4. arvadı X14, 5. qardaşı oğlu Cavabdeh3, 6. qızı X10, 7. qardaşı oğlu Cavabdeh5, 8. qardaşı qızı Cavabdeh6, 9. qardaşı oğlu Cavabdeh4, 10. oğlu X19, 11. nəvə X22. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının anası mərhum X13 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsi, ev 28A, 7 saylı mənzil vəsiyyətnamə üzrə vərəsəlik əsasında xx.xx.2023-cü il tarixində oğlu İddiaçı keçmişdir və tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mərhumun digər oğlu olan hazırki iş üzrə Cavabdeh1 öz payından iddiaçının xeyrinə imtina etmişdir. Digər cavabdehlər isə Cavabdeh1 ailə üzvləridir və mübahisələndirilən mənzildə qeydiyyatdadırlar. Hazırda iddiaçı cavabdehlərin (qardaşı və qardaşının ailə üzvlərinin) həmin mənzildə uzun müddətdir ki yaşamamalarına və qeydiyyatlarının formal xarakter daşımasına istinad edərək, onların Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsi, ev 28A, 7 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilmələrini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasındakı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan keçmiş Mənzil Məcəlləsinin) 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin maddənin 3-cü hissəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Eyni Məcəllənin 60-cı maddəsinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Məcəllənin 87-ci maddəsinə görə isə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Göründüyü kimi, qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir. İddiaçının təqdim etdiyi sübutlardan və Cavabdeh2 əvvəlki məhkəmə iclasında verdiyi izahatlardan görünür ki, cavabdehlər xeyli müddətdir ki, həmin ünvanda yaşamırlar. Belə ki, sonuncunun əri Cavabdeh1 10 ildən çoxdur ki, Rusiya Federasiyasında yaşayır, oğlanları ilə münasibətləri gərginləşdiyindən 2 ilə yaxındır ki özü qızı ilə birlikdə ayrı ünvanda yaşayır. Bu qədər müddət ərzində cavabdehlərin həmin ünvanda yaşamamaları daimi əsaslarla başqa ünvana köçdüklərini təsdiq edir. Beləliklə, işdəki sübutların məcmusu cavabdehlərin mübahisəli mənzilə dair hüququnun itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olduğunu təsdiq edir. Məhkəmə Cavabdeh2 etirazı ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, şəxsin əvvəllər yaşadığı yaşayış sahəsini tərk edərək daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi qənaətinə gəlmək üçün mütləq onun özünə məxsus yaşayış sahəsinə malik olması halının müəyyən olunmasına ehtiyac yoxdur. Burada əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstərib-göstərməməsidir. Hazırki iş üzrə isə cavabdehlərin qeyd olunan mənzildə yaşamaları və ya həmin mənzillə hər hansı bir bağlılıqlarının qaldığı, tərəflər arasındakı münasibətlər nəzərə alınarsa həmin ünvana köçüb orada yaşamaq niyyətləri müəyyən edilmir. Həmçinin cavabdeh onlara məxsus ünvanın ayrı olduğunu bildirsə də, bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı çıxarış əsasında tam mülkiyyət hüququ ilə ona məxsus olan mənzildə qeydiyyatda olan cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş edir. Mübahisəli mənzilə 2000-ci ildən sonra qeydiyyata düşmüş şəxslərlə bağlı qeyd olunmalıdır ki, “Azərbaycan Resbulikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə riayət edilməsi tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsi eyni zamanda nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə Mülki Məcəllənin 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsipdən çıxış edilərək qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydalar müəyyən olunmuşdur. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: 1) mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; 2) həmin razılaşmanın notariat qaydasında təsdiq olunması; 3) istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Göründüyü kimi, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Hazırki işdə isə cavabdehlər iddiaçının ailə üzvləri və ondan özünün saxlanmasını tələb etmək hüququna malik şəxslər deyildir, mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçı ilə aralarında istifadə hüququna dair notariat qaydasında təsdiqlənmiş razılaşma bağlanmamış, eləcə də onların (cavabdehlərin) istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bu hal onların istifadə hüquqlarının mövcud olmamasına dəlalət edir. İstifadə hüququ yaranmış cavabdehlər (2000-ci ildən əvvəl qeydiyyata düşmüş şəxslər) isə uzun müddətdir ki həmin ünvanda yaşamadıqlarından istifadə hüququnu itirmişlər. Həmçinin Cavabdeh1 vərəsəlik işi açılarkən mübahisələndirilən əmlaka dair öz miras payından iddiaçının xeyrinə imtina etmişdir. Cavabdehlər isə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş və göstərilən halları təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Beləliklə, istər mülki, istərsə də mənzil qanunvericiliyinin tələbləri baxımından cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarının hazırda mövcud olması müəyyən edilmir. Cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda olmaları faktı isə onların daşınmaz əmlakdan istifadə hüququnun mövcudluğunu ehtiva etmir. Bu baxımdan, şəxsin yaşayış sahəsində yaşamadan, həmin yaşayış sahəsindən istifadə hüququ olmadan orada qeydiyyatda olması şəxsi əmlak üzərində sahiblikdən məhrum etməsə də, mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Başqa sözlə, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələri). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin hazırda iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsi, ev 28 A ünvanında yerləşən 7 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri, Nərimanov rayonu, X33 küçəsi, ev 28A ünvanında yerləşən 7 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar