Məhkəmə qərarları › İş №2(005)-2501/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-2501/2024

24.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-2501/2024 24.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun bank hesabına səhvən göndərilmiş 300 manat məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 mart 2024-cü il tarixdə, saat 22:41-də özünə məxsus X3 kartı hesabından mobil tətbiq vasitəsi ilə tanıdığı Müzadil adlı şəxsin hesabına 300 manat göndərib. Pulu göndərdikdən sonra Müzadilə zəng edib deyib ki, pulu göndərib. Lakin Müzadil ona demişdir ki, pul gəlməyibdir. Bu zaman o, mobil tətbiqə baxdıqda görüb ki, o, pulu Müzadilin hesabına deyil, 4169 7388 2831 6202 hesaba göndərmişdir. Bu səbəbdən o, DİN-nin “102” qaynar xəttinə zəng edib, Gəncə şəhər Baş Polis İdarəsinin 2-cı Polis Şöbəsinə müraciət edib, oradan da ona bildirmişdirlər ki, bu məsələ mülki xarakterli olduğundan məhkəməyə müraciət etməlidir. Eyni zamanda Kapital banka da bu məsələ ilə bağlı müraciət edib, lakin bankdan ona kömək edə bilməyəcəklərini bildiriblər. Həmin vaxtdan o, dəfələrlə cavabdehdən onun hesabına səhvən göndərdiyi pulunu tələb etməyinə baxmayaraq o, imtina etdi. Odur ki, məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh onun hesabına səhvən göndərdiyi pulu ödəməlidir. Belə ki, hesabına səhvən pul göndərilən vətəndaş əsassız varlanmış hesab olunur. Cavabdeh əsassız varlandığı 300 manat məbləğində pulu geri qaytarmalıdır. İddiaçı iddiadan imtina barədə məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, Cavabdeh onun bank hesabına səhvən göndərdiyi 300 manat məbləğində pulu ona geri qaytarmışdır. Cavabdeh ona olan borcunu tam qaytardığından mülki iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual qanunvericiliyə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Eyni Məcəllənin 262.1 və 262.4-cü maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə iddiaçının ərizəsini araşdıraraq hesab edir ki, onun iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, həmçinin müvafiq hərəkətin nəticələri tərəfə aydın olduğundan həmin imtina məhkəmə tərəfindən təsdiq edilməli və İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah olunmalıdır ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 191, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasından imtinası təsdiq edilsin və iddia üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, qəbzin nömrəsi: **********) İddiaçı qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar