Məhkəmə qərarları › İş №2(103)-9550/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9550/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9550/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Əzizov Sahib Ədalət oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsinin, alqı-satqı müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2459/2021 saylı, 10 avqust 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən ona məxsus 94.9 kvm qeyri-yaşayış sahəsinin altında yerləşən ümumi sahəsi 38 (36.3) kvm olan zirzəmi sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 Fariz oğlu arasında bağlanmış 11 yanvar 2018-ci il tarixli «Dövlət əmlakının (qeyri- yaşayış sahəsinin) icarəyə verilməsi haqqında» 10004 nömrəli icarə müqaviləsinin, eyni tərəflər arasında bağlanmış «İcarəyə verilmiş əmlakın» 22.01.2018-ci il tarixli 6855 nömrəli alqısatqı müqaviləsinin, həmin müqavilə əsasında Cavabdeh1 Fariz oğlunun adına həmin zirzəmi sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində 24.02.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında Cavabdeh1 Fariz oğlunun adma verilmiş RX seriyalı № ******* saylı çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2459/2021 saylı, 10 avqust 2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Qərardaddan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və iş üzrə icraatın təzələnməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələblərindən göründüyü kimi iddiaçı tərəfindən, icarə müqaviləsi, alqı-satqı müqaviləsi və çıxarış mübahisələndirilmişdir ki, həmin sənədlərin heç biri inzibati akt deyildir. Bundan başqa mülki işdə mübahisəli zirzəmi sahəsinin icarəyə verilməsi, satılması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hansısa inzibati akt da yoxdur. Birinci instansiya məhkəməsi də qərardadda hər hansı belə bir akta istinad etməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2459/2021 saylı, 10 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi şikayətə etiraz edərək, şikayətin təmin edilməyərək iş üzrə birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı eyni zamanda digər Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya izahatı dinləyib, apellyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Birinci instansiya məhkəməsi icraata xitam verərkən ona istinad etmişdir ki, işin hallarından görünür ki, mübahisəsi gedən zirzəmi əmlakın sərəncamvericisi qismində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icarəyə verilmiş, sonradan isə satılmışdır. Beləliklə, baxılan iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (dövlət əmlakının icarəyə verilməsi və özəlləşdirilməsi) aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən normativ hüquqi aktlarla müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir; iddiaçılar (o cümlədən müstəqil tələb irəli sürən üçüncü şəxs) isə faktiki olaraq həmin münasibət çərçivəsində qəbul edilmiş qərarın (özəlləşdirmə qərarının nəticələrinin) qanunsuz olduğunu iddia edirlər. Nəzərə alınmalıdır ki, mübahisəli zirzəmiyə dair iddiaçıların etibarsızlığını tələb etdikləri, inzibati orqan olan Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) ilə bağlanmış icarə və alqı-satqı müqavilələri, həmçinin həmin alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarış dövlət əmlakının özəlləşdirilməsinin rəsmiləşdirilməsi qaydalarına əsasən bağlandığı və ya tərtib edildiyi üçün həmin münasibətlər də qeyd olunan publik hüquq münasibətlərinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Kollegiya aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçının tələbi üç hissədən ibarətdir: - ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən ona məxsus 94.9 kvm qeyri-yaşayış sahəsinin altında yerləşən ümumi sahəsi 38 (36.3) kvm olan zirzəmi sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh1 Fariz oğlu arasında bağlanmış 11 yanvar 2018-ci il tarixli «Dövlət əmlakının (qeyri- yaşayış sahəsinin) icarəyə verilməsi haqqında» 10004 nömrəli icarə müqaviləsinin; - Eyni tərəflər arasında bağlanmış «İcarəyə verilmiş əmlakın» 22.01.2018-ci il tarixli 6855 nömrəli alqı-satqı müqaviləsinin; - Həmin müqavilə əsasında Cavabdeh1 Fariz oğlunun adına həmin zirzəmi sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində 24.02.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında Cavabdeh1 Fariz oğlunun adına verilmiş RX seriyalı № ******* saylı çıxarışın etibarsız hesab edilməsi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşaiyyət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyəttabeçilik prinsipi əsasında qurulmasıdır. Göründüyü kimi iddiada mübahisələndirilən sənədlər arasında isə hər hansı inzibati akt yoxdur, eyni zamanda özəlləşdirilmə qərarı mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli olduğundan, belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 10 aprel 2015-ci il tarixli qərarının 5.2-ci bəndinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 17-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mülki işə mahiyyəti üzrə baxmalı idi. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iş sonrakı prosesual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏ RARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2459/2021 saylı, 10 avqust 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsinin, alqı-satqı müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar