Məhkəmə qərarları › İş №2(005)-2516/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2516/2022

27.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2516/2022 27.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı xüsusi qərardan çıxarılmaqla prokurorluq orqanlarına göndərilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dələduzluq yolu ilə aldadılaraq 4850 (dörd min səkkiz yüz əlli) manat dəyərində vurulmuş maddi və 2000 (iki min) manat dəyərində mənəvi zərərin, Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 16 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş Cavabdeh Azərbaycan Respublikasının CM-nin 178.2.3-cü və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Bakı Hərbi prokuroru tərəfindən razılaşdırlmış qaydada tərtib etdiyi ittiham aktına əsasən, ********* nömrəli cinayət işi üzrə aparılmış ibtidai istintaqla və toplanmış sübutlar məcmusu ilə kifayət qədər sübuta yetirilmişdir ki, Cavabdeh cinayət əlaqəsinə girib özgənin əmlakını ələ keçirmək məqəsdi ilə etibardan suistifadə etmə və aldatma yolu ilə İddiaçı Dövlət Təhlükəsizlik Xidmətinin hərbi qulluqçusu kimi təqdim etməklə sonuncunu aldadaraq onun ünvan 1 ünvanında görüşərək 4850 (dörd min səkkiz yüz əlli) manat pulu alaraq öz yanında işə düzəlməsinə köməklik göstərəcəyinə dair yalan vədlər verərək ümumilikdə cəmi 4850 (dörd min səkkiz yüz əlli) manat dəyərində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra dələduzluq yolu ilə əldə edilən yəni yuxarıda qeyd edilən ona 4850 (dörd min səkkiz yüz əlli) manatı qaytarmamış dəfələrlə pulu tələb edildikdə, tezliklə ödəyəcəyini söz versə də, bu günə kimi heç bir ödəniş edilməmişdir. Aldadılaraq pulunun ələ keçirilməsindən əlavə onu da qeyd etmək zəruridir ki, mənəvi sarsıntı və iztirabın keçirilməsi iddiaçını çox acınacaqlı vəziyyətə gətirib çıxartmışdır. Cavabdeh İddiaçı qarşı maddi və mənəvi ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, göstərmişdir ki, İddiaçı qeyd olunan cinayət işi üzrə zərərçəkmiş deyil, şahid qismində tanınmışdır. Belə olan halda iddiaçıya pul ödəməsi qanunçuluq prinsipinə ziddir. İddiaçı barəsində rüşvət vermə faktına görə xüsusi qərardad çıxarılmaqla prokurorluq orqanlarına göndərilməlidir. Bu baxımdan qarşılıqlı iddia tələbinin təmin olunması, İddiaçı ona qarşı maddi və mənəvi ziyanın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk İddiaçı iddia ərizəsinə uyğun izahat verərək ilk iddianın təmin olunmasını, qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri xəbərdar edilmiş, 9 saylı Cəzaçəkmə Müəssisəsinə iddia ərizəsi və bildiriş göndərmişdir, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 1-1(093)-174/2021 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulnuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3- cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4. 312.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cəzanı ismayıllı rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçekmə müəssisəsində çəkməsi, Cavabdeh teyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı 23 iyul 2020-ci il tarixdən hesablanması, Cavabdeh Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəsisəsində cəza çəkməsinin nəzərə alınması hökm edilmişdir. Hökmdən görünür ki, şahid İddiaçı məhkəmədə ifadə verib göstərmişdir ki, o, Cavabdeh 2018-ci ilin fevral ayında bibisi Məxvirə Mikayılovanın vəfat etmiş həyat yoldaşı Güloğlan Mikayılovun yas mərasimində tanımışdır. Cavabdeh özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim etməklə həmin Xidmətin əsas inzibati binasında məhbuslara nəzarət edən əməkdaşların rəisi olmasını bildirmişdir. Danışıq zamanı Cavabdeh çalışdığı Xidmət üzrə hazırda vakant yerlərin olmasını və işə düzəlmək istədiyi təqdirdə əlaqə saxlamasını təklif etmişdir. Telefon danışıqları zamanı DTX-nin əməkdaşları sırasında xidmət etmək arzusunda olmasını bildirdiyindən. 2018-ci ilin may ayının 27-də Cavabdeh onunla əlaqə saxlayıb görüşmələrini istəmişdir. Həmin gün sözügedən Xidmətin arxa girişi yaxınlığında görüşdükdə sonuncu 4500 manat müqabilində onu məhbuslar üzərində nəzarətçi vəzifəsinə düzəltmək imkanında olmasını qeyd etdiyindən fikirləşib məlumat verəcəyini demişdir. Növbəti günlərdə şəxsi ehtiyyatlarında olan puldan 4000 manat götürüb Cavabdehla aralarında olan razılığa əsasən, xx.xx.2018-ci il tarixdə ünvan 2 ünvanının yaxınlığında saat 13 radələrində görüşmüşlər. Cavabdeh ona məxsus “Hyundai Elantra” markalı, “**-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdikdə 4000 manat pulu təklikdə təqdim etmişdir. Cavabdeh pulu qəbul etdikdən sonra “qalxıram yuxarı pulu verim sənə xəbər edəcəm” kimi sözlərdən istifadə edib avtomobili tərk etməklə DTX-nın inzibatı binasına daxil olmuşdur. Həmin gün axşam saatlarında Cavabdeh onunla əlaqə saxlayaraq, pulu vəzifəli tanışına təqdim etməsini, sadəcə əvvəlcədən bildirdiyi kimi pulun qalan hissəsini. 500 manatı da verməli olmasını nəzərinə çatdırmışdır. xx.xx.2018-ci il tarixdə saat 13 radələrində həmin ərazidə özünə məxsus avtomobil daxilində daha 500 manatı vermişdir. Cavabdeh təxminən 5-7 ay ərzində gözləməli olmasını, barəsində müvafiq yoxlama işlərinin aparılacağını, bundan sonra isə həkim komissiyasından keçəcəyini deyərək işə qəbul ediləcəyini vəd etmişdir. 2019-cu ilin mart ayınadək olan müddətə Elçin Qasınovla mütəmadi olaraq əlaqə saxlayıb işinin nə yerdə olmasını maraqlandıqda, sonuncu ilk olaraq işinin düzələcəyini desə də. söz verdiyi müddət bitdikdə artıq müxtəlif bəhanələr gətirmiş, vaxt uzatmışdır. Sonrakı danışıqların nəticəsi olaraq Cavabdeh işin düzəlmə mərhələsində olmasını bildirdiyindən, 2019-cu ilin mart ayının 7-də saat 20 radələrində sonuncu ilə DTX-nın inzibatı binasının yaxınlığında görüşüb tibbi komisiyyadan keçməsi adı ilə əlavə 350 manat pul vermişdir. Cavabdeh onun qısa müddət ərzində işə çıxacağını desə də. sonradan artıq telefon zənglərinə cavab verməmiş, telefonunu sönülü şəkildə saxlamış və ya bəzi hallarda cavab verdikdə bəhanələr gətirməklə vaxt uzatmışdır. Pulunun qaytarılmasını tələb etsə də, buna riayət etməmiş, yalnız bir müddət keçdikdə barəsində maraqlanıb işdən çıxarılmasını öyrənmişdir. Cavabdeh DTX-də saxlanılan məhbusların üzərində nəzarətçilərin rəisi olmasını desə də, rütbəsi barədə hər hansı bir məlumatı olmamış, yalnız mülki geyimdə görmüş, heç vaxt xidməti geyimdə görüşə gəlməmiş, sonradan '‘gizir" rütbəsində olmasını bilmişdir. Cavabdeh 2018-ci ilin iyun ayında müvafiq sənədlərinin, yəni şəxsiyyət vəsiqəsi və diplomunun surətlərini, iki ədəd fotoşəkil və tərcümeyi halı da təqdim etmişdir. Cavabdehla aralarında hər hansı bir borc məsələsi olmamış, işə düzəlməsi üçün ümumilikdə 4850 manat miqdarında pul vermiş, sonradan artıq işinin düzelməməsini gördükdə dəfələrlə pulunu geri tələbə etdikdə Cavabdeh notarial qaydada aralarında borc müqaviləsi bağlanmasını və bu şəkildə rüşvət verilməsi adı ilə aldığı pulu hissəhissə qaytaracağına dair təminat verə biləcəyin desə də, razılıq verməmişdir. Cavabdeh onu aldadaraq pulunu ələ keçirməsinin səbəbini dəqiq bilməsə də, ehtimal olaraq, pula ehtiyyacı olmasından və ya daha çox gəlir əldə etmək istəməsindən belə bir hərəkət etmiş, aldığı pulu da şəxsi məqsədləri üçün xərcləmişdir. Cavabdeh 2019-cu il ərzində bir neçə vətəndaşı aldadaraq pulunu ələ keçirməsinə görə məhkum olunmasını və hazırda cəza çəkməsini eşitmişdir. Hökmdə sübutların tədqiq olunma hissəsindən görünür ki, cinayət işinə əlavə olunmuş 31 may 2020-ci il tarixli “baxış keçirilməsi haqqında' protokolda vət. V.B Mikayılov 2018-2019-cu illər ərzində Cavabdeh işə düzəldilməsi üçün ümumilikdə 4850 manat miqdarında pulun təqdim edildiyi ərazini, yəni Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasının yaxınlığını göstərmişdir. istintaq materiallarında olan vət. İddiaçı 31 may 2020-ci il tarixli ərizəsindən aydın olur ki, 2018ci ilin fevral ayında tanış olduğu Cavabdeh onu Dövlət Təhlükəsizliyi Xidmətinə işə düzəltmək adı ilə aldadaraq 2018-ci və 2019-cu illər ərzində ümumilikdə 4850 manat miqdarında pulunu ələ keçirmişdir. xx.xx.2022-ci il tarixli qəbzə əsasən İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir; 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 1-1(093)-174/2021 saylı hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh İddiaçı 4850 manat miqdarında pul alması müəyyən edilmişdir. İddiaçı hazırda Cavabdeh tərəfindən aldatma yolu ilə ələ keçirdiyi ona məxsus 4850 manat məbləğində pul vəsaitinin, 2000 manat mənəvi ziyanın qaytarmadığını iddia edir və həmin məbləğləri cavabdehdən tələb edir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmiş və iddiaçı həmin məbləği cavabdehdən tələb edir. Qaşlılıqlı iddiaçı Cavabdeh isə İddiaçı barəsində rüşvət vermə faktına görə xüsusi qərardad çıxarılmaqla prokurorluq orqanlarına göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004cü il tarixli qərarının izahına görə, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Məhkəmə iddia tələbinin “2000 manat mənəvi zərərin tutulması” hissəsində belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin qərarın 8-ci bəndində həmçinin qeyd edilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda mülki məsuliyyətin yaranması əsasları müəyyən edilməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırılmalıdır. Lakin məhkəmə araşdırılması zamanı iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının xeyrinə borc tələbinin təmin olunaraq pul tutulması iddiaçıya münasibətdə ədalətli kompensasiyanı əvəz edir. Belə ki, “Kletsova Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli X5 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin oxşar mövqeyi «Bokova Rusiya qarşı» işi üzrə xx.xx.2019-cu il tarixli Qərarında da mövcuddur. Qərarda qeyd olunur: «ərizəçiyə qarşı işə baxılarkən məhkəmə tərəfindən pozuntunun olmasının aşkar edilməsi ərizəçinin irəli sürdüyü mənəvi zərərə görə ədalətli təzminatı özünə ehtiva edir». Məhkəmə qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı barəsində xüsusi qərardad çıxarılmaqla bağlı tələbini əsaslı hesab etmir və eyni zamanda onun, “cavabdeh İddiaçı hərəkətlərində cinayət əlamətləri olduğu üçün xüsusi qərardad qəbul edərək, prokurora xəbər verilməsi” tələbinə münasibətdə qeyd edir ki, bu tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər; məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə müvafiq qərarı qəbul etməsi mümkündür. Hazırkı məhkəmə baxışı zamanı isə, cavabdeh İddiaçı hərəkətlərində cinayət əlamətləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia qismən təmin edilsin. Cavabdeh 4850 (dörd min səkkiz yüz əlli) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh İddiaçı qarşı xüsusi qərardan çıxarılmaqla prokurorluq orqanlarına göndərilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar