Məhkəmə qərarları › İş №2(005)-243/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-243/2021

16.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-243/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan yaşayış evinin naturada ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan yaşayış evinin naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 23 ünvanında yerləşən ümumi sahəsi 70,7 kv.metr olan 1/2 hissəsi mülkiyyət hüququ əsasında onun, 1/2 hissəsi Cavabdeh payının naturada ayrılması və ona ayrıca çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 23 ünvanında yerləşən ümumi sahəsi 70,7 kv.metr olan 1/2 hissəsi mülkiyyət hüququ əsasında ona, 1/2 hissəsi isə Cavabdeh məxsusdur və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınaraq, bu barədə ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh onun qardaşıdır. Tərəflər uzun illərdir ki, bir evdə yaşayırlar. Yaşadıqları evdə daxili düzəlişlər və təmirlər olunaraq hər kəsin özünə ayrılmış otaqlardan istifadə olunaraq yaşanır. Hal-hazırda öz payını ümumi mülkiyyətdə olan əmlakdan ayırmaq istəyir, digər mülkiyyətçi ilə bu məsələ ilə bağlı razılaşa bilmirlər. Həmçinin bildirir ki, hər biri ayrı-ayrılıqda kommunal xərcləri ödəyirlər. Kommunal xərclər ödəniş olunanda ünvan eyni olduğu üçün anlaşılmazlıq yaranır. Bu səbəbdən Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 23 nömrəli ev paylı mülkiyyətdə olduğundan naturada ayrılması zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ümumi sahəsi 70,7 kv.metr olan 23 nömrəli evin onun faktiki istifadəsində olan 41 kv.metr və Cavabdeh faktiki istifadəsində olan 29,7 kv.metr sahələri üzrə naturada bölgüsünün aparılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini qəbul etdiyini və iddia ərizəsinin təmin edilməsi barədə müvafiq qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx xxxx 2018-ci il tarixli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 23 nömrəli evin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi isə X2 adına qeydiyyatdan keçmişdir. Torpaq sahəsinin mülkiyyət növü dövlətdir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 424 nömrəli reyestr kitabının 39759 nömrəli vərəqində qeydiyyat aparılmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020ci il tarixli, 10/2749 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 23 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki olaraq bir-birindən təcrid şəkildə iki hissəyə ayrıldığına, ayrılan sahələrə aid ayrıca giriş-çıxış qapılarının, yaşayış və yardımçı otaqların olduğuna görə paylardan kənara çıxmaq şərti ilə faktiki istifadə üzrə tərəflərin öz razılıqları əsasında aparılmış bölgü variantı mümkündür və bu bölgü variantı “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4 və 2.9-cu bəndlərinin tələblərinə zidd deyildir. Aparılmış ekspertizanın dəyəri 50 (əlli) manat təşkil edir; 53 nömrəli Mənzil-Kommunal İstismar Sahəsinin xx xxxx 2020-ci il tarixli 260167 nömrəli arayışından görünür ki, 1958-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 23 nömrəli evdə pasport qeydiyyatındadır. Ondan əlavə qardaşı 1975-ci il təvəllüdlü Cavabdeh da həmin evdə pasport qeydiyyatındadır; Nərimanov RPİ tərəfindən xx xxxxxx 2011-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1958-ci il tarixdə Ermənistanın Quqark rayonunda anadan olmuş İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 23 nömrəli evdə qeydiyyatdadır; xx xxxx 2020-ci il tarixli 32401 nömrəli mədaxil qəbzindən görünür ki, müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 23 nömrəli evin 1/2 hissəsi İddiaçı və 1/2 hissəsi Cavabdehnın adına qeydiyyatdan keçmiş, torpaq sahəsinin mülkiyyət növü dövlət olaraq qeyd edilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 424 nömrəli reyestr kitabının 39759 nömrəli vərəqində xx xxxx 2018-ci il tarixdə qeydiyyat aparılmışdır. Həmçinin, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının müvafiq rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 23 ünvanında yerləşən fərdi yaşayış evinin faktiki olaraq bir-birindən təcrid şəkildə iki hissəyə ayrıldığına, ayrılan sahələrə aid ayrıca giriş-çıxış qapılarının, yaşayış və yardımçı otaqların olduğuna görə paylardan kənara çıxmaq şərti ilə faktiki istifadə üzrə tərəflərin öz razılıqları əsasında aparılmış bölgü variantı mümkündür və bu bölgü variantı “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4 və 2.9-cu bəndlərinin tələblərinə zidd olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddia ərizəsinin “müvafiq fərdi yaşayış evinə dair onun payının naturada ayrılması və müvafiq tikilinin ümumi paylı mülkiyyətdən ayrılaraq onun mülkiyyətinə verilməsi” hissəsində əsaslıdır, iddiaçı iddiasının qeyd edilən hissəsini əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsindəki 23 nömrəli fərdi yaşayış evinin İddiaçı faktiki istifadəsində olan 41 kv.metr və Cavabdeh faktiki istifadəsində olan 29,7 kv.metr sahələri üzrə naturada bölgüsü aparılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsindəki 23 nömrəli fərdi yaşayış evinin İddiaçı faktiki istifadəsində olan 41 kv.metr və Cavabdeh faktiki istifadəsində olan 29,7 kv.metr sahələri üzrə naturada bölgüsü aparılsın. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar