Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2459/2021 08.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “müqavilələrin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “müqavilələrin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi 4 ünvanında 1-ci mərtəbədə yerləşən ona məxsus 94.9 kvm qeyriyaşayış sahəsinin altında yerləşən ümumi sahəsi 38 (36.3) kvm olan zirzəmi sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 Fariz oğlu arasında bağlanmış 11 yanvar 2018-ci il tarixli «Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında» 10004 nömrəli icarə müqaviləsinin, eyni tərəflər arasında bağlanmış «İcarəyə verilmiş əmlakın» 22.01.2018-ci il tarixli 6855 nömrəli alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh1 Fariz oğlunun adına həmin zirzəmi sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində 24.02.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında Cavabdeh1 Fariz oğlunun adına verilmiş RX seriyalı № ******* saylı çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qediyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarış əsasında Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi 4 ünvanında 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 94.9 kvm olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında 08.05.2013-cü il tarixdən ona məxsusdur. Həmin qeyri-yaşayış sahəsinin altında (zirzəmisində) yerləşən ümumi sahəsi 38 kvm olan qeyri-yaşayış sahəsi Nərimanov rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmuşdur. X1 həmin zirzəmi sahəsinin ona icarəyə verilməsi ilə bağlı Nərimanov rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinə məktubla müraciət etmiş, Nərimanov rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 71-8 saylı, 21.05.2012-ci il tarixli məktubu ilə göstərilən qeyri-yaşayş sahəsinin boş və istifadəsiz olması, həmin qeyri-yaşayış sahəsində son 10 ildə dövlət vəsaiti hesabına heç bir təmir-tikinti işlərinin aparılınadığı nəzərə alınaraq qeyri-yaşayış sahəsinin X4 icarəyə verilməsinə və özəlləşdirilməsinə etiraz edilmədiyi bildirilmişdir. Bundan sonra X6 31.05.2014-cü il tarixdə notariat qaydasında təsdiq olunmuş yazılı ərizə ilə Nərimanov rayon İcra Hakimiyyətinə müraciət edərək həmin qeyri-yaşayış sahəsinin ona verilməsinə dair Nərimanov rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal “Təsərrüfatı Birliyinin 71-8 saylı, 21.05.2012-ci il tarixli razılıq məktubunun onun adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra sözügedən qeyri-yaşayış sahəsi onun tərəfindən faktiki istifadəsinə və sahibliyinə qəbul edilmiş, həmin qeyri-yaşayış sahəsi onun tərəfindən abadlaşdırılaraq istifadə edilməyə başlanılmışdır. Xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi 4 ünvanında 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 94,9 kvm olan qeyri-yaşayış sahəsi ilə birlikdə sözügedən zirzəmi sahəsi 2014-cü ildə onun tərəfindən icarəyə verilmişdir. Beləliklə, 2014-cü ildən hal-hazıradək qeyd edilən ümumi sahəsi 38 kvm olan zirzəmi sahəsi ona məxsus 94.9 kvm qeyri-yaşayış sahəsi ilə birlikdə icarədə və faktiki istifadədədir. Bir neçə ildir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi 4 ünvanında yerləşən biranın da sökülərək yerində çoxmərtəbəli yaşayış binasının inşa edilməsi ilə bağlı söhbətlər getmişdir. Hazırda ətraf binaların əksəriyyəti sökülmüşdür, növbə onların binasına çatmışdır. Bu günləridə söküntü və tikintiquraşdırma işlərini həyata keçirən tikinti şirkəti ilə danışıqlar apararkən tikinti şirkətindən ona bildirilmişdir ki, ona məxsus qeyri-yaşayış sahəsinin altında yerləşən zirzəmi sahəsinə dair Cavabdeh1 Fariz oğlu adlı şəxs onlara həmin sahənin xüsusi mülkiyyətində olmasına dair çıxarış və texniki pasport təqdim edərək bildirmişdir ki, həmin zirzəmi sahəsinin pulu ona ödənilməlidir. Cavabdeh1 Fariz oğlu adlı şəxsin tikinti şirkətinə təqdim etmiş olduğu sənədlərə baxarkən görmüşdür ki, əvvəlcə X5, sonradan isə sonuncunun razılığ» ilə ona icarəyə verilməsinə və özəlləşdirilməsinə razılıq verilmiş ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən ona məxsus 94.9 kvm qeyri-yaşayış sahəsinin altında yerləşən ümumi sahəsi 38 kvm olan zirzəmi, 36,3 kvm zirzəmi sahəsi kimi 11 yanvar 2018-ci il tarixdə «Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 10004 nömrəli icarə müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh1 Fariz oğluna 6 aylıq müddətə icarəyə verilmiş, 22.01.2018-ci il tarixli 6855 nömrəli İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi əsasında isə 11 gün sonra Cavabdeh1 Fariz oğluna satılmış, 24.02.2018-ci il tarixdə həmin qeyriyaşayış sahəsi (zirzəmi) Cavabdeh1 Fariz oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 24.02.2018-ci il tarixdə xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Hesab edir ki, 2014-cü ildən faktiki istifadəsində və sahibliyində olan mübahisəli zirzəmi sahəsi onun və balanssaxlayıcı Nərimanov rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin məlumatı olmadan əvvəla bir başqasına icarəyə verilə, sonra da özəlləşdirilə bilməzdi. Belə ki, həmin zirzəmi sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh1 Fariz oğluna icarəyə verilməmişdən əvvəl icarə müqaviləsinin tərəflərinin və balanssaxlayıcının iştirakı ilə həmin zirzəmi sahəsinə mütləq baxış keçirilməli, onun faktiki vəziyyəti müəyyən edilməli, sahəsi yerində ölçülüb müəyyən edilməli və bu zaman əlbəttə ki, həmin zirzəmi sahəsinin boş və istifadəsiz olması, yaxud faktiki olaraq istifadədə və sahiblikdə olub- olmadığı müəyyən edilməli idi. Lakin zirzəmi sahəsi qüvvədə olan qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə həmin sahəyə hər hansı aidiyyəti olmayan üçüncü bir şəxsə Cavabdeh1 Fariz, oğluna formal olaraq icarəyə verildiyindən icarə müqaviləsi bağlanmamışdan əvvəl zirzəmi sahəsinə baxış keçirilməmiş, balansaxlayıcının razılığı alınmamış, zirzəmi sahəsinin faktiki vəziyyəti və kimin istifadəsində və sahibliyində olduğu müəyyən edilməmişdir. Digər tərəfdən zirzəmi sahəsi faktiki olaraq heç vaxt həmin sahənin icarəçisi olmamış şəxsə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin işçisi, dövlət qulluqçusu olan Cavabdeh1 Fariz oğluna formal olaraq «icarəyə» verilmişdir ki, bu da qanunsuz olmuşdur. Şübhəsizdir ki, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin işçisi, dövlət qulluqçusu olan Cavabdeh1 Fariz oğlu heç vaxt həmin zirzəmi sahəsində olmamışdır, orada hər hansı sahibkarlıq fəaliyyətini həyata keçirməmişdir, həmin zirzəmi sahəsindən həmin sahədə həyata keçirməli olduğu hansısa sahibkarlıq fəaliyyətinin məqsədləri üçün icarə sahəsi kimi istifadə etməmişdir. Belə olan vəziyyətdə mübahisəsizdir ki, sözügedən zirzəmi sahəsi faktiki olaraq 38 kv.m ölçüsündə oldııgu halda, 36,3 kv.m zirzəmi sahəsi kimi sonradan, icarəyə verilmiş dövlət əmlakının Dövlət Proqramında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq özəlləşdirilməsinin baş tutması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh1 Fariz oğluna 6 aylıq müddətə formal icarə müqaviləsi əsasında icarəyə verilmişdir. Bunun məntiqi davamı olaraq da həmin qanunsuz icarə müqaviləsi əsasında onun faktiki istifadəsində və sahibliyində olan 38 kv.m ölçüsündə mübahisəli zirzəmi sahəsi, 36,3 kv.m zirzəmi sahəsi kimi 22.01.2018-ci il tarixli 6855 nömrəli İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 Fariz oğlunu qanunsuz olaraq satılmış və bu əsasla da həmin zirzəmi sahəsi Cavabdeh1 Fariz oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qanunsuz olaraq qeydə alınmışdır. Şərh olunanlar əsasında hesab edir ki, onun tərəfindən abadlaşdırılaraq 2014-cü ildən hal-hazıradək faktiki istifadəsində və sahibliyində olan Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi 4 ünvanında 1-ci mərtəbədə yerləşən ona məxsus 94,9 kv.m qeyri-yaşayış sahəsinin alımda yerləşən ümumi sahəsi 38 (36.3) kv.m olan zirzəmi sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 Fariz oğlu arasında bağlanmış 11 yanvar 2018-ci il tarixli «Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında» 10004 nömrəli icarə müqaviləsi, «İcarəyə verilmiş əmlakın» 22.01.2018-ci il tarixli 6855 nömrəli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh1 Fariz oğlunun adına həmin zirzəmi sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində 24.02.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında sonuncunun adına verilmiş RX seriyalı № ******* saylı çıxarış etibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda iddia tələbini müdafiə edib iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehlərin nümayəndələri 07 dekabr 2021-ci il tarixli məhkəmə iclasına gəlməmişlər. Eyni zamanda, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X7 əvvəlki məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək qeyri-yaşayış sahəsinin icra hakimiyyətinin qərarı əsasında Cavabdeh1 satıldığını bildirmişdir. Qeyri yaşayış yerinin özəlləşdirilməsi zamanı hər hansı hüquqpozuntusuna yol verilmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 94.9 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq reyestr kitabının ********** nömrəsi ilə 08.05.2013-cü il tarixdə qeydiyyat aparılmışdır; Nərimanov rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal “Təsərrüfatı Birliyinin 71-8 saylı, 21.05.2012-ci il tarixli məktubundan görünür ki, X6 ərizə ilə Nərimanov Rayon MKTB-nə müraciət edərək Ə.Ağaoğlu küçəsi 4 saylı binanın zirzəmisində yerləşən 38,0 kv.m-lik qeyri-yaşayış sahəsinin ona icarəyə verilməsi və özəlləşdirilməsi üçün razılıq məktubunun verilməsini xahiş etmişdir. Araşdırmalar zamanı məlum olmuşdur ki, həqiqətən göstərilən qeyri-yaşayış sahəsi boş və istifadəsizdir. Buna görə də həmin qeyri-yaşayış sahəsinin X4 icarəyə verilməsinə və özəlləşdirilməsinə etiraz edilməmişdir. Qeyd olunan qeyri-yaşayış sahəsində son 10 ildə Dövlət vəsaiti hesabına heç bir təmir-tikinti işləri aparılmamışdır. X6 tərəfindən Nərimanov rayon İcra Hakimiyyətinə 31.05.2014-cü il tarixdə ünvanlanmış ərizədən görünür ki, Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi ünvanında yerləşən qeyri -yaşayış sahəsinin ona verilməsinə dair 21.05.2012-ci il tarixli № 71-8 nömrəli Razılıq məktubunun İddiaçı adına keçirilməsinə etiraz etmir. Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 11.01.2018-ci il tarixli, 10004№-li icarə müqaviləsindən görünür ki, “İcarəyəverən” Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 11.01.2018-ci il tarixli, 05 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi 4 (registr №***-*******9-002) ünvanında yerləşən, ümumi sahəsi 36,3 kv.m təşkil edən Mənzil Kommunal Təsərrüfatı Departamenti, Nərimanov rayon MKTB-nin binasında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə “İcarəçinin” müddətli istifadəsinə verir. Bir aylıq icarə haqqı 74,87 manatdır. İcarə müqaviləsinin müddəti 11.01.2018-ci il tarixdən 11.07.2018-ci il tarixədək müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüqüqların Dövlət qetdiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 36.3 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh1 Fariz oğlunun adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq reyestr kitabının ********** nömrəsi ilə 24.02.2018-ci il tarixdə qeydiyyat aparılmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsinin 11/620; 24.07.2018 inventar nömrəli Texniki Pasportundan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hüquq subyekti Cavabdeh1 Fariz oğludur. İnventar nömrəsi 11/1068, 02.05.2013 tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhəri Ərazi İdarəsinin Texniki Pasportundan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hüquq subyekti İddiaçıdur. Satıcı - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədr müavini X9 ilə alıcı - Cavabdeh1 Fariz oğlu arasında 22.01.2018-ci il tarixli, 6855 №-li İcarəyə verilmiş əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, müqavilənin predmetini alıcının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağladığı 11.01.2018-ci il tarixli 10004 saylı icarə müqaviləsi əsasında icarəyə götürdüyü və bu müqavilə ilə satın aldığı 36,3 kv.m qeyriyaşayış sahəsi təşkil edir. Satıcı ünvan 2 ünvanında yerləşən 36,3 kvşm qeyri-yaşayış sahəsini bu müqavilədə göstərilən şərtlərə uyğun olaraq tam dəyərlə 8500,00 birbaşa satır, “Alıcı” isə onu satın alır. əmlakın satış qiymətinin 100%-i ödənildikdən sonra onun üzərində alıcının mülkiyyət hüququ yaranır. Bir tərəfdən "xxxx" MTK-nın adından onun sədri X10 ilə digər tərəfdən əmlak istifadəçisi adlandırılacaq Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi 4 ünvanında binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin istifadəçisi İddiaçı arasında bağlanmış 07.04.2021ci il tarixli müqavilənin məzmunundan görünür ki, “Əmlak istifadəçisi” bu Müqaviləyə əsasən Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Nərimanov rayon İcra Hakimiyyəti, Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 21.05.2012-ci il tarixli, H-8 saylı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanladığı məktuba və X3 31.05.2014-cu il tarixli Nərimanov rayonun İcra Hakimiyyətinə ünvanladığı ərizəyə əsasən İddiaçı istifadəsində olan ünvan 7 ünvanında yerləşən 38 kv.m ibarət qeyri-yaşayış (zirzəmi) sahəsini sökülmək üçün "xxxx" MTK-ya təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada “Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binasında onun üçün nəzərədə tutulmuş qeyri yaşayış (zirzəmi) sahəsini faktiki mülkiyyət sahibi məhkəmə qərarından sonra təsdiqlənəcək sahibinə verlməsi razılaşdırıldı. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Göründüyü kimi Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi 4 ünvanında 1ci mərtəbədə yerləşən ümumi sahəsi 94.9 kvm olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 08.05.2013-cü il tarixdə müvafiq qeyd aparılmışdır. Həmin qeyri-yaşayış sahəsinin zirzəmisində yerləşən qeyriyaşayış sahəsi isə Nərimanov Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmuş və X3 istifadəsinə verilmişdir. Mülki iş materialları ilə müəyyən edilmişdir ki, X6 31.05.2014-cü il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin ərizə ilə müraciət etmiş və həmin qeyri-yaşayış sahəsinə dair Nərimanov rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 71-8 saylı, 21.05.2012-ci il tarixli razılıq məktubunun İddiaçı adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Göstərilən tarixdən etibarən qeyri-yaşayış sahəsi İddiaçı istifadə və sahibliyində olmuşdur. Hazırda İddiaçı ərazidə tikinti-quraşdırma işləri aparan tikinti şirkəti ilə danışıqlar apararkən onun istifadəsində olan qeyri-yaşayış sahəsinin Cavabdeh1 Fariz oğlunun mülkiyyətində olduğunu və onun adına daşınmaz əmlakın dövlət reyestridən çıxarış verildiyini öyrənmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə “müqavilələrin və çıxarışın etibarsız hesab edilməsi” tələbi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.5-ci maddəsində göstərilir ki, əgər 339.1. 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir; Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” 06 sentyabr 1997-ci il tarixli 629 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyəvermə səlahiyyəti (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hal, habelə sənaye, yaxud texnologiya parkları üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri, binalar və qeyri-yaşayış sahələri istisna olmaqla), dövlət əmlakının sərəncamçısına – Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilsin. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində müəyyən edilən məqsədlər üçün ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin və ya onların ayrı-ayrı hissələrinin (arxeoloji abidələr istisna olmaqla) icarəyə verilməsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin, “İçərişəhər” Dövlət Tarix- Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazilərində isə “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin razılığı ilə həyata keçirilir. Məhkəmə hazırkı iddia ərizəsinə münasibətdə qeyd edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi 4 ünvanının zirzəmisində yerləşən mübahisəli qeyri-yaşayış sahəsi 31.05.2014-cü il tarixdən etibarən İddiaçı istifadə və sahibliyindədir. Əmlak Məsələləri Dövlət Komitəsi Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olmuş mübahisəsi gedən qeyri-yaşayış sahələrini Cavabdeh1 icarəsinə, bu sahələrdən birini isə sonradan onun mülkiyyətinə vermiş olmasını məhz həmin səlahiyyəti ilə əsaslandırsa da, məhkəmə etirazın əsasını təşkil edən bu arqumentlə razılaşmır. Çoxmənzilli binanın ümumi əmlakı sayılan zirzəminin qeyri-yaşayış sahələri kimi xidmət göstərilməsi məqsədilə Cavabdeh1 icarəyə və mülkiyyətə verilməsi mənzil və mülki qanunvericiliyin istinad olunan normalarının tələblərinə zidd olmuşdur. Mübahisəsi gedən sahələr müvafiq olaraq icarə və alqı-satqı müqavilələrində qeyriyaşayış sahələri kimi göstərilsə də, həmin sahələrin binanın zirzəmisi olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsinə görə yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-35.4-cü maddələrinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Göründüyü kimi, çoxmənzilli binanın zirzəmisi mənzil fonduna daxildir və binanın kommunikasıya xətlərinin keçdiyi texniki xidmət sahəsi olmaqla ümumi paylı mülkiyyət hüququ ilə binanın tərkib hissəsinin mülkiyyətçilərinə mənsubdur; mənzil fondunun icarəyə verilməsi, yaxud özəlləşdirilməsi isə Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətinə aid edilməmişdir. Mülki qanunvericiliyə əsasən, hər hansı əqdin (o cümlədən icarə və alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Yuxarıda qeyd olunanlardan isə aydın şəkildə görünür ki, mübahisələndirilən icarə və alqı-satqı müqavilələrini bağlamaq səlahiyyətinə malik subyektlər olmamışlar. «Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunnun 8.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir. (maddə 22.1.) Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 382 nömrəli Fərmanına əsasən Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 07.02.1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən, Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinə ayrıca tikilmiş qeyri-yaşayış binaları, yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələri, mənzil fondundan qeyri-mənzil fonduna keçirilmiş qeyri-yaşayış sahələri aiddir. “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”tşt 4.6.4-cü bəndinə görə, icarə müəssisəsinin struktur bölməsinin ayrıca özəlləşdirilməsi haqqında qərar həmin bölmənin ayrıca fəaliyyət göstərməsi, onun texnoloji cəhətdən müəssisə ilə bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və s. bu kimi amilləri nəzərə almaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul edilir. Bu qərar qəbul edildikdə icarəyə götürülmüş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçilər icarəyə götürdükləri əmlakı almaqdan imtina etdikdə həmin əmlak İİ Dövlət Proqramında nəzərdə tutulmuş qaydada özəlləşdirilir. “ Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”n 4.2.1-ci bəndinə görə, icarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında alqı-satqı müqaviləsi bağlanılır. İcarəçi, ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyriyaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqısatqı müqaviləsi bağlamadıqda, obyekt Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na müvafiq olaraq özəlləşdirilir. Bundan əlavə etibarsızlığı mübahisələndirilən icarə müqaviləsinin şərtlərində “icarəyəverənin hüquq və vəzifələri”ndə icarə predmetini icarəçiyə vermək vəzifəsi, alqı-satqı müqaviləsinin şərtlərində isə qeyri-yaşayış sahəsinə görə əmlakın satış qiymətinin 8500 manat müəyyən edildiyi və əmlakın satış qimətinin 100%-i ödənildikdən sonra onun üzərində alıcının mülkiyyət hüququ yarandığı göstərilmişdir. Məhkəmə araşdırması zamanı qeyri-yaşayış sahəsinin Cavabdeh1 Fariz oğluna təhvil-təslim edilməsi, həmçinin alqı-satqı müqavilə üzrə alqı-satqı predmetinin dəyəri olan 8500 manat məbləğində pulun satıcıya ödənildiyini təsdiq edən qəbzin məhkəməyə təqdim edilməsi tələb edilsə də, cavabdeh tərəfindən qeyd edilən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu halda, məhkəmə qeyd edilən sübutların mövcudluğuna şübhə ilə yanaşır. Eyni zamanda mülki iş materiallarına əlavə edilmiş "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 07.04.2021-ci il tarixli müqavilədə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi 4 ünvanında binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsinin istifadəçisi qismində İddiaçı göstərilmiş, mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh1 deyil, İddiaçı təhvil alınması müəyyən edilmişdir. Bu isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 Fariz oğlu arasında bağlanmış 22.01.2018-ci il tarixli, 6855 №-li İcarəyə verilmiş əmlakın alqısatqısı barədə müqavilənin formal xarakterli olduğunu və həmin müqavilə əsasında verilmiş çıxarışın əsassız olduğunu sübuta yetirir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 Fariz oğlu arasında bağlanmış 11 yanvar 2018-ci il tarixli «Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında» 10004 nömrəli icarə müqaviləsi, «İcarəyə verilmiş əmlakın» 22.01.2018-ci il tarixli 6855 nömrəli alqı-satqı müqaviləsi və Cavabdeh1 Fariz oğlunun adına verilmiş RX seriyalı № ******* saylı çıxarış etibarsız hesab edilməlidir. Cavabdeh1 Fariz oğluna izah olunmalıdır ki, bağlanmış müqavilə etibarsız sayıldığından müvafiq iddia tələbi ilə həm Əmlak Məsələləri Dövlət Komitəsinə, həm də Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı tələb irəli sürmək hüququ mövcuddur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 Fariz oğlu arasında bağlanmış 11 yanvar 2018-ci il tarixli «Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında» 10004 nömrəli icarə müqaviləsi, «İcarəyə verilmiş əmlakın» 22.01.2018-ci il tarixli 6855 nömrəli alqı-satqı müqaviləsi və Cavabdeh1 Fariz oğlunun adına verilmiş RX seriyalı № ******* saylı çıxarış etibarsız hesab edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-2459/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2459/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver