Məhkəmə qərarları › İş №2(005)-2517/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-2517/2021

03.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-2517/2021 03.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 MMC-yə (Çiko) qarşı (X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətindən 7500 manat maddi zərərə görə, 7500 manat mənəvi zərərə görə, habelə 10 ay müddətində əmək qabiliyyətini itirdiyinə görə həmin aylara görə 5000 manat məbləğində əmək haqqının, həmin yol nəqliyyat hadisəsi vaxtı Huvay markalı mobil telefonu qırıldığına görə 700 manat, 30 manat dövlət rüsumunun-cəmisi: 20.730 manat məbləğində pulun, Cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti-Çikodan da 7500 manat maddi zərərə görə, 7500 manat mənəvi zərərə görə cəmisi: 15.000 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1-nin sahibi X5r, o, iddiaçının doğma xalasıoğludur. 31.05.2020-ci ildə o, iddiaçını Cavabdeh1-yə fəhlə işinə qəbul etmiş, lakin onunla əmək müqaviləsi bağlamamış və onunla əmək müqaviləsi bağlayacağını bildirmişdir. Səhər saat təxminən 10 radələrində X2 Cavabdeh2-ya məxsus idarə etdiyi Ford-Tranzit markalı, 90 JS- 705 dövlət qeydiyyat nişanlı yük avtomobili Bakı Pirallahı Şossesi ilə Pirallahı rayonu istiqamətində yolun sağdan-sola birinci zolağı ilə saatda təxminən 100-120 km sürətlə hərəkətdə olarkən ara məsafəsi saxlamadığından qarşıda eyni hərəkətdə olan onun arxada oturduğu X6 idarə etdiyi «Nissan» XTRAİL markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxa hissəsini vurmuş və iddiaçı həmin avtomobilin arxa hissəsində oturduğuna görə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Uzun müddətdir ki, yəni 10 aydır ki, əmək qabiliyyətini itirdiyinə görə işləyə bilmir və maddi imkanı olmadığından müalicə də ala bilmir. İddiaçı xəstəxanaya çatanda Məhəmməd onu qarşılamış və həmin xəstəxanada işləyən travmatoloq Yusif Orucovun yanına aparmışdır. Lakin o, nəticələrə baxandan sonra hər şeyin normal olduğunu və evə gedə biləcəyini bildirmişdir. Həmin xəstəxanadan qayıtdıqdan sonra yol nəqliyyat hadisəsi ilə əlaqədar aldığı xəsarətlərlə bağlı möhkəm ağrıları başlamış, bir sıra dərmanlar qəbul etmişdir. Daha sonra iddiaçı Respublika Kliniki Xəstəxanasında nevropotoloq işləyən X10 yanına getmişdir. O, iddiaçıya 8 ciddi xəsarətinin olduğunu bildirmiş, lakin sonradan anadangəlmə onurğa sütununda 2-dənə balaca yırtığının olduğunu, onunda da köhnədən ağır işdə işləmək səbəbilə əmələ gəldiyini bildirmişdir. Daha sonra iddiaçı özünü pis eləmiş, Aytən həkimə bu barədə bildirmiş, həkim ona ağ ciyərindən qan gəldiyini, müalicə lazım olduğunu demişdir. İddiaçının xalasıoğlu onun müalicəsinin qəzaya aidiyyəti olmadığını və onunla əlaqəli olmadığını bildirmişdir. İddiaçı həkimi məhkəməyə verməklə qorxutmuş, həkim isə ona xalası oğlunun onunla ədavəti olduğunu demiş və başqa yerdə MRT elətdirməli olduğunu bildirmişdir. Bundan sonra iddiaçı Sabunçu rayonunda yerləşən 3 №-li Şəhər Klinik Xəstəxanasında MRT-dən keçmiş və həmin Xəstəxananın vermiş olduğu 12.11.2020-ci il tarixli protokolu əldə etmişdir. Bu yol nəqliyyat hadisəsi ilə əlaqədar Xəzər RPİ-nin TŞ-nin 30.12.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş, həmin qərar bir neçə dəfə ləğv olunmasına baxmayaraq, Xəzər RPİ-nin İŞ-nin 06.03.2021-ci il tarixli qərarı ilə yenə də cinayət işinin başlanması rədd edilmiş, hətta iddiaçını məhkəmə-tibbi ekspertizasından keçirməmişlər. Yol nəqliyyat hadisəsi olandan sonra Fətullah Qafarov iddiaçıya şikayət verməməsini və onu müalicə elətdirəcəyini bildirmişdir. Hal-hazırda iddiaçının səhhəti ağırdır, gecələr yata bilmir. Həmin yol nəqliyyat hadisəsindən sonra əmək fəaliyyətini tamamilə itirmiş, əmək fəaliyyətinin nə vaxt bərpa olunacağını bilmir və 23 kq arıqlamışdır. Bu yol nəqliyyat hadisəsindən sonra o, həm də böyük sarsıntı və iztirab keçirmiş, əziyyət çəkmişdir. Qeyd olanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməmiş və iddia ərizəsinə yazılı etiraz təqdim edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, "xxxx" MMC-nin direktoru X8 İddiaçı xalasıoğludur. İddiaçı nə rəsmi, nə də ki qeyri rəsmi "xxxx" MMC-nin işçisi olmayıb və heç bir əmək münasibətləri mövcud deyildir. Qeyd olunan hadisə baş verən vaxt iddiaçı və avtomobili idarə edən şəxs - iddiaçının xalası nəvəsi X1 qonaq gedirdilər. Avtonəqliyyat hadisəsi baş verərkən nə şirkətin, nə də şirkətin sürücüsünün təqsiri olmayıb. İddiaçının hüquq mühafizə orqanına şikayəti zamanı iş üzrə 2 dəfə ekspertiza keçirilmiş və hər 2 ekspertizanın rəyində iddiaçıda mövcud olan pataloji dəyişikliklərin travma ilə heç bir əlaqəsi olmadığı qeyd olunmuşdur. Hər hansı hüquq pozuntusu mövcud olsaydı cinayət işi açılmış olardı. İddiaçı uzun illərdir ki əmək fəaliyyəti ilə məşğul olmur. Lakin buna baxmayaraq iddia tələbində əmək qabiliyyətinin 10 ay müddətində itirməsinə görə 5000 manat məbləğində əmək haqqı tələb edir. İddiaçının nə əmək qabiliyyəti itmiş nə də ki, iddiaçının səhhətində baş verən pataloji dəyişikliyə görə şirkətin hər hansı bir təqsiri yoxdur. Göstərilənlərin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 MMC məhkəmənin dəftərxana vasitəsilə 28.04.2021-ci il tarixdə yazılı ərizə təqdim edərək, qeyd olunan sürücü X7 heç vaxt onların şirkətində işləməmiş və qeyd olunan Ford transit markalı **-JS-*** dövlət qeydiyyat nişanlı yük avtomobili də onlara məxsus deyil və onlarda heç bir vaxt belə bir avtomamaşınları olmamışdır. Baş vermiş hadisə ilə bağlı heç bir məlumat və əlaqələri olmadığına görə, məhkəmədə iştirakları üçün heç bir səbəb yoxdur. Məlumatın düzgünlüyünü yəni maşının hansı şirkətə məxsus olduğunu və işçinin hansı şirkətdə işlədiyini dəqiqləşdirib həmin şəxsə məlumat verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Azər Səmədovun 30 dekabr 2020-ci il cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, vət.İddiaçı əmək haqqının ödənilməməsi ilə əlaqədar mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə edilmişdir; Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Azər Səmədovun 30 dekabr 2020-ci il cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, faktla əlaqədar izahatı alınmış “NİSSAN XTRAİL” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X9 19.06.2020-ci il tarixli izahatını təsdiq edərək, hadisə baş verən vaxt qohumu İddiaçıdə onun avtomobilində sərnişin qismində olmasını, Kamalın hadisə zamanı xəsarət almadığından taksi saxlayaraq oradan çıxıb getməsini, onun xəsarət almadığına görə Qəfər Qəfərovun bu haqda ilkin vermiş olduğu izahatda bildirməməsini, təxminən hadisədən 1 ay keçdikdən sonra İddiaçı işlədiyi şirkətin müdiri, xalası oğlu Fətullaha zəng edərək ondan pul və ev tələb etməsini, vermədiyi halda ondan şikayət eləcəyini bildirmişdir. İş üzrə təyin edilmiş təkrar Məhkəmə-tibbi ekspertizasının 28 dekabr 2020-ci il tarixli 26-Ə/1011 saylı rəyində 1968-ci il təvəllüdlü İddiaçı bədəni üzərində xəsarət və xəsarət izinin aşkar edilməməsinin, İddiaçı adına təqdim edilmiş tibbi sənədlərdə müəyyən olunmuş pataloji dəyişikliklərin travma ilə əlaqəsi olmadığından xəsarətin təyinində bu halların nəzərə alınmaması qeyd edilmişdir; Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı Elvin Cəfərovun 06.03.2021-ci il cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, vət.İddiaçı əmək haqqının ödənilməməsi ilə əlaqədar mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə edilmişdir; Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı Elvin Cəfərovun 06.03.2021-ci il cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, izahatı alınmış X8 göstərmişdir ki, “X15 və Dezinfeksiya xidmətləri” MMC ona məxsusdur. Həmin MMC 2020-ci ilin aprel ayından fəaliyyət göstərir. İddiaçı doğma xalası oğludur. Uzun illərdi, ona və xalasına baxır, onların bütün maddi xərclərini ödəyir. Kamal tüfeyli həyat yaşayan şəxsdir. 1990-cı ildən qonşudurlar, Kamalın anası yəni ki, onun xalası dializ xəstəsidir. O, xalasının bütün müalicəsinə köməklik edir. Kamal ona məxsus MMC-də heç vaxt işləməyib. 19.06.2020-ci il tarixdə Emin Qafarov, İddiaçı və şirkətin sürücü Qafar Qafarovla birlikdə sonuncunun idarə etdiyi “Nissan” markalı ** JE *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qala-Pirallahı yolunda hərəkətdə olan zaman “Ford” markalı avtomaşınla toqquşmuşdur. Hadisə zamanı Qəfər yüngül xəsarət almışdır. Lakin Kamal hər hansı xəsarət almamışdır. Hadisə barəsində sonradan məlumatı olmuşdur. Belə ki, xəstəliyi ilə əlaqədar ona məlumat verilməmişdir, hadisə günü axşam Emin yol-nəqliyyat hadisəsi baş verdiyini və Qafarın yüngül xəsarət aldığını demişdir. Həmin gün Kamal ora zəng edib yıxıldığını və qolunun ağrıdığını demiş, o, həkim işləyən oğlu Məhəmmədə zəng edib Kamal yanına gəlməyini və onu müayinə eləməsini, müayinə pulunu özünün ödəməsini və lazım olan dərmanları almasını demiş, məqsədi isə Kamalın pulu olmadığı üçün belə bir köməkilk edilməsini istəmişdir. Kamal bugünə qədər heç bir yerdə işləmədiyi üçün mən onu rəhbəri olduğu MMC-yə işə götürmək istəmiş, lakin pandemiya olduğundan və onun sona qədər işləməyəcəyini bilib bu səbəbdən də onu işə götürməmişdir. Əlavə olaraq Kamalı işə götürmək istədiyini dedik də o, bu barədə fikirləşəcəyini demişdir. Bundan sonra MMC-nin əməkdaşları Sumqayıt şəhərində yerləşən zavodların birində ilana qarşı dezinfeksiya etmək üçün gedəcəklərini demiş və Kamala bildirmişdir ki, “get işçilərlə zavoda bax gör işləyə biləcəksənsə səni işə götürüm”. Lakin Kamal işləmək istəməmişdir. Yol nəqliyyat hadisəsi baş verən zaman Kamal təsadüf nəticəsində avtomaşında olmuşdur. Həmçinin onlar iş dalınca deyil, sürücünün qohumunun evinə Pirallahıya gedirmişlər. Bundan başqa İddiaçı göstərdikləri yalandır. Hadisə zamanı Kamal hər hansı xəsarət almayıb, o, özü hadisə yerindən çıxıb getmişdir; Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı Elvin Cəfərovun 06.03.2021-ci il cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı 19.06.2020-ci il tarixində Xəzər rayonu, Qala qəsəbəsi ərazisində baş vermiş YNH-si zamanı qohumu Qəfər Qəfərovun idarə etdiyi FORD TRANZİT markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobildə olması müəyyən edilsə də, Məhkəmə-tibbi ekspertizasının 28 dekabr 2020-ci il tarixli 26-Ə/101İ saylı rəyinə əsasən adına təqdim edilmiş tibbi sənədlərdə müəyyən olunmuş pataloji dəyişikliklərin travma ilə əlaqəsi olmadığından xəsarətin təyinində bu halların nəzərə alınmaması bildirilmişdir. Həmçinin İddiaçı “X15 və Dezinfeksiya xidmətləri” MMC-də qeyri-rəsmi fəhlə kimi işləməsi öz təsdiqini tapmamışdır; 16.04.2021-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəlmişdir. İş materiallarından və tərəflərin izahatları, iş üzrə tələb edilmiş Xəzər RPİ-nin İddiaçı müraciəti əsasında toplanmış rədd materialları ilə müəyyən edilir ki, 19.06.2020-ci il tarixdə Emin Qafarov, İddiaçı və şirkətin sürücü Qafar Qafarovla birlikdə sonuncunun idarə etdiyi “Nissan” markalı ** JE *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qala-Pirallahı yolunda hərəkətdə olan zaman “Ford” markalı avtomaşınla toqquşmuşdur. Hadisə zamanı Qafar Qafarov xəsarət almışdır. Digər şəxslərin sağlamlığına zərər dəyməsi iş materialları ilə müəyyən edilməmişdir. İddiaçı cavabdehlərin təqsiri nəticəsində ona zərər vurulmasını sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçı üzərinə düşən sübutetmə yükü tələb edilən 7500 manat maddi ziyanın cavabdehin təqsirli hərəkəti nəticəsində vurulması halı sübut edilməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, "xxxx" MMC və Cavabdeh2 MMC tərəfindən sağlamlığına zərər yetirilməsini sübut etməsi yükü iddiaçının üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incum bit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Qeyd olunan əsaslara görə məhkəmə iddianın «7500 manat maddi zərər» vurulması hissəsində tələbi əsassızdır, bu hissədə rədd edilməlidir. Məhkəmə, iddia üzrə "7500 manat mənəvi zərərə görə, habelə 10 ay müddətində əmək qabiliyyətini itirdiyinə görə həmin aylara görə 5000 manat məbləğində əmək haqqının, həmin yol nəqliyyat hadisəsi vaxtı Huvay markalı mobil telefonu qırılması» hissəsində belə qənaətə gəlir ki, iddia tələbinin bu hissəsi təmin edilə bilməz. Belə ki, iddiaçı tərəfin Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əmək münasibətində olması sübut olunmur, buna görə də onun əmək haqqı tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Beləliklə, iddiaçı iddia ərizəsində ona maddi (ədən çıxmış fayda) zərərin vurulduğunu göstərsə də, zərərin nədən ibarət olması və bu zərərin nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə göstərilən zərərin ona vurulmasını məhkəmənin iclasında işin hər hansı halı ilə sübuta yetirə bilməmişdir. Buna görə də iddia tələbi maddi zərərin ödənilməsi hissəsində rədd edilməlidir. Məhkəmə həmçinin iddiaçının mənəvi ziyanın və psixi əzaba görə pulun ödənilməsi barəsində iddia tələbini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsassızdır. Buna görə də iddianın həmin hissəsi rədd edilməlidir. Belə ki, Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçının iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunmur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ona mənəvi zərər dəyməsi və psixi əzaba məruz qaldığı barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını və psixi əzaba məruz qaldığını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə və psixi əzaba məruz qaldığına dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın və psixi əzaba görə pulun ödənilməsinə dair iddia tələbi əsassızdı/ Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı isə öz tələblərinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 MMC-yə (Çiko) qarşı (X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olanlara əsasən, habelə Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 MMC-yə (Çiko) qarşı (X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar